|
Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş noyabrın 21-də BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın səhiyyə naziri Teymur Musayev və digər rəsmi şəxslər qarşılayıblar.
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirza ilə görüşüb.
Bu barədə Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Kərim Vəliyevin “IDEAS 2024” 12-ci Beynəlxalq Müdafiə Sərgisi və Seminarında iştirak etmək üçün Pakistana səfəri zamanı iki ölkə arasında dostluq və qardaşlıq münasibətləri üzərində qurulan hərbi əlaqələrin cari vəziyyəti, birgə əməkdaşlığın yeni perspektivləri müzakirə edilib, həmçinin strateji tərəfdaşlığın yüksələn xətlə inkişaf etdiyi vurğulanıb:
Məlumata görə, tərəflər münasibətlərin daha da möhkəmlənməsində bu cür görüşlərin əhəmiyyətini qeyd edib və maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.
Prezident İlham Əliyevin Sərəncamı ilə İlham Bayramov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini təyin edilib.
Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.
Qeyd edək ki, İlham Bayramov 1970-ci ildə Zəngəzur mahalının Qarakilsə rayonunun Urud kəndində anadan olub.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin "Torpaqşünaslıq və aqrokimya" fakültəsinin məzunudur.
Son təyinata qədər İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan "Azərbaycan Standartlaşdırma İnstitutu" Publik Hüquqi Şəxsin baş direktoru vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda səfərdə olmuş konqresmen Frenk Pallone və senator Ed Markiyə sərt cavab verib.
Bu barədə Prezidentin köməkçisi sosial şəbəkədə yazıb.
“Konqresmen Frenk Pallone və senator Ed Marki Bakıya səfərlərindən sonra ABŞ-yə qayıdaraq nəticələri yenə də erməni lobbisinin eşitmək istədiyi şəkildə təqdim edirlər.
(I)
1. Senator Ed Marki ilə onun xahişi ilə görüşdüm.
2. Ona xatırlatdım ki, Ermənistanın Azərbaycan xalqına qarşı Xocalı soyqırımından sonra ABŞ Konqresi ədalətsiz olaraq 907-ci Düzəlişi qəbul edib.
3. Qeyd etdim ki, Ermənistanın 30 illik hərbi işğalı və bir milyondan çox azərbaycanlının etnik təmizlənməsi dövründə nə o, nə də həmkarları ədaləti xatırlamayıblar. Əksinə, Ermənistanın Azərbaycana hərbi təcavüzünü dəstəkləməyə davam ediblər.
4. Vurğuladım ki, Ukraynada separatizmi dəstəkləyən (və qara siyahıya salınan) və çirkli pulların yuyulması ilə məşğul olan qanunsuz silah alverçisi və oliqarx Ruben Vardanyan da daxil olmaqla, separatçı hərbi cinayətkarların cinayətlərinin araşdırılması məntiqi nəticəyə çatdırılacaq və onlar ədalət qarşısında cavab verəcəklər.
5. Bildirdim ki, erməniəsilli sakinlər vətəndaşlıq üçün yalnız fərdi qaydada müraciət edə bilərlər və onların qayıdışı vətəndaşlıq verildiyi təqdirdə ölkəmizin qanunları çərçivəsində nəzərdən keçiriləcək. Lakin bu, yalnız qarşılıqlı və Ermənistandan qovulmuş yerli azərbaycanlı əhalinin qayıtmaq hüququnun tanınması ilə paralel ola bilər.
6. ABŞ-dəki erməni lobbisi siyasi cəhətdən toksik mühit yaratmağa davam edir. Onlar problemin bir hissəsidir. Onlara vəsait toplamaq üçün səbəb lazımdır.
7. Nümayəndələr Palatası və Senatın üzvlərinə erməni lobbisinin alətinə çevrilməkdən çəkinməyi tövsiyə etdim. Biz regionda Ermənistanla sülhə doğru addım-addım irəliləyirik. Lakin bəzi ABŞ qanunvericiləri erməni lobbisinin təhriki ilə regional sülhə mane olur, yerdəki reallığı qəbul etməkdən imtina edir və bizi keçmişə sürükləməyə çalışırlar.
