![]() |
|
İsrailin ifrat sağçı Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvir polisə Fələstin bayrağının ictimai yerlərdə nümayişini qadağan etmək göstərişi verdiyini açıqlayıb.
Nazir Ben-Qvir tvitter hesabında “Bu gün polisə Fələstin bayrağının və ya terror təşkilatı ilə eyniləşdirilən və ya İsrail dövlətinə qarşı təhrik edən hər hansı bayrağın dalğalanmasını qadağan etmək göstərişi verdim” deyib.
“Terrora və terrorun təhrikinə qarşı var gücümüzlə mübarizə aparacağıq” deyən ifrat sağçı Ben-Qvir, ictimai yerlərdə Fələstin bayraqlarının dalğalanmasını qadağan edib.
Ben-Qvirin 40 ilini İsrail həbsxanalarında keçirən fələstinli məhbus Kərim Yunusun yanvarın 5-də Hayfadakı Ara kəndində Fələstin bayraqlarının coşqu ilə qarşılanmasından sonra belə bir qərar verdiyi bildirilir. /unikal
“Dünya çoxdan yeni dünya müharibəsi mərhələsinə qədəm qoyub və biz uşaq təhqirləri ilə məşğuluq. Laçın, Qarabağ, Ermənistan problemi uzun müddətdir daxili siyasi problemlər deyil. Artıq Qərblə, Türkiyə ilə, Rusiya ilə “oyun” oynamaq mümkün deyil və yolverilməzdir”.
Bu barədə erməni siyasətçi Eduard Şarmazanov öz Facebook səhifəsində yazıb.
O bəyan edib ki, belə oyunlar Ermənistanın və Qarabağın məhvinə gətirib çıxaracaq.
“Ukraynadakı münaqişənin təhlili göstərir ki, Rusiya NATO qarşısında üstünlüyə malikdir, bunu 3 amil nümayiş etdirir”.
Musavat.com-un xəbərinə görə, köşə yazarı Həsən Nafaa bu barədə “Al Mayadeen” üçün qələmə aldığı məqalədə yazıb.
“Birinci amil iqtisadi sanksiyaların münaqişənin hər iki tərəfinə təsirinə aiddir. Aydındır ki, Rusiya bu raundda qalib gəlib. Rusiya valyutasının (rubl) mövqeyi hazırda münaqişə başlamazdan əvvəlkindən daha güclüdür. Sanksiyalar Qərb ölkələrinə daha çox zərbə vurub”, - köşə yazarı qeyd edib.
H.Nafaa həmçinin Rusiyanın münaqişə zamanı “bütün hərbi gücündən istifadə etməkdən uzaq olduğuna” diqqət çəkib. Üçüncü amil kimi o, Moskvanın müttəfiqlərinin həmrəyliyini və ABŞ-la Avropa ölkələri arasında münasibətlərdə ixtilafın olmasını xüsusi qeyd edib. Nafaa müharibənin uzanmasının NATO-nun dağılmasına gətirib çıxaracağını bildirib.
Silah tacirləri Rusiya-Ukrayna müharibəsindən qazanc əldə etməyə çalışırlar.
“Report”un Türkiyə bürosunun xəbərinə görə, bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalyada Dokumapark Müasir İncəsənət Qalereyasında keçirilən “Qadınlarla Böyük Türkiyə Yolunda” proqramında çıxış edərkən bildirib.
Ərdoğan deyib ki, Türkiyə sülhpərvər mövqeyinə görə, hazırda dünyanın diqqət mərkəzindədir: “Dünya Rusiya-Ukrayna müharibəsinə müdaxilə edə bildimi? Xeyr. Onların hamısı silah satıcılarına kömək edir. Dünyanın silah tacirləri harada, necə və nə qazanacaqlar, buna çalışırlar. Biz isə sülhə necə nail ola bilərik, buna çalışırıq”.
