Noyabrın 10-da Moldova sakinləri paytaxt Kişineu şəhərinin mərkəzi meydanında Ştefan Çel Marenin abidəsi önünə toplaşaraq, illərdir davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın tarixi qələbəsini qeyd edib.

Səfir Q.Osmanov çıxış edərək ölkəmizin əldə etdiyi şanlı qələbə münasibətilə azərbaycanlıları təbrik edib, Azərbaycanın ərazi bütövlüyünün bərpa edildiyini, bu böyük zəfərin xalqımıza və dünya azərbaycanlılarına bəxş etdiyi qürür və fəxarət hissinin əvəzsiz olduğunu dilə gətirib, Qarabağ qələbəsinin ölkəmizin rəhbərliyinin səriştəsi, milli ordumuzun gücü və xalqın dəstəyi nəticəsində əldə olunduğunu vurğulayıb.

Daha sonra moldovalı deputat Sergiu Sirbu çıxışında azərbaycanlıları bu əlamətdar hadisə ilə bağlı təbrik edib, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı əldə edilən uğurun digər oxşar münaqişələrin həlli yolunda da nümunə olacağına ümid etdiyini bildirib.

Meydana toplaşanlar arasında qardaş Türkiyənin Moldovadakı Səfirliyinin əməkdaşları da nitq söyləyərək soydaşlarımızı ölkəmizin hərb və siyasət meydanında əldə etdiyi şərəfli qələbəyə görə təbrik edib.

Moldova Azərbaycanlıları Konqresinin (MAK) sədri Elçin Bayramov Azərbaycanın əldə etdiyi uğurlar və bu böyük zəfər gününün bütün həmyerlilərimizi bir araya gətirərək bir yumruq ətrafında sıx birləşməsinə və daha da güclənməsinə səbəb olduğunu bildirib. MAK-ın gənc istedadlı üzvləri ölkəmizin həqiqətlərini, siyasi və hərbi sahədə qazandığı qələbə barəsində rumın dilində nitq söyləyərək Moldova ictimaiyyətini məlumatlandırıb. Bundan əlavə, Moldovada Azərbaycan icmasının ağsaqqalı Firuz İsayev təbrik nitqi söyləyərək Kişineu meydanında keçirilmiş tədbirin ilk hissəsini yekunlaşdırıb.

Qeyd edək ki, tədbirin sonunda Moldovanın bir sıra xəbər agentlikləri və telekanallarının iştirakı ilə səfir Q.Osmanov tərəfindən mətbuat brifinqi keçirilib. Brifinqdə səfir Moldova ictimaiyyətinə Azərbaycanın şanlı qələbəsi və ölkəmizim haqlı mövqeyini əks etdirən məlumatlar verib, yerli jurnalistləri maraqlandıran sualları cavablandırıb.

Daha sonra həmin gün zəfər tədbirinin iştirakçıları Türkiyənin Moldovadakı Səfirliyinə gedərək Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün vəfatının ildönümü münasibətilə büstü önünə gül dəstələri qoyub, görkəmli şəxsiyyətin fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

Tədbir Moldovadakı səfirliyimizdə davam etdirilərək ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, müstəqil Azərbaycanın qurucusu və xilaskarı olan ümummili liderimizin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərindən söhbət açılıb.

Qələbə münasibətilə Səfirlikdə bayram ziyafəti təşkil edilmiş, tədbir iştirakşılarına milli mətbəxə məxsus şirniyyatlar təqdim edilib, həmvətənlərimiz Azərbaycanın xalq rəqslərinin sədaları altında rəqs edib, vətənpərvərlik şeirləri və çıxışları söyləyib. Tədbir Kişineu şəhərində Azərbaycanın ərazi bütövlüyünün bərqərar olmasına həsr edilmiş təntənəli qələbə atəşfəşanlığı ilə yekunlaşdırılıb.

Ermənistanın baş nazirir Nikol Paşinyan Müdafiə Nazirliyinin bunkerində gizlənir.

Bu günlərdə bütün Ermənistan Nikol Paşinyan və ailə üzvlərini axtarır. Bu barədə İrəvan qəzeti "Hraparak" yazıb.

“Şübhəsiz ki, onlar qəzəbli bir izdihamın əlinə verilə bilməz, lakin insanlar baş nazir postunu tutan şəxsin öz sözləri ilə“ NK Kabinetinin rəhbəri vəzifəsini yerinə yetirməyə davam edən”şəxsin harada olduğunu bilmək hüququna malikdirlər”.

