![]() |
|
25 noyabr 2019-cu il tarixində Bakı-Ələt-Astara avtomobil yolunun Bibiheybət məscidi yaxınlığında keçən hissəsində baş vermiş sürüşmə nəticəsində dağın yamacında yerləşən istinad divarının dağılması ilə əlaqədar olaraq yolun çökməsi hadisəsindən sonra yenə də sosial şəbəkələrdə və bəzi xəbər saytlarında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin gördüyü işlərə kölgə salan, agentliyin rəhbərliyi haqqında böhtan xarakterli, vətəndaşlar arasında bilərəkdən çaşqınlıq yaradan yalan və qərəzli məlumatlar paylaşılmağa başlanılıb.
Yol-xeber.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən ərazidə noyabr ayının 7-də çatların yaranması aşkar edilib və bununla bağlı Fövqaladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyi Nəzarət Dövlət Agentliyinə müraciət olunub. Əlavə olaraq əməkdaşlarımız tərəfindən nəzarət altında saxlanılan ərazidə noyabr ayının 24-də isə intensiv yağan yağışlar nəticəsində həmin çatların böyüməsi aşkar edilib. Sürüşmənin baş verə bilməsi ehtimalı ilə əlaqədar hadisədən 10 saat öncə, daha dəqiqi 24 noyabr axşam saat 7-8 radələrində yolda avtonəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulması barədə agentliyin rəhbərliyi tərəfindən tapşırıq verilib. Təəsüflər olsun ki, ehtimallarımız özünü doğrultdu və 25 noyabr səhər saat 5-6 radələrində sürüşmə nəticəsində avtomobil yolunun bir hissəsi dağıldı. Lakin agentlik tərəfindən vaxtında qabaqlayıcı tədbirlərin görülməsi daha ağır fəsadların qarşısını almış oldu.
Hadisədən dərhal sonra əraziyə agentliyin rəhbərliyi və əlaqədar bölmələrin rəhbərləri, həmçinin aidiyyəti qurumların əməkdaşları cəlb olundu. Ərazidə əlavə təhlükəsizlik tədbirləri görüldü və agentlik tərəfindən qərargah yaradıldı. Qısa müddət ərzində sürüşmə nəticəsində bağlanan Bakı buxtası-3 küçəsinin açılması, həmçinin ərazidən keçən içməli su borusunun bərpası üçün yola tökülmüş torpaq qatının təmizlənməsinə start verildi. Hazırda da bu istiqamətdə işlər davam etdirilir.
Onu da bildirək ki, Bakı-Ələt-Astara yolunun 4-8-ci kilometrliyində Bibiheybət məscidi ilə Bayıl bazarı arasında olan yolun inşasına “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı” çərçivəsində Nəqliyyat Nazirliyinin sifarişi əsasında 2009-cu ildə başlanılıb və 2010-cu ildə yekunlaşdırılıb.
Cari ilin mart ayında isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən “Bibiheybət” məscidi istiqamətindən şəhərə doğru olan yolda əsaslı yenidənqurma deyil yalnız təmir işləri aparılıb. Çünki bu ərazidə yol kənarında 75 metr uzunluğunda yol-memarlıq elementi olan bəzək divarı dağılmış, yolun hərəkət hissəsində deformasiya və çatlar müşahidə olunurdu. Bu isə öz növbəsində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə hərəkətinə maneə yaradırdı. Aparılan işlər sadəcə olaraq bu maneənin aradan qaldırılmasına yönəlmişdi.
Sürüşmənin baş verməsinin daha dəqiq səbəbinin öyrənilməsi və ərazidə gələcəkdə bu kimi hadisələrin yaşanmaması üçün atılacaq addımların nədən ibarət olduğunu aydınlaşdırmaq məqsədi ilə aidiyyəti qurumlar tərəfindən agentliyin əməkdaşlarının iştirakı ilə yaxın müddət ərzində sınaq quyularının qazılmasına başlanılacaq.
