![]() |
|
Gecə saatlarında yağan güclü yağış paytaxtı su altında qoyub.
BAKU.WS xəbər verir ki, yağıntının ən çox düşdüyü yerlərdən biri də Bakının Qaradağ rayonu olub.
Qeyd edək ki, hər dəfə güclü yağış yağarkən ticarət mərkəzində eyni problem ortaya çıxır.
Erməni terrorçu-quldur birləşmələri tərəfindən törədilən, tarixə qanlı və amansız cinayət kimi düşən Ballıqaya qətliamının ildönümüdür.
Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlılara qarşı törədilmiş qətliamdan 31 il ötür.
Qətliam nəticəsində aralarında 6 uşaq, o cümlədən 6 aylıq körpə və 93 yaşlı ahıl qadın da olmaqla, 24 nəfər azərbaycanlı mülki şəxs amansızlıqla qətlə yetirilib. Əksəriyyəti uşaqlar, qadınlar və qocalar olan qətlə yetirilmiş şəxslərin bəzilərinin meyitləri yandırılıb. Qətliam nəticəsində 3 azyaşlı uşaq hər iki valideynini itirib.
Ballıqaya qətliamı Ermənistan silahlı qüvvələrinin bundan əvvəl Xocavəndin Qaradağlı kəndində, Xocalı şəhərində, Kəlbəcərin Ağdaban kəndində Qarabağın azərbaycanlı əhalisini kompakt şəkildə məhv etmək məqsədi ilə törədilən silsilə kütləvi qırğın aktlarından biridir.
1992-ci ilin yay aylarında Laçın işğal olunandan sonra öz evlərindən didərgin düşən yerli əhali Azərbaycanın müxtəlif bölgələrində məskunlaşmağa məcbur olub. Yaxın qohumluq münasibətləri olan 6 ailə isə heyvandarlıq üçün əlverişli olan Ballıqaya ərazisində məskunlaşıblar. Avqust ayında Ballıqaya kəndində çadırda məskunlaşan Laçın rayon sakinləri də buraya sırf heyvandarlıq məşğuliyyətini davam etdirmək məqsədiylə gəliblər.
Lakin onlar avqust ayının 28-də xüsusi amansızlıqda qətlə yetiriliblər. Belə ki, səhər saat 5 radələrində Ermənistan ordusunun 10-12 nəfərdən ibarət diversiya dəstəsi əraziyə daxil olub və əliyalın günahsız insanlara silahla hücum çəkiblər. Nəticədə özlərini müdafiə etməyə üzərilərində heç bir silah belə olmayan 24 mülki insan amansızlıqla öldürülüb və 9 nəfər isə ağır yaralayıb. Qətlə yetirilən və ağır bədən xəsarəti alan şəxslərin hamısı heyvandarlıqla məşğul olan mülki şəxslər, çobanlar və onların ailə üzvləri olub.
İstər Ballıqaya, istər Qaradağlı, istərsə də Xocalı və Ağdaban faciələrinin törədilməsi bir daha onu göstərir ki, ermənilər dinc azərbaycanlılara qarşı tarix boyu düşmən mövqedə dayanıblar. Onların azərbaycanlılara qarşı törətdiyi bu qətliamlar Azərbaycan tarixinin qan yaddaşına həkk olunub.
Ermənilərin azərbaycanlılara qarşı törətdiyi bütün qətliamların qisası 2020-ci ilin sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları zamanı bir-bir alınıb. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu düşməni döyüş meydanında məhv edə-edə qələbə qazanmaqla yanaşı bu qisasın alınmasına nail olunub. Baxmayaraq, Ermənistan silahlı qüvvələri hətta Vətən müharibəsi günlərində də dinc əhaliyə qarşı hərbi cinayətini davam etdirib. Azərbaycan əsgərinin qarşısında tab gətirməyən düşmən döyüş meydanından qaçaraq o zamankı cəbhəyanı ərazilərdə yerləşən və eləcə də cəbhəyanı ərazilərə yaxın olan şəhər və rayonları ballistik raketlərlə bombalayıb. Gəncə və Bərdə şəhərlərinin düşmən tərəfindən ballistik raketlərlə bombalanması nəticəsində neçə-neçə günahsız insanın, azyaşlıların, qadınların həyatına son qoyulub. Eləcə də Mingəçevir, Yevlax, Naftalan, Goranboy, Tərtər, Ağdam, Ağcabədi və digər şəhər və rayonlarda mülki əhali və infrastrukturu mərmi və raket atəşinə məruz qoyması nəticəsində uşaq və qadınlar da daxil olmaqla çoxlu sayda insan qətlə yetirilib.
