![]() |
|
Oğuz rayonunda "TIR"ın qəza törətdiyi ərazidə magistral bağlandığına görə yolun yardımçı hissəsindən istifadə olunur.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, bu gün saat 11 radələrində Qazaxıstan vətəndaşının idarə etdiyi yük avtomobili idarəetmədən çıxıb və nəqliyyat vasitəsinin qoşqusu yolun müəyyən hissəsini bağlayıb.
Yol Patrul Xidmətinin əməkdaşları əraziyə cəlb olunub və avtomobillərin hərəkətində ləngimə olsa da, lakin yol polisi tərəfindən yolun yardımçı hissəsindən də istifadə edilməklə nəqliyyatın axını təmin edilir.
Hazırda yük avtomobilinin həmin ərazidən götürülməsi və avtonəqliyyat vasitələrinin hərəkətinin tam bərpa olunması istiqamətində tədbirlər görülür.
***
Oğuz rayonunda xarici vətəndaşın idarə etdiyi TIR qəzaya düşüb, magistral yol bağlanıb.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Oğuz rayonunun Bucaq kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, xarici vətəndaşın idarə etdiyi 254-AFM-05 Qazaxıstan dövlət qeydiyyat nişanlı TIR markalı yük avtomobili idarəetmədən çıxıb.
Nəticədə TIR-ın bir neçə metr uzunluğunda olan qoşqusu yolun hərəkət hissəsində qalıb.
Buna görə də hazırda avtomobil yolunda hərəkət məhdudlaşıb.
Ötən gün vəfat edən tanınmış aparıcı Natəvan Babayeva dəfn edilib.
O,, Salyan rayonunun Parça Xələc kəndində torpağa tapşırılıb.
***
Ötən gün vəfat edən tanınmış aparıcı Natəvan Babayeva ilə vida mərasimi başlayıb.
“Unikal” xəbər verir ki, mərasim mərhumun Salyan rayonunun Parça Xələc kəndindəki ata evində keçirilir.
Qeyd edək ki, N.Babayeva bir müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Bakı Kommersiya Məhkəməsində Ağarəhimov İlqar Ağarəhimoviçin keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun övladları - Anar Mahmudov və Nərgiz Mahmudovaya qarşı iddia üzrə məhkəmə iclası başlayıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Emin Əliyevin sədrliyi ilə keçirilən prosesdə tərəflərin sənədləri dəqiqləşdirilib.
Məhkəmə növbəti həftə davam etdiriləcək.
Qeyd edək ki, İlqar Ağarəhimov Anar Mahmudov və Nərgiz Mahmudovu məhkəməyə verərək alqı-satqı müqaviləsi üzrə mübahisələri barədə tələb irəli sürüb.
İlqar Ağarəhimov daha əvvəl də Eldar Mahmudovun övladlarını məhkəməyə vermişdi.
İlqar Ağarəhimovun iş adamı olduğu deyilir. İddialara görə, onun Anar Mahmudov və Nərgiz Mahmudovanı məhkəməyə verməsi biznes mübahisələri ilə bağlıdır.
Eldar Mahmudov 2004-2015-ci illərdə Azərbaycanın milli təhlükəsizlik naziri vəzifəsində işləyib. 2015-ci ildə Prezidentin sərəncamı ilə tutuduğu vəzifədən azad olunub. Bundan sonra MTN-də əməliyyatlar başlanılıb. Qurumun yüksək rütbəli vəzifəli şəxsləri həbs edilib.
Həmin vaxt Eldar Mahmudovla bağlı yayılan məlumatlarda onun övladlarının hətta Avropada biznes imperiyası quruduqları iddia edilirdi.
Bu arada qeyd edək ki, hazırda həbsdə olan Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev Eldar Mahmudovla qudadır. Onun qızı Anar Mahmudovun həyat yoldaşıdır.
Nərgiz Mahmudova Eldar Mahmudovun kiçik qızıdır. Onun digər qızı Xurman Mahmudova yazardır.
