|
Hər şeydən öncə bu mübarək Qədr gecəsində Vətən uğrunda canını fəda edən əziz şəhidlərimizə Allahdan rəhmət, yaralı qazilərimizə şəfa diləyirəm. Təbii ki, baş verən təxribat gözlənilən idi və Ermənistanın terror fəaliyyətləri artaraq davam edəcək. Çünki uzun müddətdir ki, təxribat törətməyə hazırlaşırdılar.
Bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.
General Rusiyanın ikiüzlü siyasət apardığını, Ermənistanın hüquq tanımayan hərəkətlərini görməzdən gəldiyini bildirib:
“Burada bir tərəfdən guya sülhün əldə olunmasını istəyən, ancaq digər tərəfdən 10 noyabr tarixli üçtərəfli bəyanatın sülh müqaviləsinə çevrilməsinə əngəl törədən Rusiyanın sərgilədiyi mövqe diqqətçəkən məqamdır. Rusiya Müdafiə Nazirliyi və onun tabeliyindəki rus sülhməramlı kontingenti gün ərzində baş verən döyüşləri görməzdən gəlib. Rusiya MN-in bu gün yaydığı bülletendə atışma və Ermənistan təxribatı haqqında bir kəlmə də yoxdur. Əvəzində isə Xocavənddə iki dəfə atəşkəs rejiminin pozulduğu, lakin itkinin olmadığını qeyd ediblər. Rusiya bilərəkdən Ermənistanın aylardır sərhədə silah-sursat toplamasına, törədilən təxribatlara, onun İranla birgə çevirdiyi fırıldaqlara göz yumur. Bizi də buna inandırmaq istəyirlər”.
Yücel Karauz İranın da Ermənistana uzun müddətdir ki, hər cür dəstəyi verdiyini qeyd edib:
“İkinci əsas məqam İranla bağlıdır. İran 1992-ci ildən bəri strateji seçimini müsəlman Azərbaycan tərəfdən deyil, Ermənistan tərəfdən edib. Üstəlik bunu 40 milyona yaxın azərbaycanlının ölkə içərisində yaşadığını bilə-bilə edirlər. Görünən odur ki, hələ uzun müddət İranın mövqeyi dəyişməyəcək. 30 ilə yaxın işğal dövründə olduğu kimi, ondan sonra da Ermənistana hər cür hərbi, siyasi, maddi dəstəyi verməyə davam edir. Dünənki təxribatda Ermənistanın İran PUA-larından, silah və sursatından istifadə etməsi barədə məlumat yayıldı. Üstəlik toqquşmanın başladığı andan etibarən İranın müşahidə PUA-larının Azərbaycanla sərhəddə uçuşlar keçirməsini, SEPAH-ın Teleqram kanallarının döyüşlərin getdiyi ərazilər ilə bağlı xəritələr paylaşmasını qətiyyən sadə məsələ hesab etmək olmaz. Yəni Azərbaycan tək Ermənistana qarşı yox, həm də onun havadarlarına qarşı mübarizə aparır. Bundan sonra da təxribat və terror fəaliyyətlərinin davam etməsini, sülh müqaviləsinin imzalanmamasını istəyən dövlətlər, güc mərkəzləri və qruplar toqquşmalardan faydalanmaq üçün vəziyyəti daha da qızışdıracaqlar. Ermənistanın ordunu döyüş hazırlığı vəziyyətinə gətirməsi, mülki şəxsləri silahlandırması da təxribatların davam edəcəyindən xəbər verir”.
General Türkiyənin bütün hallarda Azərbaycanın yanında olduğunu vurğulayıb və Şuşa Bəyannaməsini xatırladıb:
“Əlbəttə ki, Azərbaycan heç bir halda şəhidlərinin bir damla qanını da yerdə qoymayacaq, bir qarış torpağını belə düşmənə verməyəcək. Türkiyədəki seçki prosesindən və dünyadakı qeyri-müəyyənliklərdən faydalanmaq istəyən güclər Azərbaycanın yalnız olmadığını bilməlidirlər. Can Azərbaycan heç bir halda yalnız deyil və olmayacaq. Türkiyə öz qardaşı Azərbaycan ilə sonsuzadək birlikdədir. Azərbaycanla bağlı kirli və qanlı planlar quranlar Şuşa Bəyannaməsini unutmasınlar. Onlar türk dünyasını da gözardı etməməlidirlər. Qarşılarında iki yol var: Ya normal dövlət kimi davranıb, sülh içində yaşamağı öyrənəcəklər, ya da 44 günlük Vətən müharibəsindəki kimi başlarına dəmir yumruq enəcək və tarixin zibilliyinə gedəcəklər!"