![]() |
|
"Növbəti dalğa zamanı bu günə kimi yoluxmayan insanlar koronavirusa yoluxa bilərlər".
"Yol-xeber.az" xəbər verir ki, bunu həkim Vasif İsmayıl deyib.
O əlavə edib ki, Azərbaycanda insanların əksəriyyəti ikinci dalğada yoluxub: "Bundan sonrakı dalğa daha pis gələ bilər. Ancaq bu problem peyvəndlə öz həllini tapa bilər. Çox ciddi qapanmaların olacağını düşünmürəm".
Azərbaycanın Xalq artisti, kinorejissor Ramiz Əzizbəyli dəfn edilib.
"Yol-xeber.az" xəbər verir ki, mərhum “Qrud qapısı” qəbirstanlığında torpağa tapşırılıb.
***
Azərbaycanın Xalq artisti, kinorejissor Ramiz Əzizbəyli ilə vida mərasimi başa çatıb.
Mərasimdə Xalq artisinin ailə üzvləri, yaxınları və sənət dostları iştirak edib.
Mərhum Bakının "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.
***
Ötən gün vəfat edən Xalq artisti, kinorejissor Ramiz Əzizbəyli ilə vida mərasimi başlayıb.
"Yol-xeber.az" xəbər verir ki, mərhumun nəşi xəstəxanadan götürülərək yaşadığı evə gətirilib.
Xalq artistinin yaşadığı binanın həyətində keçirilən mərasimdə R.Əzizbəylinin ailə üzvləri, yaxınları və sənət dostları iştirak edirlər.
Qeyd edək ki, R.Əzizbəyli uyunun 9-da Zığ qəsəbəsində yerləşən koronavirus xəstələrinin müalicə aldığı modul tipli hospitalda dünyasını dəyişib.
Xatırladaq ki, Ramiz Əzizbəyli 1948-ci il iyulun 20-də Bakı şəhərində anadan olub.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Avropa çempionatı ilə əlaqədar vətəndaşlara müraciət edib.
İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov “Yol-xeber.az”ın sorğusuna cavab olaraq bildirib ki, Bakı Olimpiya Stadionu istiqamətinə yalnız xüsusi məntəqələrdən ayrılmış ictimai nəqliyyatlardan istifadə edilməsi tövsiyə edilir:
“Paytaxt sakinlərinin, əhalinin, avtomobil sahiblərinin və sürücülərinin nəzərinə çatdırırıq ki, keçiriləcək AVRO-2020 ilə əlaqədar təhlükəsizliyin təmin edilməsi məqsədi ilə Bakı Olimpiya Stadionu istiqamətində şəxsi avtomobillərdən istifadənin mümkünsüzlüyünü nəzərə alıb, bu istiqamətə yalnız xüsusi məntəqələrdən ayrılmış ictimai nəqliyyatlardan istifadə edilməsi tövsiyə edilir. Belə ki, azarkeşlərin Bakı Olimpiya Stadionu istiqamətində hərəkəti müxtəlif ərazilərdən ayrılmış ictimai nəqliyyat vasitəsi ilə təşkil edilməsi nəzərdə tutulub.
Eyni zamanda metronun “Koroğlu” stansiyasından azarkeşlər sərbəst piyada hərəkət edə bilər. Səməd Vurğun parkı yanından, metronun “Qara Qarayev” stansiyası ətrafından ayrılmış xüsusi avtobuslarla hərəkət təşkil ediləcək”.
V.Əsədov deyib ki, artıq polis gücləndirilmiş iş saatı ilə hərəkət edir:
“Bakı Olimpiya Stadionu və onun ətrafı əməkdaşlarımız tərəfindən tam nəzarətə götürülüb. Təhlükəsizlik tədbirlərinin görülməsi üçün bütün zəruri tədbirlər həyata keçirilib. Bir da əhalini daha diqqətli olmağa çağırırıq. İnformasiya təhlükəsizliyinə diqqət yetirmələrini tövsiyə edirik”.