(II)
Palloneyə gəlincə, görünür o, hotel pəncərəsindən yaxınlıqdakı Qənimətlər Parkına – Ermənistanın işğalçı ordusunun məhv edilmiş texnikasının nümayiş olunduğu yerə və Prezident İlham Əliyevin noyabrın 8-də açılışını etdiyi Zəfər Parkına baxarkən psixoloji və əqli stres keçirib. Bəlkə də bu onun illər boyu Azərbaycan xalqına qarşı dəstəklədiyi ədalətsizliklərə görə ilahi cəzadır. Prezident İlham Əliyev digər Konqres üzvlərindən fərqli olaraq Pallone ilə görüşmədi. Pallone belə bir audiensiyaya layiq deyil.
Mən də görüşdə iştirak etmək şərəfinə nail oldum. Görüş çox konstruktiv ruhda keçdi. Pallonenin erməni lobbisinə məruzə etdiyi məsələlərin heç biri görüşdə qaldırılmadı. Pallone yenə və yenə də yalan danışır. Onun Azərbaycanda şou düzəltmək cəhdi uğursuz oldu. Vətəndaşlar, o cümlədən məcburi köçkünlər, şəhid ailələri və vətəndaş cəmiyyəti nümayəndələri dinc toplaşmaq hüquqlarından istifadə edərək dinc etiraz aksiyası keçirdilər. Jurnalistlər ondan erməni lobbisindən nə qədər pul aldığını soruşdular. Bu, Pallonenin təşvişinə səbəb oldu. Real hekayənin sonu budur.
“İnsanlar heç vaxt ovdan, müharibədən və ya seçkidən əvvəlki qədər çox yalan danışmırlar”, – o qeyd edib.
Noyabrın 20-si Ağdam Şəhəri Günüdür.
Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 20-si Ağdam Şəhəri Günü kimi qeyd edilir.
Bu əlamətdar günün təsis olunması Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Bu gün - noyabrın 20-si şəhərin erməni işğalçılarından təmizlənməsindən dörd il ötür.
Xatırladaq ki, Ağdam rayonu 1993-cü il iyulun 23-də erməni silahlı birləşmələri tərəfindən işğal olunmuşdu. Qarabağın mərkəzində yerləşən Ağdamın 846,8 kv.km-i, yəni 77,4%-i, bir şəhəri və 80 kəndi ermənilərin əlinə keçmişdi. Rayondakı 38 kolxoz-sovxozun 26-sı, 129 səhiyyə obyektinin 105-i, 108 məktəbin 74-ü, 271 mədəniyyət evinin 199-u, 24 tikinti təşkilatı, 67 idarə-müəssisə, 17 məscidin 14-ü işğal altında qalmışdı. Bütövlükdə, rayonun işğal olunmuş ərazisində bütün tikililər - Azərbaycanın tarixi, mədəni, dini və milli abidələri erməni işğalçılar tərəfindən dağıdılıb və ya yerlə bir edilib. Ağdam düşmənlə döyüşlərdə 6 000 şəhid verib, onlardan 16-sı Azərbaycanın Milli Qəhrəmanıdır.
Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində Ağdam bir güllə atılmadan düşmən tapdağından azad olunub.
Belə ki, 2020-ci ilin sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusu ölkəmizin əzəli torpaqlarının azadlığı uğrunda genişmiqyaslı əks-hücum əməliyyatlarına başlayıb. Hərbi əməliyyatlar zamanı uzun illər işğal altında olan torpaqlar Azərbaycan Silahlı Qüvvələri tərəfindən kəndbəkənd, qarışbaqarış azad edilib.
Haqq savaşımızın 44-cü günündə, noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə Bəyanat imzalayıblar. Bəyanatın bir bəndi Ağdamın noyabrın 20-dək işğalçılardan azad olunması ilə bağlı idi.
