![]() |
|
Ölkədə hökm sürən anomal isti artıq fəsadlarını göstərməyə başlayıb. Artıq bir neçə nəfər dünyasını dəyişib.
Xəzər TV xəbər verir ki, ilk ölüm xəbərləri havanın ən isti olduğu aran rayonlarından gəlib. Belə ki, Hacıqabulda iki nəfər günvurmanın qurbanı olub.
Digər şəxs isə evinin həyətində günvurmadan dünyasını dəyişib.
Əsasən də açıq havada sahədə və fərdi təsərrüfatlarda işləyənlər günvurmaya məruz qalırlar.
Sumqayıtda da 1 nəfər günvurmanın qurbanı olub.
Zavodların birində çilingər işləyən 59 yaşlı tahir quliyevin günorta saatlarında işdə halı pisləşib. Xəstəxanaya aparılsa da, çox keçmədən dünyasını dəyişib.
Sumqayıt Tibb Mərkəzindən onun günvurmadan dünyasını dəyişdiyi bildirilib.
Səhiyyə Nazirliyi də günvurma ilə bağlı əhaliyə müraciət edib.
Avqustun 11-i saat 21:10-dan 21:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Bəzirxana və Zəylik yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutublar.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bundan başqa, avqustun 12-si saat 07:43-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri də atıcı silahlardan atəşə tutulub.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
“Türkiyənin Malatya vilayətində baş verən yeraltı təkanların Azərbaycana heç bir təsiri gözlənilmir. İnsanlar arasında narahatlıq yaratmağa əsas yoxdur”.
Bunu oxu.z-a açıqlamasında Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. Onun sözlərinə görə, zəlzələnin Azərbaycan üçün dağıdıcı fəsadları gözlənilmir:
“Respublikada güclü, dağıdıcı zəlzələ olmayacaq. Haradasa bunun gözləntisi var, deyə bilmərik. Xırda təkanlar olur, olacaq da. Arabir bu təkanlar əhali tərəfindən hiss olunur. Lakin heç bir halda bu, ağır fəsadlara və ya bədbəxt hadisələrə gətirib çıxara bilməz. Əhali arasında bu mövzuda hər hansı ajiotaj yaradacaq məlumatlar bölüşülməsin”.
Sumqayıtda baxımsız şəraitdə saxlanılan 3 yaşlı qız sığınacağa yerləşdirilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı polis mayoru Anar Qafarov məlumat verib.
O bildirilib ki, sosial şəbəkələrdə Sumqayıt şəhərində azyaşlının qeyri-insani rəftara məruz qalması ilə bağlı yayılan informasiyalar DİN tərəfindən nəzarətə götürülüb: "Belə ki, Sumqayıt şəhəri ərazisində yaşayan Abdullayeva Ülviyyə Rəsul qızının himayəsində olan 3 yaşlı uşağı baxımsız şəraitdə saxlaması barədə Sumqayıt Şəhər Polis İdarəsinə məlumat daxil olub. Məlumat əsasında polis əməkdaşları həmin ünvanda Ülviyyə Abdullayevanın himayəsində olan 3 azyaşlıdan biri - 2021-ci il təvəllüdlünün bədənində müxtəlif xəsarətlər aşkar ediblər. Azyaşlı himayəsində olan nənəsi ilə birlikdə Təcili Tibbi Yardım Şöbəsinə gətirilib. İlkin müayinə zamanı azyaşlının fiziki va psixoloji cəhətdən öz yaşıdlarından geri qalması və sağ qulağında xəsarətlər aşkar edilib. Azyaşlı tibbi yardım göstərilməsi və müvəqqəti olaraq qalması üçün polis əməkdaşları tərəfindən sığınacağa yerləşdirilib. Hazırda faktla bağlı Sumqayit Şəhər Polis İdarəsinin Təhqiqat Şöbəsində araşdırma aparılır. Müvafiq ekspertizalar təyin edilib".
Milli Hidrometeorologiya Xidmətinin avqustun 11-i saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti sabit olub, yağmursuz keçib.
Xidmətdən bildirilib ki, havanın maksimal temperaturu avqustun 10-da Bakıda iqlim normasından 5 dərəcə yuxarı olub. Bakıda və Abşeron yarımadasında, eləcə də Gəncə-Qazax zonasında temperatur 40, Naxçıvan MR və aran rayonlarında 42, dağlıq rayonlarda isə 34 dərəcəyədək yüksəlib.
İsti hava dalğasının təsiri nəticəsində ölkə ərazisində müşahidə olunan isti və bürkülü hava şəraitinin avqust ayının ortalarınadək davam edəcəyi, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 37-40, bəzi yerlərdə 41-42, aran rayonlarında 38-40, bəzi yerlərdə 42-44 dərəcə isti olacağı gözlənilir.
