![]() |
|
Sosial şəbəkələrdə Gədəbəyin Söyüdlü kəndi ərazisində çəkiliş apardığına görə bir neçə jurnalistin polis tərəfindən saxlanması barədə məlumatlar yayılıb.
DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov Ölkə.az-a bildirib ki, bu məlumatlar həqiqətə uyğun deyil:
“Bildirmək istəyirəm ki, heç bir jurnalist saxlanılmayıb”.
Xatırladaq ki, Gədəbəy rayonunun Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində süni gölün tikintisinə etiraz olaraq iyunun 20-də aksiya keçirməyə cəhd göstərib. Aksiyanın qarşısı alınan zaman polislə sakinlər arasında insident baş verib.
Zaqatalada minik avtomobilləri toqquşub.
Lent.az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Yengiyan kəndi ərazisində baş verib.
Kənd sakini 21 yaşlı Emil Ceyhun oğlu Səfərovun idarə etdiyi "VAZ-2107” markalı minik avtomobili 1995-ci il təvəllüdlü Qurban Nəsrullah oğlu Həsrətovun idarə etdyi "Niva” markalı maşınla toqquşub.
Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan "Niva"nın sürücüsü Q.Həsrətov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
Qeyd edək ki, "VAZ-2107"nin sürücüsü Emil Səfərov "Qəbələ" futbol klubunun oyunçusudur.
Gədəbəyin Söyüdlü kəndində süni gölün tikintisi zamanı yaranan insidentdə iştirak edən 5 nəfər məhkəmə qarşısına çıxarılıb.
"Qafqazinfo" xəbər verir ki, etirazçılar İnzibati Xətalar Məcəlləsinin 513.2-ci (toplantıların təşkili və keçirilməsi qaydasının pozulması) maddəsi ilə təqsirli bilinib.
Gədəbəy Rayon Məhkəməsinin qərarı ilə hər biri barəsində inzibati qaydada 20 sutka həbs qərarı verilib.
Qeyd edək ki, Baş nazir Əli Əsədovun Sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Komissiya yaradılıb. Həmçinin ötən gün Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov etirazçılarla görüşüb, ikinci süni göl yaradılmayacağını bəyan edib.
İyunun 22-si saat 02:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Brun yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Əhmədli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bundan başqa, iyunun 21-i saat 23:05-dən iyunun 22-si saat 08:15-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd, Şuşa və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri də atıcı silahlardan fasilələrlə atəşə tutulub.
Bölmələrimiz tərəfindən qeyd olunan bütün istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
Həmçinin qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Ordumuzun Ağdam və Xocalı rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan mühəndis işləri dərhal dayandırılıb.
Xarici ölkə ərazisində qanunsuz silahlı birləşmələrə qoşulan Azərbaycan vətəndaşları həbs ediliblər.
Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saytına istinadən xəbər verir.
Başlanılmış cinayət işi üzrə həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə yuxarıda qeyd olunan cinayət əməllərini törətmiş 13 nəfər Azərbaycan vətəndaşının - Abdullayev Şəmil Töhüd oğlu, Ağamətov Murad Əlibala oğlu, Quliyev Murad Firudin oğlu, Rüstəmov Fərhad İsə oğlu, Sultanov Sultan İdris oğlu, Hüseynov Nəcməddin Nəzir oğlu, Mahmudov Hikmət Sahib oğlu, Əliyev Mais Telman oğlu, İsmayılov İsmayıl Aydın oğlu, Babayev Şəhriyar Rahim oğlu, Muradov Hacı Arif oğlu, Baxışov Əlövsər Əlisafa oğlu və Əsədov İntiqam Şirin oğlunun xarici ölkə ərazisində gizləndikləri yerlər müəyyənləşdirilib və onlar beynəlxalq axtarışa dair qarşılıqlı hüquqi yardım proseduru çərçivəsində müvafiq tədbirlərlə saxlanılaraq Azərbaycana gətiriliblər.
Sözügedən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 283-1.3-cü (Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədilə sabit qruplar yaratma, həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunaraq, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib
Hazırda kompleks istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Xəbər verdiyimiz kimi, Türkiyədə Kibercinayətlərlə Mübarizə İdarəsinin əməkdaşları aralarında sosial media fenomenlərinin və bloqerlərin də olduğu 120 nəfəri saxlayıb.
Saxlanılanlar arasında azərbaycanlı bloger Səfər Eyvazovun da olduğu iddia olunur.
Bu barədə saxlanılıb buraxılan şəxslərdən biri TikTok canlı yayımında deyib:
“Səfər Eyvazovu da öz gözümlə gördüm. Mən çıxanda ya onu yeni gətirirdilər, ya da buraxılacaqdı. Bilmirəm”,- deyə o söyləyib.
Qeyd edək ki, S.Eyvazovun TikTok-da 726 min instaqramda 1 milyondan çox izləyicisi var.
Xatırladaq ki, əməliyyat zamanı saxlanılan şəxslər çirkli pulların yuyulmasında şübhəli bilinir. Saxlanılan cinayətkar dəstə oğurlanmış kredit kartları ilə jeton alıb və bunları TikTok fenomenlərinə göndərib. Dəstə üzvlərinin sonradan məbləğin böyük hissəsini fenomenlərdən geri alaraq onlara komissiya ödədiyi bildirilir.