2020-ci il noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olublar.
İlham Əliyev Ağdamın mərkəzində Azərbaycanın üçrəngli bayrağını ucaldıb.
Hazırda Ağdamda bərpa-yenidənqurma işləri aparılır, yeni infrastruktur qurulur, şəhər dirçəldilir. İndi yenidən qurulmaqda olan şəhər özünün əzəli sakinlərinin - ağdamlıların yolunu gözləyir.
Türkiyə-ABŞ münasibətlərində olan kəskin ziddiyyətlər yaxın vaxtlarda çatların daha da dərinləşmə ehtimalını artırır, rəsmi Ankaranın Yaxın Şərq böhranına münasibətdə geopolitik prioritetləri Ağ Evlə regional rəqabətə yol aça biləcək əsas faktorlardan sayılır... Ağ Evin günahı ucbatından Türkiyə və ABŞ arasında onsuz da bəzi ciddi problemlərin mövcud olduğunu nəzərə aldıqda, hətta Yaxın Şərq böhranı yeni dünya düzənində NATO üzrə bu iki müttəfiq dövləti fərqli düşərgələrə də yerləşdirə bilər...
Dünyada qlobal savaş təhlükəsi hər ötən gün daha da inandırıcı görüntülər almaqda davam edir. Hazırda belə bir dəhşətli savaşa yol aça biləcək iki genişmiqyaslı münaqişə ocağı mövcuddur. Belə ki, həm Ukrayna savaşı, həm də Yaxın Şərq hərbi böhranı yaxın gələcəkdə qlobal savaş təhlükəsi vəd edir. Üstəlik, buna paralel olaraq, dünyanın nəhəng dövlətləri arasında da hərbi-siyasi qarşıdurma prosesinin dərinləşməsi mövcud beynəlxalq situasiyanı daha da dərinlışdirir.
Onu da qeyd etmək lazımdır ki, Türkiyənin hərbi-siyasi dairələri də son vaxtlar üçüncü dünya müharibəsinin hər an başlaya biləcəyi ilə bağlı mesajlar verməyə başlayıblar. Üstəlik, rəsmi Ankara üçüncü dünya müharibəsini törədə biləcək əsas səbəb kimi isə Yaxın Şərq böhranına eyham vurur. Türkiyənin qlobal proseslərin belə təhlükəli istiqamətlər alma ehtimalına da indidən hazırlaşmağa başladığını biruzə verməkdədir. Və bütün bunlarla yanaşı, Türkiyə-İsrail münasibətlərinin artıq son həddə qədər gərginləşdiyi inkaredilməz reallığa çevrilib.
Məsələ ondadır ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir müddət öncə İsraillə bütün münasibətlərin kəsildiyini rəsmən bəyan edib. Əslində, Türkiyə-İsrail münasibətləri uzun illərdən bəridir ki, gərgin olaraq, qalmaqdadır. Vaxtilə bu iki ölkə arasında münasibətlərin tamamilə korlanmasına səbəb olan siyasi qarşıdurma (Davos və Mavi Marmara böhranları) yaşanmışdı. Və bəzi qeyri-rəsmi məlumatlara görə, Türkiyə-İsrail münasibətlərinin yenidən bərpa edilməsində Azərbaycanın vasitəçilik fəaliyyəti xüsusi rol oynamışdı.
Maraqlıdır ki, Azərbaycanın bu iki dövlətlə xüsusi münasibətləri mövcuddur. Belə ki, Türkiyə Azərbaycanın strateji müttəfiqidir və bu münasibətlər hazırda inkişaf edərək, daha da dərinləşmə mərhələsindədir. Ona görə də, rəsmi Bakı Azərbaycan-Türkiyə İttifaqına maksimum səviyyədə həssas yanaşır. Və Türk İttifaqının dünyada həlledici təsir gücü qazanmaqda davam etməsi üçün bütün imkanlarını ön planda tutur.