Lakin baş vermiş hadisə ilə bağlı bəzi kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə hadisənin təfsilatına varmadan, hadisənin baş vermə səbəbi araşdırılmadan, mütəxəsislərdən fikri öyrənilmədən qeyri-dəqiq, qeyri-peşəkar informasiyalar yayılmış, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və onun rəhbərliyinin ünvanına əsassız ittihamlar irəli sürülmüşdür.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi olaraq bundan təəssüf hissi keçirir və kütləvi informasiya vasitələrindən vətəndaşlar arasında bilərəkdən çaşqınlıq yaradan bu cür yalan və qərəzli məlumatlar yaymamağı xahiş edirik.
Elm adamları müəyyən edib ki, əsas küçələrə 50 metrlik məsafədə yaşayan insanlarda ağciyər xərçəngi 10 faiz daha çox müşahidə edilir. Yol-xeber.az Sputnik.az-a istinadən xəbər verir ki, Böyük Britaniyanın Kings Kollec Universitetinin alimləri hava çirkliliyinin insanların sağlamlığına təsiri üzərində araşdırmalar aparıb. Araşdırmaya görə, əsas küçələrdə havanın çirkliliyi uşaqların ağciyərlərinin 14 faiz daha az inkişaf etməsinə səbəb olur. Müəyyən edilib ki, hava çirkliliyi Oxfordda uşaqların ağciyər inkişafını 14, Londonda 13, Birminqemdə, Liverpulda 5, Souzhamptonda 4, Nottinqhamda 3 faiz azaldır.
Alimlərin fikrincə, hava çirkliliyinin 51 nisbətdə azalması uşaqlarda bronxit hallarının qarşısını ala bilər.
Soyuq havada mühərriki qızdırmağa ehtiyac varmı
Avtomobillər həyatımızın ayrılmaz hissəsinə çevrilib. Mühərrikli nəqliyyat vasitələri insanların uzun məsafələri qət etməsi üçün ən optimal köməkçilərdir. Buna görə hər kəs istəyir ki, onun avtomobili uzunömürlü olsun. Sürücülərin bu istiqamətdə biliklərə malik olması vacib amildir. AutoCity.az saytı olaraq oxucularımızın avtomobil sahəsində mütəmadi maariflənməsi əsas prioritet istiqamətlərimizdəndir.
Bu gün araşdırdığımız mövzu isə uzun müddət dayandıqdan sonra avtomobili hərəkət etdirmədən öncə mühərrikin qızdırılmasının doğru olub-olmamasıdır.
Təzadlı fikirlər…
Sözügedən istiqamətdə internetdə araşdırma aparan zaman tamamilə ziddiyyətli fikirlərlə qarşılaşdıq və qərara aldıq ki, mövzunu bu işlə birbaşa bağlı olan şəxslər, bu sahənin peşəkarları ilə müzakirə edərək yekun nəticəyə gələk.
Öncə bir neçə sürücü ilə söhbətləşdik. Əksəriyyət uzun müddət işləməyən soyuq mühərriki qızdırandan sonra avtomobili hərəkət etdirdiyini, belə vəziyyətdə heç bir problemlə rastlaşmadıqlarını bildirdilər. Ancaq bir neçə sürücü yay aylarında mühərriki qızdırmadan avtomobillərini hərəkət etdirdiklərini dedilər. Onlardan çoxunun bu səbəbdən, hələ ki, problemlə qarşılaşmadığı, bəzilərinin avtomobilinin mühərrikindən uzun zamandan sonra səslər gəldiyi, birinin isə motoru təmir etdirdiyi məlum oldu.