Bütün bunlar dinc azərbaycanlılarla düşmənçilik edən ermənilərin – erməni silahlı birləşmələrinin ideologiyasının əsas qayəsidir.
Amma onların bu ideologiyası da, mifologiya üzərində quraraq özlərini inandırmağa çalışdıqları yenilməz orduları da məhv edildi. Məhz qətiyyətli Ali Baş Komandanın ətrafında sıx birləşən Azərbaycan xalqının birliyi və Azərbaycan ordusunun şücaəti sayəsində. Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun həyata keçirdiyi tədbirlər nəticəsində uzun illər işğal altında saxlanılan torpaqlarımız düşmən tapdağından azad edildi. Bununla da, tarixi ədalət bərpa olundu və qələbə qazanıldı. Tarixən azərbaycanlılara qarşı kütləvi qırğın, qətliam və soyqırımı törədən erməni silahlıları və onların tör-töküntüləri isə döyüş meydanında yerindəcə məhv edildi. Əldə olunmuş Zəfərə, qazanılmış qələbəyə baxmayaraq, Azərbaycan xalqı ermənilərin törətdiyi kütləvi qətliamları heç bir zaman unutmayıb.
Prezident, Ali Baş Komandan İlham Əliyev də dəfələrlə çıxışlarında Azərbaycan xalqına qarşı yönəlmiş bu qırğınların heç birinin unudulmayacağını və buna görə Ermənistanın hüquqi müstəvidə cavab verməyə məhkum ediləcəyini bildirib.
Ballıqaya faciəsində qətlə yetirilən günahsız mülki insanların xatirəsini sayğı ilə anırıq. Aşağıdakı siyahıda onların adları yer alıb:
№ | A.S.A | Doğum tarixi | Yaşı |
Azyaşlı uşaqlar | |||
1 | Hümbətov Elçin Vəzir oğlu | 1980 | 12 yaş |
2 | Hümbətov Bəxtiyar Vəzir oğlu | 1982 | 10 yaş |
3 | Hümbətov İsmayıl Vəzir oğlu | 1984 | 8 yaş |
4 | Hümbətov Nəvadi Vəzir oğlu | 1986 | 6 yaş |
5 | Hümbətova Gülnar Vəzir qızı | 1988 | 4 yaş |
6 | Hümbətov Canpolad Vəzir oğlu | 1992 | 6 ay |
Qadınlar | |||
1 | Abdullayeva Səadət Abdulla qızı | 1973 | 19 yaş |
2 | Mehdiyeva (Məhərrəmova) Qənirə İbrahim qızı | 1935 | 57 yaş |
3 | Mehdiyeva Ayna Hümbət qızı | 1967 | 25 yaş |
4 | Mehdiyeva Bəyim Aydın qızı | 1959 | 33 yaş |
5 | Mehdiyeva Gülayə Əli qızı | 1925 | 67 yaş |
6 | Mehdiyeva Süraya Məhəmməd qızı | 1956 | 36 yaş |
7 | Kalbalıyeva Nubar Muradxan qızı | 1952 | 40 yaş |
8 | Vəliyeva Zeynab Hüseyin qızı | 1899 | 93 yaş |
9 | Alməmmədova Minaya Əbilqasım qızı | 1930 | 62 yaş |
10 | Alməmmədova Zeynəb Şəmil qızı | 1972 | 20 yaş |
11 | Alməmmədova Kəmalə Şəmil qızı | 1976 | 16 yaş |
12 | Hümbətova Hürzaman Qara qızı | 1959 | 33 yaş |
13 | Hümbətova Gülnar Vəzir qızı | 1988 | 4 yaş |
Qocalar | |||
1 | Abdullayev Abdulla Bədəl oğlu | 1934 | 58 yaş |
2 | Mehdiyev Hümbət Əbulqasım oğlu | 1930 | 62 yaş |
3 | Mehdiyeva (Məhərrəmova) Qənirə İbrahim qızı | 1935 | 57 yaş |
4 | Mehdiyeva Gülayə Əli qızı | 1925 | 67 yaş |
5 | Vəliyeva Zeynab Hüseyin qızı | 1899 | 93 yaş |
6 | Alməmmədova Minaya Əbilqasım qızı | 1930 | 62 yaş |
Ötən gün Göyçaya gələn sel rayonun beş kəndində o cümlədən Qaraməryəm, Aşağı Qaraməryəm, Qarayazı, Qarabaqqal və Bığır kəndlərində bir sıra fəsadlara yol açıb.
“Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, hazırda Aşağı Qaraməryəmdə körpünün uçması nəticəsində kəndlə rayon arasında əlaqə tam kəsilib.
