![]() |
|
Qarabağda antiterror tədbirləri zamanı şəhid olan daha 5 hərbçinin kimliyi müəyyənləşib.
Onların adları Müdafiə Nazirliyinin təqdim etdiyi siyahıya əlavə olunub.
Siyahı ilə bu link vasitəsilə tanış ola bilərsiniz.
Laçın sərhəd-keçid məntəqəsində daha bir separatçının saxlanıldığı bildirilir.
Qarabağdakı qondarma rejimin “dövlət təhlükəsizlik xidməti”nin direktoru Ararat Melkumyanın tutulduğu iddia edilir.
Bu barədə erməni mənbələri məlumat yayıb. Bildirilib ki, o, Azərbaycan təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb.
Xankəndidə un, yağ, makaron və s. ərzaqlarla dolu olan anbarın görüntüsü yayılıb.
Bu barədə erməni jurnalist Bella Lalayan paylaşım edib. O, ləğv edilmiş separatçı xunta rejimin rəhbərlərini Qarabağ ermənilərinə qarşı sui-istifadə etməkdə ittiham edib.
Azərbaycanın Qarabağ bölgəsindəki erməni sakinlərinin nümayəndələri ilə Yevlaxda baş tutan görüş zamanı nümayəndələrin Azərbaycan mərkəzi hökumətindən ilk istəyi ərzaq və yanacaq yardımı ilə bağlı olmuşdu.
"Koronavirus yeni "pirola" ştammının təhlükəsi onun immun müdafiədən yayına bilməsidir. Buna baxmayaraq, yeni ştamın xüsusi patogen xüsusiyyətlərə malik olduğuna dair hələ heç bir sübut yoxdur".
"Bu barədə "Arquments and Facts"a virusoloq Albert Rizvanov məlumat verib.
"Pirola" ştammı niyə təhlükəlidir?
Rizvanov deyib ki, "pirola" omikron ştammının bir növüdür, lakin digər omikron variantlarından fərqli olaraq onun genomunda 30 mutasiya var.
Virusoloq sözlərinə görə, çoxlu sayda mutasiya, ştammı peyvənd və ya əvvəlki xəstəliyə cavab olaraq inkişaf etdirilən toxunulmazlığa daha davamlı edə bilər .
"Xəstəlik çox güman ki, omikronun digər variantları ilə eyni şəkildə nisbətən yüngül formada baş verir", - virusoloq bildirib.
Rizvanov əlavə edib ki, narahatedici məqam odur ki, yeni ştamm demək olar ki, bütün qitələrdə qeydə alınır.
Onun sözlərinə görə, bu, "pirola"nın kifayət qədər canlı olduğunu və artıq bütün dünyaya yayıldığını göstərir.(Publika.az)
Hazırda Ermənistan-Azərbaycan dövlət sərhədində vəziyyət nisbətən sakitdir.
APA xəbər verir ki, bu barədə Ermənistan müdafiə nazirinin müavini Arman Sarkisyan brifinqdə bildirib.
Sarkisyanın sözlərinə görə, Qarabağdakı rejim ləğv ediləndən sonra oradakı silahlı dəstələrdə xidmət etmiş şəxslər Ermənistan silahlı qüvvələrinin sıralarında xidmətini davam etdirə bilərlər.
“Kərimə” dövləti qurmaq istəyən dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Təqsirləndirilən şəxslərin vəkilləri işlə tanış olmaq üçün vaxt istəyiblər. Bu səbəbdən məhkəmənin hazırlıq iclasının oktyabrın 5-də davam etdiriləcəyi bildirilib.
Qeyd edək ki, İranda yaşayan, həmin ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Rufulla Axundzadə və Bəxtiyar Bayramov Tərtər rayon sakini Arif Cümşüdovu şirnikləndirci vədlər müqabilində ələ alaraq ona ölkə ərazisində silahlı iğtişaşlar törətməklə hakimiyyətin ələ keçirilməsi və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsi yolu ilə şəriət qanunları ilə idarə olunan “Kərimə” dövlətinin qurulması məqsədilə “müqavimətçi dəstə” yaratması barədə tapşırıqlar veriblər.