“Eyni gündə biz həm cənab Putinlə (Rusiya Prezidenti Vladimir Putin - red), həm də Zelenski (Ukrayna Prezidenti Volodimir Zelenski - red) ilə telefonla danışdıq. Bu savaşı dayandırmaq, tərəflərin sülhə gəlməsi üçün, nə edə bilərik, bunu öyrənməyə çalışırıq. Bu səmimiyyətlə yolumuza davam edirik. Çünki bilirik ki, dünya yalnız sülh üzərində bərqərar olub”, - Türkiyə lideri qeyd edib.
ABŞ və Qərb Rusiyaya xilas şansı tanımaq istəmir, Ukrayna savaşı Rusiyanın tam məğlubiyyəti və çöküşünə qədər davam etdirmək niyyətindədir, Kreml cəmisi iki taleyüklü seçim qarşısında qalmış kimi görünür... Yəni, Kreml ya rus qoşunlarını Ukraynadan çıxarıb, bu ölkəyə vurduğu fantastik məbləğli ziyanı ödəməli olacaq, ya da savaşı davam etdirib, Rusiyanın çökərək, dağılmasını sürətləndirəcək...
Ukrayna savaşı Rusiyanı artıq tamamilə taqətdən salıb. Kreml bu savaşın ağırlığına tab gətirməkdə çətinlik çəkir. Zaman keçdikcə isə Rusiya “savaş bataqlığı”nın daha dərin qatlarına doğru çökməkdə davam edir. Və belə vəziyyət Rusiya üçün müasir tarixin ən faciəvi dövrü kimi də dəyərləndirilə bilər.
Məsələ ondadır ki, Rusiya dünyadan təcrid olunmuş durumdadır. Hazırda Kremlin dünya siyasətində və iqtisadiyyatında iştirakı minimuma endirilib. Rusiyaya qarşı olduqca geniş beynəlxalq koalisiya mövcuddur və rəqiblər tədricən təzyiqləri artırmaqla, Kremli “ağ bayraq qaldırmağa” məcbur etməyə çalışırlar.
Rusiya ağır maliyyə-iqtisadi sanksiyalar ucbatından böyük sürətlə sosial-iqtisadi böhrana sürüklənir. Kreml indi hətta öz enerji resurslarını belə, dünya bazarlarına çıxartmaq şanslarını itirməyə başlayıb. Eyni zamanda, Rusiyaya digər sahələr üzrə də iqtisadi-ticari fəaliyyət imkanı tanınmır. Və Rusiyanın ehtiyac duyduğu bir çox malların bu ölkəyə satışı bloklanıb.
Digər tərəfdən, Rusiya Ukrayna ilə işğalçı müharibə aparsa da, əslində, dünyanın çox önəmli hərbi-siyasi güc mərkəzlərinə qarşı eyni vaxtda savaşmaq məcburiyyətində qalıb. Çünki Rusiyaya qarşı beynəlxalq koalisiyanın üzvləri savaşa rəsmən qatılmasalar da, onların hər halda müharibədə iştirak etdikləri inkaredilməz reallıqdır. Belə ki, ABŞ başda olmaqla, əksər NATO ölkələri Ukraynaya silah-sursat və hərbi texnika edirlər. Bu baxımdan, Rusiya əslində, Ukrayna ordusu ilə yanaşı, NATO hərbi texnologiyası ilə vuruşmağa da məcbur qalıb.
Göründüyü kimi, Kremlin Ukrayna savaşına başlayaraq, buraxdığı yolverilməz səhv Rusiyanı əsl fəlakətlə üzləşdirib. Qərb hərbi ekspertləri əmindirlər ki, Rusiyanın hərbi resursları artıq tükənmək üzrədir. Ukrayna savaşı bir neçə ay da davam etsə, Rusiya hərbi potensialından tamamilə məhrum ola bilər. Kreml ona dəstək verə biləcək Çin, İran, Şimali Koreya və s. kimi azsaylı ölkələrdən silah tədarükünü təmin edə bilməzsə, Rusiyanın hərbi məğlubiyyətinin etiraf edib, təslim olmaqdan başqa yolu qalmayacaq.
