Amerikalılar artıq tərk edilib, taleyin ümidinə buraxılmış Ermənistana Azərbaycanın himayəsinə sığınmağı məsləhət görürlər... ABŞ və Qərbin dəstəkləmədiyi, Rusiya ilə də münasibətləri böhranlı olan Ermənistana yeganə doğru yolu göstərməyə çalışırlar... Ermənistan bütün sahələrdə iflasa uğramış dövlətə çevrilib. Rəsmi İrəvan yalnız hərb meydanında deyil, üstəlik, siyasi-diplomatik savaşda da sarsıdıcı məğlubiyyətə düçar olub. Mövcud situasiyanın dəyişdirilməsi üçün bütün variantları sınaqdan çıxartmış Ermənistan çarəsiz duruma düşüb. Və dəyişkən müttəfiq axtarışları da nəticədən uzaq qalıb.
Rəsmi İrəvan uzun müddət Rusiyanın Ermənistana Azərbaycanla savaşda dəstək olacağına ümid bəsləyirdi. Bu dəstəyi isə birmənalı şəkildə Rusiyanın Ermənistanın əvəzinə Azərbaycana qarşı müharibə aparması kimi təsəvvür edirdi. Ancaq bu, baş vermədi, Rusiya Ermənistan ucbatından Azərbaycanla münasibətlərinin korlanmasına yol aça biləcək radikal davranışlara həvəs göstərmədi.
Nəticədə Ermənistan cəmiyyətində Rusiyanı düşmən elan etdilər. Bütün ümidlərini ABŞ və Qərbə başladılar. Rusiyadan uzaqlaşıb, ABŞ və Qərblə yaxınlaşmağa cəhd göstərdilər. Rusiyanın patronajlığı altında olan KTMT-dan çıxmaq istiqamətində addımlar atmağa çalışdılar. Və bununla da Rusiya-Ermənistan münasibətlərində dərin böhran dövrü başlandı.
Bu dəfə rəsmi İrəvan ABŞ-ı KTMT üzvü olan Ermənistanın ən yaxın müttəfiqi elan etdi. Hətta bunu edərkən, Ağ Evin mövqeyini belə, soruşmadı. Ardınca Avropa Birliyinin mülki müşahidə missiyasını Ermənistana yerləşdirib, təhlükəsizlik problemlərini tam həll etdiklərini düşündülər. Və bu "siyasi-diplomatik uğurla" lovğalanıb, Azərbaycana meydanından oxumaq niyyətinə düşdülər.
Ancaq rəsmi İrəvan ABŞ və Avropa Birliyinə güvənib, sərhəd bölgəsində törətdiyi hərbi təxribatlardan sonra mövcud reallıqla növbəti dəfə qarşı-qarşıya qaldı. Azərbaycan ordusu Ermənistana sarsıdıcı zərbələr vurdu. Kreml Rusiyaya xəyanət edib, Qərbə üz tutmuş Ermənistana dəstək vermədi. ABŞ və Qərbin reaksiyası Ermənistanı məmnun edəcək məzmun daşımadı. Nəticədə erməni siyasi dairələri dərhal Ermənistanın həm Rusiya, həm də ABŞ və Qərb tərəfindən tərk edildiyi qənaətinə gəldi.
Əslində, bu qənaət böyük ölçüdə mövcud reallıqla uzlaşır. Çünki ABŞ və Qərb öz davranışları ilə rəsmi İrəvana dolayısıyla anlatmağa çalışır ki, "Ermənistan layihəsi" dünyada artıq heç kimə lazım deyil. Hər hansı regional və geopolitik əhəmiyyəti olmayan Ermənistan üçün dünya nəhəngləri öz maraqlarını zərbə altında buraxmaq niyyətində deyillər. Və Azərbaycan hazırda dünya nəhəngləri üçün Cənubi Qafqazda yeganə geopolitik, geoiqtisadi, geostrateji əhəmiyyəti olan dövlətdir.
Təbii ki, belə vəziyyətdə rəsmi İrəvan ABŞ və Qərbin düşməni olan Rusiya ilə şansını növbəti dəfə sınamaq niyyətinə düşüb. Bir müddət öncə Ermənistanda hərbi təlimlərini ləğv etdiyi KTMT ilə bağlı mövqeyini dəyişməyə başlayıb. İndi baş nazir Nikol Paşinyan KTMT-nın missiyasını Ermənistanda yerləşdirməyə hazır olduğunu bəyan edib. Halbuki rəsmi İrəvan KTMT-nı Ermənistanın təhlükəsizlik maraqları qarşısında əsas əngəl kimi təqdim edirdi.