Arif Cümşüdov verilmiş tapşırıqlar əsasında ətrafında olan dini radikalizmi təbliğ edən tanışları - Tərzan Qaraşov, Sənan Məmmədov, Xəqani Məmmədov və İqbal Axundovu bu işə cəlb edib. O, yaşadığı evdə mütəmadi olaraq təşkil etdiyi gizli yığıncaqlarda Rufulla Axundzadə və Bəxtiyar Bayramovun göstərişlərini həmin şəxslərə çatdırıb. Dəstə üzvləri əlavə şəxslərin də cəlb edilmələri istiqamətində fəaliyyətlər göstərərək bu barədə Rufulla Axundzadəyə məlumat veriblər.
Bundan başqa, Rufulla Axundzadə Bakı şəhər sakini Anar İsayevi də əməkdaşlığa cəlb edərək ona da ölkə ərazisində iğtişaşların törədilməsi yolu ilə “Kərimə” dövlətinin qurulması üçün “müqavimətçi dəstə” təşkil etməyi tapşırıb. Rufulla Axundzadə yüksək maddi gəlir, silah və digər bütün lazımi dəstəyin veriləcəyini vəd edərək təşkilatlanmaları və birgə fəaliyyət göstərmələri məqsədilə Anar İsayevi Arif Cümşüdovla tanış edib.
Saxlanılan şəxslər özlərini cəmiyyətdə “dindar” kimi qələmə verərək sosial şəbəkələr üzərindən, eləcə də insanların toplaşdığı mərasimlərdə İran və dini radikalizm lehinə təbliğat apararaq Azərbaycanda formalaşmış tolerantlıq ənənələrinə xələl gətirmək üçün xaricdən aldıqları tapşırıqları yerinə yetiriblər.
Dəstə üzvləri eyni zamanda İrandan məqsədli şəkildə göndərilən narkotik vasitələrin satışını təşkil edərək əldə etdikləri külli miqdarda pul vəsaitini məhz Azərbaycanda dini radikalizmin təbliğinə və digər pozuculuq fəaliyyətlərinin maliyyələşməsinə sərf ediblər.
“Son günlər erməni silahlı birləşmələri tərəfindən törədilmiş cinayət faktları əsasında cinayət işləri açılıb”.
Bunu Respublika Hərbi prokuroru Xanlar Vəliyev deyib.
O bildirib ki, hərbi prokurorluq orqanlarında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (İki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd); 29,120.2.12-ci (Milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd); 120.2.7-ci (İki və ya daha çox şəxsi qəsdən öldürmə); 120.2.11-ci (Quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar qəsdən öldürmə); 120.2.12-ci (Milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə); 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər (terror aktı) törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmə); 279.3-cü (Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə adamların həlak olmasına və ya digər ağır nəticələrə səbəb olduqda) və digər maddələri ilə 6 cinayət işi başlanılıb:
“Mövcud şəraitdə mümkün olan zəruri istintaq-əməliyyat hərəkətləri intensiv şəkildə həyata keçirilib”.
Qarabağ bölgəsində uzun müddət zavod kimi fəaliyyət göstərən tərk edilmiş bir neçə obyektlərə baxış keçirilib. Baxış zamanı mülki təyinatlı zavodların ərazisində, eləcə də saxlanclarında külli miqdarda döyüş texnikası, müxtəlif təyinatlı atıcı silahlar, minaatan mərmiləri ilə dolu yeşiklər və digər döyüş vasitələri aşkar edilib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, Silahlı Qüvvələrimiz tərəfindən həyata keçirilən lokal xarakterli anti-terror tədbirlərindən sonra Qarabağ bölgəsində bir neçə mülki təyinatlı obyektlərin uzun müddət hərbi məqsədlər üçün istifadə edilməsi müəyyən edilmişdir.
Millət vəkili Qənirə Paşayeva bu gün müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib.
Millət vəkili səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.
Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq millət vəkilinin həyatını xilas etmək mümkün olmayıb.
Allah rəhmət eləsin!