|
Uşaqlar arasında təhlükəli virus yayılıb.
Xezerxeber.az məlumatına görə, əsasən 5-15 yaş aralığında uşaqların çox yoluxduğu virus qripə oxşar simptomlarla müşayət olunduğundan valideynlər arasında çaşqınlıq yarada bilir.
İnfeksionist Aytən Ziyadova bildirib ki, son zamanlar azyaşlılar arasında yayılan virusu bəzən qızılca xəstəliyinə də bənzədirlər. Lakin qızılcadan fərqli olaraq bu virusdan qaynaqlanan səpkilər mərhələli şəkildə yox, tam yayılır.
A. Ziyadova əlavə edib ki, virusa yoluxan uşaqların yetərsiz və ya səhv müalicə edilməsinin nəticəsi ağır ola bilər. Belə ki, xəstəlik düzgün müayinə və müalicə edilməzsə, böyrək çatışmazlığı kimi həyati təhlükələrə səbəb ola bilər.
İnfeksionistin sözlərinə görə, virus yoluxduğu bədəndə birbaşa ürək əzələlərinə də təsir edə bilir ki, bu da ürək ritminin pozulması ilə nəticələnə bilər. Bu səbəbdən də sözügedən simptomlarla qarşılaşan valideynlər diqqətli olmalıdırlar.
Kibercinayətkarların vətəndaşlara toy dəvətnamələri göndərərək dələduzluq etdikləri barədə məlumatlar yayılıb.
Son günlər vatsap mesajlaşma tətbiqi vasitəsilə vətəndaşlara əvvəlcə sadə bir fayl əlavəsi "toy dəvətnaməsi” kimi göndərilir.
Həmin faylı yüklədiyiniz zaman telefonunuza zərərli proqram quraşdırılır və siz hakerlərə uzaqdan giriş icazəsini vermiş olursunuz.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin əməkdaşı Elbrus İbrahimov vətəndaşları bu kimi hallarda diqqətli olmağa çağırıb.
Daha ətraflı "Xəzər Xəbərin” videomaterialında:
Bakıda və Abşeron yarımadasında noyabrın 21-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometrologiya Xidmətindən bildirilib ki, səhər və axşam bəzi şəhərətrafı ərazilərdə az çiskinli olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 9-11° isti, gündüz 12-15° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi şərq rayonlarında az çiskinli yağış yağacağı ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 4-8° isti, gündüz 13-18° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacaq.
Ermənistan hakimiyyəti onların geri qayıtmaq istəmədiklərinə tam əmin olub
“Dağlıq Qarabağdan olan soydaşlarımız sürətləndirilmiş qaydada Ermənistan vətəndaşlığı ala bilərlər”. Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
“Bunun üçün İrəvandakı Miqrasiya və Vətəndaşlıq Xidmətinə, rayonlarda isə Daxili İşlər Nazirliyinin ərazi bölməsinə getmək, ərizə yazmaq və müvafiq sənədlər təqdim etmək lazımdır. Bundan sonra bir-iki ay ərzində sizə Ermənistan prezidentinin fərmanı ilə Ermənistan vətəndaşlığı verildiyi barədə qısa mesaj gələcək. Növbəti addım olaraq, Ermənistan Respublikasının vətəndaşı kimi yeni pasport almaq üçün ərizə yazmalısınız”, - məlumatda qeyd edilir.
Bu qərarın arxasında hansısa hiylə varmı?
