|
AZƏRTAC bildirir ki, o, Şuşaya 14 kilometr qalmış qeyri-bərabər döyüşdə son gülləsinə qədər savaşaraq şəhadətə yüksəlib. Haqqında bəhs edilən döyüşçü Xüsusi Təyinatlı Qüvvələrin giziri, Vətən Müharibəsi Qəhrəmanı Elyar Vəliyevdir.
Vətən Müharibəsi Qəhrəmanının 29 ilə sığdırdığı şərəfli həyat yolu
Şəhid Elyar Vəliyev ailəli idi və üçəm olmaqla 5 övladı var idi.
Vətən müharibəsində düşmənə qan udduran "Allahsız canavar"
Elyar Vəliyev Vətən müharibəsində Füzuli istiqamətindən döyüşlərə başlayıb. Aparılan uğurlu əməliyyatdan sonra Cəbrayıl istiqamətində döyüşlərə yollanan qəhrəman döyüşçünün növbəti tapşırığı içərisində düşmənin yüksəkrütbəli zabitləri olan hərbi nəqliyyat vasitələrini partlatmaq olub. Tapşırıq uğurla yerinə yetirilib.
Cəbrayıl azad edilib Ordumuzun bölmələrinə təhvil verildikdən sonra Elyar Vəliyev və döyüş yoldaşları bir az arxaya çəkilib dincəlirmişlər. Bu zaman düşmənin Horadizdən Cəbrayıla gedən yola 12 tank və 200-ə yaxın hərbçi ilə hücum etdiyi xəbər gəlib. Elyar Vəliyev başda olmaqla 140 döyüşçü hücuma keçib və erməniləri pusquya salaraq şəxsi heyətini məhv ediblər. Həmin döyüş zamanı, həmçinin düşmənin 4 tankı vurulub, 8-i isə hərbi qənimət kimi ələ keçirilib.
Cəbrayıl döyüşlərində Elyar 40 tapança təhvil verib. Bu, 40 zabitin məhv edilməsi demək idi. Çünki sıravi əsgərdə tapança olmur.
Cəsur savaşçı və onun silahdaşları Zəngilan və Qubadlıda da çox uğurlu əməliyyatlar keçiriblər.
Xocavənd rayonunun Hadrut qəsəbəsinin azad olunmasında Elyar Vəliyev və döyüş yoldaşları əsl qəhrəmanlıq nümunələri nümayiş etdiriblər.
Hadrut döyüşləri zamanı meşə tərəfə gedən yolda pusqu qurmağa qərara alan qrup meşəlik ərazidə düşmən qərargahı və 50-yə yaxın düşmən hərbçisi olduğuna dair məlumat toplayıb. Həmin hissəyə radiolokasiya yerləşdirib və rabitə ilə Ordumuzun danışıqlarını izləyirmişlər. Əraziyə hücum zamanı Elyar qərargahın binasına girib, bir neçə erməni hərbçisini öldürüb, radiolokasiya cihazını sıradan çıxarıb. Qərargah rəisi qaçmaq istəyəndə Elyar onu yaxalayıb və sürüyə-sürüyə çölə çıxarıb. Elyar düşmənə qarşı amansız olduğuna görə ona "Allahsız canavar" ləqəbini veriblər.
Yoldaşlarının dediyinə görə, Hadrutda erməniləri öz dillərində aldadıb pusquya salıblar və şəxsi heyətin hamısını məhv edib, düşmənə məxsus maşını partladıblar.
Şuşadan 14 kilometr aralıda 7 saat davam edən son döyüş
Döyüş başlayan gündən yorulmadan savaşan və düşmənə qan udduran Elyarın son döyüşü Şuşadan 14 kilometr aralıda Xocavənd rayonunun Edilli kəndinin ərazisində, Qırmızı bazar istiqamətində olub. Qrup birinci səngəri alıb, digər düşmən postuna kimi irəliləyiblər. Düşmən hərbçilərinin say üstünlüyü var imiş. Atəşin ardı-arası kəsilmirmiş. Yeddi saat davam edən döyüşdə Elyar və döyüş yoldaşları son mərmilərinə kimi döyüşüblər. Həmin döyüşdə də düşmənin xeyli sayda canlı qüvvəsi, texnikası məhv edilib. Düşmən postuna əl qumbarası məsafəsi 20-25 metr qalıbmış. Son qumbaranı döyüş yoldaşlarından götürərək düşmən tərəfə atan Elyar erməni snayperinin hədəfi olub. Düşmən snayperinin gülləsi Elyarın ürəyinə tuş gəlib. Elə bu güllə ilə də qəhrəmanımız şəhadət şərbətini içib.
Valideynlərin xatirələri
Şəhidin atası Arif Vəliyev: Kiçik yaşlarından Elyarın qeyri-adi bir uşaq olduğu hiss edilirdi. Böyüklərin ağlına gəlməyən suallar verərdi. Dərslərini yaxşı oxuyardı. Bir az dəcəl uşaq idi, bu da sanki onun qeyri-adiliyi ilə bağlı idi. İdmana həddən artıq marağı çox idi. Ümumilikdə ölkə çempionatında qaçış və qaydasız döyüş üzrə birinci, karate üzrə ikinci yeri tutub.