Eyni zamanda, Azərbaycanın İsraillə də kifayət qədər isti münasibətləri mövcuddur. Xüsusilə də, rəsmi Təl-Əvivin Cənubi Qafqazdakı erməni separatizminə qarşı mübarizədə Azərbaycanı dəstəkləməsi böyük önəm daşıyır. Ona görə də, Azərbaycan İsraillə qarşılıqlı münasibətlərinə xüsusi həssaslıqla yanaşır. Ancaq buna baxmayaraq, rəsmi Bakı Yaxın Şərq münaqişəsinə birbaşa müdaxilə etməsə də, Fələstin ərazilərində aparılan genişmiqyaslı hərbi əməliyyatları da yolverilməz hesab edir.
Təbii ki, Türkiyə və İsrail arasında münasibətlərin tamamilə korlanması Azərbaycanın strateji maraqlarına qətiyyən cavab vermir. Üstəlik, bu dəfə elə bir situasiya yaranıb ki, ən azından yaxın gələcəkdə bu iki ölkə arasında münasibətlərin normallaşa biləcəyi artıq qətiyyən inandırıcı görünmür. Və rəsmi Ankaranın verdiyi son qərarlar da situasiyanın kifayət qədər qəliz olduğunu göstərir.
Məsələ ondadır ki, İsrailin prezidenti İsaak Hersoqun COP29-da iştirak etmək üçün Bakıya səfər etməyi planlaşdırdığı barədə məlumatlar yayılmışdı. Ancaq daha sonra məlum oldu ki, rəsmi Təl-Əviv İsrail prezidentinin Azərbaycana səfərini ləğv edib. Əsas səbəb kimi isə bu səfərin prezident İsaak Hersoq üçün təhlükəsiz olmayacağı ön plana çəkilib. Və COP29-un iştirakçısı olan xarici ölkə liderlərinin təhlükəsizlikləri ən yüksək səviyyədə təmin edildiyindən, bu, bir qədər gözlənilməz xarakter daşıyır.
Bu məsələ ilə bağlı araşdırma aparan Caliber.az Azərbaycan Xarici İşlər Nazirliyindəki yüksək rütbəli mənbədən İsrail prezidenti İsaak Hersoqun Bakıya səfərinin ləğvinin əsl səbəblərini öyrənməyə nail olub. Belə məlum olub ki, bəzi xarici media qurumlarının qeyd etdiyi kimi, bu, heç də təhlükəsizlik məsələsi ilə bağlı deyilmiş. Və Azərbaycanın beynəlxalq səviyyəli tədbirlərin keçirilməsində böyük təcrübəyə mailk olması da bu baxımdan, müəyyən təsəsvvürlər yaradır.
Hər halda, nəzərə almaq lazmdır ki, indiyə qədər dəfələrlə böyük regional və beynəlxalq tədbirlərə (Eurovision, Avropa Oyunları, Qoşulmama Hərəkatının sammiti və s.) ev sahibliyi edən Azərbaycanda təhlükəsizlik ən yüksək səviyyədə təmin edilir. Üstəlik, Bakı dünyanın ən təhlükəsiz şəhərlərindən biri olduğu da hər kəs tərəfindən etiraf edilmiş inkarolunmaz reallıqdır.
Cəmisi bir neçə ay əvvəl, yəni mayın 30-da Bakıda səfərdə olan prezident İ.Hersoq da daxil olmaqla, çox sayda İsrail rəsmilərinin, o cümlədən də ölkənin ali rəhbərliyinin Azərbaycana gəlməsi də bunu təsdiqləyir. Baş nazir Netanyahu isə 2016-cı ildə Azərbaycana bir günlük səfərə gəlmişdi və hər hansı problem yaşanmamışdı. Bundan başqa, Azərbaycanda COP29-un keçirilməsi ilə əlaqədar on minlərlə qonağın və yüzə yaxın dünya liderinin və yüksək səviyyəli nümayəndə heyətləri rəhbərlərinin ölkəyə gəlməsi kontekstində də misli görünməmiş təhlükəsizlik tədbirləri həyata keçirilir.
