![]() |
|
Naxçıvan Muxtar Respublikasında ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
“Qafqazinfo”nun məlumatına görə, “N” saylı hərbi hissənin zabiti, 2000-ci il təvəllüdlü leytenant Nemət İlham oğlu Xələfov yaşadığı mənzildə dəm qazından zəhərlənib.
O, hadisə yerində vəfat edib.
Bildirilir ki, N.Xələfov Göyçay rayonunun Qaraman kənd sakinidir. O, ali hərbi məktəbi yenicə bitirərək Naxçıvana xidmətə yollanıbmış.
Faktla bağlı araşdırma aparılır.
Bakıda qadın külli miqdarda dələduzluqda ittiham olunur.
Lent.az xəbər verir ki, D.Həsənəliyeva G.M., A.M. bacıları və onların qardaşı M.M.-dən hotel və tikinti işlərinə sərmayə qoymalarını təklif edib.
Daha sonra, onlara qazancdan pay verəcəyini vəd verib. Məlumata görə, təqsirləndirilən şəxs bu təklif qarşılığında qardaş-bacılardan ümumilikdə 333 min 677 manat pul alıb.
Lakin sonradan vədinə əməl etməyib. Nəticədə zərərçəkənlər hüquq-mühafizə orqanlarına şikayət ediblər. Dələduzluqda şübhəli bilinən D.Həsənəliyeva məsuliyyətə cəlb edilib.
Onun barəsində ev dustaqlığı qərarı verilib.
Hazırda istintaq Bakı Ağır Cinayətlər Məhkəməsində davam etdirilir.
Ötən həftəsonu İsmayıllı rayonunda 3 dəfə zəlzələ qeydə alınıb. Noyabrın 11-də yerli vaxtla saat 08:00-da 3 bal gücündə, həmin gün saat 22:46-da 2.9 bal gücündə zəlzələ baş verib. Sosial şəbəkələrdə zəlzələnin hiss edildiyi barədə məlumatlar yayılıb.
Noyabrın 13-də saat 02:50-də baş verən 3 maqnitudalı zəlzələnin episentri isə 7 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.
Ard-arda baş verən zəlzələlər barədə xəbərlər insanlar arasında təşviş yaradıb.
Modern.az son günlər baş verən təkanlarla bağlı AMEA-nın Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, elmlər doktoru Qulam Babayevla danışıb.
O qeyd edib ki, bu bölgədə seysmik aktivlik həmişə olub, hazırda aktivliyin daha da kəskinləşməsi müşahidə edilir.
"2023-cü ilin sonuna qədər, hətta 2024-cü ildə də biz bunu müşahidə edəcəyik. Çox tez-tez dünya səviyyəsində hiss olunan, dağıdıcı zəlzələlər baş verir. Zəlzələnin fəsadları kəskin olur. Ancaq zəlzələnin də hiss olunan, güclü, dağıdıcı, katastrofik növləri var. Azərbaycan da seysmik aktivlikdən kənar deyil və olmayacaq. Biz nəhəng tektonik blokun üstündə yerləşmişik. Bu nəhəng tektonik blok Türkiyədən bütün Qafqazı əhatə etməklə, Xəzər dənizi və Türkmənistan istiqamətində uzanır. Bu, blok bir neçə qırılmalardan, pilətələrin toqquşma nöqtələrindən ibarətdir. Təbii ki, Azərbaycanda da hiss olunan zəlzələlərin baş verməsi istisna deyil. Çünki zəlzələ hər gün qeydə alınır. Sadəcə həmin zəlzələlər kiçik maqnitudalıdır”.
Elmlər doktoru İsmayıllıda baş verən zəlzələlərin kiçik maqnitudalı olmasının yaxşı hal olduğunu vurğulayıb:
“Şamaxı-İsmayıllı tektonik zonadır. Təbii ki, bu ərazilərdə əvvəlki illərdə də zəlzələlər baş vermişdi. Hətta, Şamaxı-İsmayıllı zonasında 2019-cu ildə bir neçə binanın çökməsi ilə nəticələnən zəlzələ də baş verib. Ümumiyyətlə, müqayisə aparsaq, Azərbaycanda ən güclü seysmatik zona Şamaxı-İsmayıllıdır. Nə yaxşı ki zəzlələnin maqnitudası 3 olub. Mütəmadi olaraq enerji boşalır. Ancaq fakt budur ki, zəlzələnin ocağı səthə yaxındır. Əgər zəlzələ güclü maqnituda ilə müşahidə olunsa, qorxunc mənzərə ilə üzləşə bilərik”.