Kreml son vaxtlar Ukrayna savaşına tab gətirmək üçün son variantlara da əl atmağa başlayıb. Belə ki, Rusiya ordusuna əlavə canlı qüvvənin cəlb edilməsinə hazırlıq aparılır. Bəzi məlumatlara görə, yanvarın sonlarına qədər Rusiyada ümumi səfərbərlik elan edilə bilər. Və bu prosesdə ən azı bir milyon hərbçinin orduya çağırılması nəzərdə tutulub.
Ancaq Kremlə yaxın siyasi dairələr ümumi səfərbərliyin də Rusiyanı bu durumdan çıxara biləcəyinə ciddi şübhələr mövcuddur. Hər halda, bir müddət öncə reallaşdırılmış qismən səfərliyin Rusiyanın savaş meydanında vəziyyətini qətiyyən dəyişmədiyi inkaredilməz reallıqdır. Halbuki, bu prosesdə Kreml 300 min hərbçini ordu sıralarına qata bilmişdi. Bu baxımdan, silah-sursat və hərbi texnika təchizatı olmayan hərbi geyimli şəxslərin Rusiyanı məğlubiyyətdən xilas edə biləcəyi qətiyyən inandırıcı deyil.
Ona görə də, indiki situasiyada Ukrayna savaşının mövcud hərbi nailiyyətlərin qorunması şərti ilə dayandırılması Rusiya üçün ən sərfəli variant hesab olunur. Yəni, Kremlə savaşdan mümkün qədər tez bir zamanda çıxmaq və yaxud da heç olmasa, müharibənin müvəqqəti dondirulması çox vacibdir. Hər halda, Rusiya hərbi potensialının yenidən cəmləşdirməyə imkan tapmazsa, bu nəhəng ölkənin növbəti mərhələdə çöküşü qaçılmaz ola bilər.
Maraqlıdır ki, bəzi məlumatlara görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putin ilə telefon danışığında təxminən bu mövqedən çıxış edib. Türkiyə lideri Kreml sahibinə bildirib ki, əgər, heç olmasa, müvəqqəti atəşkəs elan edərsə, rəsmi Ankara Ukrayna savaşının dayandırılması üçün hər iki tərəflə danışıqlar apara bilər. Yəni, Türkiyə prezidenti Rusiyanın birtərəfli atəşkəsə razılaşmasının qarşılığında Kreml üçün hava-su kimi vacib olan sülh vasitəçiliyi təklif edib.
Onu da qeyd edək ki, bu barədə ilk məlumatlar yayıldıqdan dərhal sonra Kremlə yaxın əksər siyasi dairələr Türkiyə prezidentini mövcud situasiyadan öz siyasi maraqları çərçivəsində yararlanmaqda qınayıblar. Halbuki, hazırda atəşkəs rejimi hamıdan daha çox Rusiyanın maraqlarına cavab verir. Və Kreml müxtəlif siyasi-diplomatik kanallarla Qərb ölkələri ilə uğursuz sülh danışıqları aparır.
Məsələ ondadır ki, hazırda ABŞ və Qərb Rusiyanın “savaş bataqlığı”ndan çıxmasını istəmir. Əksinə, bu “savaş bataqlığı”nın Rusiyanı tamamilə öz dibinə çəkməsi üçün əlindən gələn hər şeyi edir. Türkiyə prezidentinin sülh vasitəçiliyi isə Rusiya üçün bir şans ola bilər.
Nə qədər qəribə də olsa, Kreml prezident R.T.Ərdoğanın müvəqqəti atəşkəs elan etmək təklifini reallaşdırmaq qərarına gəlib. Belə ki, Rusiya prezidenti V.Putinin tapşırığı ilə savaş bölgəsində 1,5 sutkalıq birtərəfli atəşkəs qərarı qəbul olunub. Ancaq Kreml nədənsə, bu qərarı Türkiyə liderinin təklifi ilə deyil, Milad bayramıyla əlaqələndirməyə üstünlük verib.