Ona görə də, İsrail prezidenti İ.Hersoqun Azərbaycana səfərinin arxasında başqa səbəblərin ola biləcəyi daha inanıdırıcı görünürdü. Caliber.az-ın əldə etdiyi məlumata görə, həmin səbəblərdən biri artıq məlum olub. Ən əsasısa, bu səbəbin təhlükəsizlik məsələsi ilə əlaqəli olmadığı aydınlaşıb. Və bu baxımdan, sözügedən əsas səbəbin məhz Türkiyə-İsrail münasibətlərindəki ziddiyyətlərdən qaynaqlandığı əslində, o qədər də gözlənilməz deyil.
Maraqlıdır ki, Caliber.az-a verilən məlumata görə, rəsmi Ankara İsrail prezidentinin təyyarəsinin Türkiyə hava məkanından istifadəsinə qadağa qoyub. Diplomatik kanallar vasitəsilə bir neçə gün davam edən intensiv danışıqlar isə heç bir pozitiv nəticə verməyib. Və nəticədə COP29-un keçirilməsi üçün inklüziv konsepsiya təqdim edən, bütün tərəflərin iştirakına şərait yaradan Azərbaycandan asılı olmayan səbəblərdən İsrail prezidentinin Bakıya səfəri baş tutmayıb.
Belə anlaşılır ki, Türkiyə-İsrail münasibətləri yenidən bərpası çətin olacaq səviyyədə korlanıb. Ona görə də, bu problemin yaxın gələcəkdə Türkiyə-ABŞ münasibətlərinə də təsir göstərə biləcəyi qətiyyən istisna olunmur. Belə ki, gələn ilin yanvarında səlahiyyətlərinin icrasına başlayacaq Tramp administrasiysının İsrailə xüsusi həssaslıqla yanaşdığı qətiyyən şübhə doğurmur. Hətta ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ilk qərarı ilə Bayden administrasiyasının İsrailə silah satışının məhdudlaşdırılması barədə sənədlərini ləğv edəcəyini vurğulayıb.
Bütün bunlar onu göstərir ki, mövcud situasiya yaxın vaxtlarda Türkiyə-ABŞ münasibətlərində ziddiyyətləri daha da dərinləşdirə bilər. Xüsusilə də Türkiyənin Ərdoğan hakimiyyətinin prinsipial mövqeyini nəzərə aldıqda, rəsmi Ankaranın Yaxın Şərq böhranına münasibətdə geopolitik prioritetləri Ağ Evlə regional rəqabətə yol aça biləcək faktorlardan biri sayılır. Türkiyə və ABŞ arasında onsuz da bəzi ciddi problemlərin olduğunu nəzərə aldıqda, Yaxın Şərq böhranı yeni dünya düzənində rəsmi Ankara və Ağ Evi fərqli düşərgələrə də yerləşdirə bilər.(musavat.com)
Ermənistan konstitusiyasında dəyişiklik etmədən imzalanacaq hansısa sənəd konkret sülh müqaviləsi olmayacaq; siyasi ekspert hesab edir ki, Ağ Ev sazişin yaxın zamanda imzalanması üçün əlindən gələni edəcək
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi ilə bağlı danışıqların COP29-dan sonra, dekabr ayında davam etdiriləcəyinin anonsu artıq verilib. Bu, yəqin ki, XİN rəhbərləri səviyyəsində baş tutacaq. Çünki ötən ay Kazanda iki ölkənin rəhbərləri məhz onlara danışıqları intensivləşdirmək və imzalanacaq sənədlə bağlı işi tezliklə yekunlaşdırmaq tapşırılıb.
