![]() |
|
Ermənistan silahlı qüvvələrinin 2 snayperi zərərsizləşdirilib.
Bu barədə “Caliber” məlumat yayıb.
Bildirilib ki, bu gün səhər saatlarında Dövlət Sərhəd Xidmətinin şəxsi heyətinə atəş açaraq hərbi qulluqçumuzu yaralamış Ermənistan ordusunun iki snayperi Azərbaycan Silahlı Qüvvələrinin keçirdikləri cavab tədbirləri nəticəsində məhv ediliblər.
Sumqayıtda zavodda baş verən yanğının yayılmasının qarşısının alınması tədbirləri davam etdirilir.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Hazırda yanğının yayılmasının qarşısının alınması və məhdudlaşdırılması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
***
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində yerləşən Etilen-Polietilen Zavodunda yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
FHN-dən Ölkə.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
Daxili İşlər Nazirliyi Sabunçu rayonu, Nardaran qəsəbəsindəki istirahət mərkəzində baş vermiş insidentlə bağlı məlumat yayıb.
Ölkə.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, xuliqanlıq hərəkətləri törədən şəxslər müəyyən olunub: “Bakı şəhəri, BPİ İstintaq və Təhqiqat İdarəsində fakta görə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. Hadisə iştirakçılarından bir qrupu saxlanılıb. Cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir”.
Məlumata görə, artıq saxlanılan şəxslər məhkəmə qarşısına çıxarılıb və istintaq müddəti üçün barələrində həbs qətimkan tədbiri seçilib.
Azərbaycan diaspor təşkilatları Ermənistanın Azərbaycanla, Naxçıvan Muxtar Respublikası ilə sərhəddə - Yerasx (Arazdəyən) kəndində iri metallurgiya zavodunun inşasının aparılması ilə bağlı beynəlxalq təşkilatlara ünvanlanan bəyanat yayıb.
Bəyanatda deyilir:
“Biz, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar Ermənistanın Azərbaycanla, Naxçıvan Muxtar Respublikası ilə sərhəddə - Yerasx (Arazdəyən) kəndində iri metallurgiya zavodunun inşasının aparılması ilə bağlı xəbərini dərin hiddətlə qarşılayır və bu reallığı Ermənistanın ekoloji vəziyyətin gərginləşməsi istiqamətində növbəti addımının ifşası kimi dəyərləndiririk.
16 500 kvadratmetr sahədə illik istehsal gücü 180 000 ton olan belə bir zavodun tikilməsi Ermənistan tərəfindən beynəlxalq hüquq norma və prinsiplərinin, xüsusilə də BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiyasının (Espo Konvensiyası) müddəlarının kobud surətdə pozulması deməkdir.
Mövcud Espo Konvensiyasının müddəalarına görə, Ermənistan öz ərazisində planlaşdırdığı belə bir iri təsərrüfat fəaliyyətinin digər ölkələrin, xüsusilə Azərbaycanın ərazisinə mənfi ekoloji təsiri olduğu üçün bu fəaliyyəti Azərbaycanın müvafiq qurumları ilə razılaşdırılmalıdır.
Ermənistanın bu addımı beynəlxalq hüquq, o cümlədən ekoloji hüquq normalarına riayət edilməməsi ilk hal deyil. Belə ki, bir müddət əvvəl Azərbaycan Metsamor Atom Elektrik Stansiyasının ərazisində yeni nüvə reaktorunun tikintisi planları ilə əlaqədar Espo Konvensiyası çərçivəsində Ermənistana qarşı haqlı iddia ilə çıxış etmişdir. Nəticədə Ermənistanın Konvensiyanın müddəalarına əməl etmədiyi barədə qərar çıxarılmasına nail olmuşdur.
Bildiririk ki, Ermənistanın iri mədən müəssisələri - Qacaran mis-molibden zavodu və Qafan filiz emalı kombinatının yüksək kimyəvi tərkibli istehsalat suları uzun müddət transsərhəd Oxçuçayı intensiv şəkildə çirkləndirməklə Azərbaycanın ekoloji mühitinə ciddi mənfi təsir göstərməkdədir.
Qeyd etdiyimiz faktlar bir daha sübut edir ki, Ermənistan öz qanunsuz fəaliyyətləri ilə ümumi regionun ekoloji mühiti üçün təhlükə yaradır.