Laçında çətənə bitkiləri məhv edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupunun məlumat yayıb.
Bildirilib ki, Laçın Rayon Polis Şöbəsinin Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları ilə birgə keçirdikləri tədbirlər nəticəsində rayonun Qarıqışlaq kəndinin ərazisində, Həkəri çayının sahilində çətənə bitkiləri aşkarlanıb.
Yabanı halda bitən, ümumi çəkisi 2 ton 320 kiloqram olan 5 158 ədəd çətənə bitkisi kökündən çıxarılaraq toplanılıb və yandırılma üsulu ilə məhv edilib.
Hovuzda üzərkən halı pisləşən uşaq ölüb.
Hadisə paytaxtın Yasamal rayonu, Zahid Xəlilov küçəsində qeydə alınıb.
Mərkəzin meneceri Emil Abdullayev "Xəzər Xəbər"ə bildirib ki, Gulay tez-tez hovuza üzməyə gəlirmiş.
Onun sözlərinə görə, məşqçinin nəzarəti altında üzən uşaq qoruyucu vasitələrlə təmin olunub.
Şahidlər iddia edir ki, təcili tibbi yardım avtomobili əraziyə vaxtında çatmayıb.
Hadisə ilə bağlı Baş prokururluq da məlumat yayıb. Araşdırmadan sonra hadisə ilə bağlı qərar veriləcək.
"Azərişıq" ASC-nin əməkdaşı dirəkdən yıxılaraq ölüb.
"Report"un xəbərinə görə, Balakən şəhər sakini, 1961-ci il təvəllüdlü Ustayev Ömər Şərəfəddin oğlu işıq dirəyindən yıxılaraq çoxsaylı sınıq xəsarətlrəi alıb.
O, xəstəxanaya yerləşdirilib tibbi yardım göstərilsə də, aldığı xəsarətlərdən orada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, ölən şəxs "Azərişıq" ASC-nin əməkdaşı olub.
Qaxda baş verən silahlı insidentin təfərrüatları bəlli olub.
"Unikal" xəbər verir ki, rayonun Almalı kənd sakini 1992-ci il təvəllüdlü Turan Kamil oğlu Məmmədovla onun qohumu Dəymədağlı kənd sakini Cavanşir Məmmədovun arasında mübahisə yaranıb. Mübahisə zamanı Cavanşir Turanı ov tüfəngi ilə ayağından güllələyib. Yaralı dərhal Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub. Hazırda onun müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir.
Mübahisənin qısqanclıq zəmnində baş verdiyi ehtimal olunur.
Qeyd edək ki, Turan Məmmədovla Cavidan Məmmədov yaxın qohumdurlar və hər ikisi "Bank Respublika"nın Qax filialında çalışırlar.
Faktla bağlı araşdırma aparılır.
Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə müstəntiqin vəsatəti əsasında 18 iyul 2023-cü ildə Bakı şəhəri Səbail rayon məhkəməsinin hakimi Ülviyyə Şükürovanın qərarı ilə Zahid Gülsəfa oğlu Niftəliyev barədə həbs qətimkan tədbiri seçilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Müdafiə Nazirliyinin məşhur sabiq əməkdaşı, “Şlyapa Zahid” ləqəbi ilə tanınan Zahid Niftəliyev barədə 42 milyon manatdan çox zərərvurmaya dair ittiham irəli sürülüb.
Belə ki, iş materiallarına əsasən, Zahid Gülsəfa oğlu Niftəliyev kredit almaq məqsədi ilə “Şahin-CO” MMC yaradıb, təsərrüfat və maliyyə vəziyyəti barədə “Atabank” ASC-yə saxta məlumatlar təqdim edib, 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat kredit alaraq, təyinatı üzrə istifadə etməməklə xüsusilə külli miqdarda ziyan vurub, götürülmüş kredit üzrə yalançı sahibkarlıq yolu ilə xeyli miqdarda gəlir əldə edib, kreditin ləğv prosesində olan “Atabank” ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib.
