![]() |
|
Səbail Rayon Məhkəməsində qondarma rejimin “dövlət naziri” vəzifəsində çalışmış Ermənistan vətəndaşı Ruben Vardanyan barəsində Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq İdarəsinin təqdimatına baxılıb.
APA xəbər verir ki, hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib.
Məhkəmə tərəfindən Ruben Vardanyan barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Ruben Vardanyan ötən gün “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində saxlanılıb.
Ermənistan vətəndaşı olan 1968-ci il təvəllüdlü R.Vardanyanın Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri başa çatdıqdan sonra müsadirə edilmiş döyüş texnikası, silah və sursat barədə sentyabrın 28-i saat 10:00-a olan məlumat açıqlanıb.
Müdafiə Nazirliyi siyahını təqdim edir:
Ad - 00:20
1. Atıcı silah və qumbaraatanlar - 1132
2. Artilleriya silahları - 61
3. HHM vasitələri - 235
4. Döyüş sursatları - 434295
5. Təchizat və ləvazimatlar - 2732
6. Optik və digər cihazlar - 231
7. Zirehli texnika - 26
8. Avtomobil texnikası - 125
9. Qoşqu - 21
Qarabağdakı keçmiş qondarma xunta rejiminin “Təhlükəsizlik Şurasının keçmiş katibi” Vitali Balasanyan həbsi ilə bağlı yayılan xəbərləri təkzib edib
“Bu barədə “Tert.am”a açıqlama verən Balasanyan Qarabağda olduğunu deyib.
“Mən Qarabağdayam, ünvanımı yazın: Əsgəran şəhəri, Danielyan küçəsi 29. Mən buradayam, heç Qarabağı tərk etməyə cəhd də etməmişəm”.
O əlavə edib ki, Qarabağı tərk etmək fikrində deyil.
Qondarma "Artsax" "prezidenti"nin müşaviri David Babayan könüllü olaraq Azərbaycan dövlətinə təslim olub.
Bu barədə Babayan feysbukda yazıb.
Sentyabrın 27-də “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib.
Saxlanılan şəxs barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilib.
Qarabağda, nəhayət, bu gün – 32 il sonra minlərlə şəhid və qazimizin canı-qanı, dövlətimizin siyasəti sayəsində tam çökürdüb birdəfəlik yox etməyə çalışdığımız separatçı-terrorçu rejimin 1994-cü ilin mayında Bişkekdə “atəşkəs” barədə müqavilənin altında imzası olan və əli on minlərlə Azərbaycan vətəndaşının qanına batmış keçmiş qondarma “müdafiə naziri”(1994-2000) və “təhlükəsizlik şurası”nın sabiq rəhbəri Samvel Babayan sentyabrın 24-dən 25-ə keçən gecə Azərbaycan-Ermənistan sərhədini digər hayklar kimi sərbəst şəkildə yoxlanılıb keçdikdən sonra artıq Ermənistanın ictimai televiziyasına, məşhur erməni jurnalist Petros Qazaryana gülə-gülə müsahibə verir.
Moderator.az xəbər verir ki, bu haqda Ermənistanın “Aykakan Jamanak”, “Hraparak” və digər nəşrləri məlumat yayıb.
Aparıcının Həkəri çayı üzərindəki “Laçın” sərhəd-nəzarət məntəqəsindən necə keçməyi haqda sualına S.Babayan gülə-gülə belə cavab verir:
“Mardakert(keçmiş Ağdərə-S.L.) rayonunun kəndlərinin sakinləri əvvəlcə Stepanakertə(Xankəndi-S.L.), sonra isə İrəvana köçürüldü. Mən də məhz həmin karvanla İrəvana köçdüm. Normal şəkildə, böyük tıxaclarla gəldik və keçdik...”
Azərbaycanla sərhəddə niyə həbs olunmadığını soruşduqda isə o, belə deyir:
“Bütün vətəndaşlar kimi mən də gəldim. Maşından düşüb ayaq üstə duran Azərbaycan polisləri(yəqin ki, həm də Sərhəd Xidmətinin əməkdaşlarını nəzərdə tutur-S.L.) ilə salamlaşdım, sonra 15 metr getdim, orada bir polis də dayanmışdı, onunla da salamlaşdım və maşına minib yola düşdüm. Maşın skanerdən keçəndən sonra əyləşib keçdim. Müfəttişlər təxminən 30 yaşlarında olardılar, amma məni tanımadılar...”
