![]() |
|
Bakıda inşaat materialları bazarında güclü yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyi (FHN) xəbər verir ki, FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarında yanğın olması barədə ilkin məlumat daxil olub.
Hazırda bütün istiqamətlərdə yanğın sahəsi tam əhatəyə alınıb. Yanğının yayılmasının qarşısı alınıb. Yanğının sahəsi təxminən 4 min kvadratmetrə yaxındır.
Taxta materialların ərazidən çıxarılması yüksək temperatur səbəbindən çətinlik yaradıb.
Küləkli hava, yüksək gərginlikli elektrik xətləri yanğının söndürülməsini çətinləşdirib.
“Report” bildirir ki, yanğının söndürülməsi üçün əraziyə kifayət qədər texnika və canlı qüvvə cəlb olunub. Havanın küləkli olması yanğının söndürülməsi işlərini mürəkkəbləşdirsə də hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Hadisə ilə bağlı 05:55 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə (TƏBİB) Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti, “Dərnəgül” taxta bazarının ərazisində yanğın hadisəsi ilə bağlı çağırış daxil olub.
TƏBİB-dən bildirilib ki, hadisə yerinə 2 təcili tibbi yardım briqadası cəlb olunub. Yanğın nəticəsində 1 şəxsin (cinsi kişi) həkiməqədər ölümü qeydə alınıb.
Noyabr ayının 20-də saat 17:16-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun Əmirzeyidli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində iki nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən aşkarlanıb. Sərhəd pozucularının silahlı və onlardan birinin üzərində böyük bir kisədə yükün olması müşahidə edilib.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Ölkə.az-a verilən xəbərə görə, sərhəd naryadı tərəfindən "Dayan!” əmri verilərək havaya xəbərdarlıq atəşi açılıb.
Keçirilmiş sərhəd axtarışı nəticəsində ərazidə ümumi çəkisi 95 kiloqram 100 qram narkotik vasitə (10 kq 100 qr metamfetamin, 85 kq tiryək) aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Abşeron Rayon İcra Hakimiyyətində əməliyyat keçirib.
“Unikal” xəbər verir ki, korrupsiya ilə əlaqəli qanun pozuntuları barədə keçirilən əməliyyat zamanı Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Mirqasım Mirişli saxlanılıb.
Qeyd edək ki, M.Mirişli Abşeron Rayon İcra Hakimiyyətinin sabiq başçısı İradə Gülməmmədovanın kadrıdır.
***
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Abşeron Rayon İcra Hakimiyyətində əməliyyat keçirib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, korrupsiya ilə əlaqəli qanun pozuntuları barədə keçirilən əməliyyat zamanı saxlanılanlar var.
Baş Prokurorluğun Mətbuat xidmətindən sorğumuza cavab olaraq faktı təsdiq ediblər.
İctimaiyyətə əlavə məlumat veriləcək.
Hacıqabulda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən və xəsarət alanlar məktəblilər olub.
APA xəbər verir ki, Rəfail Şirəliyevun idarə etdiyi “Toyota Prius” markalı avtomobil idarəetməni itirərək aşıb.
Nəticədə avtomobildə olan məktəblilər - 2010-cu il təvəllüdlü Məhəmməd Abuşov və 2008-ci il təvəllüdlü Əliyar Şirəliyev hadisə yerində ölüblər.
Sürücü və sərnişin olan digər məktəbli, 2014-cü il təvəllüdlü Pənah Abuşov xəsarətlərə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi açılıb.
Noyabrın 21-nə gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.
Havanın temperaturu gecə 9-11° isti, günün birinci yarısında 11-13° isti, günün ikinci yarısında 7-9° isti olacaq. Atmosfer təzyiqi 748 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 5-10° isti, gündüz 11-16° isti, dağlarda gecə 2-6° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.
Məlum olduğu kimi, “Sədərək” gömrük postundan müxtəlif adda dərman vasitələrinin Türkiyədən ölkə ərazisinə nəzarətsiz keçirilməsi faktı ilə bağlı Naxçıvan Muxtar Respublikası Prokurorluğunda cinayət işi başlanılaraq istintaq aparılır.