Qəzet Paşinyanın xalqa müraciəti zamanı çəkilən görüntülərdə alçaq tavanlı, pəncərəsiz bir otaqda olduğunu qeyd edib. Onun harada olduğunun aydınlaşmaması üçün telefon gizli şəkildə yerləşdirilib.  

“Ancaq mənbəmiz Paşinyanın Müdafiə Nazirliyinin binasında, özünü daha təhlükəsiz hiss etdiyi bunkerdə olduğunu söyləyir”,- deyə nəşr qeyd edib.

Ailə üzvlərinə gəlincə, Nazirlər Kabineti rəhbərinin iki qızının – Məryam və Şuşaninin təxminən bir həftə əvvəl Ermənistanı tərk etməsi barədə şayiələr yayılıb. Verilən məlumata görə, onlar hazırda Kanadadırlar.

“Baş nazirin həyat yoldaşı Anna Akobyan hərbi təlimlərdə iştirak etdiyi yer də gizli saxlanılır. Ehtimala görə, oğlu və kiçik qızı da onun yanındadır”, - deyə qəzet yazıb.

“Ümid edirəm ki, Dağlıq Qarabağ bölgəsində hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan bəyanatın imzalanması münaqişə bölgəsindəki mülki şəxslərin həyatını qoruyacaq”.
Report xəbər verir ki, bunu ATƏT-in Parlament Assambleyasının prezidenti Giorgi Tsereteli bildirib.

O, müharibə zamanı həlak olanlarla bağlı başsağlığı verib və tərəfləri meyitlərin, hərbi əsirlərin mübadiləsinə dərhal başlamağa çağırıb.

G.Tseretelinin sözlərinə görə, dayanıqlı sülhə aparan yol bəzən müharibədən daha çətindir: “Məcburi köçkünlər və qaçqınların təhlükəsiz qayıtmasını təmin etmək, münaqişənin hərtərəfli həllinə nail olmağa və birgə gələcək qurmaq üçün bütün tərəfləri sülh danışıqlarına sadiqliklərini təsdiqləməyə çağırıram”.

Pakistan Dağlıq Qarabağ münaqişəsinin həllini davamlı olaraq dəstəkləyir. Müvafiq tərəflərin hərbi əməliyyatların dayandırılması barədə son açıqlamasını alqışlayırıq.

Bu fikirlər Pakistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda öz əksini tapıb.

“Rusiyanın vasitəçiliyi ilə əldə edilmiş üçtərəfli razılaşma Cənubi Qafqaz bölgəsində sülhün bərqərar olması üçün yeni bir fürsət təklif edir. Azərbaycan hökumətini və qardaş xalqını ərazilərinin azad edilməsi münasibətilə təbrik edirik. Bunun bölgədəki sabitlik və firavanlıq dövrünə, məcburi köçkünlərin dədə-baba torpaqlarına qayıtmasına yol açacağına ümid edirik".

Azərbaycanda post-konflikt quruculuğu tam gücü ilə aparılacaq.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı məlumat verib.

O bildirib ki, vətən müharibəsində Azərbaycan dünya döyüş tarixində yeniliklər etməklə yanaşı, həm də dünyada ilk dəfə olaraq onlayn qələbə aktına imza atdı. Ermənistan isə dünyada ilk dəfə onlayn kapitulyasiya edən ölkə oldu.

İcraçı direktor əlavə edib ki, Azərbaycan Ordusu dünyanın ən döyüş qabiliyyətli silahlı qüvvələrindən birinə çevrilib. Azərbaycanın Ali Baş Komandanı qələbə aktına imza atmaqla ölkəmizi regionda gücün bütün parametrləri - iqtisadi, siyasi və hərbi cəhətdən liderliyini bir daha təsdiqləmiş oldu. Resurs müharibəsinə tab gətirə bilməyəcəyi əvvəlcədən proqnozlaşdırılan Ermənistana dəyən ziyanı isə bağlamaq üçün bu ölkəyə onilliklər lazım olacaq.