Bir müddət əvvəl yeni inzibati binaya köçən Şəki Şəhər İcra Hakimiyyətinin köhnə binasının istifadəsiz qaldığı bildirilir.
Üzərindəki yazıları da çıxarılan binanın söküləcəyi ilə bağlı məlumatlar yayılıb.
Artıq 3 gündür binanın taleyi ilə bağlı məlumat almaq üçün icra hakimiyyətinin saytında qeyd olunan nömrələrə zəng etsək də, dəstəyi götürən olmadı.
Qeyd edək ki, Şəki Şəhər İcra Hakimiyyətinin yeni inzibati binasınının açılışı ötən il dekabrın 2-də baş tutub.
“Göyçə Zəngəzur Respublikası”nın prezidenti və “Qərbi Azərbaycana Qayıdış” İctimai Birliyinin rəhbəri kimi təqdim edilən Rizvan Talıbov, həmçinin “respublika”nın yeni prezidenti olduğu bildirilən, müvəqqəti olaraq Türkiyədən Azərbaycana gəlmiş Tünzalə Çələbiyeva barəsində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) araşdırmalar aparılıb. Müvafiq axtarışların həyata keçirilməsi, sorğulanmaları ilə əlaqədar hər iki şəxs istintaq orqanına cəlb olunub.
“Qafqazinfo”nun məlumatına görə, hazırda R.Talıbov və T.Çələbiyeva ilə əlaqə saxlanılması mümkün deyil.
Xatırladaq ki, 2022-ci ildə “Qərbi Azərbaycana Qayıdış” İctimai Birliyinin rəhbəri Rizvan Talıbov “Göyçə Zəngəzur Respublikası”nın yaradıldığını elan etmiş, onun “respublika”nın dövlət başçısı olduğu, həmçinin “respublika”nın öz parlamenti, nazirlər kabinetinin olduğu iddia edilmişdi. (Qeyd olunan təşkilatların Qərbi Azərbaycan İcması ilə heç bir bağlılığı mövcud deyil).
Sentyabrın 19-da Türkiyənin Ankara şəhərində “respublika”nın nümayəndəliyinin açıldığı bəyan edilmişdi.
2023-cü ilin yanvar ayında “Göyçə Zəngəzur Respublikası” və “Qərbi Azərbaycana Qayıdış” İctimai Birliyi tərəfindən Rizvan Talıbovun “Göyçə Zəngəzur Respublikası”na rəhbər vəzifələrə təyinatları barədə məlumatlar və siyahı yayılmışdı.
Qərbi Azərbaycan İcması bəyanat verərək, belə bir təşəbbüsün dəstəklənmədiyini bəyan etmişdi.
Məlum olduğu kimi, Rizvan Talıbov tərəfindən mənsubiyyəti məlum olmayan dairələrlə birgə özbaşına olaraq “Göyçə Zəngəzur Respublikası” adlı qurumun elan edilməsi Qərbi Azərbaycan ziyalıları tərəfindən böyük təxribat kimi qiymətləndirilmişdi.
Daha sonra Rizvan Talıbovun rəhbər vəzifələrə təyin etdiyini bildirdiyi xarici ölkə vətəndaşlarının İraq kürd icmaları ilə və digər ölkələrdə müəmmalı görüşləri, xarici ölkə vətəndaşları tərəfindən Rizvan Talıbovun “respublika” prezidentliyindən uzaqlaşdırılaraq Tünzalə Çələbiyevanın prezident elan edilməsi ictimaiyyətdə əlavə çaşqınlıq və suallar yaratmışdı.
Qeyd edək ki, 1989-cu ildən fəaliyyət göstərən “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin hüquqi varisi olan Qərbi Azərbaycan İcması həmin ildən etibarən Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan və 1987-1991-ci illərdə qaçqın düşən azərbaycanlılar barədə faktların və sənədlərin toplandığı və saxlandığı yeganə leqal ictimai qurumdur.
Avqustun 8-də birdən-birə peyda olan “Səlibçilər” təşkilatının üzvləri İrəvanda Ermənistan hökumətinin binası qarşısında Xankəndidəki terrorçu-quldur dəstəsinə dəstək vermək adı altında aksiya keçirdilər. Özlərini Qarabağ müharibələrinin iştirakçıları adlandıran “Səlibçilər” dəstəsinin komandiri Sarkis Poqosyan İrəvanın mərkəzi meydanında yekə-yekə bəyanatlar verərək deyib ki, hakimiyyət dəstək verməsə belə, onlar özləri sərhədə gedəcəklər. O, hətta gurultulu bəyanatla çıxış edərək Kornidzora gedərkən yolda hərbi hissələrə baş çəkib hərbi hissələrdən onları silahla təmin edilməsini istəyəcəklər.