Lakin ilin sonunadək yerdə qalan iki bəndi də razılaşdırıb ortaq sənədə çıxmaq ehtimalı hələ ki zəif görünür. Daha dəqiqi, hansısa sənəd imzalanacaqsa belə, onun adı yəqin ki, sülh müqaviləsi olmayacaq. Nədən ki, rəsmi Bakının əsas şərti məlumdur: Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddiası ilə bağlı müddəanın çıxarılması. İrəvan isə bu dəyişikliyə tələsmir. Hətta ötən həftəsonu Nikol Paşinyan bəyan etdi ki, ölkəsinin hazırkı konstitusiyasında belə bir iddia yoxdur.
“Past” erməni nəşri isə iddia edib ki, Paşinyanın ötən cümə parlamentdə etdiyi çıxış “Ermənistan Respublikasının buraxıldığını və Müstəqillik Bəyannaməsinin ləğvini” elan etmək anlamına gəlir.
Qəzet yazıb ki, bəyannamənin rədd edilməsi açıq şəkildə Bakının tələbinin qəbul olunduğu mənasını verir: “Paşinyan son illərdə bəyannaməni dəfələrlə oxuduğunu və bu sənədin Ermənistanın mövcudluğunu şübhə altına aldığını dedi. O, bunu ermənilərin ən böyük problemi və faciəsi adlandırıb. Yəni baş nazir Ermənistan Konstitusiyasında bəyannamənin preambulasına istinadı silməyə çalışacaq, qərarı artıq verib. Bu, açıq şəkildə Bakının Ermənistan Konstitusiyasının dəyişdirilməsi tələbini yerinə yetirməkdir”.
Belədirmi?
Sözsüz ki, iki qonşu ölkə arasında sülh prosesinin məntiqi sonluğa çatmasına əngəl olan amillər arasında xarici faktorlar da var.
Bu arada rusiyalı ekspert Stanislav Tarasov deyib ki, ABŞ-da Donald Tramp hakimiyyətə gəldikdən sonra əsas gündəmi Qafqaz olmayacaq: “Tramp üçün prioritet Ukrayna müharibəsi, Avropa və Yaxın Şərqdir, Qafqaz sonda gəlir. Hazırkı prosesə əsasən amerikalıların regiondan geri çəkiləcəyini demək olar. Ermənilər hər zaman olduğu kimi, yenə doğru qərar verməkdə gecikdilər. Bakı İrəvandan 2-3 addım irəlidədir. Çünki Azərbaycan Prezidenti İlham Əliyev bütün bu prosesləri detallı şəkildə hesablayıb. Nikol Paşinyan isə Makronun qərarlarını gözləyir”.
Onun sözlərinə görə, Rusiya Gürcüstanın Azərbaycan və Ermənistan arasında vasitəçilik təklifini dəstəkləyir: “Moskva özü də Tiflisə deyir ki, hərəkətə keçsin. Trampın çevrəsindən sızan məlumatlara görə, ABŞ Qafqazı tərk edəcək, buranı Rusiyaya buraxacaq. Lakin Moskva bunu istəmir. Biz Gürcüstan, Ermənistan, yaxud başqa ölkə ilə əlaqədar olmaq istəmirik. Qafqaz Rusiya üçün gərginlik mənbəyi olmamalıdır. Bu regionda sakitlik bizim üçün vacibdir. Bakı və İrəvan arasında sülh müqaviləsinin də yaxın günlərdə deyil, təxminən yazda imzalanacağını düşünürəm”. Tarasovun gözləntisi nə dərəcədə ehtimal ediləndir?