Əlbəyaxa döyüş, müharibə filmlərinə çox üstünlük verərdi. Bayrağımızı çox sevərdi. Özəl xüsusiyyətlərindən biri də uşaqlıqdan Vətənimizin himni, bayrağı, gerbinə önəm verməsi idi. Həmişə evə bayraq alıb gətirərdi. Dərslərini hazırladığı masanın üstündə bayrağımız və himnin sözləri həkk olunan lövhə olardı. Bəzən dodağının altında nəsə zümzümə etdiyini görərdik. Diqqətlə qulaq asanda görərdik ki, himnimizi oxuyur.
Elyarın fiziki göstəriciləri çox yüksək idi. O, hərbi xidmətdə olduğu müddətdə Xüsusi Təyinatlı Qüvvələrə seçimdə iştirak üçün mənimlə məsləhətləşdi. Mən də razılıq verdim. Oğlum altıaylıq ağır kursu müvəffəqiyyətlə başa vurdu və xüsusi təyinatlıların kəşfiyyat qrupunda xidmətə başladı. Çox vaxt təlimlərdə, kəşfiyyatda olurdu. "Qafqaz Qartalı" təlimlərində iştirak edib, yaxşı nəticələr göstərmişdi.
On il ərzində Elyar üç döyüş görüb - Tovuz və Aprel döyüşləri, Vətən müharibəsi. İki döyüşdən salamat qayıtsa da, Vətən müharibəsində çox sevdiyi üçrəngli bayrağımıza bükülərək gəldi. Elyar kəşfiyyatçı-sanitar idi. O, iştirak etdiyi döyüşlərdə düşmənə qan uddurmaqla yanaşı, döyüş yoldaşlarına savaş meydanında kömək edib, onların həyatını xilas edib. Şükürlər olsun ki, həmin hərbçilərimiz bu gün sağdırlar.
Müharibənin ikinci günündə döyüş yoldaşı, qazi Seyidbala Əliyevə vaxtında və düzgün tibbi xidmət göstərərək ayaqlarının amputasiya olunmasının qarşısını alıb. Hazırda həmin qazimiz salamatdır. Aprel döyüşlərində silahdaşlarından olan qazi Səxavət Salmanov minaatan mərmisinin yaxınlığında partlaması nəticəsində kürək nahiyəsindən ağır qəlpə yarası alır. Elyar daxili qanaxmanın qarşısını alır və onun etdiyi ilkin tibbi yardım nəticəsində döyüşçü yoldaşı həyatda qalır. Rabitəçi kimi də mütəxəssis idi, eyni zamanda, düşmən dilini də bilirdi. Əlinə rotasiya keçəndə erməniləri asanlıqla tora, pusquya sala, düşmən postuna sıza bilirdi. Elyardan əlavə, bir neçə döyüş yoldaşı da erməni dilini yaxşı bilirdi. Təəssüf ki, onlar arasında da şəhid olanlar var. Elyar bacarıqları nəticəsində düşmən səngərinə daxil olub neçə rütbəli zabitini məhv edib.
Elyargil Xocavəndin Ağbulaq kəndində olarkən üç gün imiş ki, ərzaq təminatı gəlmirmiş. Ac imişlər. Elyar döyüşçü yoldaşlarından bir nəfəri özü ilə götürüb düşmən səngərinə sızır. Əvvəlcə bir erməni hərbçisini məhv edir, onun formasını geyinib təminat olan hissəyə girir. Həmin ərazidə təkcə süngü-bıçaqla heyətin hamısını məhv edir və bir "KamAZ" ərzaq məhsulunu döyüş yoldaşları üçün gətirir.
Elyarın bir bacarığı da intuisiyasının çox güclü olmasında idi. Bir neçə il öncə Müşfiqabad qəsəbəsində onun üçün ev inşa etdirmişdim. O zaman tikinti işləri davam edirdi. Zəng etdi ki, gəlirəm. Qohumlardan, tanışlardan yanımda olanlar var idi. Çox keçmədi ki, gəldi. Bizə çatmasına 300-400 metr məsafə qalmışdı, bibisioğlu Şahin dedi ki, mənim burada olduğumu deməyin, Elyarı qorxudacağam. Hasarın arxasında özünə yer seçib gizləndi. Elyar bizimlə görüşəndən sonra Şahinə səsləndi ki, "sən niyə orada gizlənmisən? Çıx oradan". Şahin gülə-gülə gizləndiyi yerdən çıxıb "daha mənim sənə sözüm yoxdur. Sən nə bildin ki, mən oradayam?". Elyar "mən hiss etdim ki, hasarın arxasında kimsə var" dedi. Soruşanda bildirdi ki, "bu, sirdir, deyə bilmərəm, təlimini keçmişəm".