Sərhəddən keçərkən heç bir maska-filan taxmadığını da əlavə edən cunayətkar separatçı rejim məmuru iddia edib ki, guya Azərbaycanın sərhəd-buraxılış məntəqəsində heç kimin pasportunu da yoxlamırlar...
Bundan əlavə, öz müsahibəsində S.Babayan Azərbaycan haqqında, onun Rusiya ilə münasibətləri haqqında ağzına gələn hədyanları danışıb, Putinin milyarder “desant”ı Ruben Vardanyanı “Azərbaycanın agenti” adlandırıb və s. və i.a.
Zəruri şərh:
Biz hələ sentyabrın 25-də axşam “Samvel Babayan gecə saat 2-də “Laçın” sərhəd məntəqəsindən keçdi? -Bəs necə?..” başlıqlı yazıda(burada:) separatçı-terrorçu S.Babayanın özünün dediyi kimi, sentyabrın 24-dən 25-ə keçən gecə saat 2-də Azərbaycan dövlət sərhədindən necə keçdiyini sual etmiş və müvafiq qurumların tezliklə məsələyə aydınlıq gətirəcəyinə ümid etdiyimizi bildirmişdik. Lakin artıq iki sutkaya yaxın vaxt keçməsinə rəğmən rəsmi qurumlarımızdan məsələyə heç bir izahat yoxdur...
Müvafiq qurumlardakı bəzi məmurlar bizi çağırıb “divara dırmaşdıra” bilərlər ki, axı siz kimsiz, bizdən izahat tələb edirsiz, özümüz bilərik, nə vaxt istəyərik, onda da izahat verərik. Elə deyil, cənablar! Əvvəla, Azərbaycan Konstitusiyasına görə, dövlətin, hakimiyyətin mənbəyi xalqdır. Biz də bu xalqın öncə bir nümayəndəsi, bir vətəndaş kimi, sonra da hörmətli dövlət başçısı İlham Əliyevin dəfələrlə özünün dolayısıyla “köməkçi”ləri adlandırdığı jurnalistlərik. İkincisi də nəinki jurnalistin, hər bir vətəndaşın istənilən dövlət qurumundan(nadir istisnalarla) informasiya, izahat almaq hüququ var. Və odur ki, hər bir vətəndaşa, eləcə də Prezidentin “köməkçi”lərinə cavab vermək sizin borcunuzdur. Bilmək lazımdır ki, ordumuzun son uğurlu antiterror əməliyyatı fonunda insanlar, vətəndaşlar, o cümlədən jurnalistlər narahatdır; Azərbaycana qarşı ən azı, 12 il, 1988-2000-ci illər ərzində saysız cinayətlər törətmiş, terrorçu “Daşnaksütyun” partiyasının yetirməsi olan “Syamo” ləqəbli Samvel Babayan necə olur ki, Azərbaycan Dövlət Sərhədindən maneəsiz keçib Ermənistana gedir?.. Axı biz dövlət olaraq Xankəndindəki separatçı rejim tör-töküntüləri qarşısında Azərbaycana qarşı cinayət törətmiş ermənilərin siyahısını təqdim edərək onların təhvil verilməsi şərtini qoymuşuq. Belə çıxır ki, sabah Araik Arutyunyan da, Bako Saakyan da, Arkadi Qukasyan da, Vitali Balasanyan da, elə Ruben Vardanyan da belə “yavaşca” “buxarlanıb” aradan çıxacaqlar?..
Onu da xatırladaq ki, Samvel Babayanı artıq ikinci dəfədir ki, əlimizdən buraxırıq. İlk dəfə o, 1991-ci ilin iyununda hələ o, Qarabağdakı qanunsuz erməni “özünümüdafiə dəstələri” komandirinin müavini olduğu bir vaxtda – sovet qoşunları ilə birgə keçirilən məşhur “Həlqə” əməliyyatı zamanı SSRİ Hərbi Qüvvələri komandanlığının əmri ilə pasport rejimini pozmaq adı ilə həbs edilmiş və 6 aydan artıq Bakı şəhərindəki həbsxanada saxlanıldıqdan sonra yenə də Moskvanın göstərişi ilə buraxılmşdır. Amma nəzərə alaq ki, o zaman hələ Azərbaycan dövləti tam müstəqil deyildi, Kremlin tabeliyində idi... Bəs indi necə oldu xalqımızını bu qatili müstəqil(!) dövlətimizin sərhədindən keçib aradan çıxdı?..