Aydın Hüseynov
Milli Məclisin deputatı Aydın Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Qarabağdan könüllü köçmüş erməni əhalinin böyük əksəriyyəti onsuz da Ermənistan vətəndaşlığı olan şəxslərdir: “Həmin ermənilər işğal dövründə Qarabağa qanunsuz köçmüş və köçürülmüş ermənilər idi. 2023-cü ilin sentyabrında Qarabağdan köçən zaman jurnalistlərə özləri də etiraf edirdilər ki, Ermənistan vətəndaşıdırlar. Hətta onların bir çoxu Suriyadan, Livandan və digər ölkələrdən Qarabağa gəldiklərini deyirdilər. Rusiya vətəndaşı olduqlarını söyləyənlər də var idi. Ermənilərin özlərinin açıqlamaları uzun illər işğalda olan Qarabağda erməni əhalinin qanunsuz yerləşdirildiyini bir daha təsdiqlədi. Çox az sayda erməni var idi ki, onlar Birinci Qarabağ müharibəsindən öncədən orada yaşayan Azərbaycan vətəndaşları idilər. Azərbaycan dövləti dəfələrlə ən yüksək səviyyədə onlara çağırış etdi ki, köçməsinlər və vətəndaşımız olaraq yaşasınlar. Ancaq məlumdur ki, ermənilər bu müraciətləri dinləmədilər və könüllü şəkildə köçüb getdilər. Bir neçə ay öncə isə Ermənistan mediasında həmin ermənilərin Ermənistan vətəndaşlığı almaq üçün müvafiq rəsmi qurumlara müraciət etdikləri haqda xəbərlər yayılmışdı. Məsələn, Ermənistan Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidmətinin rəhbəri Armen Qazaryan parlamentdə çıxışı zamanı demişdi ki, Qarabağdan köçmüş ermənilər Ermənistan vətəndaşlığı almaq üçün kütləvi müraciətlər edirlər. Qarabağ erməniləri üçün Ermənistan vətəndaşlığının alınmasına sadələşdirilmiş prosedur qüvvədədir. Avqustun 30-na kimi 2900-dən çox erməniyə vətəndaşlıq verildiyini də demişdi. Ermənistan qanunlarına görə sadələşdirilmiş prosedur zamanı vətəndaşlıq orta hesabla iki ay ərzində verilir.
Hökumət vətəndaşlığı olmayan ermənilərin Ermənistanda yaşamasının dövlət üçün problemlər yaratdığının fərqindədir. Ona görə də bu problemi qeyd olunan ermənilərə vətəndaşlıq verməklə həll etmək istəyirlər. 2023-cü ilin sentyabrında ermənilər Qarabağı könüllü tərk etdikdən sonra Ermənistan pasportu olmayan ermənilər seçim etməli olublar. Yəni ya Azərbaycan vətəndaşlığını qəbul etmək, ya da Ermənistan vətəndaşı olmaq seçimi. Onlar Ermənistan vətəndaşı olmaq seçimini etdilər. Ermənistan hakimiyyəti ermənilərin Qarabağa qayıtmaq istəmədiklərini də bir neçə dəfə bəyan edib. Paşinyan öz çıxışlarında bu məsələ ətrafında dəfələrlə açıqlamalar verərək bildirib ki, ermənilər Azərbaycan vətəndaşı kimi qayıdıb yaşamaq istəmirlər.
Paşinyan hakimiyyəti ermənilərin Qarabağa qayıtmaq istəmədiyinə tam əmin olub və ona görə də könüllü köçmüş ermənilərə Ermənistan vətəndaşlığı verilir. Qarabağdan çıxmış ermənilərin bir hissəsi xarici ölkələrə daha yaxşı yaşayış üçün gediblər, yerdə qalanlar da Ermənistan vətəndaşlığı alaraq orada yaşamağa davam edəcək. Kimlərdə Ermənistan pasportları yoxdursa, onlara da verilir".
Çingiz Qənizadə
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə isə bildirdi ki, hazırda Qarabağdan Ermənistana könüllü olaraq köçmüş erməni sakinlərin bir hissəsi qeyri-müəyyən vəziyyətdədir, hökumət bu vəziyyəti düzəltmək istəyir: “Onlar əvvəllər iddia edirdilər ki, Ermənistan vətəndaşı olaraq Qarabağda yaşaya bilərlər. Həqiqətən də Qarabağ Ermənistan Silahlı Qüvvələrinin və separatçı erməni terrorçu qruplarının işğalı altında olduğu zamanlarda orada Ermənistan vətəndaşları olan çoxlu sayda erməni qanunsuz yaşayırdı. Qarabağdan köçmüş erməni əhalinin böyük hissəsi Ermənistan vətəndaşı idi. Hətta digər başqa ölkələrin də vətəndaşları olan ermənilər gəlib Qarabağda yerləşmişdilər. Orada yaşayan erməni əhalinin