|
“5 il əvvəl, bugünkü gün, növbədənkənar prezident seçkilərində Azərbaycan xalqı yenidən cənab İlham Əliyevə etimad göstərib onu Respublika Prezidenti seçdi. Cənab İlham Əliyev 1993-cü ildən Ümummilli liderin başladığı və 2003-cü ildən özünün davam etdiyi çoxşaxəli fəaliyyətin hesabatını məhz bu dönəmdə, böyük zəfərimizlə verərək Azərbaycanı regionda əsas gücə çevirdi”.
Bunu deputat Bəhruz Məhərrəmov parlamentin bu gün keçirilən plenar ixlasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, cənab Prezident 31 oktyabr 2003-cü ildə özünün ilk andiçmə mərasimində hədəflərini açıqlayarkən “ölkənin inkişaf strategiyasını uğurla reallaşdırmaq və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyev siyasətinin davam etdirilməli olduğunu” bildirmişdi: “Bu gün əminliklə demək olar ki, bütün uğur və qələbələrimizin təməlində məhz cənab İlham Əliyevin həmin vədinə sadiq qalması dayanır”.
O əlavə edib ki, həqiqətən də Heydər Əliyev müstəqil Azərbaycan tarixində istiqlala gedən yoldan müstəqilliyin əldə olunmasına, suverenliyin qorunmasına qədər bütün proseslərin təməlində dayanmış siyasətüstü bir ucalıqdır: “Düzdür bu gün sosial media anarxiyası şəraitində bəziləri hətta özlərini müstəqilliyin banisi, sovetlər qurluşunu çökdürən super qəhraman kimi sırımağa çalışırlar. Baxmayaraq ki, həmin dövrün təhlili göstərir ki, bu adamlar əksinə, o zaman Azərbaycan xalqının suverenliyi yolunda ən böyük maneəyə çevrilmişdilər.
Son günlər yəqin ki, müşahidə edirsiz, xəyanətkar qvardiya yenidən aktivləşib, amma bir dənə sağlam arqument yoxdur.
Bunlar nə üzlə demokratik dəyərlərdən danışırlar, nazir gəlib canlı efirdə aparıcını döyürdü.
Hansı haqla, hansı nəticə ilə bunlar sosial rifahdan, iqtisadiyyatdan danışır? 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gələndə 1600 faiz infilyasiya göstəricisi var idi, bu idi bacardıqları.
Bütün bunların fonunda utanmazcasına elə bir mühit formalaşdırırlar, sanki Azərbaycan dövlətçiliyinin, o cümlədən, Azərbaycan Xalq Cümhuriyyətinin irsinin varisi bunlardır. Bəli, siz Xalq Cümhuriyyətinin İrəvanın Ermənistana verilməsi prosesinin varisliyini davam etdirdiniz, hakimiyyətə gəlmək, hakimiyyətdə torpaqları ya satdınız, ya da ermənilərə peşkəş etdiniz.
Bu antimilli dairələr, onların sosial mediaya birə darışmış xain ünsürləri indi də casusları müdafiə etməklə belə bir fon yaratmaq niyyətindədirlər ki, sanki, biz xainləri yox, dindarları hədəfə almışıq. Ay adam, ay insan Heydər Əliyev və İlham Əliyev hakimiyyəti illərində ölkədə tikilən məscidlərin sayı sənin o xəyanətkar şuranın üzvlərinizin sayından çoxdur”.