|
ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların ilk paketində yeni heç nə yoxdur.
Axar.az xəbər verir ki, bunu “RİA Novosti” agentliyinə açıqlamasında rusiyalı politoloq Yuri Roqulev deyib.
“Bizə indiyə qədər heç kim heç vaxt hərbi xarakterli məhsullar, müasir texnologiyalar satmayıb. Bunların satışı onsuz da çoxdan məhdudlaşdırılmışdı. Ona görə də bu sanksiyalarda prinsipial heç nə yoxdur. Lakin bu ultimativ xarakterli tələblərin məntiqi narahatvericidir. Biz ilk növbədə məhdudiyyətlərin məntiqsiz əsaslandırılması və onların ultimatum xarakteri daşıyan tonuna diqqət etməliyik. Sanksiyaların tətbiqi üçün başlıca əsaslandırma sağlam məntiqdən kənardır. Bu sanksiyalar icraedici hakimiyyət tərəfindən tətbiq edilir. Qanunverici hakimiyyət isə öz qanun layihəsini hazırlayıb. Bu qanun layihəsi hazırda müzakirədədir. İcraedici hakimiyyət bu işdə qanunverici hakimiyyəti qabaqlamaq qərarına gəlib. Hər iki layihə əslində Rusiyanın ABŞ-ın daxili siyasi mübarizəsinin əsirinə çevrildiyini göstərir”, – deyə o bildirib.
Agentliyə açıqlama verən digər politoloq Andrey Suşentsov isə ABŞ-ın Solsberi insidenti ilə bağlı tətbiq etdiyi sanksiyaların ikinci hissəsinin də reallaşdırılacağını deyib:
“Yaranan siyasi vəziyyət ABŞ Prezidenti Donald Trampı bu paketi də reallaşdırmağa məcbur edəcək. Konqresə keçiriləcək seçkidən öncə Tramp öz imicini Rusiyaya görə qurban verməyəcək”.