bir hissəsi isə əslində Azərbaycan vətəndaşı olan, lakin Azərbaycan vətəndaşlığını qəbul etməyənlər idi. İndi onlar bölgəni könüllü tərk etdikdən sonra qeyri-müəyyən vəziyyətlə üz-üzə qalıblar, vətəndaşlıq problemi yaşayırlar. Azərbaycan vətəndaşlığından imtina etdikləri üçün Ermənistan vətəndaşlığını almağa çalışırlar. Belə görünür ki, Ermənistan hökuməti də onlara Ermənistan vətəndaşı pasportu almaları üçün şərait yaradır. Bunun üçün qanuni prosedur elan edilib. Ona görə də Ermənistan hökumətinin bu qərarının arxasında hansısa hiylənin dayandığını düşünmürəm. Qarabağdan könüllü gedən 20-30 min erməni ilə bağlı məsələnin hüquqi tənzimlənməsi ilə bağlı addımlar atılır. Bu, Ermənistandaxili ictimai-siyasi həyatda sabitliyin bərqərar olması üçündür. Görünən odur ki, baş nazir Nikol Paşinyan bir neçə güc strukturunun rəhbərini iki gün öncə vəzifədən azad edib və daxildəki proseslərlə bağlı yeni islahatlara başlayıb. Ola bilər ki, ölkədə hansısa seçkilər və ya referendum da keçiriləcək. Hökumət həm də Azərbaycanla sülh sazişinə hazırlıqla bağlı bu addımları atır. Azərbaycanla münasibətlərin tənzimlənməsi məsələsi ilə bağlı son vaxtlar onların açıqlamalarında bir müsbət dinamika müşahidə olunur. Qarabağdan köçmüş vətəndaşlığı olmayan ermənilərə Ermənistan vətəndaşlığı verilməsi ilə müəyyən gərginliyə son qoyulmuş olacaq. Mən Ermənistan hakimiyyətinin bu addımını müsbət dəyərləndirirəm”.
Bu gün Xocavənd rayonunun Qarakənd kəndi üzərində göyərtəsində Azərbaycanın rəsmi şəxslərinin olduğu "Mi-8" helikopterinin erməni silahlı dəstələri tərəfindən vurulmasının növbəti ildönümüdür.
Qarakənd faciəsindən 33 il ötür.
1991-ci il noyabrın 20-də baş verən hadisə nəticəsində helikopterdə olan 22 nəfərin hamısı - ölkənin görkəmli dövlət xadimləri, jurnalistlər, həmçinin Rusiya-Qazaxıstan sülhməramlı missiyasının üzvləri həlak olub:
Tofiq Kazım oğlu İsmayılov – dövlət katibi
İsmət İsmayıl oğlu Qayıbov – Baş prokuror
Məhəmməd Nəbi oğlu Əsədov – daxili işlər naziri
Zülfü Saleh oğlu Hacıyev – Baş nazirin müavini
Vaqif Cəfər oğlu Cəfərov – deputat
Vəli Hüseyn oğlu Məmmədov – deputat
Osman Mirzəhüseyn oğlu Mirzəyev – Prezident Aparatının şöbə müdiri
Qurban Hüseyn oğlu Namazəliyev – nazir müavini
İqor Aleksandiroviç Plaviski – keçmiş DQMV-nin prokuroru
Vladimir Vladimiroviç Kovalyov – keçmiş DQMV-nin Daxili İşlər İdarəsinin rəisi
Sergey Semyonoviç İvanov – Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi
Nikolay Vladimiroviç Jinkin – fövqəladə vəziyyət rayonunun komendantı
Sanlal Dasumoviç Serikov – Qazaxıstan DİN-in müavini
Mixail Dmitriyeviç Lukaşov – milis general-mayoru
Oleq Nikoloyeviç Koçerev – polkovnik-leytenant
Rafiq Məmməd oğlu Məmmədov – dövlət katibinin köməkçisi
Alı Mustafa oğlu Mustafayev – telejurnalist
Arif İsmayıl oğlu Hüseynzadə – AzTV-nin işıqçısı
Fəxrəddin İbrahim oğlu Şahbazov – videooperator
Vyaçeslav Vladimiroviç Kotov – helikopter heyətinin komandiri
Gennadi Vladimiroviç Domov – helikopter heyətinin üzvü
Dmitri Borisoviç Yarovenko – helikopter heyətinin üzvü.
Əvvəlcə rəsmi olaraq helikopterin dumana düşərək qayaya çırpılması ehtimalı irəli sürülsə də, bir neçə gün sonra onun ermənilər tərəfindən vurulması faktı təsdiqlənib. Erməni separatçıları bu terror aktı ilə özlərinin terrorçu mahiyyətini bir daha sübut ediblər.
Ermənilər tərəfindən terror aktının tödərildiyi Qarakənd kəndi 2023-cü ildə düşmən tapdağından azad edilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon idarəsində və Goranboy rayon şöbəsində aparılmış xidməti yoxlamalar nəticəsində qanun pozuntuları aşkar edilib.