Qeyd edək ki, AVRO-2020 iyunun 11-dən iyulun 11-dək keçiriləcək. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.
Bakının rayonlarında küçə və prospektlər boyunca yerləşən yaşayış binalarının eyvanlarında müxtəlif güllərlə bəzədilmiş dibçəklər yerləşdirilir.
"Yol-xeber.az" xəbər verir ki, meriya və rayon icra hakimiyyətləri sakinlərə müraciət edərək, öz şəhərini sevən hər bir vətənpərvər insanı bina və həyətlərin yaşıllaşdırılması və bəzədilməsi işlərində fəal olmağa, paytaxtın gözəlliyinə öz töhfəsini verməyə çağırır.
"Bu mənzərəyə dünyanın bir çox şəhərlərində rast gəlmək olar. Sakinlər öz təşəbbüsləri ilə yaşadıqları binalarin eyvanlarını müxtəlif rəng çalarlı gül-çiçəklərlə bəzəyirlər. Təcrübə göstərir ki, sakinlər bu təşəbbüslərdə fəal iştirak etdikdə işlər daha geniş vüsət alır. Hər bir sakin, onların ailə üzvləri eyvanlarında qoyulan dibçəklərdəki güllərə qulluq edib, onlara mütəmadi olaraq su verərsə, güllər daha yaxşı inkişaf edərək, əraziyə gözəllik verəcək", - deyə BŞİH-in sakinlərə müraciətində qeyd edilir.
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanları keçiriləcək.
DİM-dən verilən məlumata görə, imtahanlar respublikanın 29 şəhər və rayonunda təşkil olunacaq və saat 11:00-da başlanacaq.
İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.
İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.
Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsi;
- Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız. İmtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);
- Şəxsiyyəti təsdiq edən sənədin əsli:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
İmtahanlar respublikanın 29 şəhər və rayonunda keçiriləcək.
Xatırladaq ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 197 imtahan binası, 3 333 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 197 ümumi imtahan rəhbəri, 549 imtahan rəhbəri, 4 166 nəzarətçi-müəllim, 394 buraxılışı rejimi əməkdaşı (mühafizə), 197 bina nümayəndəsi ayrılıb.
İmtahanlarda 22 215 nəfərin iştirakı nəzərdə tutulur.
Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə onlayn şəkildə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.
Bundan əlavə, Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun olaraq imtahan binalarında bir sıra profilaktik tədbirlər - hər bir otağa düşən iştirakçı sayının sosial məsafə prinsipinə uyğun şəkildə tənzimlənməsi, imtahan heyətinin müvafiq qoruyucu vasitələrlə (əlcək, tibbi maska) təmin olunması həyata keçirilib.
İmtahana 1 gün qalmış təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilir və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilir.
Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaqdır. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılır.
İmtahan iştirakçıları imtahan binasına daxil olmaq üçün yoxlamadan keçərkən sosial məsafəni saxlamaqla şəxsiyyətini təsdiq edən sənədin üz tərəfini DİM əməkdaşının görəcəyi şəkildə ona tərəf uzatmalı və müvəqqəti olaraq maskasını aşağı salaraq üzünü göstərməlidir.
İyunun 10-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyunun 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 15-20, gündüz 25-28, Bakıda gecə 18-20, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-45 faiz təşkil edəcək
İyunun 10-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-20, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 14-19 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, iyunun 10-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan "Yol-xeber.az"-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları daxil olan məlumat əsasında Lənkəran şəhəri ərazisində əməliyyat-axtarış tədbirləri keçiriblər.
Nəticədə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Ə.Əkbərov saxlanılıb. Polis əməkdaşları tərəfindən keçirilən baxış zamanı həmin şəxsin yaşadığı evin həyətindəki yarımçıq tikilidən ümumilikdə 661 qramdan artıq narkotik vasitə heroin, tiryək və həşiş qətranı aşkarlanaraq götürülüb.
Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
“Qara göbələk” dediyimiz və Hindistanda yayılan bu xəstəlik uzun illərdir mövcuddur. Göbələk vanna otaqları, divarların dibi və meşələr kimi nəm yerlərdə, anaerob (oksigensiz) mühitdə inkişaf edir. Hindistanda koronavirusun ikiqat mutasiyası baş verdi və 300 min nəfərə qədər ölü sayı var. Orada əhalinin müəyyən bir hissəsinin immun sistemi çox zəif olduğuna görə insanlar kütləvi olaraq bu xəstəliyə yoluxublar. 4-cü dalğa mutasiya olunmuş ştamm üzərində davam edərsə, bu, böyük itkilərə də səbəb ola bilər.
"Yol-xeber.az" xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla Hindistanda aşkarlanan və Rusiyada da tapılan “Qara göbələk” (Qara kif) xəstəliyi və bu xəstəliyin koronavirusla əlaqəsi haqda danışarkən deyib.
O bildirib ki, müalicədən yayınma imkanı olan ikiqat mutasiya dünyaya yayılsa, çox böyük narahatlıq doğuracaq, çünki insanlar artıq pandemiyadan bezib:
“Post-COVİD sindromu deyilən bir əlamətlər toplusu da var ki, koronavirusa yoluxmuş xəstələrdə immun sistemində və orqanizmdə ağır problemlər yaradır. “Qara göbələk” xəstəliyinin də bu cür orqanizmləri zəifləmiş insanlarda inkişaf etməsini müşahidə etmək olar. Bu xəstəlik selikli qişalar, dəri və nəfəs yollarında ciddi dəyişikliklər törədir. Əlbəttə, bu xəstəliyin pandemiya yarada biləcəyi ilə bağlı iddialar yoxdur, ancaq COVİD-19 pandemiyasının sona çatması üçün bütün dünya ölkələri imkanlarını səfərbər etməlidir. Tezliklə bütün dünya, əhilinin heç olmasa 50%-dən çoxu vaksinasiya olunmalıdır. COVAX platformasının dünya ölkələrini vaksinlə təmin etməsi çox vacibdir, çünki pandemiya ayrı-ayrı ölkələrin məsələsi deyil, bütün dünyanın problemidir”.
“Mədəniyyət Nazirliyinə vəsaitlər ayrılır, ancaq nəticədə hər hansı bir kino əsərlərini görmürük. Bunu da hamımız bilirik və deyirik. Hesab edirik ki, vəsaitlərin ayrılması konkret nəticələr verməlidir”.
Bu sözləri maliyyə naziri Samir Şərifov parlamentin dünən keçirilən iclasında deputatların suallarını cavablandırarkən deyib.
"Modern.az məsələ ilə bağlı Mədəniyyət Nazirliyi ilə əlaqə saxlayıb. Nazirlik cavab olaraq Samir Şərifovun iradlarına belə cavab verib.
“Maliyyə nazirinin Milli Məclisdəki son çıxışı zamanı kino sahəsi ilə bağlı səsləndirdiyi fikirlərlə əlaqədar bildirmək istəyirik ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” sərəncamına əsasən, “Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası”nın layihəsi Maliyyə Nazirliyi ilə sıx əməkdaşlıq çərçivəsində, sözügedən nazirliyin, eləcə də bu sahədəki ictimai təşkilatların rəy və təklifləri nəzərə alınaraq yenidən hazırlanmış, bu istiqamətdə qısa zaman ərzində bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilmişdi.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən Müharibəsində rəşadətli Azərbaycan Ordusunun qazandığı möhtəşəm zəfər ölkəmizin tarixində yeni bir səhifə açmış və dövlətimiz bütün sahələrdə yenidənqurma və inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu mərhələ milli kinematoqrafiyamızın da qarşısında mədəniyyətimizin qalib təzahürü və carçısı olmaq vəzifəsini qoyur. Bununla əlaqədar, Vətən müharibəsində qazanılmış böyük zəfərə kino vasitəsi ilə töhfə vermək məqsədilə keçirilən «Böyük Qayıdış» film layihələri müsabiqəsi Mədəniyyət Nazirliyi tərəfindən elan olundu. Dünya təcrübəsinə uyğun olaraq, Mədəniyyət Nazirliyi tərəfindən mərhələli şəkildə təşkil edilən müsabiqədə ölkəmizdə ilk dəfə layihələrin açıq Pitçinq yolu ilə seçilməsi mexanizmi tətbiq olundu və Vətən Müharibəsinə həsr olunmuş 11 qısametrajlı bədii, sənədli və animasiya filmləri istehsala buraxılmaqdadır.
Bununla yanaşı, 1982-ci ildən bu günədək ilk dəfə olaraq 2021-ci ilin əvvəlində C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası üçün kinotexnika avadanlıqları alındı və «Fəryad 2», «Məryəm» və «Mərmər soyuğu» tammetrajlı bədii filmlərin istehsalına artıq başlanıldı.
Eyni zamanda, 1965-ci ildən heç vaxt təmir edilməmiş “Azərbaycanfilm” kinostudiyasının maddi-texniki bazasının yenilənməsi ilə bağlı müvafiq tədbirlər görülür.
Həmçinin, ölkəmizdə film sahəsinin modernləşdirilməsi, dünyanın bu sahədə ən qabaqcıl ölkələrinin təcrübəsinə uyğun şəkildə yenidən qurulması, dünya kino prosesinə inteqrasiyasının sürətləndirilməsi və nəhayət, dayanıqlı inkişafa əsaslanan kino sənayesinin formalaşdırılması üçün inkişaf etmiş kino sənayesinə malik Türkiyə, ABŞ, Fransa, Almaniya kimi ölkələrlə birgə filmlərin çəkilməsi istiqamətində işlərə başlanılıb.
Son illərdə ölkəmizin kino sektoru tərəfindən istehsal olunan filmlərin dünyanın ən nüfuzlu beynəlxalq film festivallarında iştirakı və mükafatlandırılması, habelə film çəkilişinə özəl vəsait qoyuluşunun həcminin artması və tamaşaçı auditoriyasının genişlənməsi kinematoqrafiyamızın keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Təsadüfi deyil ki, son altı ay ərzində dövlət sifarişi və dəstəyi ilə nəzərdə tutulan film layihələri dünyanın ən nüfuzlu film festivallarında ölkəmizi təmsil edir. Buna misal olaraq Bakı Media Mərkəzi ilə birgə istehsal olunmuş “Sonuncu” sənədli filminin Rotterdam Film Festivalında, “Təkbətək”, “Göy köynəkli adam” və digəri olmaqla 3 film layihəmizin Sarayevo Film Festivalında iştirakını, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunacaq “Mərmər soyuğu” bədii film layihəsinin Rusiyanın dövlət film təşkilatı “Roskino” və Trieste Film Festivalının (İtaliya) beynəlxalq film marketinə seçilməsini göstərmək olar.
Həmçinin, Azərbaycanın beynəlxalq qlobal rəqəmsal yayım platformlarına inteqrasiyası baxımından əhəmiyyətini nəzərə alaraq, “Netflix APost Lab” mötəbər beynəlxalq film tədbirlərinə ilk dəfə olaraq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müşahidəçi kimi dəvət edilməsini qeyd etmək lazımdır.
Bununla belə, koronavirus pandemiyası ilə əlaqədar 2020-ci ildən fəaliyyətini dayandırmış kino nümayişi müəssisələrinin fəaliyyəti bərpa edildikdən sonra Maliyyə Nazirliyinin və digər aidiyyəti dövlət qurumlarının nümayəndələri Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilən filmlərlə tanış olmaq və onlar haqqında dolğun məlumat əldə etmək məqsədilə kino təqdimatlarına dəvət olunacaqlar”.
Bakıda və Abşeron yarımadasında iyunun 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 15-20, gündüz 25-30, Bakıda gecə 18-20, gündüz 28-30 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-45 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-20, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz 16-21 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.