İstənilən halda, Rusiyanın uzun müddətdən sonra hansı səbəblə olursa-olsun, atəşkəsə razılaşması müsbət tendensiyadır. Sadəcə, Kremlin bu addımına Ukrayna rəsmi dairələri və Qərb siyasi iradə mərkəzləri kəskin reaksiya ilə cavab verib. Belə ki, ABŞ və Qərb Rusiyanın atəşkəs niyyətinə ehtibar etmədiyini bildirib. Bunu Kremlin hərbi qüvvələri qruplaşdırmaq üçün vaxt qazanmaq istəyi ilə əlaqələndirib.
Rəsmi Kiyevsə, Donbas və Krım da daxil olmaqla, Ukraynanın ərazi bütövlüyü təmin edilməyənə qədər hər hansı atəşkəs cəhdinə qarşı olduğunu bəyanlayıb. Zelenski hakimiyyəti hesab edir ki, atəşkəs və sülh sazişi barədə yalnız Rusiya qoşunları Ukrayna ərazisindən çıxarıldıqdan sonra düşünmək olar. Ona qədərsə, Ukrayna ordusu savaşmaqda davaş edəcək, hətta Rusiya ərazisinin dərinliklərində olan hərbi obyektlərə belə, zərbə endirəcək.
Göründüyü kimi, həm ABŞ və Qərbin, həm də Ukrayna siyasi dairələrinin mövqeyi qətidir. Çünki vaxtilə rəsmi Kiyev, xüsusilə də, prezident Volodimir Zelenski Kreml sahibi V.Putindən savaşı ən qısa zamanda dayandırmağı təklif edirdi. İndisə, Rusiyanın atəşkəs qərarı Ukrayna tərəfindən qəbul edilmir, geri çevrilir. Və bununla da məğlub olmaq təhlükəsi ilə üzləşən Rusiyaya zaman qazanmaq şansı tanınmır.
Belə anlaşılır ki, Ukraynanı qələbəyə yaxınlaşdıran Qərb siyasi dairələri Rusiyaya xilas olmaq imkanı vermək niyyətində deyillər. Əksinə, savaşı Rusiyanın tam məğlubiyyəti və çöküşünə qədər davam etdirməkdə israrlı davranırlar. Mövcud situasiyadasa, Rusiyanın qarşısında cəmisi iki taleyüklü seçim qalmış kimi görünür.
Yəni, Kreml ya Rusiya qoşunlarının Ukraynadan çıxarılması ilə məğlubiyyətini etiraf edəcək. Eyni zamanda, Ukraynaya vurduğu fantastik məbləğli ziyanı kompensasiya ilə ödəməklə razılaşmalı olacaq. Ya da savaşı davam etdirib, Rusiyanın çökərək, dağılmasını sürətləndirəcək. Kremlin seçim etmək üçünsə, o qədər də çox vaxtı yoxdur.(Yeni Müsavat)
Varşava Avropanın ən güclü ordusunun yaradılması prosesindədir və artıq müdafiə xərclərinə görə NATO standartını keçib.
Publika.az "Do Rzeczy"a istinadla xəbər verir ki, bunu Polşanın baş nazirinin müavini, milli müdafiə naziri Mariuş Blaşak deyib .
Nazirdən soruşublar ki, Polşa ordusu hazırda Avropanın ən güclü ordusudur, yoxsa belə olacaq?
"Biz edəcəyik, amma xarici mətbuatda artıq oxuya bilərsiniz ki, biz Avropanın ən güclü ordusunu qururuq", - deyə Blaşçak cavab verib.
O vurğulayıb ki, indi ölkə qoşunları həmişəkindən daha güclüdür və gələcəkdə daha da güclənəcək.
Blaşçak xatırladıb ki, Polşa 2022-ci ildə “Patriot” zenit-raket kompleksinin (SAM) ilk batareyalarını və Türkiyə istehsalı "Bayraktar" pilotsuz təyyarələrini alıb. 2023-cü ildə Varşava "Abrams" tanklarının, HIMARS çoxlu buraxılış raket sistemlərinin (MLRS), təyyarələrin və helikopterlərin təhvil verilməsini gözləyir.
