Martın 15-də aşıq-ozan sənətinin görkəmli nümayəndəsi, Azərbaycanda bu gün də sayılıb seçilən və sevilən el sənətkarlarından biri olan haqq aşığı-Aşıq Şəmşirin (Dədə Şəmşirin) anadan olmasının 128 ili tamam olur. Belə bir gündə aşığı xatırlamaq, onun həyat və yaradıcılığına qısaca da olsa, nəzər salmaq məqsədilə millət vəkili Aqil Məmmədova müraciət etdik. Həmin söhbəti ixtisarla nəzərinizə çatdırırıq: -Aqil müəllim, Dədə Şəmşir barədə saatlarla danışmaq olar. Gəlin bu gün el sənətkarını yad edərkən, reallığı nəzərə alaq və ən vacib məqamlara toxunaq. - Bilirsiniz, Dədə Səmşir yaradıcılığı, eləcə də onun həyatı o qədər maraqlı və diqqətçəkəndir ki, bu barədə geniş danışmaq mümkünsüzdür. Ona görə mən də yalnız bəzi detalları qabartmaqla kifayətlənmək zorundayam. Aşıq Səmşir 15 mart 1893-cu ildə Azərbaycanın ən dilbər guşələrindən birində-Kəlbəcərin Dəmirçidam kəndində tanınmış el sənətkarı, şair-Aşıq Qurbanın ailəsində dünyaya göz açıb. Yeri gəlmişkən, deyim ki, Aşıq Qurban Aşıq Ələsgərin Dədə Ələsgərin) müasiri və dostu idi. Belə bir ailədə, belə bir mühitdə böyüyən Aşıq Səmşir çox keçmədən el şənliklərində tanınmağa başladı. Sözsüz ki, onun bütün Azərbaycanda məşhurlaşmasında unudulmaz xalq şairi Səməd Vurğunun böyük rolu olub. Bilirsiniz ki, o da asıq-ozan sənətinin vurğunu idi və Aşıq Səmşirlə dostluq edirdi. Yəni, Səməd Vurğun aşıqla İstisu yaylaqlarında tanış olmuşdu və hətta, ona məşhur qoşmasıni həsr etmişdi. Səməd Vurğunla yanaşı, xalq şairi Zəlimxan Yaqub da Dədə Şəmşir ocağının sakinlərindən idi. - Məlum olduğu kimi, Aşıq Şəmşir öz yaradıcılığında Azərbaycan yazılı və şifahi ədəbiyyatından çox ustalıqla yararlanan az-az sənətkarlardan biri olub. - Bəli, bu həqiqətdir. Dədə Şəmşir qələmə aldığı qoşma, gəraylı, təcnis, divanı, bayatı, rübai, qəzəl və müxəmməsləriylə Kəlbəcərdə öz məktəbini yaratmışdı. Təsəvvür edin, onun 40-dan artıq şəyirdi vardı. Aşıq Qardaşxanın, Qəmkeş Allahverdinin, Aşıq Xalıqverdinin və bu gün çoxlarının yaxşı tanıdığı 10-larla saz-söz sənətkarlarının yetişməsində Aşıq Şəmşirin çox böyük təsiri olub. Onu da deyim ki, böyük ustadın məktəbi Bəhmən Vətənoğlu, Şücaət kimi tanınmış şairlərin yaradıcılığında da öz izlərini qoyub. -Gərək ki, onun qeyri-adi səsi və misilsiz ifaları lentə alınıb. Ümumiyyətlə, yaradıcılığı ən tanınmış ədəbiyyatşünaslarımız tərəfindən tədqiq olunub, deyilmi? - Elədir. Əgər mən həmin alimlərin adlarını sadalasam, çox uzun bir siyahı alınar. O ki qaldı lent yazılarına, bunu ilk dəfə musiqişünas Əminə Eldarova edib. O, Aşıq Şəmşirin ifasında 75 aşıq havasını lentə köçürüb və bunlar radiomuzun "Qızıl fondu"nda