“Soyuqda avtomobili qızdırmamaq üçün 3 səbəb” adlı məqalə…
Uzun illər avtomobil sahəsində radio verilişinin aparıcısı, bu sahənin eksperti, “AvtoStop Media” MMC-nın rəhbəri Tural Yusifov özünün Avtostop.tv saytında yayımladığı “Soyuqda avtomobili qızdırmamaq üçün 3 səbəb” adlı məqaləsində əslində yola düşməzdən öncə maşının mühərrikini yerində qızdırmağın əksinə, ziyanlı olduğunu vurğulayıb. O, bunun üçün 3 səbəb göstərərək yekunda belə nəticəyə gəlib: “Avtomobilin xaricinə əl gəzdirərkən mühərriki işə salmayın. Şüşələri silin, nömrəni təmizləyin, itin-pişiyin maşınınızın altında gizlənmədiyinə əmin olun, bundan sonra mühərriki işə salın, əyləci basın və sürət qutusunu 1-ə keçirin (avtomat sürətlər qutusudursa “D”-yə keçirin). Bütün bu proseduralar həmin hissələrdəki yağları da hərəkətə gətirəcək, yəni onlar da qızmağa başlayacaq. Sürməyə başlamazdan öncə, ayağınızı əyləcdən çəkmədən ilk olaraq isti hava vuran cihazı deyil, şüşə qızdırıcılarını işə salın. Yoxdursa, daha nə etmək olar, isti havavuranı tam aşağı sürət rejimində işə salın. İsti havanı şüşəyə istiqamətləndirin. Bu zaman generatora elektrik yükü düşəcək və motor boş işləməyəcək, o, generator rolunu oynamağa başlayacaq. Avtomobilin şüşəsi donubsa, bu şüşənin açılıb-bağlanmasına da təsir göstərəcək. Onun ardınca sükanı sağa və sola fırladın. Bu zaman hidrogücləndiricilərdə olan yağı hərəkətə gətirəcəksiniz. Vəssalam, avtomobil yola hazırdır. Lakin unutmaq olmaz, hərəkətə ehmalca başlamaq lazımdır. Çünki yüksək dövrülülüyə malik qaz verib getmək sizin avtomobilinizə ziyandır. Axı, maşınınızın mühərrikinin güclü olmasını nümayiş etdirməyə nə ehtiyac var?!
Mühərrik və sürət qutusu qızmağa başlasa da, asqının rezin elementləri, amortizatorlar və kuzov nahamar yollarda daha böyük narahatlıqlar yaşayır. Əlbəttə, bunun məntiqi izahı da var: təsəvvür edin, sizi yuxudan oyadırlar və dərhal, özü də şaxtada 100 metrlik məsafəni yüksək sürətlə qaçmağı əmr edirlər. Bu, bir neçə km məsafə avtomobilin adaptasiyası ilə bağlıdır. Mütləq bir neçə dəqiqədən sonra avtomobil sizin əmrlərinizə adekvat cavab verəcəkdir”.
Usta: “Motoru qızdırmadan avtomobili hərəkət etdirdikdə gec də olsa, mühərrik sıradan çıxacaq”
Xarici avtomobillərin mühərrik ustası Sübhan Əliyev isə AutoCity.az-a soyuq motorla hərəkət etdirilən avtomobilin mühərriyində gec də olsa, problem yaranacağını bildirdi: “Sovet istehsalı avtomobillərin yağları qatı olur. Qatı yağın durulaşması və mühərrikdəki kanallara gedib çatması üçün motoru qızdırmaq vacib şərtdir. Ancaq müasir avtomobillərdə bu sistem fərqlidir. Buna baxmayaraq, yenə də avtomobilin mühərrikini qızdırmaq lazımdır. Çünki motoru qızdırmadan avtomobili hərəkət etdirdikdə mühərrikin içindəki detalları yağ tam əhatə etmədiyi üçün aşınma baş verəcək. Bu proses tez zamanda özünü göstərmir. Bəlkə, bir il də mühərriki qızdırmadan avtomobili hərəkət etdirsəniz, fəsadı hiss edilməyəcək. Ancaq aşınma baş verəcək və son nəticədə gec də olsa, mühərrik sıradan çıxacaq. Həm də qeyd edim ki, mühərrikin poladdan hazırlanan detalları isti halda daha yumşaq olur və rahat hərəkət edir”.
Dizel yanacağı ilə işləyən avtomobillərin mühərrikinin gec qızdığını qeyd edən usta, belə motorları benzinlə işləyənlərə nisbətən çox qızdırmaq lazım olduğunu vurğuladı. Onun sözlərinə görə, benzinlə işləyən mühərriklər ən azı 20 dərəcəyədək qızdırılmalıdır: “Avtomobildə problem yoxdursa, bu, 3-4 dəqiqə vaxt aparacaq. Yay aylarında qış aylarına nisbətən mühərrik daha tez qızır. Çünki qışda yağ daha da qatılaşır
S.Əliyev əlavə etdi ki, xarici avtomobillərdə motoru işə salanda “avtopasos” mühərrikin dövrlər sayını yuxarı saxlayır və 30 saniyə – 1 dəqiqəyə yanacağın verilişi bərpa olunandan sonra aşağı düşür. Bunun yağın qızmağı ilə heç bir əlaqəsi yoxdur.