Qeyd edək ki, hazırda ləğv prosesində olan bankların çoxsaylı əmanətçilərinə vəsaitlərinin ödənilməsi məqsədi ilə irihəcmli kreditlərin ilkin qaytarılmasının təmin edilməsi istiqamətində dövlət orqanları tərəfindən zəruri işlər həyata keçirilir.
Xatırladaq ki, Z.Niftəliyev Azərbaycan Ordusunun keçmiş baş qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı olub. O, “Şlyapa Zahid” ləqəbi ilə tanınıb. Bu yaxınlarda azadlığa buraxılan Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və Elmi tədqiqatlar idarəsinin sabiq baş zabiti bir müddət əvvəl külli miqdarda rüşvət almaya görə həbs edilib. Prosesin gedişində isə rüşvət verməyə təhrik etmədə təqsirli bilinib və 10 min manat cərimə edilərək məhkəmə zalından birbaşa azadlığa buraxılıb.
Bundan sonra isə Zahid Niftəliyev və onunla birgə ittiham olunan Elsevər Niftəliyevlə bağlı hökmdən protest verilib.
İyulun 18-i saat 21:15 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
Bundan başqa, iyulun 19-u saat 00:40-dan 01:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu, Basarkeçər rayonunun Yuxarı Şorca və Qafan rayonunun Acıbac yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu, Mollabayramlı və Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Boyəhməd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.
Balıq, həmçinin digər su bioresurslarının istifadəsinə, eləcə də mühafizəsinə nəzarəti daha da gücləndirmək məqsədilə Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsi Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin əməkdaşları ilə birgə növbəti profilaktik tədbir həyata keçirib. Tədbir zamanı Neftçala rayon sakinləri Zahir Cəfərov və Telman Məmmədov Xəzər dənizinin Hövsan qəsəbəsi istiqamətində qanunsuz balıq ovu ilə məşğul olan zaman saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən xəbərə görə, onlardan bir ədəd “Yamaha” mühərriki ilə təchiz edilmiş qayıq, sintetik sapla toxunmuş qanunsuz balıq ovunda istifadə olunan 5 ədəd 150 metr uzunluğunda tor, digər qadağan olunmuş balıq ovu alətləri və 262 ədəd kefal balığı aşkar olunaraq götürülüb. Araşdırmalar zamanı bu şəxslərin su bioresurslarından qanunsuz olaraq istifadə etmələri nəticəsində ekologiyaya 3000 manat maddi ziyan vurduqları müəyyən edilib.
Faktla bağIı Su Nəqliyyatında Polis İdarəsi araşdırmalar aparılır.
Qeyd edək ki, hazırda balıqların kürü verən vaxtı olduğu üçün balıqovlama mövsümü müvafiq dövlət orqanları tərəfindən sentyabr ayına qədər dayandırılıb. Amma aparılan araşdırmalar zamanı müəyyən edilib ki, körpə balıqların qanunsuz ovlanması paytaxt, eləcə də bölgələrdə fəaliyyət göstərən bir neçə kafe, restoran və digər ictimai iaşə obyektlərinin sahibləri tərəfindən sifariş edilir. Qeyd edilən obyektlərin sahiblərinə xəbərdarlıq edilərək bildirilib ki, bu hallar təkrarlanacağı təqdirdə həmin şəxslər barəsində Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qanunauyğun olaraq ciddi tədbirlər görüləcək.
Su Polisləri tərəfindən Xəzər dənizi və digər su hövzələrinə nəsil artımı üçün buraxılan körpə nərəcinsli, həmçinin digər növ balıqların ovlanmasının qarşısını almaq məqsədilə nəzarət tədbirləri sahil boyu bütün ərazilərdə davam etdirilir. İdarə əməkdaşları tərəfindən Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərlərinin və müxtəlif təyinatlı naqillərin kəsilib satışını təşkil edən şəxslərə qarşı da mübarizə mütəmadi olaraq aparılır.
Sonda vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.