|
İranın Müdafiə naziri Əmir Hatəmi ilə Suriya Müdafiə naziri Əli Abdullah Əyyub arasında qarşılıqlı hərbi və texniki əməkdaşlıq haqqında razılaşma imzalanıb.
Axar.az xəbər verir ki, bu barədə məlumatı “Tasnim” agentliyi yayıb. İran Müdafiə naziri Hatəmi Tehranın Suriyaya silah istehsalında kömək edəcəyini də bildirib:
“İranın özəl sektoru kifayət qədər böyük imkanlara malikdir. Bizim özəl sektorumuz Suriya xalqı və hökumətinin bərpası prosesinə yardım edə bilər. Biz həmçinin, yaxşı müdafiə gücünə sahibik və Suriyaya silah hazırlığında yardım edə bilərik”.
Qeyd edək ki, bundan öncə İsrail dəfələrlə İranın Suriya və Livanda silah istehsalı üzrə xüsusi müəssisələr yaratdığını iddia edib. Belə ki, rəsmi Təl-Əviv İranın bu ölkələrdə xüsusilə İsraili vuracaq raketlər hazırlayacağını və bunu Hizbullaha verəcəyini deyib.