Professor: “Avtomobil ustaları arasında yanlış fikir formalaşıb”
Mütəxəssislər arasında təzadlı fikirlər olduğuna görə, mövzu ilə bağlı Azərbaycan Texniki Universitetinin Avtomobil texnikası kafedrasına müraciət etdik. Kafedra müdiri, texnika elmləri doktoru, professor Ziyafət Kərimov AutoCity.az saytına avtomobilin soyuq və qızdırılmış mühərriklə hərəkəti zamanı motorda baş verən proseslər haqda geniş məlumat verdi: “Avtomobil ustaları arasında yanlış fikir formalaşıb. Deyirlər ki, guya ancaq köhnə, karbüratorlu avtomobillərin mühərrikini qızdırmaq lazımdır. Onsuz da onları qızdırmasan, avtomobil hərəkət etmir, qaz verdikcə mühərrik sönmək istəyir. Motor qızandan sonra isə normal işləməyə başlayır. Müasir, injektorlu, sorma borusuna benzin püskürməli mühərrikli avtomobillərdə isə elektron idarəetmənin hesabına o nöqsan aradan qaldırılıb. Yəni, soyuq mühərriki işə salan kimi avtomobili hərəkət etdirmək olur. Avtoservislərdəki bir çox ustalar deyirlər ki, guya belə avtomobili yerində saxlayıb mühərriki qızdırmaq, hətta zərərlidir. Bu, tamamilə yanlış fikirdir. Müasir elektron idarəetmə sistemləri soyuq motorla hərəkətə imkan verirsə, bu, o demək deyil ki, belə də etmək lazımdır. Bu sistem sadəcə əlavə imkan yaradır ki, təcili getmək istəyən insanlar dərhal avtomobili hərəkətə gətirə bilsinlər”.
“Soyuq mühərrikdə çətin sürtünən mühit əmələ gəlir”
Soyuq mühərriklə avtomobili hərəkətə gətirən zaman ilk növbədə, yağlama sisteminin öz işini yerinə yetirə bilmədiyini deyən professor prosesi belə izah etdi: “Mühərrikdə kiçik ara boşluqları var. Uzun müddət dayanan avtomobilin mühərrikində yağlar dirsəkli valın fırlanan boyunlarında, əsas boyunlarında (Bəzən ona ana boyunları da deyirlər), şatun boyunlarında, şatunun içərisində porşen barmağında və s. yerlərdəki nazik kanallardan süzülüb karterin içinə tökülür. Soyuq havada isə yağ bir az da donur və yağlama keyfiyyətini itirir. Orada çətin sürtünən mühit əmələ gəlir. Mühərriki işə salan kimi avtomobili yerindən götürəndə yağlama sistemi hələ normal funksiyaya başlamamış olur. Əslində isə yağ müəyyən qədər qızmalı, keyfiyyətini bərpa etməli, müəyyən yerlərə, kanallara, ara boşluqlarına, sürtünən cütlərin arasına çatmalıdır. İndi sintetik yağlar o qədər də keyfiyyətini itirmir. Ancaq normal yağlanma mütləq lazımdır. Mühərriki qızdırmadan avtomobilə qaz verib hərəkət etdirəndə motor böyük yüklərə məruz qalır. Hərəkətdə olan avtomobilin mühərrikində yüzlərlə kiloqram, bəzən min kiloqrama çatan qüvvələr əmələ gəlir. Normal yağlanma olmayıbsa, sürtünən cütlərin səthləri böyük aşınmaya məruz qalır. Ona görə onlarda yeyilmə baş verir. Bu zaman mühərrikin ömrü qısalır”.