O, digər ərazilərdə də hiss olunan zəlzələlərin istisna olmadığını söyləyib:
“Talış zəlzələləri Lənkəran ərazisində baş vermişdi. Burada yenə zəlzələnin baş verməsi istisna deyil. Qəbələ-Şəki zonalarında da güclü zəlzələlər müşahidə olunub. Gəncə ətrafı, kiçik Qafqazın şimal yamacında zəlzələlər baş verib. Yenidən bu zonalarda hiss olunan zəlzələlərin baş verməsi istisna deyil”.
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, baş leytenant Bəndəliyev Elsun Habil oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Tərtər hərbi prokurorluğuna məlumat daxil olub.
Bu barədə Hərbi Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Daxil olmuş məlumat əsasında Tərtər Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib.
Fakt üzrə Tərtər hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müxtəlif ekspertizalar təyin edilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.
Beynəlxalq Bankın həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyev məhkəməyə gətirilib.
“Qafqazinfo”nun məlumatına görə, 8 ildir həbsdə olan C.Hacıyev yaxın dostu, sabiq deputat Dünyamin Xəlilovun yeni cinayət işi üzrə şahid qismində ifadə verəcək.
O, cəzaçəkmə müəssisəsindən təcridxanaya etap olunub, kanvoyun müşayiəti ilə Bakı Ağır Cinayətlər Məhkəməsinə gətirilib. Proses günün ikinci yarısında başlayacaq.
Qeyd edək ki, sabiq deputat Dünyamin Xəlilov və iş adamı Azad Cavadova yeni cinayət işi açılıb.
İttihama görə, hazırda həbsdə olan Dünyamin Xəlilov və Azad Cavadovun 2001-2015-ci illər ərzində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin sabiq rəhbər vəzifəli şəxsləri ilə birgə sabit cinayətkar qrup yaradaraq rəhbərlik etdikləri “General Construction” və “Bakı Fındıq Emalı Müəssisəsi” məhdud məsuliyyətli cəmiyyətlərinin işçilərinə kreditlərin rəsmiləşdirilməsinə dair bankın vəzifəli şəxsinin verdiyi qanunsuz göstərişləri icra edib həmin şəxsləri bankın müxtəlif filiallarına göndərməklə adlarına rəsmiləşdirilmiş ümumilikdə 6 milyon 642 min manatdan artıq məbləğdə pul vəsaitini mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.
D. Xəlilov və A.Cavadova Cinayət Məcəlləsinin 179.3.1 və 179.3.2-ci (mütəşəkkil dəstə tərəfindən və külli miqdarda mənimsəmə) maddələri ilə ittiham elan edilib.
Xatırladaq ki, Dünyamin Xəlilov və Azad Cavadov Cahangir Hacıyevlə birgə məhkum ediliblər. C.Hacıyev 16 il 6 ay, D. Xəlilov 14 il 6 ay, Azad Cavadov isə 10 il 11 ay müddətinə azadlıqdan məhrum edilib.
Aşıq Namiq Fərhadoğlu qadına söz atdığına görə döyülüb.
Ölkə.Az-ın məlumatına görə, hadisə Dədə Qorqud parkında başlanıb. Daha sonra Nəsimi rayonunda yerləşən Zabitlər parkında əlbəyaxa davaya çevrilib.
Məlumata görə, Aşıq Namiq parkda gəzərkən qadına söz atıb.
Qadın isə bu haqda oğluna danışıb. Dədə Qorqud parkına gələn oğlanla mübahisə edən Namiq Fərhadoğlunun əlbəyaxa davası Zabitlə parkına qədər uzanıb. Belə ki, münaqişə bir parkda başlasa da, digər istirahət məkanında fiziki insidentə çevrilib.
Hər iki şəxsin xəsarətlərinin dərəcəsinin müəyyən edilməsi üçün ekspertlər təyin olunub.
Tərəflər qarşılıqlı olaraq bir-birindən Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə şikayət edib.
Əldə etdiyimiz məlumata görə, onlar ciddi xəsarət almayıb.
Gəncədə üç avtomobilin zəncirvari toqquşması nəticəsində iki nəfər xəsarət alıb.
Bizim.media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində, şadlıq saraylarından birinin yaxınlığında baş verib.
Hərəkətdə olan “Mercedes-Benz”, VAZ-2107 və VAZ-2106 markalı minik avtomobillərinin toqquşması nəticəsində 1986-cı il təvəllüdlü X.Abdullayev və 1989-cu il təvəllüdlü N.Məmmədova xəsarət alıblar.
Hər iki yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin stabil olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev son açıqlamasında, Xəzər dənizi ilə bağlı həyəcan təbili çalıb. Xəzərin aşağı düşmə dinamikasının narahatlıq doğurduğu söyləyən nazir, dəniz səviyyəsinin son 5 ildə 69 sm, 10 ildə isə 114 sm aşağı endiyini diqqətə çatdırıb.