saxlanılır. Əminə xanım bu xeyirxah işi 1958-ci ildə həyata keçirib. - Bəs, Dədə Səmşir ədəbi mühitdə nə vaxtdan tanınmağa başladı? -Aşıq Şəmşirin "Şeirlər" adlı ilk kitabı 1959- çü ildə çap olunub. Sonralar müəyyən fasilələrlə ustad sənətkarın "Qoşmalar", "Seçilmiş əsərləri", "Dağ havası", yenə "Şeirlər", habelə "Öyüdlər", və sair kitabları işıq üzü görüb. - Siz "Öyüdlər" dediniz. Həqiqətən Dədə Səmşir yaradıcılığı başdan-basa hikmətli sətirlərlə doludur... - Onun yaradıcılığını tədqiq edən alimlər kifayət qədər dediyiniz məsələyə toxunublar. Mən isə bir neçə misal gətirməklə kifayətlənəcəm: İnsanda yaxşı sifət əzəl binadan gərək, Tərbiyəsi kamil ola ata-anadan gərək. Yaxud: Yaxşılara yoldaş olun, şərdən, şeytandan qaçın, El içinə fitnə salan aravurandan qaçın. Və ya: Özün üçün sərf eyləmə özgələrin varını, Zəhmət çəkib, bağ salanlar qoy dərsin öz barını. - Aşıq Şəmşir uzun ömür yaşayıb və 87 yaşında dünyasını dəyişib. Saz-söz sənətində xidmətləri necə dəyərləndirilib? - Əvvəla, o, "Əməkdar incəsənət xadimi" fəxri adını daşıyırdı. Bundan əlavə, 1973-cu ildə ulu öndər Heydər Əliyevin imzaladığı sərəncama əsasən, Aşıq Şəmşirin 80 illik yubileyi geniş qeyd olunub və o, "Şərəf nişanı" ordeni ilə təltif edilib. 1980-ci ildə isə Kəlbəcərin Mədəniyyət Evinə Aşıq Şəmşirin adı verilib. Müstəqillik illərində də Dədə Səmşir heç vaxt unudulmayıb. 2003-cu ildə Heydər Əliyevin sərəncamı ilə Aşıq Şəmşirin 110 illiyi dövlət səviyyəsində qeyd olunub. Onu da əlavə edim ki, Göygöl rayonundakı 7 illik uşaq musiqi məktəbinə Aşıq Şəmşirin adı verilib və büstü ucaldılıb. Yeri gəlmişkən, aşıq sənətinə bu gün də dövlət səviyyəsində böyük qayğı və diqqət göstərilir. Yəni, ulu öndərimizin mədəniyyət siyasəti bu gün Azərbaycan Prezidenti İlham Əliyev və 1-ci vitse-Prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Məsələn, Mehriban xanımın təşəbbüsü və dəstəyi ilə 2009-cu ildə Azərbaycanın aşıq sənəti YUNESCO-nun qeyri-maddi mədəni irs üzrə Peprezentiv siyahısına daxil edilib. 2015-ci ildən isə "Aşıq Səmşir" Mədəniyyət Ocağı ictimai Birliyi YUNESCO-da məsləhətçi statusu qazanıb. Yəqin ki, Azərbaycan Prezidenti İlham Əliyevin Aşıq Şəmşirin 125 illiyi ilə əlaqədar 2 aprel 2018- çi il tarixli sərəncamını siz də xatırlayırsınız. - Vətən müharibəsində Kəlbəcərin erməni işğalından azad edilməsi bəlkə də Dədə Şəmşirin 128 illik yubileyinə ən böyük hədiyyəsidir. - Tamamilə doğrudur. Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuz gerçəkdən tarix yazdı. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimiz də tezliklə sağlıqlarına qovuşsun . Əminəm ki, bu qələbə Dədə Şəmşirin də ruhunu sevindirdi.