“Hətta yayda belə mühərrik yerində heç olmasa, 2-3 dəqiqə işləməlidir”
Z.Kərimov qeyd etdi ki, hərəkətdən öncə mühərriki mütləq yerində bir neçə dəqiqə qızdırmaq lazımdır: “Hətta yayda isti havada belə mühərrik yerində heç olmasa, 2-3 dəqiqə işləməlidir ki, yağ lazımi yerlərə çata bilsin. Avtomobil yerində dayanarkən mühərrik işləyəndə həm dövrlər sayı, ətalət qüvvələri az, həm də qazların təzyiqi aşağı olur. Bu o deməkdir ki, sürtünən səthlər böyük yüklərə məruz qalmır. Qışda isə mühərrikin qızdırılma vaxtı motorun həcmi, soyutma sistemi, havanın temperaturu nəzərə alınaraq müəyyənləşdirilməlidir. Köhnə avtomobillərdə cihazlar lövləsində mayenin temperaturunu göstərən şkala var idi. Soyuducu mayenin – antifrizin temperaturu müəyyən qədər qalxıbsa, heç olmasa 40-50 dərəcəyə çatıbsa, hərəkət etmək olar. Normal hərəkət şəraitdə isə istilik 90-95 dərəcə olur”.
“Soyuq mühərriklə avtomobili hərəkət etdirəndə göstəricilər daha da pisləşir”
Avtomobil texnikası kafedrasının müdiri bildirdi ki, müasir avtomobillərdə hər şeyi elektronik cihazlar tənzimləyir: “Karbüratorlu avtomobillərdə “pasos” əl ilə çəkilir, mühərrik qızdıqca yavaş-yavaş buraxılır. Müasir avtomobillərdə isə bu sistem elektron quraşdırılıb. Ümumiyyətlə, “pasos” rejimində işləyəndə mühərrikin həm yanacaq qənaəti, həm də ekoloji göstəriciləri pisləşir. Soyuq mühərriki işlətmək üçün ya əl “pasos” u, ya da “avtopasos”la yanacaq verilişi artırılır. Deməli, lazım olduğundan çox yanacaq sərf olunur. Bu da xaric qazların tərkibinə mənfi təsir göstərir. Soyuq mühərriklə avtomobili hərəkət etdirəndə isə motora daha çox yük düşdüyü üçün bu göstəricilər daha da pisləşir”.
Nəticə…
AutoCity.az saytı olaraq bütün tərəflərin fikirlərinə hörmətlə yanaşırıq. Mütəxəssislərin fikirlərini dinlədikdən və internetdə apardığımız araşdırmadan sonra belə qərara gəlirik ki, hazırda sintetik yağlar soyuq mühitə dözümlü olaraq keyfiyyətini itirmədiyi üçün yağın qızması deyil, mühərrikin yağlanması əsas məqamlardandır ki, bunun üçün də cəmi 1 -1,5 dəqiqə motoru yerində çalışdırmaq bəs edər. Bu vaxt da sürücünün təhlükəsizlik kərmərini bağlaması, güzgüləri nəzərdən keçirməsi və s. digər zəruri hərəkətlərə sərf olunur. Belə halda həm ekologiyaya, həm də mühərrikə dəyən ziyanın qarşısı maksimum alına bilər.
Elgün Vidadioğlu
Autocity.az
Yağışlı havada bir çox yollarda sürət həddi endirilir və bir çox küçələrdə svetoforlar işləməsində problem yaşanır. Mövzu ilə bağlı Avtosfer TV sürücülər üçün tövsiyyələr hazırlayıb.
Videomaterialı təqdim edirik:
Bir vaxtlar "Sehirli xalat" filmində baxdığımız televizyafon indi mobil telefon olaraq realdır. Lakin insanlar gələcək barəsində daim yeniliklər edir. Yol-xeber.az xəbər verir ki, sosial şəbəkələrdə paylaşılmış videoda uçan avtomobillər, divarda gəzən maşınlar əks olunub. Lazım olan anda yük maşınının altında qalsa belə əzilməyən modellər üzrə iş gedir. Yəqin ki, yaxın gələcəkdə biz bunların da şahidi olacağıq. Maraqlı videonu təqdim edirik:
Yol Hərəkəti Təhlükəsizliyi üzrə ekspert Əziz Talıbov dairəvi hərəkət təşkil olunmuş yolayrıcı ilə bağlı izahlı video çəkərək sosial şəbəkədə paylaşıb. Yol-xeber.az xəbər verir ki, ekspert dairədə necə hərəkət etməklə bağlı sürücülərə öz tövsiyələrini verib. Yol Hərəkəti Haqqında Qanunun 42-ci madəsində qeyd olunub ki, dairəvi hərəkət təşkil olunmuş yolayrıcının qarşısında qoyulmuş 4.3 nişanı olduqda, sürüclər dairə boyunca hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Əgər 4.3 dairə nişanı ilə birgə baş yol nişanı quraşdırılmışdırsa, dairəyə daxil olan sürücülər üstünlüyə malik olurlar. Dairə boyunca hərəkət edən sürücülər isə dairəyə baş yoldan daxil olan nəqliyyat vasitələrinə yol verməlidir.