Xaricdə yaşayan azərbaycanlılar kimi soydaşlarımızın haqq səsinə qoşularaq Ermənistanın regionun ekoloji təhlükəsizliyinə zərbə vuran, beynəlxalq hüquq normalarına zidd olan əməllərini qətiyyətlə pisləyir, beynəlxalq ictimaiyyəti bu məsələdə Ermənistana təzyiq göstərməyə çağırırıq”.
Şağan Olimpiya İdman Kompleksində gənc cüdoçu Turan Rüstəmovu qətlə yetirməkdə təqsirləndirilən Ruslan Səfixanova hökm oxunub və o, 19 il müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində elan olunub.
Xatırladaq ki, prokuror Rauf Malışov R.Səfixanovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, hadisə ötən ilin noyabrında Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında baş verib.
Belə ki, Sumqayıt şəhər sakini, 2002-ci il təvəllüdlü R.Səfixanov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Yevlax rayon sakini, 2006-cı il təvəllüdlü T.Rüstəmova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
R.Səfixanova qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham olunub.
Aparıcı və xeyriyyəçi Hacı Nuran Məmmədov avtomobil qəzası keçirib.
Bizim.Media xəbər verir ki, bununla bağlı televiziya ulduzu qonaq olduğu "Səhər mərkəzi” verilişində deyib.
Hacı Nuran bildirib ki, Şuşada keçirilən "Əziz Şuşa” velosiped turuna gedərkən avtomobil qəzasına düşüb:
"Yollar çox gözəldir. Sadəcə yolun düz ortasında yararsız vəziyyətdə beton maşını dayanmışdı. Üstümüzə bir başqa avtomobil gəldi. Çox ağır qəza keçirdik. Avtomobilimiz yararsız vəziyyətə düşdü. Mən bu qəzadan çox qorxmuşam və stress keçirmişəm. Mənimlə avtomobildə olan digər uşaqlar isə xəsarətlər alıblar. Bizə həmin an polislər kömək və yardım etdilər. Onların köməyi ilə Şuşaya gəldik”.
“Belə planların reallaşması Rusiya üçün bölgəyə yeni hərbi müdaxilə, o cümlədən, təbii ki, siyasi müdaxiləyə də imkan yarada bilər...”
Son vaxtlar bir sıra erməni şərhçilər belə bir fikir söyləyirlər ki, guya Azərbaycan Xankəndindəki separatçılara qarşı güc tətbiq eləyərək oradakı düşmən ünsürləri zərərsizləşdirməyə çalışsa və nəticədə Rusiya artıq Qarabağdakı revanşist hayk “toxumu”nun məhv olacağını bilsə, Abxaziya, Donbas-filan kimi “artsax”ın da “müstəqilliyi”ni tanıya bilər. Görəsən, reallıqda belə bir ssenari mümkündürmü?..
Siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu Moderator.az-a açıqlamasında məsələyə belə münasibət bildirib:
“Azərbaycan dövlətinin Xankəndindəki separatçı rejimə qarşı hücum təşkil edəcəyi halda Rusiyanın “dağlıq qarabağ respublikası” adlanan qondarma qurumun “müstəqilliy”ini tanıya bilməsi ssenarisi tamamilə mümkündür. Bunu istisna etmirəm. Çünki Rusiya üçün vacib olan məsələ bu bölgədə hərbi baxımdan möhkəmlənmək, yeni hərbi mövqelər əldə etməkdir. Bu qaxımdan Qarabağ, xüsusən də onun dağlıq hissəsi Güney Qafqazın ən strateji əhəmiyyətli bölgəsidir. Moskvanın burada hərbi gücünün varlığı faktiki olaraq Güney Qafqazdan keçən bütün kommunikasiyara nəzarət etmək imkanı verir. Və bu gün də mübarizə, əlbəttə, kommunikasiyalar uğrunda gedir. Bu mənada bəhs etdiyimiz ssenari tamamilə mümkündür. Bu səbəbdən də hər zaman demişəm ki, Qarabağdakı separatçılara qarşı anti-terror əməliyyatı keçirmək kimi planlar təhlükəlidir. Belə planların reallaşması Rusiya üçün bölgəyə yeni hərbi müdaxilə, o cümlədən, təbii ki, siyasi müdaxiləyə də imkan yarada bilər. Söhbət həmin o qondarma qurumun sonradan tanınıb-tanınmayacağından getmir. Məsələ ondadır ki, bu, Rusiyaya Abxaziyada, Cənubi Osetiyada, Dnestryanıda möhkəmləndiyi kimi, Qarabağın dağlıq hissəsində də hərbi və siyasi baxımdan möhkəmlənib on illərlə qalmasına şərait yarada bilər. Bax, bu mənada o təhlükəli planın ola biləcəyini istisna etmirəm”.