Həmçinin vurğulayıb ki, Azərbaycan regionun geopolitik mənzərəsini dəyişmək üçün quru, su və hava üstünlüyünə malikdir. Azərbaycan dəniz donanması, dənizdə neft-qaz hasilatı, dəniz infrastrukturu, Xəzərdə ən böyük limanı və Xüsusi İqtisadi Zonası ilə dəniz gücünü təsbit edib. Eləcə də, Azərbaycanın Cənubi Qafqazda ərazisinin yarısına yaxınına, əhali və iqtisadiyyatın isə 2/3-ə qədərinə malik olması ölkənin quru gücünü göstərir. Hazırda, Xəzər dənizi də nəzərə alınmaqla 160 min kvadrat kilometrdən artıq hava məkanına və 20 beynəlxalq hava dəhlizinə nəzarət edən Azərbaycan Cənubi Qafqazda ən böyük mülki hava infrastrukturuna, ən böyük təyyarə parkına, ən çox sayda süni peykə sahib olan ölkə kimi Vətən müharibəsində hərbi hava qüvvələrinin üstünlüyünü nümayiş etdirdi. Beləliklə, Azərbaycanın regional liderliyi hava-su-quru istiqamətlərdə komplektləşir.

Vüsal Qasımlının sözlərinə görə, Qələbə aktına əsasən bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Bu imkan verəcək ki, Azərbaycan regional nəqliyyat-logisitika qovşağı kimi mövqelərini daha da gücləndirsin və şaxələndirməni həyata keçirsin. Başqa tərəfdən isə Azərbaycanın qərb rayonları və Naxçıvan arasında yeni nəqliyyat kommunikasiyalarının inşası Naxçıvanın inkişafını daha da sürətləndirəcək. Ən əsası odur ki, Azərbaycan Naxçıvan üzərindən Türkiyə ilə birbaşa əlaqə yaradacaq.

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar və Rusiyanın Müdafiə naziri Sergey Şoyqu arasında telefon danışığı olub.

Report xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Rusiya və Türkiyənin Müdafiə nazirləri Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edib və Suriyadakı vəziyyətin sabitləşdirilməsi barədə fikir mübadiləsi aparıblar.

Məlum olduğu kimi, cari ilin 13 avqust tarixində “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında Saziş” qüvvəyə minib.

Bu barədə “Report”a Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyindən məlumat verilib.

Qeyd olunub ki, Sazişə əsasən, Türkiyə Respublikasına səfər edən Azərbaycan Respublikası vətəndaşının pasportunun etibarlılıq müddəti ən azı 6 (altı) ay olmalıdır.

“Bu baxımdan, Türkiyəyə səfər etmək istəyən, ya da Azərbaycana Türkiyə üzərindən getməyə hazırlaşan Azərbaycan Respublikasının vətəndaşları pasportlarının etibarlılıq müddətinə diqqət yetirməli və onun bitməsinə 6 aydan az vaxt qalıbsa, mütləq yenisi ilə əvəzləməlidirlər”.

Qeyd edək ki, Rusiya martın 27-dən koronavirus pandemiyası səbəbilə bır sıra ölkələrlə, o cümlədən Azərbaycanla müntəzəm reysləri dayandırıb. Rusiyadakı Azərbaycan vətəndaşları Türkiyədən tranzit keçərək Azərbaycana səfər edirlər. Bunu nəzərə alaraq, Azərbaycan vətəndaşları Türkiyəyə səfər edərkən pasportunun etibarlılıq müddətinə nəzər yetirməlidir.

Böyük Britaniya Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əldə olunan razılığı alqışlayır.

Report xəbər verir ki, bu barədə Britaniyanın Xarici İşlər naziri Dominik Raab özünün tvitter hesabında yazıb.

“Onlar daha çox insan itkisinin qarşısını almaq üçün çətin qərarlar veriblər. Bütün tərəflər vətəndaşların rifahı naminə davamlı sülhə nail olmaq üçün birlikdə çalışmalıdırlar” – deyə, nazir bildirib.

"Resurslar tükəndiyi üçün ordu Qarabağ üzrə razılşamanı imzalamağa təkid etdi".
Report xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

Qeyd edək ki, noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında atəşkəsə dair razılaşma imzalanıb.

Ermənistan Prezidenti Armen Sarkisyan Rusiya və Azərbaycanın Dağlıq Qarabağla bağlı razılaşması barədə KİV-dən xəbər tutub.

Oxu.az xəbər verir ki, Sarkisyan bu mövzuda heç bir müzakirə, məsləhətləşmə və danışıqda iştirak etmədiyini bildirib.

O qeyd edib ki, bölgədəki vəziyyət ümummilli əhəmiyyət daşıyır. Buna görə hər hansı bir qərar hərtərəfli məsləhətləşmələr və müzakirələr nəticəsində verilməlidir.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağdakı müharibəni 10 noyabrdan etibarən dayandırmaq barədə razılığa gəliblər. Razılaşmaya əsasən, bölgəyə Rusiya və Türkiyə sülhməramlıları yerləşdiriləcək.

Xəbər lenti