Onun sözlərinə görə, Xəzər dənizinin ətraf mühitin bugünkü vəziyyəti və dəniz səviyyəsinin enmə dinamikası narahatlıq doğurur:
“Hazırda Xəzər regionu həll olunmamış ekoloji problemlərin mənfi təsiri ilə bağlı bir sıra çətinliklərlə üzləşir. Bioresursların azalması, dəniz mühitinin çirklənməsi kimi antropogen təsirlərlə yanaşı, təbii mənşəli problemlər - iqlim dəyişikliyi nəticəsində dəniz səviyyəsinin uzunmüddətli enməsi dəniz ekosistemlərinin deqradasiyasına gətirib çıxarır”.
Xəzərin dayazlaşması hansı ekoloji təhlükələrə səbəb ola bilər?
Sözügedən problemlə bağlı Bizim.Media-ya açıqlama verən AMEA Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşı, geofizika üzrə mütəxəssis, coğrafiya elmləri doktoru Əmir Əliyev isə, Xəzərin səviyyəsinin son 200 ildə 3 dəfə kəskin dəyişdiyini diqqətə çatdırıb:
“Enmələr nəticəsində 38 min hektar ərazi xilas oldu”
“1930-1977-ci illər arasında səviyyə 3 metr aşağı düşsə də, 1977-1995-ci illərdə 2.5 metr qalxıb. Amma 1995-ci ildən bu günə qədər 190 sm enib və bu günə qədər də enmə davam edir. 1977-ci ildə baş verən qalxmalar nəticəsində Azərbaycanın bütün sahil ərazilərində 50 min hektardan çox ərazi suyun altında qalmışdı.
1995-ci ildən başlayan enmələrdən sonra isə təxminən 38 min hektara yaxın ərazi dəniz sularından xilas oldu. Əgər həmin dövrlərdə biz Xəzərdən qorunurduqsa, indi onu qorumağa çalışırıq. Bir sözlə, səviyyənin dəyişməsi, ölkəmizə çox ciddi təsir edir”.
Alimin sözlərinə görə, 2005-ci ildən etibarən enmə prosesi mütəmadi hal alıb:
“Ümumi enmə hazırda 190 sm-dir. Səviyyənin enməsi dənizin su balansı ilə birbaşa bağlıdır. Xəzərə su əsasən çaylar vasitəsi ilə daxil olur ki, burada da əsas rolu Volqa və Ural çayları oynayır. Bu çaylar dənizə tökülən suyun 95 faizini təşkil edir. Bundan başqa, Kür çayından Xəzərə xeyli miqdarda su daxil olur ki, bu da dənizin doluluğunu təşkil edir.
Bir də Xəzərə tökülən yağıntılar var. Xəzərdən gedən sular var ki, bunlar da həm buxarlanma yolu ilə, həm də Qaraboğaz körfəzinə gedən sulardır. Son illər isə biz görürük ki, şimaldan Xəzərə tökülən su təxminən 30 faiz azalıb. Bir də qlobal istiləşmə nəticəsində dəniz üzərində artan temperatur nəticəsində buxarlanma həddi artıb ki, bu da səviyyəyə öz mənfi təsirini göstərir”.
“2050-ci ilə qədər dənizin səviyyəsi düşməyə davam edəcək”
“Çoxəsrlik təcrübə də göstərir ki, Xəzər hər 200 ildən bir qalxır, hər 250 ildən bir isə aşağı enir. Bizdə ən çox yuxarı qalxma periodu 1800-ci illərin əvvəllərində baş verib. Əgər hesabı 250 il üzərindən aparsaq, görərik ki, bu əsrin ortalarına qədər, yəni 2050-ci ilə qədər dənizin səviyyəsi düşməyə, daha sonra isə yenidən qalxmağa davam edəcək. Bu dövr içərisində epizotik qalxmalar da müşahidə olunacaq ki, bu da 35 ildən bir baş verir və Günəş-Yer əlaqələri ilə bağlıdır. Ola bilsin ki, 2035-ci ilə qədər müəyyən qalxmalar baş versin”.
Ə.Əliyev, bu enib-qalxmaların Xəzəryanı ölkələrin ekologiyasına, təsərrüfatına və iqtisadiyyatın digər sahələrinə çox böyük zərbələr vurduğunu bildirdi:
“Çəkilmələr Qazaxıstan sahilərində daha kəskin xarakter alıb. Belə ki, Aktau şəhri istiqamətində Manqışlaq adlı ərazidə şirin su olmadığı üçün dənizin sahilinə yaxın ərazidə zavod tikmişdilər və onun vasitəsilə Xəzərin suyunu şirin suya çevirirdilər. Ancaq dəniz çəkildiyi üçün zavod xeyli aralıda qalıb. Buna görə də yeni kanallar çəkirlər ki, suyu zavoda gətirə bilsinlər”.