“Geri yolumuz yoxdur, biz həmişə irəli gedirik, kimisə döymək olar, kimisə zədələmək olar, amma bu, zəifləyəcəyimiz demək deyil. Belə bir şey yoxdur”, - Poqosyan bildirib.
İrəvanın meydanında gurultulu bəyanat versələr də, avqustun 9-da Laçın sərhədinə cəmi 30-40 “səlibçi” gələ bildi. Qalanları elə İrəvandaca “əriyib” yoxa çıxdılar. Səbəbi isə bəllidir. Onlar “igidlik ondur, doqquzu qaçmaq, biri isə heç meydanda görünməməkdir” prinsipinə əməl edərək aradan çıxdılar. Yaxşı bilirlər ki, onları Laçında hansı acı aqibət gözləyə bilər.
Lakin hələ də “sinəsinə döyən” 5-10 nəfər vaxtı ilə havadarlarının hesabına Azərbaycan torpaqlarını zəbt edən “səlibçi”çilər özlərini köhnə əyyamda olduğu kimi hiss edərək Azərbaycan əsgərlərinin dayandığı Laçın sərhəd-buraxılış məntəqəsinin bir neçə kilometrliyinədək, yəni durbinlə baxa bildikləri məsafəyədək gəldilər. Uzaqdan vəziyyəti seyr edən “səlibçilər” burada da “hamımız xidmət etmişik, bura niyə gəldiyimizi çox yaxşı bilirik”, “rus sülhməramlılarla danışıqların nəticəsini gözləyirik, müsbət cavab olmasa belə, biz güc yolu ilə yolu açıb Xankəndiyə gedəcəyik” kimi səs-küylü açıqlamalar verdilər.
Amma çox çəkmədi ki, həmin “səlibçilər” gəldikləri kimi də, yoxa çıxdılar.
Azərbaycan sərhədi yaxınlığında reallığın nə yerdə olduğu onlara anladıldı. Qulaqlarına pıçıldandı ki, vəziyyət nə üşündüyünüz, nə də 90-cı illərin əvvəlində olduğu kimidir. Orada dayanan Azərbaycan sərhədçisi və komandos qüvvələridir! Bu gün bütöv erməni ordusu gəlsə belə, oradakı Azərbaycan komandos qüvvələrinin qarşısında nəinki uzunmüddətli, heç bir neçə günlük tab gətirmək gücündə deyil. Azərbaycan komandosu insana həyatı onun başa düşdüyü dildə necə başa salmağı çox yaxşı bilir. Odur ki ağlınızı başınıza yığın! Və necə gəlmisinizsə... Vəziyyət onlara necə başa salındısa, hay dığaları necə gəlmişdisə, eləcə də kirimişcə, bir andaca... (necə başa düşürsünüzsə) yox oldular.
Hesab edirəm ki, artıq erməni cəmiyyəti anlamalıdır ki, oyun bitib. Belə oyunlar isə ancaq və ancaq onları daha da bitirəcək.
Xarici ölkələrə aşağı qiymətə aviabilet və tur paketlər təşkil edəcəyi adı ilə vətəndaşları aldadan şəxs həbs edilib.
DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən xəbərə görə, cinayət əməlinin Bakı şəhər sakini Zeynalova Mələk Nazim qızı tərəfindən törədildiyi müəyyən edilib
Dələduzluqda şübhəli bilinən həmin şəxsin yeri Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən müəyyən edilib və o, qısa zamanda saxlanılaraq istintaqa təqdim olunub.
Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə cinayət işi başlanılıb və saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib:
“ Mələk Zeynalovanın əməllərindən zərərçəkən şəxslər bu barədə Daxili İşlər Nazirliyinə müaciət edə bilərlər”, deyə məlumatda qeyd edilib.
Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun əsgəri Bəbirov Aqşin Qabil oğlu ailəsi ilə əlaqə saxlayıb.
Modern.az-ın məlumatına görə, videozəng Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə baş tutub.
“Hər şey qaydasındadır. Gələcəyəm. Ana, sən ağlasan, mən burada narahat oluram. Mən yaxşıyam, narahat olmayın”, - deyə əsir hərbçimiz bildirib.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov Ermənistan tərəfindən əsir götürülüblər.
Aqşin Bəbirov və Hüseyn Axundov “Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda” ittiham olunurlar. Qondarma məhkəmə prosesində Aqşin Bəbirova 11,5 il, Hüseyn Axundova isə 20 il müddətinə həbs cəzası verilib.