Azərtac xəbər verir ki, cinayət işi üzrə Naxçıvan Baş Gömrük İdarəsinin "Sədərək" gömrük postunun iki əməkdaşı təqsirləndirilən şəxs qismində cəlb edilərək Cinayət Məcəlləsinin 200-1.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dərman vasitələrinin qanunsuz dövriyyəsi), 200-1.2.3 (külli miqdarda törədildikdə) və 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) maddələri ilə ittiham elan olunaraq barələrində məhkəmənin qərarı ilə 4 ay həbs qətimkan tədbiri seçilib.
Hazırda ibtidai istintaq davam etdirilir.
Faktı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun mətbuat xidməti təsdiqləyib.
Qeyd edək ki, bir neçə gün əvvəl "Sədərək" gömrük postunun əməkdaşlarına cinayət işinin başlanması barədə rəsmi məlumat yayılmışdı.
Xəbər verdiyimiz kimi, Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetinin mərhum prorektoru Tariyel Əhmədovun qətlə yetirilməsi faktı ilə bağlı sözügedən təhsil müəssisəsinin sabiq rektoru Müşfiq Atakişiyev saxlanılıb. Məhkəmənin qərarı ilə Müşfiq Atakişiyev barəsində vəzifədən kənarlaşdırılmaqla həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, sabiq rektor prorektorun qətlini bacısı oğlu Dəyanət Quliyevə sifariş verib. Sonuncu isə, həmkəndlisi ilə əlbir olaraq, Tariyel Əhmədovu qətlə yetirib.
“Yeni Sabah” Müşfiq Atakişiyevin saxlanılması ilə bağlı detalları öyrənib. Məlum olub ki, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin penitensiar xidməti tərəfindən birgə keçirilən çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlinin sifariş əsasında törədilməsinə dair sübutlar əldə edildikdən sonra Müşfiq Atakişiyevin həbsinə qərar verilib.
Sabiq rektor Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda iş otağında saxlanılıb.
Məlumat üçün bildirək ki, Müşfiq Atakişiyev 2022-ci ildən AMEA İqtisadiyyat İnstitutunun icraçı direktoru vəzifəsində çalışır. O, professor Nazim İmanovun rəhbərlik etdiyi bu nəhəng elm ocağında əsas adam sayılırdı. İnstitutun direktoru sabiq deputat Nazim İmanov olsa da, quruma rəhbərliyi Müşfiq Atakişiyev həyata keçirirdi. Onun razılığı olmadan nə doktorluq, nə də namizədlik dissertasiyasının müdafiəsi mümkün olub. Hətta kadr təyinatlarına da birbaşa Müşfiq Atakişiyev rəhbərlik edib.
İş yoldaşlarından biri saytımıza açıqlamasında deyib ki, Müşfiq Atakişiyev saxlanılacağından tamamilə xəbərsiz olub. O, dünən yüksək əhval-ruhiyyə ilə işə gəlib. Ənənəvi tapşırıqlarını verəndən sonra 16-18 noyabr tarixlərində “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etmək üçün Heydər Əliyev adına Beynəlxalq Hava Limanına yola düşməyə hazırlaşıb. Bu vaxt hüquq-mühafizə orqanlarının əməkdaşları professorun AMEA-dakı iş otağına daxil olaraq, onu həbs ediblər.
Məlumatlara görə, Müşfiq Atakişiyevin qəfil həbsi İqtisadiyyat İnstitutunun kollektivi arasında şok effekti yaradıb. Bu həbsdən ən çox narahat olan isə İqtisadiyyat İnstitutunun direktoru 69 yaşlı professor Nazim İmanovdur. Qocaman professorun hazırda kariyerası ilə bağlı ciddi narahatlıq keçirdiyi bildirilir.