Bu gün prezident İlham Əliyev Sumqayıt Dənizkənarı Bulvar Kompleksinin yeni salınmış hissəsində yaradılan şəraitlə tanış olub. Yol-xeber.az xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Bulvarda görülən işlərlə bağlı Prezidentə məlumat verib.
İlham Əliyev Bulvarın ərazisini elektromobillə gəzib.
Noyabrın 22 -dən etibarən mobil etibarnamə istifadəyə veriləcək. Bu barədə məlumatı 22 noyabr- ədliyyə işçilərinin peşə bayramı günü ərəfəsində Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində “Ədliyyə sahəsində rəqəmsal transformasiya və innovasiyalar” mövzusunda ictimai təqdimatda çıxış edən nazirliyin İKT idarəsinin rəisi Ağakərim Səmədzadə deyib.
O bildirib ki, vətəndaşlar mobil telefon vasitəsi ilə nəqliyyat vasitəsinə aid etibarnaməni verə biləcəklər: "Sistem çox sadədir. Mobil tətbiqə daxil olaraq etibar etdiyiniz nəqliyyat vasitəsini seçirsiniz, etibar etdiyiniz şəxs barədə məlumatı qeyd edirsiniz və etibarlıq müddətini seçirsiniz. Daha sonra isə ödənişi edərək 5 dəqiqə ərzində siz istədiyiniz şəxsə etibarnamə verə bilərsiniz"./publika.az
Yolda hərəkət edən piyadaların əksəriyyəti, yolun hərəkət hissəsini necə keçməli olduqlarını bilmirlər. Yol-xeber.az xəbər verir ki, paytaxtın Şıxəli Qurbanov küçəsində piyadaların yolu təhlükəli şəkildə keçmə anı avtomobildəki kameraya qeyd olunub. Həmin piyadalar, onlara qırmızı işıq yanmasına baxmayaraq yolun hərəkət hissəsini keçərək sürücülərə təhlükə yaradıblar.
Yol Hərəkəti Haqqında Qanunun 40-cı maddəsində qeyd olunub ki, "piyadalar hərəkətin nizamlandığı yerlərdə nizamlayıcının və ya piyada svetoforunun, o olmadıqda isə, nəqliyyat svetoforunun işarəsini əsas tutmalıdır".
Əgər yolda piyadalar üçün svetofor olmazsa, onlar nəqliyyat vasitələri üçün quraşdırılmış svetoforu üstün tutaraq avtomobillərə qırmızı işıq yandıqdan sonra hərəkət hissəsini keçməlidirlər.
Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının və "Ümid yeri" İctimai Birliyinin təşkilatçılığı ilə "Valideyn himayəsindən məhrum olan uşaqlar üçün yol hərəkəti təhlükəsizliyinin öyrədilməsi" adlı layihə həyata keçirilib. Yol-xeber.az xəbər verir ki, tədbirdə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin, müxtəlif təşkilatların nümayəndələri, o cümlədə mətbuat təmsilçiləri iştirak edib.
Tədbirdə çıxış edən “Ümid yeri” uşaq sığınacağının rəhbəri Nigar Məsimova bildirib ki, əsas məqsəd uşaqların yol hərəkəti qaydalarını öyrənməsi və əməl etməsidir.
Daha sonra sığınacağın uşaqlarının hazırladığı müxtəlif səhnəciklər nümayiş olunub.