Ancaq erməni baş nazir yenə də KTMT-dan Ermənistan üçün daha effektiv təhlükəsizlik mexanizmləri umur. Onun fikrincə, KTMT-nı Avropa Birliyinin missiyası ilə müqayisə etmək mümkün deyil. Çünki KTMT-nın Ermənistan qarşısında təhlükəsizlik sahəsi üzrə ciddi öhdəlikləri mövcuddur. Və ona görə də, rəsmi İrəvanın Avropa Birliyi missiyası ilə müqayisədə KTMT-dan təhlükəsizlik gözləntiləri daha yüksəkdir.
Rəsmi İrəvanın belə kəskin tərs dönüşündə ABŞ və Qərbin Ermənistana yönəlik son davranışları xüsusi rol oynayır. Belə ki, Qərb siyasi dairələri nəinki rəsmi İrəvana dəstək verməyə həvəs göstərmir, əksinə, Ermənistana qarşı sanksiyalar da tətbiq etməyə başlayıblar. Üstəlik, yaxın vaxtlarda bu sanksiyaların daha da sərtləşə biləcəyi barədə açıq mesajlar da verirlər.
Məsələ ondadır ki, Avropa Birliyinin xarici siyasət xidmətinin təmsilçisi Peter Stano sanksiyalarla qadağan olunmuş elektrotexnika avadanlıqlarının Ermənistan üzərindən Rusiyaya ötürülməsi ilə bağlı məsələnin ciddi şəkildə araşdırılmaqda olduğunu bəyan edib. Onun dediyinə görə, Ermənistanın timsalında bu istiqamət üzrə yolverilməz "ticarət axını"nın olduğu müşahidə edilir. Və o, bu məsələnin araşdırılması ilə yanaşı, rəsmi İrəvana ciddi xəbərdarlıq edildiyini də gizlətməyib.
Digər tərəfdən, Qərb siyasi dairələrində rəsmi İrəvanın tənqid olunması, həm ABŞ, həm də Avropa mətbuatında Ermənistan əleyhinə ifşaedici materialları nəşri də intensivləşib. Hazırda NATO-nun keçmiş baş katibi Foq Rasmussenin Ermənistana son müəmmalı səfəri Qərb mətbuatında ciddi müzakirə mövzusudur. Əsas qənaətlər ondan ibarətdir ki, NATO-nun keçmiş baş katibi rəsmi İrəvandan aldığı maliyyə vəsaiti hesabına KTMT-ya üzv dövlətin - Ermənistanın lobbiçilərindən birinə çevrilib.
Maraqlıdır ki, ABŞ-ın Respublikaçılar Partiyasının Milli Komitəsinin üzvü Saul Anuzis bu barədə nüfuzlu "Euronews" nəşrində tənqidi məqalə ilə çıxış edib. Onun fikrincə, Foq Rasmussenin KTMT üzvü və Rusiyanın hərbi müttəfiqi olan Ermənistanla münasibətlərində "qaranlıq məqamlar" mövcuddur: "Ermənistan hökumətindən maliyyə ödənişləri almış F.Rasmussen öz tərəfli təlqinləri ilə Avropa Birliyinin Azərbaycanla münasibətlərini korlamağa və Qərbi Cənubi Qafqazda münaqişəyə bulaşdırmağa çalışır".
Ancaq amerikalı siyasətçi hesab edir ki, NATO-nun keçmiş baş katibinin Azərbaycan əleyhinə iddiaları reallığı əks etdirmir. O, qeyd edib ki, son iki il ərzində Cənubi Qafqazda hər şey ciddi şəkildə dəyişib. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Bu regionda "münaqişə ocağı"nın beynəlxalq hüquq normaları çərçivəsində tamamilə ləğv edilməsi isə sadəcə, zamana bağlı məsələdir.
Respublikaçı Saul Anuzis rəsmi İrəvana Ermənistanın gələcək taleyi ilə bağlı önəmli tövsiyələr verməyi də qətiyyən unutmayıb. Onun fikrincə, sülh və Azərbaycanla iqtisadi-ticari əməkdaşlıq son nəticədə Ermənistan əhalisinin rifahını təmin edə biləcək yeganə doğru yoldur: "Ermənistan cəmiyyəti istəsə də, istəməsə də mövcud reallığı anlamalıdır. Ermənilər başa düşməlidirlər ki, onların yaşadıqları regionda qazana biləcəkləri əsl müttəfiq yalnız bir ölkə ola bilər. Bu yeganə dövlət məhz Azərbaycandır. Başqası yoxdur və olmayacaq".
Göründüyü kimi, ABŞ və Qərbin dəstəkləmədiyi, Rusiya ilə də münasibətləri böhranlı olan Ermənistana doğru yolu göstərməyə çalışırlar. Rusiya və Qərbin müəyyən mənada, artıq tərk edib, taleyin ümidinə buraxdığı Ermənistana yeganə xilas variantını anlayırlar. Ermənistan qəbul etmək istəməsə də, ABŞ-dan Azərbaycanı işarə edirlər. Və Ermənistana həmişə düşmənçilik etdiyi Azərbaycanla müttəfiqlik barədə düşünməyə çağırırlar.(Yeni Müsavat)