![]() |
|
Sabirabadda həmyerlilərini şantaj edən şəxslər həbs ediliblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini olan bir nəfəri barəsində rüsvayedici məlumatlar paylaşacaqları ilə hədələyərək ondan 15 000 manat pul tələb edən iki nəfər - rayon sakinləri Azər Həsənov və Zamin Əmirov - saxlanılıb.
Aparılan araşdırmalarla məlum olub ki, adıçəkilən şəxslər həmyerlilərini barəsində rüsvayedici məlumatlar paylaşacaqları ilə hədələyərək əvvəlcə ondan 30 000 manat pul tələb ediblər. Daha sonra 15 000 manat müqabilində razılığa gələrək, iyun-iyul aylarında zərərçəkəndən 6 100 manat pul alıblar.
Faktla əlaqədar A.Həsənov və Z.Əmirov barəsində Sabirabad RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddələri ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Polis əməkdaşları bu şəxslərin digər analoji cinayətlərdə iştirakını da istisna etmirlər. Əgər onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, DİN-in “102” xidmətinə, həmçinin Sabirabad RPŞ-yə müraciət etmələri xahiş olunur.
Qeyd edək ki, həmin şəxslər Sabirabad Rayon Mərkəzi Xəstəxanasının direktor müavini Bayram Mikayılovu şantaj ediblər. “Report”un xəbərinə görə, iyunun 27-də Azər Həsənov və Zamin Əminov direktor müavinini rüsvayedici məlumatlar yayacaqları ilə hədələyiblər.
Astara rayonunda aptekə basqın olub.
Hadisə rayonun Kijəbə qəsəbəsində qeydə alınıb.
Emil Kazımova məxsus aptekə gələn rayonun Maşxan kənd poçt şöbəsinin müdiri Tacəddin Fərhadov aptek sahibinə hədə-qorxu gələrək 40 min dollar tələb edib.
Sahibkar bu barədə dərhal polisə məlumat verib.
Faktla bağlı araşdırma aparılır. (Lent.az)
Sabahın hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyulun 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir.
Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi əvəz olunacaq.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 32-37° isti olacaq.
Atmosfer təzyiqi 759 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 35-45 % olacaq.
Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 34-39° isti, dağlarda gecə 11-16° isti, gündüz 17-22° isti olacaq.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) şöbələrinin daha 2 əməkdaşı həbs edilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə SHXÇDX-nin Cəlilabad rayon şöbəsi və Laçın rayon bölməsinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib.
Əməliyyat-istintaq tədbirləri ilə SHXÇDX-nin Cəlilabad rayon şöbəsinin müfəttişi Ramil Həsənov və Laçın rayon bölməsinin müfəttişi Rəşad Rəşidlinin işlədikləri tabe qurumların çağırış və hərbi-həkim komissiyalarının vəzifəli şəxslərinin qərarlarına təsir imkanlarından istifadə edərək vətəndaşların hərbi xidmətə yararsız hesab edilməsinə nail olmaq üçün ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitləri almalarına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı başlanmış cinayət işləri üzrə toplanmış sübutlar əsasında Ramil Həsənov və Rəşad Rəşidli Cinayət Məcəlləsinin 312-1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə-nüfuz alveri) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, məhkəmənin qərarı ilə vəzifədən kənarlaşdırılmaqla barələrində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.
"Qanunazidd hərəkətlərə yol vermiş digər şəxslərin dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir", - məlumatda qeyd olunub.
Ehtiyatda olan polis polkovniki Fazil Aslanov vəfat edib.
“Qafqazinfo”nun məlumatına görə, o, ötən gün elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.
Hadisə Gədəbəyin Şınıx kəndində, Fazil Aslanova məxsus evdə baş verib.
Məlumata görə, 58 yaşlı Aslanovu evdə iş görən zaman elektrik cərəyanı vurub. Mərhum bu gün Saray qəsəbəsində torpağa tapşırılacaq.
Qeyd edək ki, Fazil Aslanovun son iş yeri Sumqayıt şəhər Polis İdarəsi olub. O, pensiyaya çıxmazdan öncə İdarə rəisinin şəxsi heyətlə iş üzrə böyük köməkçisi vəzifəsində çalışıb. F.Aslanov bu vəzifəyə 2020-ci ilin avqustunda təyin edilmişdi.
Dənizkənarı Milli Parkda dekorativ ağaca zədə vurulması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb.
DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, polis əməkdaşları tərəfindən həmin qadın müəyyən olunaraq saxlanılıb.
Onun barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.
Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən İrandan qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik vasitələr göndərən dəstənin Azərbaycandakı üzvlərinə və qanunsuz olaraq odlu silah əldə edib saxlayan şəxslərə qarşı növbəti təxirəsalınmaz əməliyyat tədbirləri həyata keçirilib.
Bu barədə "Yol-xeber.az"a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Əməliyyatlar zamanı paytaxt ərazisində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Vaqif Novruzov və İsmayıl Piriyev, habelə Şirvan şəhər sakini Ülvi İbrahimov saxlanılıblar.
Onlardan ümumilikdə 33 kiloqram narkotik vasitə, o cümlədən, 17 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana və 16 kiloqram heroin aşkar edilib.