Məlumat üçün bildirək ki, bundan öncə isə saxlanılanlar arasında "Sədərək" TM-in rəhbəri Yusif Qədimbəylinin oğlu Mehmanın da adı çəkilib.
İyunun 21-də saat 01:30-da Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyi əməkdaşlarının keçirdiyi birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində 1986-cı il təvəllüdlü Lənkəran rayon sakini Eyvazov Elgün Namiq oğlu İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozarkən saxlanılıb.
Qeyd olunan tarixdə saat 07:00-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində 1995-ci il təvəllüdlü Əfqanıstan İslam Respublikası vətəndaşı Amiri Məcid İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozarkən saxlanılıb.
Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov insidentin baş verdiyi Söyüdlü kəndinə gedib sakinlərin və jurnalistlərin suallarını cavablandırıb.
Oxu.Az-ın məlumatına görə İcra Hakimiyyətinin başçısı qeyd edib ki, rayonun, eləcə də kənd sakinlərinin sağlamlığı onlar üçün prioritet məsələlərdin biridir.
“Söyüdlü kəndi ərazisində yaradılan süni göl 11 ildir ki, fəaliyyət göstərir. Bu günə qədər həmin göllə bağlı bizə heç bir şikayət daxil olmayıb. Bu gün isə sakinlər gölün fəaliyyəti ilə bağlı narazılıqlar səsləndirirlər. Səsləndirilən iddialar isə sadəcə dedi-qodu xarakteri daşıyır. Göl rəsmi olaraq fəaliyyət göstərir, heç bir qeyri-qanuni fəaliyyətdən söhbət gedə bilməz. Vaxtaşırı göl nəzarətdə saxlanılır, texnikalar vasitəsilə gölün yerləşdiyi torpaq təzələnir, lazımi işlər görülür. Biz lazım gələrsə sakinlərin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərinin iştirakı ilə narazılığa səbəb olan gölə baxış keçirə bilərik.
Həmçinin gölün sakinlərin sağlamlığına vurduğu ziyanla bağlı səsləndirilən iddialar da əsassızdır. Bunu aidiyyəti qurumların rəsmi məlumatları da təsdiqləyə bilər. İddialara görə hamilə qadınlar gölün yaratdığı səbəblərdən doğuş problemləri yaşayırlar. Doğuş problemləri ilə bağlı problem yaşanmır. Hazırda kənddə 53 hamilə qadın var və onların bu məsələ ilə bağlı bizə heç bir müraciəti daxil olmayıb”.
Qeyd edək ki, dünən Gədəbəy rayonunun Söyüdlü kəndi ərazisində fəaliyyət göstərən süni gölün ətrafa zəhərli maddə buraxdığını iddia edərək etiraz ediblər. Bu zaman isə polislərlə sakinlər arasında insident yaşanıb.
Gədəbəy rayonu Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində inşa olunan süni gölün tikintisinə qanunsuz müdaxiləsilə bağlı 2 aydır ki, həmin şəxslərlə rayon icra hakimiyyəti və polis əməkdaşları tərəfindən profilaktik izahat işləri aparılıb.
Bu barədə DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenatı Elşad Hacıyev bildirib ki, ancaq bütün tədbirlərə baxmayaraq, dünən həmin şəxslər müəssisə əməkdaşlarına hücum etməsi ilə əlaqədar polis əməkdaşları əraziyə cəlb olunaraq onların qanunsuz əməllərinin qarşısını alıblar.
Təəssüf ki, sosial şəbəkələrdə yayılan görüntülər törədilən qanunsuz hərəkətlərin digər tərəflərini əks etdirmir. Qəsdən, məqsədli olaraq, polis əməkdaşının qadınlardan birinə qarşı xüsusi vasitədən istifadə etməsini göstərirlər. Polis əməkdaşı emosiyaya qapılaraq qadına qarşı ciddi qəbahətə yol verib və bunu qəbul edirik. Bununla bağlı müvafiq araşdırma aparılır, onun əməlinə hüquqi qiymət veriləcəkdir.
Vətəndaşlara yaxşı məlumdur ki, əsasən Bakı şəhərində qanunsuz aksiya cəhdlərində iştirak edən qadınların polis əməkdaşlarının ünvanına səsləndirdiyi nalayiq ifadələr, hüquqazidd hərəkətləri ilə bağlı çoxsaylı faktlar var və bunlar jurnalistlər tərəfindən çəkilib, yayılıb. Orada da aşkar görünür ki, polis əməkdaşları həmin qadınlara qarşı yüksək təmkin və intizam nümayiş etdiriblər.
Dəfələrlə olub ki, polis əməkdaşları Azərbaycan qadınına yaraşmayan hüquqazidd hərəkətlərə məruz qalsa da həmin qadınlara qarşı hər hansı xüsusi vasitə tətbiq edilməyib, yaxud cəza verilməsi ilə bağlı məsələ qaldırılmayıb.
Dünən Gədəbəyin Söyüdlü kəndində sakinlərlə polislər arasında yaşanmış insidentin yeni görüntüləri yayılıb.
Azərbaycan ictimaiyyətini hiddətləndirən görüntülərlə bağlı polis yoxlamaya başlasa da, etirazçıların polislərə daş atdıqları da bildirilmişdi.
Bu gün yeni yayılan görüntülərdə etirazçılardan bəzilərinin polis əməkdaşlarına daş atması və onları təhqir etməsi əks olunur.
Səhər saatlarında paylaşılan yeni görüntüləri təqdim edirik: