|
Əliyev Xankəndinə açıq mətnlə mesaj göndərdi. Separatçıların iki seçimi var: ya Azərbaycan Bayrağı altında yaşayacaqlar, ya da ki, çıxıb gedəcəklər.
Və onları “təlxəklər toplusu” elan etdi. Tanış mənzərədir: 44 günlük müharibədə Paşinyanla eyni tonda danışan Əliyevin indi separatçılara verdiyi ad ritorika yox, atılacaq addımların anonsu hesab oluna bilər.
Prezidentin bundan öncə də belə mesajları olub, lakin mövcud vəziyyət fonunda indi dediklərini fərqli oxuya bilərik: son əməliyyatlardan sonra separatçıların xarici aləmlə nəzarətsiz bağlantısı qalmayıb və özləri bildirirlər ki, Bakı onlara “ya reinteqrasiya prosesi ilə razılaşmaq, ya da daha çox çətinlik” şərtini elan edib. Əliyevin “Biz onlara müxtəlif yollarla dəfələrlə izah etməyə çalışmışıq ki, onlar ya bizim sözümüzlə oturub duracaqlar, ya da ki, oradan rədd olacaqlar və orada yaşayan, onların faktiki olaraq girovuna, əsirinə çevrilmiş erməniləri də rahat buraxacaqlar” sözləri də bunu təsdiq edir.
Azərbaycan Xocalı görüşü, ardınca iki dəfə Bakıda görüş təklifi ilə reinteqrasiyanın alternativinin olmadığını fikrini formalaşdırdı, xüsusilə təmasların qurulmasını istəyən Qərb qarşısında, həm də erməni əhalisi ilə separatçıların eyni olmadığını nümayiş etdirdi. Araikin “Qərbdən verilən dəstək böyük ölçüdə azalıb” sözləri bu kontekstdə təsadüfi deyil və bu o deməkdir ki, təmasları dəstəkləyən qüvvələr buna əngəl olanların neytrallaşdırılmasından yanadır. Bu, Bakının önünü açır.
Bunun fonunda Rusiyanın Lavrovun Ankara səfərində adlandırdığı “kənar qüvvələrə” qarşı Türkiyə ilə birləşmək istəyi də Bakının əlini gücləndirən məqamdır. Moskva bölgədə qalmaq üçün Qarabağ kartından istifadə etmək siyasətindən əl çəkməsə də, şərtlər geri çəkilməsi reallığını yaradıb.
Separatçıların yolu praktiki və siyasi baxımdan bağlanıb. Onların Bakıya “görüş təklifi” həm də düşdükləri vəziyyətdən çıxmaq məqsədi daşıyırdı. Bakı buna cavab verməyib, mümkündür ki, sonuncu dəfə “Bakıda görüşmək və reinteqrasiyanı müzakirə etmək” təklifini elan edəcək, ardınca praktiki addımların atılmasına başlanacaq, həm hərbi, həm də separatçılar üçün şərtlərin ağırlaşdırılması müstəvisində.
Qərb və Rusiya masasında planlaşdırılan mümkün görüşdən öncə Əliyevin verdiyi mesaj Bakının Xankəndi məsələsini – separatçıların neytrallaşdırılmasını masaya gətirəcəyi gözləntisini də önə çıxarır.
Bunu şərti olaraq, “Xankəndi əməliyyatı” adlandıra bilərik: bu əməliyyatda diplomatik, siyasi və iqtisadi rıçaqlar həlledici rol oynayacaq.
Asif Nərimanlı