Abutalıb Səmədov
“Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, Paşinyanın məlum açıqlamasından onun Ermənistan Konstitusiyasının preambulasının dəyişdirilməsini istədiyi anlaşıla bilər: “Lakin mən güman eləmirəm ki, bu, yaxın zamanlarda baş verə bilər. Əslində Preambulanı dəyişdirmək o qədər çətin məsələ deyil. Parlament üçdə iki səs çoxluğu ilə lazımi dəyişikliyi eləyə bilər. Ancaq Nikol Paşinyan buna getmək fikrində deyil. Düşünür ki, əgər belə bir addım atılsa, bu, Azərbaycanın təzyiqləri ilə atılmış addım kimi qiymətləndiriləcək və onsuz da cəmiyyətdə Nikol Paşinyanın nüfuzu kifayət qədər aşağıdır, həmin dəyişikliyi etsə, nüfuzu bir az da düşə bilər. Dolayı yolla müstəqillik bəyannaməsindən imtina etmə cəhdi var. Bu, Konstitusiya Məhkəməsinin delimitasiya komissiyasının reqlamenti ilə bağlı verdiyi rəydə öz əksini tapıb. Konstitusiya Məhkəməsi elan elədi ki, Ermənistan Konstitusiyası yalnız konstitusiyada yazılanlardan ibarətdir, qalan sənədlərin Ermənistan Konstitusiyasının mətninə aidiyyəti yoxdur. Bununla da hesab olundu ki, müstəqillik bəyannaməsinin mətnində Azərbaycana qarşı olan ərazi iddialarından imtina olunur, çünki konstitusiyada Azərbaycana qarşı ərazi iddiası yoxdur, Bəyannaməyə istinad var və orada da Qarabağla Ermənistanın birləşməsi fikri öz əksini tapıb. Bu, Ermənistanda çox ciddi hay-küyə, narazılığa səbəb oldu. Nikol Paşinyanın bu bəyanatı da o narazılıqlara cavab məqsədi daşıyır. Bu baxımdan hesab edirəm ki, Nikol Paşinyan bundan artıq addım yaxın zamanlarda atmayacaq. Yəni Ermənistan Konstitusiyasının preambulasında dəyişikliyə getməyəcək”.
A.Səmədov qeyd etdi ki, ABŞ-ın Trampın prezidentliyə dövründə əsas prioritetləri sırasında Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ön sıralarda ola bilər: “Çox güman ki, bölgəmizə diqqət Co Bayden dövrünə nisbətən azalacaq. Ancaq nəzərə alsaq ki, sülh sazişi ilə bağlı kifayət qədər yol qət olunub və Bayden son addımı atıb bunu öz uğuru kimi təqdim eləyə bilər. Bu səbəbdən hesab edirəm Ağ Ev sülh sazişinin yaxın zamanda imzalanması üçün əlindən gələni edəcək. Sülh sazişi əgər yaza qədər imzalansa, yaxud yazda imzalansa, bu, uğur sayılmalıdır. Çünki baxmayaraq ki, cəmi üç bəndin üzərində danışıqlar gedir və onların da yarısı razılaşdırılıb, ancaq yerdə qalan yarısının razılaşdırılması çox ağır gedir. Xarici işlər nazirimiz bəyan elədi ki, sülh sazişinin əsas hissəsi razılaşdırılıb. Ancaq əsas hissə deyiləndə onun nə olduğunu nazir açmadı. Yəni yerdə qalan üç bənddə də irəliləyişlər varmı, yoxsa elə əsas hissə razılaşdırılmış 13 bənddən ibarətdir? Üstəlik, konstitusiya ilə bağlı məsələ hələ də qalmaqdadır. Ermənistan hesab edir ki, Konstitusiya Məhkəməsinin rəyi bu maneəni aradan qaldırmaq üçün kifayət etməlidir, çünki bu rəy müstəqillik bəyannaməsinin gücünü azaldır, yaxud konstitusiya üçün bütövlükdə onu qüvvədən salır. Azərbaycan tərəfi bunu qəbul edəcəkmi və konstitusiyanın dəyişdirilməsi tələbi bundan sonra da gündəlikdə olacaqmı? Əgər tələb gündəlikdə qalsa, sülh sazişinin imzalanması uzana bilər. Əgər Ermənistan Konstitusiya Məhkəməsinin verdiyi rəy kifayət sayılsa, yazda sülh sazişinin imzalanması yəqin ki, mümkün ola bilər. Hər halda, 2025-ci ildə bu proses çox güman ki, yekunlaşacaq və Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmış olacaq”.