“Dənizin çəkilməsi gəmiçiliyə və neft sənayesinə mənfi təsir edir”
Mütəxəssis, dəniz çəkilmələrinin Azərbaycanda əsasən gəmiçiliyə mənfi təsir etdiyini diqqətə çatdırıb:
“Gəmilərin limanlara daxil olduğu kanallar artıq dolub və bu da hərəkəti çətinləşdirir. Onları təmizləmək üçünsə böyük vəsaitlər sərf olunur. İkinci böyük zərbə neft sənayesinə dəyir. Əsasən də dənizdə qurulan neft platformaları bundan ciddi təsirlənirlər. Ona görə ki, onlar dəniz səviyyəsinə uyğun qurulub və işçilərin rahat gediş-gəlişi təmin edilib.
Ancaq səviyyə aşağı düşdüyü üçün böyük çətinliklər ortaya çıxıb. Növbəti zərbə balıqçılığa dəyir. Belə ki, son illər Kürün deltası da xeyli aşağı düşüb və nəticədə ora kürü tökməyə gedən balıq növlərinin sayı azalıb. Əsas kürütökmə məntəqəsi Volqa çayının deltalarıdır və orada da ciddi enmələr baş verdiyi üçün balıqlar əvvəlki kimi kürü tökə bilmirlər. Buna görə də qiymətli balıq növləri azalmağa başlayıb”.
Bu gün qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə keçiriləcək.
"Report" xəbər verir ki, cinayət işi Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə araşdırılır.
Prosesdə dövlət ittihamçıları - Baş prokurorun böyük köməkçisi, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov və ədliyyə müşaviri Cövdət Mehrəliyev çıxış edəcəklər. Onlar təqsirləndirilən şəxsə cəza istəyəcəklər.
Qeyd edək ki, noyabrın 6-da keçirilən prosesdə V.Xaçatryanın cinayət işi üzrə məhkəmə istintaqının başa çatdığı elan olunub.
Xatırladaq ki, V.Xaçatryanın iştirakı ilə Qarabağ iqtisadi rayonunda yaşayan, həmçinin Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı hərbi birləşmələrdən ibarət cinayətkar birliyin tərkibində Xocalı (keçmiş Əsgəran rayonu ərazisində) rayonunun Meşəli kəndində yerli azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı, təqib etmə, didərgin salma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma cinayətləri nəticəsində ümumilikdə 27 nəfər qəsdən öldürülüb, 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 2 nəfər kənd sakini girov götürülüb, 81 ailə təsərrüfatından ibarət 340 nəfər daimi yaşayış yerlərindən Azərbaycan Respublikasının digər ərazilərinə didərgin salınıb, kənd sakinlərinə ümumilikdə 13 568 060 manat, dövlətə isə 130 800 manat məbləğində maddi ziyan vurulub.
12 noyabr 2013-cü il tarixdə Xaçatryan Vaqif Çerkezoviç barəsində Cinayət Məcəlləsinin 103 və 107-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul edilib, 14 noyabr 2013-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib və 21 noyabr 2013-cü il tarixdə axtarışı elan edilərək müvafiq sənədlər Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinə və İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosuna göndərilib.
29 iyul 2023-cü il tarixdə Xaçatryan Vaqif Çerkezoviç səhhəti ilə bağlı Ermənistan Respublikasının ərazisinə keçmək istəyən zaman Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılaraq istintaqa təqdim olunub və həmin tarixdə ona Cinayət Məcəlləsinin 103 və 107-ci maddələrində nəzərdə tutulmuş ittiham elan edilərək barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Bu il sentyabrın 22-də təqsirləndirilən şəxs V.Xaçatryana Cinayət Məcəlləsinin müvafiq maddələri ilə yenidən ittiham elan edilib və sentyabrın 29-da isə cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.
İş üzrə zərərçəkmiş kimi 58 vətəndaş və Xocalı Rayon İcra Hakimiyyəti tanınıb.
Xatırladaq ki, V.Xaçatryanın müdafiəçisi Natiq Bəybalayev səhhəti ilə bağlı məhkəməyə müraciət edib. O, daha müdafiə çıxışlarına gələ bilməyəcəyini bildirib. Hazırda V.Xaçatryanın hüquqlarını vəkil Radmila Abılova qoruyur.
Azərbaycanda zəlzələ baş verib.
Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
RSXM-nin Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, noyabrın 6-da yerli vaxtla 13:51-də Zaqatala rayonunda maqnitudası 3.2, dərinliyi 4 km olan zəlzələ qeydə alınıb.
Zəlzələ hiss olunmayıb.