Aidiyyəti qurumların əməkdaşları fəsadların aradan qaldırılması istiqamətində işləri həyata keçirməyə başlayıblar. Azərbaycan Avtomobil Yolları Dövlət Xidmətinin baş mühəndisi “Report”un yerli bürosuna bildirib ki, yağışlar nəticəsində gecə saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 194 + 5-ci km-lik hissəsində sel suları avtomobil yolunun torpağ yatağına zərər vuraraq çökmə və sürüşmə əmələ gətirib: “Səhər saatlarında da Dövlət Xidmətinin canlı qüvvələri və texniki vasitələri ilə çökmüş, sürüşmüş yerlərdə təmir işləri başlayıb. Yararsız materiallar yararlı materiallarla doldurulacaq və örtük yeni asfalt örtüyü ilə təmin olacaq. Çalışacağaq ki, sabah səhər saat 12-ə qədər asfalt örtüyü vurulsun, işlər yekunlaşsın və hərəkət təmin olunsun. Hazırda yolun sağ hərəkət hissəsində hərəkət qismən təmin olunub, təhlükəsizlik təmin edilib.
Göyçay rayon icra hakimiyyəti başçısının birinci müavini İkram Vəliyev “Report”a bildirib ki, İsmayıllı rayonuna yağan güclü leysan nəticəsində Göyçaya sel gəlib. Təbii hadisə beş kəndi əhatə edib. Sel rayonun Aşağı Qaraməryəm kəndində beş körpünü dağıdıb. Həmçinin Bakı-Şamaxı-Yevlax magistral yolunun Qaraməryəm kəndindən keçən hissəsində də körpü, yol dağılıb və avtomobillərin gediş-gəlişi dayandırılıb. Hazırda yolda aidiyyəti qurumlar tərəfindən işlər görülür.
Sel nəticəsində ən çox ziyan çəkən rayonun Qarayazı, Qaraməryəm, Aşağı Qaraməryəm, Qarabaqqal və Bığır kəndləridir. Hazırda selin rayona vurduğu ziyanın həcmi hesablanır.
Qeyd edək ki, sel nəticəsində rayonda xeyli sayda obyektlərə, evlərə, şəxsi təsərrüfatlara da ziyan dəyib.
Azad İran “Telegram” kanallarının məlumatına görə, İran Ermənistana silah və dron ötürərək onu Azərbaycanla qarşıdurmaya hazırlayır.
Küveytin “Al-Jarida” qəzetinin məlumatında Azərbaycan və İran KİV-də Hindistanın hərbi maşınlarının İran üzərindən Ermənistana daşınması ilə bağlı videomaterialların dərcindən iki gün sonra İrəvana “külli miqdarda texnika və sursat” gətirildiyi xəbəri verilib.
İranın Ermənistana olan dəstəyinə münasibət bildirən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli "Sherg.az"a bildirib ki, silahlar Fransadakı erməni lobbisi tərəfindən alınır və Hindistana ötürülür:
"Silahlar Mumbaydan İranın Çabahar limanına gətirilir. Daha sonra oradan Ermənistan ərazisinə keçirilir. Bunun təxminən 30 faizi Zəngəzur dəhlizindədir. Yerdə qalan 70 faizi isə Rusiya tərəfindən Qarabağ bölgəsinə keçirilib. Söhbət qiyməti 800 milyon dollara yaxın olan silahdan gedir. Əlbəttə, onların hər tərəfin marağı daxilində nail olmaq istədikləri separatçı rejimi ayaqda saxlamaqdır. Həm də Azərbaycan ilə təxmin edilən savaşında hansısa kiçik bir üstünlüyə nail olmaq və psixoloji üstünlüyü ələ keçirməkdir. Bütün gedişat bunu göstərir. Bəlkə də Rusiya öz vətəndaşlarını bir növ bölgədən çıxarmaqla təhlükəsizlik məsələlərini nəzərdən keçirmiş olur. Ona görə bu məsələ böyük ölçüdə bir problemdir. Onlar Ermənistanı və Qarabağdakı erməniləri revanş siyasətinə yönləndirməkdədirlər".
"Qarabağdan ermənilərin kütləvi köçü gözlənilən idi. Çünki orada separatizmi dəstəkləyənlər Azərbaycanın tərkibində yaşamaqdan imtina edirlər".