2022-ci ilin dekabrında Polşa ordusunun təlim üçün könüllüləri cəlb etməyə başlayacağı bildirildi. Təlimlərdə 15 yaşdan 65 yaşa qədər vətəndaşlar iştirak edə biləcəklər.
Blaşçakın sözlərinə görə, əsas məqsəd mümkün qədər çox insanı ordu ilə bağlı ilkin bacarıqlara öyrətməkdir.
2023-cü ildə müharibədə işğal olunmuş ərazilərin azad edilməsi məqsədilə Ukraynanın hücum mərhələsi başlanır.
Axar.az xəbər verir ki, bu fikri Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov söyləyib.
“2023-cü il hücum müharibəsi kimi xarakterizə olunacaq”, - deyə o bildirib.
Britaniya kral ailəsindən ayrılaraq ABŞ-da məskunlaşan Sasseks hersoqu şahzadə Harri xatirələrində Əfqanıstanda xidməti vəzifəsini yerinə yetirərkən 25 nəfəri qətlə yetirdiyini etiraf edib.
“The Telegraph” qəzeti xəbər verir ki, şahzadə Harri bu barədə 10 yanvarda rəflərdə olacaq “Ehtiyat” adlı xatirə kitabında yazıb.
O, kitabda 25 nəfəri 2007-2008 və 2012-2013-cü illər arasında öldürdüyünü qeyd edib.
Harri kitabında zərərsizləşdirdiyi üsyançıları “yaxşıları öldürmədən aradan götürülən pislər” adlandırıb.
“İlk gündən etibarən məqsədim Talibana və sadəcə Talibana yaxın yerlərdə mülki vətəndaşlara atəş açıb-açmadığım mövzusunda şübhə duymadan yuxuya gedə bilmək idi. İngiltərəyə bütün üzvlərimlə qayıtmaq istəyirdim, amma ən çox da vicdanım pozulmadan evə qayıtmaq istəyirdim”,- deyə o əlavə edib.
Şahzadə həmçinin adam öldürdüyünə görə utanc hiss etmədiyini söyləyib.
Qeyd edək ki, Şahzadə Harri 1997-ci ildə Parisdə faciəvi avtomobil qəzasında həlak olan Uels şahzadəsi Diana ilə hazırkı İngiltərə kralı III Çarlzın kiçik oğludur.
Rusiya mətbuatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı 2022-ci ilin ən uğurlu siyasətçisi seçib.
Onun seçilməsinə səbəb Rusiya-Ukrayna müharibəsində vasitəçilik roludur.
Rusiyanın aparıcı qəzetlərindən biri olan “Kommersant” Türkiyə Prezidentini əvəzolunmaz adlandırıb:
“Ərdoğan 2022-ci ildə dünyanın ən uğurlu siyasətçisi adlandırıla bilər, çünki o, xüsusi hərbi əməliyyat başlayandan bəri münaqişə tərəfləri arasında demək olar ki, mübahisəsiz vasitəçi statusunu qoruyub saxlayıb”.
İranın Rusiyaya raket tədarükü Tehrana qarşı bütün mövcud təzyiq alətlərindən istifadəyə səbəb olacaq.
Bu sözləri Ukrayna xarici işlər naziri Dmitri Kuleba BƏƏ mediasına müsahibəsində deyib.
“İran Rusiyanın şəhərlərimizi vurması üçün ona dronlar verir. Həmçinin eşitmişik ki, Rusiya və İran müəyyən növ raketlərin alınması ilə bağlı danışıqlar aparır. Diqqətlə bu prosesi izləyirik. Bu, İranın keçməməsi gərəkdiyi qırmızı xətt olacaq. Əks halda, İranın bunu dayandırması üçün təzyiq alətlərindən istifadə ediləcək”, - deyə XİN rəhbəri bildirib.