Jurnalist Elçin Alıoğlu Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Hindistan və Fransanın Ermənistanı silahlandırmağa başlaması, separatçıların Rusiya sülhməramlıların müşayiəti ilə Qarabağın dağlıq hissəsinə silah-sursat daşımaları ilə bağlı məlumatlar yayılır. Sizcə, nə baş verir?
- Ermənistanın müharibə hazırlaşmadığını düşünməmək böyük sadəlövhlük olardı. Ermənilər 1990-cı illərdə Azərbaycan ərazilərini işğal etdikdən sonra eyforiyaya qapılmışdılar. Otuz il ərzində nə ordularını gücləndirdilər, nə ayıq başla düşdündülər, nə də realist və praqmatik mövqe tutdular. İndi biz bunu təkrarlamamalıyıq, durmadan qələbəmizdən danışmağa dəyməz, qabağı düşünməliyik, irəlini görməliyik. Əgər düşünürüksə ki, Ermənistan və ermənilər sakit oturacaqlar, kapitulyasiyanı qəbul edəcəklər, Azərbaycanla normal münasibətlər quracaqlar – bu, ən böyük strateji səhvimiz olardı. Ermənilər bu günü, sabahı düşünmürlər, onlar 5-10 il sonra baş verəcəkləri ehtimallaşdırmaq, proqnozlaşdırmaq və buna uyğun strategiyalarını qurmağa çalışırlar. Bizim düşmənimiz çox hiyləgər, şərəfsiz və ləyaqətsizdir. Bunu bilməliyik.
Dediyim kimi, Ermənistan rəhbərliyi və erməni cəmiyyəti həmişə revanşist duyğularla yaşayır. Onlar yenidən Azərbaycan ərazilərini işğal etmək arzusu ilə qıvrılırlar. Qətiyyən bunu nəzərdən çıxarmamalıyıq.
Hindistanın Ermənistanla 150 milyon dollarlıq silah müqaviləsini reallaşdırmasına gəlincə, bunun təfərrüatlarının özü maraqlıdır. Hindistan Ermənistana özüyeriyən artilleriya qurğuları və haubitsalar satmağa hazırlaşır. Silahlar gəmilərlə İrana, oradan da yük maşınları Ermənistana çatdırılacaq.
Bundan başqa, Fransa Ermənistana ilkin mərhələdə 50 zirehli transportyor, daha sonra isə 72 zirehli texnikanın verilməsini planlaşdırıb. Eyni zamanda, Fransa Ermənistana “Mistral” tipli hava hücumundan müdafiə sistemləri, zenit qurğuları, digər silah-sursat, gecəgörmə cihazları, radioelektron mübarizə vasitələri verəcək. Yəni hərbi yardım genişspektrli olacaq.
- Fransa niyə belə edir?
- Özümüzü aldatmayaq ki, bunu Hindistan edir. Çünki Fransa şirkətlərinin icazəsi olmadan Hindistanın bu haubitsaları Ermənistana satmağa ixtiyarı yoxdur. Fransa Ermənistan ordusunu bərpa etmək, gücləndirmək və sülh danışıqlarında onun mövqelərini daha güclü etmək istəyir. Eyni zamanda, özünün vasitəçi olmaq arzusunu reallaşdırmağa çalışır. Məsələ bu qədər bəsitdir.
- Bəs Hindistanın bölgədə hansı maraqları var?
- Pakistanla Azərbaycan strateji tərəfdaş və qardaş ölkələrdir. Pakistanla dost olan istənilən ölkə Hindistanın düşmənidir. Yəni Hindistan “düşmənimin dostu mənim düşmənimdir” prinsipini əsas götürür. Hindistana rəhbərlik edən Baş nazir Narendra Modinin partiyasının aşkar islamofob və antimüsəlman siyasətini də unutmamalıyıq. Bu, məsələnin romantik tərəfidir.
