|
Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov Azərbaycan Qida Təhlükəsizlik Agentliyinin sədri Qoşqar Təhməzliyə təkliflər göndərib.
Bu barədə Axar.az-a məlumat verən İB-in sədri E.Hüseynov bildirib ki, AQTA sədrinə göndərilən təkliflər 12 bənddən ibarətdir.
E.Hüseynov təklif edib ki, ölkənin əmtəə bazarında olan ərzaq mallarının etiketlərinin milli dildə tərcüməsi həyata keçirilsin:
“Əmtəə bazarında olan ağ kəllə qəndlərin ekspertizası keçirilib, qeyd olunan qida əlavələrinin miqdarı tənzimlənsin və etiketdə yazılsın.
Qida təhlükəsizliyinin təmin olunması üçün ictimaiyyətin (istehlakçıların) rəy və təkliflərini nəzərə alan mexanizm yaradılsın. Qida satışı ilə məşğul olan obyektlərdə “şikayət və təkliflər “ kitabı tətbiq olunmaqla “İstehlakçı guşəsi“ yaradılsın.
“Halal” sertifikatı verən çoxsaylı (Yerli və xarici) qurumların fəaliyyəti araşdırılsın, bu məsələ rasional həll edilsin.
Ölkənin əmtəə bazarında satılan duzların 10 faizə qədəri yodsuzdur və yerli duz istehsalçıları malın etiketinə “Yodlu duz” yazaraq, yodsuz duzu satışa çıxarırlar. Bu məsələnin həllinə çalışılsın.
İvanovka kəndi ilə heç bir əlaqəsi olmayan, yaxşı halda Nikitin adına Kolxozun sədri ilə imzalanmış niyyət müqaviləsini təqdim etməklə dövlət orqanlarını aldadan “Uzun ömür“ və Qafqaz MMC-nin bu əməllərindən əl çəkməsinə nail olunsun, 20-yə qədər “İvanovka“ adı ilə fəaliyyət göstərən dükanların aldadıcı adları dəyişdirilsin.
Bir çox yerli şirkətin xarici mal adı ilə istehsal edib satdığı mal çeşidləri müəyyən olunub etiketləşmənin qanunlara uyğunluğu təmin edilsin.
AQTA-da təhlükəli malların satışının operativ qarşısının alınması üçün “cəld reaksiya“ mexanizmi yaradılsın.
Təhlükəli qidanın geri çağırılması üçün mexanizm qurulsun.
Restoranlarda müştərilər tərəfindən mətbəxin monitorlar vasitəsi ilə izlənməsi mexanizmi yaradılsın.
Kənd Təsərrüfatı mallarının (bostan məhsulları və s.) tərkibində nitratların, pestisidlərin qalıqlarının analizinin aparılması üçün bazarlarda ekspress analizlər həyata keçirilsin.
Kənd Təsərrüfatı mallarının təhlükəsizliyinin tarladan (fermadan) izlənməsi üçün ictimai nəzarət mexanizmi yaradılsın.
E.Hüseynov təkliflərlə əlaqədar AQTA-nın istənilən təşəbbüsünə ictimai təşkilat olaraq, bütün mümkün praktik köməklikləri göstərməyə hazır olduqlarını bildirib.