Tanınmamış qondarma rejimin keçmiş dövlət naziri (hökumət başçısı) Ruben Vardanyan Gorusa getməyə cəhd edərkən Azərbaycanla sərhəddə saxlanılıb.
TASS etibarlı mənbələrinə istinadən informasiyanı təsdiqləyib.
Bundan əlavə haqqın.az-ın informatorları da xəbəri doğrulayıb.
***
Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend əri ilə bağlı açıqlama verib.
"CivilNet" xəbər verir ki, arvadının sözlərinə görə, onunla əlaqə kəsilib.
Vardanyanın saxlalanılma xəbərini Azərbaycan mediasında gördüyünü deyib. O, başqa təfərrüatları açıqlamayıb.
***
Qarabağdakı keçmiş qondarma rejimin “dövlət naziri” Ruben Vardanyanın Laçın yolu vasitəsilə Ermənistana getmək istəyərkən saxlanıldığı iddia edilir.
Bu haqda Ermənistanın Politik.am saytı məlumat yayıb.
Sayt iddia edir ki, Ruben Vardanyan Ermənistana gedən yolda həbs edilib.
“Məlumatı hələlik yoxlamaq mümkün deyil” – deyə xəbərdə bildirilir. //yeni sabah
Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19-20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri nəticəsində 192 hərbi qulluqçumuz şəhid olub.
Açıqlanan rəsmi siyahıya əsasən, şəhid olan zabitlərin sayını müəyyən edib.
Belə ki, Müdafiə Nazirliyinin (MN) zabitlərdən 4-ü mayor 6-sı kapitan, 1-i polkovnik-leytenant, 12-si baş leytenant, 6-sı kiçik leytenant, 9-u isə leytenant olub.
Döyüşlər nəticəsində MN-in 38 zabiti şəhid olub.
Səhhətində yaranan problemlərlə əlaqədar sentyabrın 23-də Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilən deputat Qənirə Paşayevanın son durumu məlum olub.
Bu barədə lent.az-a deputatın qardaşı Hüseyn Paşayev bildirib.
O qeyd edib ki, Qənirə Paşayeva hazırda reanimasiyadadır:
"Qənirə Paşayevanın vəziyyəti stabil ağırdır. Deputatın müalicəsi davam etdirilir".
Qeyd edək ki, sentyabrın 23-ü saat 03:01 radələrində TƏBİB-in tabeliyindəki Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Q.Paşayeva üçün çağırış daxil olub. Ona naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulub. Müayinə zamanı göstəriciləri - arterial təzyiq 50/0 mm. c. süt, nəbz 1 dəqiqə 47 vurğu, SPO2 (saturasiya) 82% olub. İlkin müdaxilələrdən sonra göstəriciləri arterial təzyiq 110/60 mm. c.süt., nəbz 1 dəqiqədə 68 vurğu, SPO2 (saturasiya) 97% olub.
Həkimlər Q.Paşayevanın xəstəxana şəraitində müalicəsini məsləhət görüb. Deputat ailə üzvlərinin istəyi ilə təcili tibbi yardım briqadası tərəfindən Mərkəzi Klinikaya təxliyə olunub. O, süni tənəffüs aparatına qoşulub.
Bu gün Vətən müharibəsinin başlanmasının üçüncü ildönümüdür.
Azərbaycan Ordusunun sürətli əks-hücum əməliyyatının birinci günündə işğal altındakı altı ərazi işğaldan azad edilib.
Azərbaycan Ordusu üç istiqamətdə - Füzuli, Cəbrayıl və Kəlbəcər - müharibənin ilk uğurunu qazanıb.
Belə ki, Füzulinin Qaraxanbəyli, Qərvənd və Horadiz kəndləri işğaldan təmizlənib.
Cəbrayılın Böyük Mərcanlı, Nüzgar kəndlərində də işğala son qoyulub.
Ordumuzun 27 sentyabrdakı uğurlu əməliyyatları nəticəsində Kəlbəcərin Murovdağ zirvəsi də işğaldan azad edilib.