Məsələnin praqmatik və siyasi tərəfi isə odur ki, Hindistan Ermənistan vasitəsilə bölgədə dayaq nöqtəsi əldə etmək istəyir. Cənubi Qafqaz Hindistan üçün maraqsızdır. Yəni Hindistanın Cənubi Qafqazda möhkəmlənmək, regional oyunçuya çevrilmək, proseslərə müdaxilə etmək niyyəti yoxdur.
Cənubi Qafqazda Pakistan-Çin amili gücləndiyi üçün Hindistan bölgədə bu faktoru zəiflətməyə çalışır. Bu həm də ABŞ-ın geostrateji planlarından biridir. Hindistanın bu dəqiqə ən yaxın və ən sadiq müttəfiqlərindən biri olduğunu da unutmamalıyıq.
- Son gəlişmələr fonunda Vaşinqton görüşünün təxirə salınması o ehtimalı yaradır ki, müsbət mesajlara baxmayaraq gərginlik kifayət qədər yüksəkdir. Siz necə düşünürsünüz?
- ABŞ formatının davam etməsini istəməyən əsas ölkə Fransadır. Əlindən gələni edir ki, bu baş tutmasın. Səbəbi də budur ki, Fransa Avropa və post-sovet məkanında ABŞ-a ən sərt və ən radikal geosiyasi rəqibdir. Uzun illərdir Fransanın ən böyük arzusudur ki, Avropada ən güclü orduya və diplomatiyaya malik olsun, qitənin lokomotivi olsun. Hazırda Avropanın lokomotivi Almaniyadır. Məhz buna görə Olaf Şolz Moldova görüşündə iştirak etdi, məhz buna görə sabiq kansler Angela Merkelin vaxtilə Rusiya-Ukrayna münaqişəsindəki rolu kəskin şəkildə Fransada tənqid olunur, məhz bu səbəbdən Paris Cənubi Qafqazda ABŞ-a əks mövqedədir, məhz buna görə Brüssel formatının Vaşinqtonu üstələməsinə çalışır ki, Şarl Mişelin vasitəçiliyi aparılan prosesdə moderator statusuna sahiblənsin. Fransanın yaxın gələcək üçün geostrateji hədəfi budur.
- Bütün bunları nəzərə aldıqda bizi qarşıda nə gözləyir?
- Bizi qarşıda çox gərgin aylar gözləyir. Mövqelərimizin atəşə tutulması davam edəcək. “Ermənistandan Xankəndiyə silah daşınır” ifadəsində çox ehtiyatlı olardım. Çünki Laçında sərhəd-buraxılış məntəqəsi var, oradan silah-sursat keçirmək qeyri-mümkündür. Mətbuatda yayılan videokadrlardakı görüntülər isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdəki anbarlardan, kazarmalardan daşınan silah-sursatlardır. Yəni Ermənistandan Azərbaycana silah gətirilmir.
Qarşıda gərgin aylar olacaq: həm diplomatiyada, həm də sahədə, yəni həm mövqelərimiz atəşə tutacaqlar, separatçıların fəallığı olacaq, Xankəndidə gərginlik daha da artacaq. Çünki indi Xankəndidə Araik Arutyunyan, Samvel Babayn və Ruben Vardanyan arasındakı qarşıdurma pik həddə çatıb, hər üçü öz mövqelərini gücləndirməyə çalışır. Düşünürəm ki, hadisələr bu məcrada davam edəcək.
Bəs bu məcra bizim üçün təhlükəlidirmi? Yox, narahatlıq doğurur, amma təhlükəli deyil. Çünki Ermənistanın hərbi əməliyyatlara başlamağa imkanı yoxdur. Başlasa belə, Ermənistan qısa müddətdə mübahisəli əraziyə çevriləcək.
- Rusiyanın Qafanda baş konsulluq açması, Avropa Birliyinin də bu və digər ərazilərdə əməliyyat mərkəzləri qurması haqda məlumatlar da var. Bəs bu gəlişmələr nədən xəbər verir?