İsmayıllı rayonunda 3,4 maqnitudalı zəlzələ olub.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
“Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, bu gün yerli vaxtla 04:56-da İsmayıllı stansiyasından 3 km şimalda İsmayıllı rayonunda maqnitudası 3,4, dərinliyi 7 km olan zəlzələ qeydə alınmışdır. Zəlzələ 3 bal gücündə hiss olunub”, – Mərkəzin mətbuat xidməti diqqətə çatdırıb.
Bakı şəhəri Səbail Rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidməti müstəntiqinin M.H.Hüseyinzadə barəsində verilmiş vəsatətinə baxılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, məhkəmənin qərarı ilə M.H.Hüseyinzadə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
İş materiallarından məlum olur ki, uzun müddət gizli müşahidələr aparmış M.H.Hüseyinzadə 2023-cü ilin noyabr ayında xarici dövlətin Azərbaycandakı diplomatik nümayəndəliyinin Bakı şəhərində olan inzibati binasına silahlanmış vəziyyətdə terror aktı törətmək üçün soxulmağa cəhd edərkən DTX əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayət başında saxlanılaraq tərksilah edilib.
M.H.Hüseyinzadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.3 və 28, 214.2.6-cı maddələri ilə təqsirləndirilir.
“Apellyasiya Məhkəməsi Fəridin şikayətini təmin etmədi. Elə iki il iş vermişdilər, o da qaldı, dəyişmədilər. Fəridin əfvə düşəcəyinə ümidim var. Onun azad olunması üçün Azərbaycan hökuməti danışıqlar aparır”.
Bu sözləri Axar.az-a İranda həbs olunan azərbaycanlı tələbə Fərid Səfərovun anası Dilarə Əsgərova deyib.
Onun sözlərinə görə, Fəridin azad olunması ilə bağlı danışıqlar nəticə verməsə, beynəlxalq məhkəmələrə müraciət edəcək:
“Konkret hansı məhkəməyə müraciət edəcəyimizi dəqiqləşdirməmişik. Çünki onun azad olunması ilə bağlı Azərbaycan İranla danışıqlar aparır. Mənim də buna görə ümidim yaranıb ki, o, azad olunacaq”.
Dilarə Əsgərova oğlunun psixoloji durumunun gərgin olduğunu bildirib:
“Fəridlə hər gün danışırıq. Konsulluğa zəng edir, xaricə zəng etməyə imkan yoxdur, konsulluğumuz vasitəsilə hər gün əlaqə saxlaya bilirik. Saxlanma şəraiti normaldır. Amma dediyinə görə, çox darıxdırıcıdır. Telefon, internet yoxdur. Televizor fars dilindədir. Mən vəkilə pul göndərmişdim ki, Fəridə ingilis dilində kitablar alsın. Onları isə ingilis dilində olduğu üçün Fəridə verməyiblər. Deyilib ki, bu kitabların məzmununu bilmirik, odur ki, icazə verilməyib. Kitabxanadan götürdüyü kitabları isə oxuyub, bitirib. Çox darıxdırıcı keçir həyatı, ona görə də əsəbləri həddindən artıq gərgindir. Yəni həmişə azadlıqda olmuş, gününü səmərəli keçirmiş bir adam nahaq yerə tutulub və vaxtının boş keçməsinə çox əsəbiləşir. Günahsız yerə, etmədiyi bir işə görə cəza çəkməsi ona pis təsir edir”.
Qeyd edək ki, F.Səfərli bu il fevralın 20-də Yena Universitetində təcrübə keçmiş həkim sevgilisini görmək üçün Tehran şəhərinə gedib. F.Səfərli martın 5-də Almaniyaya qayıtmalı olsa da, geri dönməyib. Martın 4-dən etibarən Fəridin telefonu sönüb, onunla əlaqə tamamilə itib. Sonradan bəlli olub ki, Fərid “casusluq” iddiası ilə saxlanılıb.
İran məhkəməsi daha sonra “casusluq” ittihamını “casusluğa cəhd” ilə əvəzləyib və ona iki il həbs cəzası verilib.