Bu barədə politoloq Məhəmməd Əsədullazadə deyib. Ekspertin sözlərinə görə, Qarabağı tərk edən qadınlardan birinin "Miatsumu" simvolizə edən əl çantasının nümayişkaranə şəkildə göstərilməsi də bunu sübut edir: "Azərbaycan tərəfi Qarabağı tərk edənlərə tam şərait yaradır. Hətta öz şəxsi avtomobilləri ilə gedənlərə də imkan verilməlidir. Görünən odur ki, əsasən gənclər Qarabağı tərk edəcək. Xankəndidə oturan separatçı rejimin başçısı Araik Arutyunyan təşviş içindədir. Ermənilərin Bərdə şəhərində görüşəcəyi, Ağdam-Xankəndi yolundan istifadə etməklə yüklərin daşınmasına razılıq verdikləri erməni mətbuatında yer almaqdadır. Separatçıların nümayəndəsi Samvel Babayan ötən günlərdə "BBC" radiosuna müsahibəsində Əsgəranda lojistik mərkəzin qurulması, malların Ağdamdan gətirilərək burada toplanması və sonra paylanmasını təklif etmişdi. Ola bilər belə bir təklif reallaşsın. İstənilən halda Qarabağdan ermənilərin kütləvi surətdə köçünə şərait yaradılması davam etdirilməlidir. Bundan sonra Xankəndidəki separatçılar reallıqları qəbul etməyə məcbur olacaqlar. Rusiyanın Ruben Vardanyan və Nikol Paşinyanın "status" planları fiaskoya uğrayıb. Əgər Bərdədə görüş baş tutarsa, ilkin mərhələdə Xankəndi-Ağdam yolu ilə yüklərin daşınması razılaşdırılacaq. Növbəti danışıqlar olarsa, silahlı erməni qüvvələrinin çıxarılması tələb edilməlidir. Ermənilərin Qarabağı kütləvi tərk etməsi, İrəvanı da Azərbaycanla sülh müqaviləsi bağlamağa məcbur qoyacaq".
Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) iki əməkdaşı beton piltələrin çökməsi nəticəsində dənizə düşüblər.
Bu barədə “Report”un sorğusuna cavab olaraq “Azneft”dən məlumat verilib.
Bildirilib ki, NQÇİ-nin birinci mədən ərazisində neft yığım məntəqəsində qəzalı sahədə planlı təmir işləri apararkən “Neftqaztikinti” trestinin əməkdaşları 1960-cı il təvəllüdlü, quraşdırıcı vəzifəsində çalışan Şirvan Ataş oğlu Ağaməmmədov və 1984-cü il təvəllüdlü, qaynaqçı vəzifəsində çalışan Şamo Mətləb oğlu Nərimanov beton piltələrin çökməsi nəticəsində dənizə düşüblər.
“Azneft”dən bildirilib ki, aparılan axtarış-xilasetmə işləri nəticəsində hər iki şəxsin nəşi dənizdən çıxarılıb:
“Hadisə nəticəsində həlak olanlara Allahdan rəhmət diləyir, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”.
Avqustun 23-ü saat 23:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
Yerli vaxtla saat 01:23-də Masallı və Cəlilabad rayonlarının inzibati sərhədində 5 maqnitudada zəlzələ olub.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Təbii hadisə bir sıra rayonlarda, o cümlədən Beyləqanda, Yardımlıda, Saatlıda, Lerikdə hiss edilib.
Zəlzələ anında qeydə alınan görüntüləri təqdim edirik:
İrandan qaçaqmalçılıq yolu ilə göndərilən 19 kiloqram narkotik vasitənin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı polis əməkdaşları tərəfindən alınıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində həyata keçirdikləri əməliyyat tədbiri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən Astara rayon sakinləri Elçin Əbilov, Orxan Qəmbərov və Elşən Babayev saxlanılıblar. Onlardan 4 kiloqram heroin, 3 kiloqram metamfetamin, 10 kiloqram tiryək olmaqla ümumilikdə 17 kiloqram narkotik vasitə və psixotrop maddə aşkar olunaraq götürülüb.
Şöbə əməkdaşlarının rayon ərazisində keçirdikləri digər əməliyyat tədbiri nəticəsində isə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Kənan Əlizadə saxlanılıb. Bu şəxsdən isə 2 kiloqrama yaxın psixotrop maddə olan metamfetamin aşkarlanaraq götürülüb. Araşdırma zamanı saxlanılan şəxslərin İranda yaşayan narkotacirlər vasitəsilə narkokuryerliyə cəlb edildikləri müəyyən olunub.
Bundan əlavə, Biləsuvar RPŞ-nin əməkdaşlarının son bir ay ərzində keçirdikləri profilaktik tədbirlər nəticəsində rayon sakinlərindən müvafiq sənədləri olmayan 41 ədəd tüfəng aşkar olunaraq götürülüb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.