|
Bakıda bir neçə nəfəri səyahətə göndərmək adı ilə aldatmaqda ittiham edilən xanım növbəti dəfə hakim qarşısına çıxarılıb.
Onun əməllərindən zərərçəkənlər arasında professor, müəllim, həkim də var.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham edilən 1981-ci il təvəllüdlü Şıxıyev Günel Oqtay qızının cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Mahmud Ağalarovun sədrliyi ilə baş tutan növbəti məhkəmə iclasında hökm oxunub.
Hökmə əsasən Şıxıyeva 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və o məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, təqsirləndirilən Günel Şıxıyeva ali təhsillidir. Ailəli olub boşanan Günel Şıxıyevanın bir azyaşlı uşağı var. Bu iş üzrə zərərçəkmişlərin sayı 8 nəfərdir. Belə ki, Günel Şıxıyeva onlardan xarici ölkələrə, xüsusən də Sinqapura turizm səfəri təşkil etmək adı ilə pul alıb.
Aldığı pulun qarşılığında hətta müştərilərə təyyarə biletləri də satan Günel Şıxıyevanın əməlləri elə hava limanında üzə çıxırmış. Günel Şıxıyevadan turizm paketini alan müştəri hava limanına çatan zaman təyyarə biletinin saxta olduğunu öyrənirmiş.
Onların sözlərinə görə, Günel Şıxıyevanın dələduzluq əməllərinin qurbanı olan xeyli sayda şəxs var. Sadəcə istintaq orqanı ilk şikayət edən 8 nəfərin müraciəti əsasında açılan cinayət işinə baxıb. Digər zərərçəkmişlərin şikayəti əsasında istintaq hərəkətləri davam etdirilir.
Zərərçəkmişlər iddia edirlər ki, Günel Şıxıyeva barəsində edilən çoxsaylı şikayətlərdən sonra uşaq dünyaya gətirməyi planlaşdırıb: "Özü bizə deyirdi ki, gedin, hara istəyirsiniz, şikayət edin. Onsuz da həbs edilməyəcəyini söyləyirdi. Bu hadisələr 2016-cı ildən başlayıb. Günel dedi ki, bir uşaq dünyaya gətirəcəm, uşağım olsa, məni tutmayacaqlar. Elə də oldu. İndi onun 1 yaşında uşağı var və azadlıqdadır. Atası Oqtay müəllim yaxşı adamdır. Prokurorluqda işləyir, yaxşı adamdır".
Qeyd edək ki, Günel Şıxıyeva Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham edilir.