- Bunlar Ermənistanın suriyalaşmasından xəbər verir. Ermənistan sürətlə suriyalaşır. Suriyanın şimalında bir çox dövlətin müxtəlif adlar altında hərbi birləşmələri, qüvvələri var, indi Ermənistanda da belə bir durum yaranır. Hazırda Ermənistan-Azərbaycan şərti dövlət sərhədində Rusiyanın ciddi, daimi postu fəaliyyət göstərir. Emmanuel Makron isə “Avropa Birliyinin monitorinq missiyasının müşahidə məntəqəsi” adıyla üç post yaratmağı düşünür. Orada da fransız hərbçiləri olmalıdır. Bu isə Avropa Birliyinin öz tarixində ilk dəfə olaraq hərbi baza yaratmaq istəyi kimi qeydə alına bilər. Bu durumda Qafanda konsulluq qurmuş İran kənarda durmayacaq, o da öz müşahidəçilərini yerləşdirməyə çalışacaq.
Bütün bu prosesin sonunda Türkiyə bu təlxək oyuna son qoymağa çalışacaq. Türkiyə sona qədər bu təlxəklərin – İranın, Fransanın və Rusiyanın oyunlarını sakitcə seyir etməyəcək. Türkiyə buna son qoymaq üçün əlini masaya çırpacaq. Onda artıq səbri tükənmiş Azərbaycan öz sözünü deyəcək. Hadisələrin belə inkişafı bizə yox, Ermənistana yaxşı heç nə vəd etmir.
Onsuz da Ermənistan heç vaxt müstəqil ölkə olmayıb, indiyə qədər Rusiyanın forpostu idisə, bundan sonra isə bu yetimçə xalq təkcə Rusiyanın yox, üç ölkənin forpostuna çevrilir. Ona görə də Ermənistan sürətlə suriyalaşmağa doğru gedir.
Mayın 27-də Gədəbəyin Novosaratovka kəndi kafedə qətl törədən hərbçi barədə həbs-qətimkan tədbiri seçilib.
Hərbi Prokurorluğun Mətbuat katibi Firad Əliyev “redaksiyamıza” bildirib ki, müddətdən artıq hərbi qulluqçusu Elpərəs İbrahimov barəsində Şəmkir hərbi prokurorunun təqdimatına əsasən Gəncə Hərbi Məhkəməsinin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib: “İstintaqın gedişatı və hadisə barədə ictimaiyyətə əlavə məlumat verilməsi təmin olunacaq. Aparılmış istintaqla İbrahimov Elpərəs Bəhman oğlunun sözügedən məkanda bıçaqla Tapdıqov Teymur Cümşüd oğluna müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. E.İbrahimova Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə ittiham elan edilib. Bundan başqa, istintaq zamanı, Teymurun qardaşı Tapdıqov Seymur Cümşüd oğlunun qeyd olunan məkanda bıçaqla İbrahimov Elpərəs Bəhman oğluna müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə sonuncunu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən olunub. S.Tapdıqova Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi (qəsdən adam öldürməyə cəhd) ilə ittiham elan edilib. Şəmkir hərbi prokurorunun təqdimatına əsasən, Gəncə Hərbi Məhkəməsinin müvafiq qərarı ilə barəsində 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcək”.
Qeyd edək ki, hadisənin qadın üstündə yaranmış münaqişə zəminində baş verdiyi bildirilir.
Ermənistanda Köhnə Tağlar kəndi yaxınlığında erməni terrorçularının ələ keçirilməsi ilə bağlı başlanmış cinayət işi məhkəməyə təqdim edilib.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.
Məlumata görə, 2020-ci ilin dekabrın 11-də Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin həyata keçirdiyi anti-terror əməliyyatı zamanı terrorçuların komandirləri mayor V.Q. və polkovnik-leytenant C.M.-in səriştəsizliyi ucbatından döyüş mövqelərinin olduğu xəritə də ələ keçirilib. Ermənistan rəhbərliyi iddia edir ki, guya həmin xəritənin ələ keçirilməsi Azərbaycan hərbçilərinə digər erməni postlarını da mühasirəyə almaq imkanı verib.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində Ordumuza qarşı terror əməliyyatı həyata keçirən silahlı ermənilərin sığındıqları meşə və iki kənd – Köhnə Tağlar və Çaylaqqala nəzarətə götürülmüşdü.