Araşdırma nəticəsində müəyyən edilib ki, Vaqif Novruzov, İsmayıl Piriyev və Ülvi İbrahimov şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları ilə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq onun ölkə ərazisinə müxtəlif qanunsuz yollarla göndərdiyi narkotikləri satmaq niyyəti ilə qəbul ediblər.
Baş İdarə əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Balakən, Qusar, Sabirabad və Xaçmaz rayonlarında həyata keçirilən əməliyyatlar zamanı qanunsuz olaraq odlu silah əldə edib saxlayan şəxslər - Teymur Nərimanov, Samir Şəkiliyev, Emin Bağıyev, Bəyanət Əsgərov və Eldəniz Fərzəliyev saxlanılıblar. Nəticədə Teymur Nərimanovdan 1 ədəd “Minta-37” markalı tapança, 1 ədəd patron, 1 ədəd patron darağı, Samir Şəkiliyevdən 1 ədəd “Naqan” markalı tapança, Emin Bağıyevdən “AKS-74” markalı avtomat silah, 1 ədəd patron darağı, 27 ədəd patron Bəyanət Əsgərovdan 1 ədəd lüləsi və qundağı kəsilmiş "TOZ” markalı ov tüfəngi, Eldəniz Fərzəliyevdən isə “Kalaşnikov” markalı avtomat, 19 ədəd patron və 1 sandıqça aşkar olunaraq götürülüb.
Qeyd olunan faktlarla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.
“Adları sadalanan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir”, - məlumatda qeyd olunub.
İyulun 3-ü saat 10:40-dan saat 11:40-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
Bundan başqa, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
Azərbaycanın Qarabağ iqtisadi rayonunun rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasına Kazandan gələn erməni ailənin yerləşdirildiyi ilə bağlı məlumat yayılıb.
“Bez Tormozov” Teleqram kanalı Kazandan olan ailə - Tatyana Babayan, əri Artur Babayan, onların övladları Arkadi, Samvel və Aleksandranın fotoları dərc edilib.
“Tatyana fevralın 26-da Xocalı faciəsinin ildönümü günü təşkil edilən Maslenitsada da iştirak edib. Maslenitsa məhz qadınların, uşaqların və qocaların vəhşicəsinə qətlə yetirildiyi Xocalı təpələrində qeyd olunurub”, - məlumatda bildirilib..
Artur Babayanın sülhməramlı kimi “xidmət etdiyi” də istisna edilmir.
Bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Azərbaycan dövlət sərhədini pozmaqda təqsirləndirilən Ermənistan vətəndaşları olan erməni hərbi qulluqçuları - Ovagimyan Arutyun Yurikoviç və Kazaryan Karen Aşotoviçin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
"Report" xəbər verir ki, hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilir.
***
Azərbaycan dövlət sərhədini pozan Ermənistan vətəndaşları olan erməni hərbi qulluqçuları - Ovagimyan Arutyun Yurikoviç və Kazaryan Karen Aşotoviçin məhkəməsi başlayır.
"Report" xəbər verir ki, bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçiriləcək prosesə hakim Fəhmin Hümbətov sədrlik edəcək.
Qeyd edək ki, Ermənistan vətəndaşları olan erməni hərbi qulluqçuları – Ovagimyan Arutyun Yurikoviç və Kazaryan Karen Aşotoviçin qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cari il mayın 26-sı saat 19 radələrində Azərbaycanın mühafizə olunan dövlət sərhədini qanunsuz əldə etdikləri odlu silah və döyüş sursatları ilə Dövlət Sərhəd Xidmətinin Zəngilan sərhəd dəstəsinin xidmətdə olan hərbi qulluqçularına qarşı zor tətbiq etməklə qanunsuz keçərək, odlu silah və döyüş sursatlarını qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq yolu ilə Zəngilan rayonunun Rəzdərə kəndinə keçirməklə ölkəmizdə terror aktı törədəcəkləri ilə hədələmələri, bu məqsədlə Azərbaycanın Zəngilan rayonunun Rəzdərə kəndi ərazisində yerləşən və dövlət sərhədini mühafizə edən Azərbaycanın hərbi hissəsinin hərbi qulluqçularına silahla atəş açaraq hücum etmələrinə əsaslı şübhələr müəyyən edilib.
İstintaqla, həmçinin, müəyyən edilib ki, ordumuzun hərbi qulluqçuları tərəfindən hücumlarının qarşısı qətiyyətlə alınaraq qaçmağa çalışan erməni diversiya qrupunun adları qeyd olunan üzvləri saxlanılan zaman Ovagimyan Arutyun Yurikoviçdən cinayətin aləti olan 1 ədəd “Kalaşnikov” markalı “AKM” modelli odlu silah və içərisində 10 ədəd 5,45 mm kalibrli döyüş patronları olan 1 ədəd daraq götürülüb.
Ovagimyan Arutyun Yurikoviç və Kazaryan Karen Aşotoviçə Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah və döyüş sursatının qaçaqmalçılığı), 214.2.1, 214.2.3 (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan istifadə etməklə törədildikdə), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, daşıma, saxlama), 283.2.1 (zor tətbiq etməklə milli düşmənçiliyin salınmasına aşkar surətdə yönələn hərəkətlər etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zor tətbiq etməklə Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə yekun ittihamlar elan edilib.