Oktyabrın 17-də Elyarın son doğum günü oldu. Həmin gün də məhv etdiyi düşmən hərbçisinin özünə doğum günü hədiyyəsi olduğunu deyib. Onun üçün ən böyük hədiyyə həmin gün Füzuli şəhərinin düşməndən təmizlənməsi oldu. Son dəfə bizimlə danışanda səsindəki sevinc də hiss olunurdu. Elyar nə qədər yorulsa da, torpaqlarımız azad olduqca, düşmənlər məhv edildikcə güc alırmış. O, həqiqətən də qeyri-adi insan idi.
Şəhadətindən sonra oğlumun xatirəsi əbədiləşdirilib. Elyarın adı Qobustanda böyük küçəyə, Qobustan şəhər 2 saylı tam orta məktəbə verilib. Həmin küçədə bir iş adamı Elyarın adına bulaq inşa etdirib. Oxuduğu məktəbin həyətində adını daşıyan bulaq inşa edilib. Birini də özüm inşa etdirmişəm. Rayon mərkəzinə gedən su xəttindən birbaşa Elyarın uyuduğu qəbiristanlığa şirin su çəkdirmişəm. "Döyüşçü qardaşlar" adlanan bulaqdır və orada əhaliyə xidmət göstərir. Bulaqda Elyarla birgə Kamil Şirinov, Camal İsmayılov, Kərim Əliyevin şəkilləri, doğum və şəhid olduğu tarixlər əks olunub. Bundan əlavə, Elyarın adına şerlər yazılıb, mahnılar bəstələnib. Bir neçə sənədli film çəkilib. Elyarın adına "El TV" televiziya kanalı fəaliyyət göstərir, "El qəhrəmanı" jurnalı buraxılır. Qobustan rayonunda şəhid Rauf Babaşov adına Cəmcəmli kənd tam orta məktəbinin və Abşeron rayonu, Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbin sinif otaqlarından birinə Elyarın adı verilib.
Şəhidin anası Səmayə Vəliyeva: İki oğul övladım var idi, ikisi də müharibədə idi. Sonuncu dəfə Elyarla oktyabrın 18-də danışmışıq. Dedi ki, "sağ-salamatam, narahat olmayın". Bir gün əvvəl doğum günü idi. Oktyabrın 19-da isə şəhid olub.
Mən kiçik oğlum Elçinə görə qorxurdum ki, əsgərdir, təcrübəsi azdır. Elyarın təcrübəsi çox idi. İki döyüşdə iştirak etmışdi. İnanırdım ki, müharibədən də qayıdacaq. Mərd-mərdanə döyüşüb qəhrəmancasına şəhid oldu. Gülləsi bitənə qədər düşmənə aman verməyib.
Elyar deyirdi torpaqları mütləq düşməndən təmizləyəcəyik. Çünki bizim balalarımız xoşbəxt yaşamalıdırlar. Biz məğlub deyilik, torpaqlarımızı döyüşərək qaytaracağıq. Getməzdən əvvəl ailəsi, övladları ilə vaxt keçirib, şəkil çəkdirib. Elə bil şəhid olacağını bilirmiş.
Hər danışanda özündən muğayat olmasını tapşırıb ağlayırdım. Deyirdi, "ana, biz buraya torpaqdan ötəri vuruşmağa gəlmişik. Ağlama, biz bu yolu Vətən torpağını xilas etməkdən ötəri seçmişik. Vətən üçün yetişmişik. Alnımıza nə yazılıbsa, onu da yaşayacağıq. Şəhid də, qazi də olsaq, amalımız budur".
Elyar Aprel döyüşündə də, İkinci Qarabağ müharibəsində də neçə yaralını xilas edib. Qazi yoldaşları da onların həyatını xilas etdiyini deyir, xatirəsinə ehtiram göstərirlər. Elyar o qədər cəsur və qorxmaz idi ki... Videolar da var, güllə başının üstündən gedir, o sərbəst şəkildə yaralının yaralarını sarıyır. Qaçmır, qorxmur, döyüş yoldaşlarına istiqamət göstərərək: "bu istiqamətdə mənim silahlımla atəş aç deyir". Elə bir qəhrəman oğul yetişdirdiyimizə görə fəxr edirik. Elyar evimizin nurunu özü ilə apardı. Amma qürur hissi keçirirəm ki, elə cəsur və mərd oğlumuz var. Vətən sağ olsun!
Elyar Vəliyevin 29 illik ömrü onun haqqında hər şeyi deyirdi. O, məhz savaş meydanları üçün doğulmuşdu. Son doğum gününü belə müharibədə qeyd etməsi bunu bir daha sübut edirdi. Üzünü görməsələr də, adını bilməsələr də nə qan qusdurduğun düşmənlər səni unudacaq, nə də öz qanınla Qələbə bəxş etdiyin Azərbaycan xalqı. Torpağa həkk olunan ləpirlərinlə gedən, ayaq izlərindən belə güc alan davamçıların çox olacaq. Ruhun şad olsun, Vətən fədaisi!