BMT Baş Assambleyasının 3-cü komitəsi tərəfindən A/C.3/79/L.35 nömrəli, ”İtkin düşmüş şəxslər” adlı qətnamə konsensusla qəbul edilib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
Qeyd edilib ki, BMT-yə üzv olan 56 ölkə qətnaməyə həmmüəllif kimi qoşulub. Azərbaycan 2002-ci ildən etibarən hər iki ildən bir təqdim olunan bu qətnamənin əsas həmmüəllifidir.
Məlumata görə, qətnamədə, silahlı münaqişələr nəticəsində insanların itkin düşməsinin onların ailələrinə ağır əzablar verdiyi və münaqişələrə son qoyulması səylərinə mənfi təsir göstərdiyi qeyd olunur. Qətnamədə, həmçinin itkin düşmüş şəxslərlə bağlı beynəlxalq humanitar hüquq və beynəlxalq insan hüquqları hüququnun pozulmasına görə cəzasızlığa son qoyulmasının vacibliyi vurğulanır.
Qətnamə silahlı münaqişə iştirakçısı olan dövlətləri insanların itkin düşməsinin qarşısını almaq, onların şəraitini müvafiq şəkildə araşdırmaq və taleyini müəyyən etmək üçün bütün lazımi tədbirləri görməyə çağırır.
Bu il qəbul olunan qətnamədə ilk dəfə olaraq həmçinin minaların itkin düşmüş şəxslərin taleyini müəyyənləşdirmək səylərinə maneə törətməsi ilə bağlı narahatlıqlar ifadə olunur və dövlətləri insanların qalıqlarını təhlükəsiz şəkildə axtarmaq istiqamətində əməkdaşlıq etməyə çağırır.
XİN-dən bildirilib ki, “İtkin düşmüş şəxslər” məsələsi Azərbaycanın gündəliyində mühüm yer tutur:
"1990-cı illərin əvvəllərində Ermənistanın təcavüzü nəticəsində mülki şəxslər, uşaqlar və qadınlar da daxil olmaqla 4000-ə qədər azərbaycanlı itkin düşüb. 6 Azərbaycan vətəndaşı isə 2020-ci ildə Vətən müharibəsi zamanı itkin düşüb.
2023-cü ildən etibarən ölkəmiz də bu məsələ ilə bağlı məlumatlılığın artırılması üçün beynəlxalq konfranslar təşkil edir. 2-3 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Beynəlxalq Qızıl Xaç Komitəsinin birgə təşkilatçılığı ilə Bakıda keçirilən “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi” mövzusunda beynəlxalq konfransın Bəyannaməsi rəsmi şəkildə BMT Baş Assambleyası və BMT Təhlükəsizlik Şurasının sənədləri kimi yayılıb".
Əlavə edilib ki, son illərdə itkin düşmüş şəxslərin axtarışı və kimliyinin müəyyən olunmasının səmərəliliyini əhəmiyyətli dərəcədə artıran texnoloji irəliləyişlərə baxmayaraq, statistik məlumatlar dünyada itkin düşənlərin sayının kəskin şəkildə artdığını və sayın 212000-dən çox olduğunu göstərir. Bu faktların fonunda BMT Baş Assambleyasının “İtkin düşmüş şəxslər” adlı qətnaməsi beynəlxalq gündəlikdə öz aktuallığını saxlayır.
"Azərbaycan itkin düşmüş şəxslər məsələsinin həllini tapması istiqamətində beynəlxalq səylərin səfərbər edilməsini prioritet qaydada davam etdirəcək", - məlumatda vurğulanıb.
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 18-də Millətlər Birliyi təşkilatının (Commonwealth of Nations) Baş katibi Patrisia Canet Skotland ilə görüşüb.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-də Palau Respublikasının Prezidenti Surangel Uipps ilə görüşüb.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.