“Fəaliyyətlərində nöqsan və çatışmazlıqlar aşkar olunan 9 əməkdaş ciddi intizam məsuliyyətinə cəlb edilib. O cümlədən xidməti fəaliyyətlərini şəxsi maraqları üzərində qurub vətəndaşlara qarşı qanunsuz tələblər irəli sürməklə qanunla qorunan hüquqlarını pozan 3 əməkdaş xidmətdən xaric olunaraq əməllərinə hüquqi qiymət verilməsi üçün barələrində toplanmış material Baş Prokurorluğa göndərilib.
“Xidmətin strukturunda korrupsiya hüquq pozuntusu və digər qanunsuz tələblə üzləşən vətəndaşların 9100 Çağrı Mərkəzinə və ya info@seferberlik.gov.az elektron ünvanına müraciət etməsi xahiş olunur. Xidməti fəaliyyətdə şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə bu kimi tədbirlər davamlı olaraq həyata keçiriləcək”, - deyə Dövlət xidmətinin yaydığı məlumatda qeyd edilib.
Bakı şəhəri, Xətai rayonunun Keşlə qəbiristanlığında bəzi qəbirlər çöküb, ətrafı isə dağılıb. Sakinlərin iddialarına görə, bir neçə gün əvvəl ərazidə partlayış səsi eşidilib.
Xəzər TV bildirir ki, bir ailənin üç üzvünün dəfn olunduğu ərazidə ciddi dağıntılar yaranıb. Torpağın altından yüksəktəzyiqli su kollektorunun səsi eşidilir, bəzi qəbirlər isə tamamilə itib.
Bakı Şəhər İcra Hakimiyyətinin baş mühəndisi və Keşlə qəbiristanlığının müdiri bu məsələ ilə bağlı açıqlama verməkdən imtina ediblər.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, illər öncə tullantı sularının axıdılması üçün nəzərdə tutulan kollektorun üzərində salınan qəbirlərdən biri torpaq aşınması səbəbindən dağılıb. İki qəbir isə hazırda dağıntı təhlükəsi ilə üz-üzədir. Bu məsələ ilə bağlı müvafiq orqanlara dəfələrlə müraciət olunduğu və ərazidə baxış keçirildiyi qeyd edilib.
Kollektorda hər hansı qəza hadisəsi baş vermədiyi, həmçinin xətdə rejim dəyişikliyinin olmadığı bildirilib. Problemin əsas səbəbi olaraq kollektorun üzərində qəbiristanlıq salınması göstərilib, bir neçə qəbir birbaşa magistral xəttin üzərinə düşüb.
Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidmət Trestindən isə qeyd edilib ki, yağış suları kollektorunda baş verən qəza nəticəsində torpaq qatında çökmə baş verib. Bu səbəbdən uzun illər öncə dəfn edilmiş şəxslərin məzarlarına ziyan dəyib. Trest tərəfindən təhlükəli zonada yerləşən daha beş məzarın digər əraziyə köçürülməsi təmin edilib. Hadisə ilə bağlı kollektorun balansdaşıyıcısına müraciət olunub.
Bakıda tıxac olan yollar açıqlanıb.
“Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Hazırda yollardakı vəziyyət:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;
2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
3. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metrostansiyası istiqamətində;
4. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.
Xəzər dənizində 3,3 maqnitudada zəlzələ qeydə alınıb.
Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Məlumata görə, təbiət hadisəsi yerli vaxtla saat 3:34-də qeydə alınıb. Zəlzələ ocağı 75 kilometr dərinlikdə yerləşib.
Xatırladaq ki, son həftələr Xəzər dənizində seysmoloji aktivlik daha çox müşahidə edilir. Belə ki, oktyabrın 16-da, 18-də, 19-da, 23-də, habelə noyabrın 7-də Xəzərdə zəlzələlər qeydə alınıb.
Noyabrın 7-də paytaxtda hərəkətin intensiv olduğu yolda təkrar xuliqanlıq hərəkətləri etməklə, nəqliyyat vasitələrinə mane yaradan şəxs saxlanılaraq həbs edilib.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, dəfələrlə törətdiyi cinayət əməllərinə görə əvvəllər məhkum olunan, 1992-ci il təvəllüdlü T.Ələsgərli barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə polis idarəsində cinayət işi başlanılıb.
Cinayət işi üzrə istintaq hərəkətləri aparılır.