![]() |
|
Azərbaycanın Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyevin sabah dəfn olunacağı deyilir.
Bu barədə Oxu.Az-a açıqlamasında Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev məlumat verib.
Onun sözlərinə görə, Xalq artistinin dəfn olunması üçün övladlarının xarici ölkədən gəlməsi gözlənilir:
“Qızlarından biri bu gün gecə saatlarında, digəri isə səhər saatlarında ölkəyə çatacaq. Bizdə olan məlumata görə, onlar gəldikdən sonra mərhumun dəfni üçün dəqiq saatı demək mümkün olacaq”.
Xatırladaq ki, E.Quliyev ötən gün 80 yaşında vəfat edib. O, özünün vəsiyyəti ilə Bakı şəhərindəki “Qurd qapısı” qəbiristanlığında həyat yoldaşının yanında dəfn olunacaq.
Bu gün Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalan Murad Məmmədovun doğum günüdür.
1989-cu ilin bu günü Biləsuvar şəhərində dünyaya gələn Məmmədov Murad Vaqif oğlu şəhərin 4 saylı orta məktəbində təhsil alıb. 2007-ci ildə həmin məktəbin 11-ci sinfini bitirib. Uşaqlıdan Vətənə, torpağa olan sevgisindən dolayı müəllimləri onu "general" deyə çağırırdı.
M.Məmmədov N saylı hərbi xidmətdə vətən borcunu yerinə yetirərək 2009-cu ildə Biləsuvara geri qayıdıb. Vətən sevgisi Muradı yenidən ordu sıralarına qaytarır. Onun bacarığını, fiziki qüvvəsini, hərbi hazırlığını nəzərə alaraq müddətdən artıq hərbi xidmətə götürürlər. İlk vaxtlar Yaşma qəsəbəsində sürücü kimi fəaliyyət göstərən Murad, daha sonra Xüsusi Təyinatlıların tərkibinə daxil edilir.
2016-cı ilin aprel ayında düşmənin növbəti təxribatının qarşısını alan hərbçilərimiz arasında M.Məmmədov da var idi. Bu döyüşlərdə Muradın da xidmət keçdiyi kəşfiyyat bölüyü qaynar nöqtədə fəal iştirak edib. Tez bir zamanda kəşfiyyat bölüyü düşmənin arxasına keçib, dəqiq koordinatlar verərək düşməni ağır itkilərə məruz qoymuşdu.
Düşmən bu zərbələrə tab gətirməyərək geri çəkilməyə məcbur olub. Artıq Talış kəndindəki yüksəkliklər ələ keçirilmişdi. Lakin, düşmən tərəfindən atılan güllə igid, cəsur döyüşçümüz Murad Məmmədovu şəhidlik zirvəsinə ucaltdı. Şəhidimiz, Sumqayıt Şəhidlər xiyabanında silahdaşlarının yanında torpağa tapşırılıb.
Yaşasaydı 32 yaşını qeyd edəcəkdi.
Araşdırmalar göstərir ki, hamilə qadınların iki nəfərdən birində dəmir-defisitli anemiya müşahidə olunur. Məhz bu səbəbdən beynəlxalq təcrübədə hamilə qadınlara dəmir və fol turşusu preparatı qəbul etmək tövsiyə olunur. Bunu nəzərə alaraq, ölkəmizdə hamilə qadınlara pulsuz fol turşusu və dəmir preparatları paylanılacaq. Bəs bu həbləri hardan və nə zaman əldə edə biləcəklər?
Azərbaycanda hamilə qadınlara pulsuz fol turşusu və dəmir preparatları veriləcək.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə BMT-nin Uşaq Fondu arasında əməkdaşlıq çərçivəsində Azərbaycana dəmir və fol turşusu tərkibli 54 min qutu həb ianə edilib. UNICEF-in tövsiyəsinə uyğun olaraq, bu preparatlar yaxın günlərdə tibb müəssisələrinə paylanacaq. Çin istehsalı olan preparatları bütün ölkə üzrə hamilə qadınlar əldə edə biləcəklər.
Mütəxəssislər qeyd edirlər ki, hamiləlik dövründə ananın və bətnindəki körpənin sağlamlığı üçün ananın orqanizmində kifayət qədər fol turşusu və dəmir olmalıdır. Çünki dəmir defisiti anemiyalara, fol turşusunun defisiti isə dölün sinir sisteminin formalaşmasında qüsurların yaranmasına gətirib çıxarır.
Qeyd edək ki, gələn ildən hamiləlik dövründə müşahidə olunan dəmir və fol turşusu defisitinin profilaktikası məqsədi ilə bu preparatlar icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil ediləcək.
Şənbə günü, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 10-13, gündüz 17-22, Bakıda gecə 11-13, gündüz 19-21 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.
Aprelin 17-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 9-14, gündüz 23-28, dağlarda gecə 5-10, yüksək dağlıq ərazilərdə 2 dərəcəyədək isti, gündüz 12-17, bəzi yerlərdə 20 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, aprelin 17-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Baku.ws verdiyi məlumata görə, söküntü işləri ilk olaraq Ağa Nemətulla küçəsində yerləşən plana düşən binalardan başlanacaq. Artıq Ağa Nemətulla küçəsi 32 ünvanındakı binanın söküntü işlərinə hazırlıq görülür.
Nərimanov rayon İcra Hakimiyyətindən verilən məlumata görə, adıçəkilən layihə pilotdur. Qeyd edilir ki, həmin ərazilərdə bir neçə bina artıq sökülüb.
“Sakinlərlə danışıq aparılır. Binanın sakinləri tam şəkildə köçürüləndən sonra söküntü işlərinə başlanılır. Sakinlər üçün kirayə mənzillər ayrılır.
Vətəndaşların kirayə haqqı, daşınma üçün lazım olan vəsait və digər xərclər pilot layihəni reallaşdıran şirkət tərəfindən ödənilir. Sökülən binanın yerində yeni bina tikiləndən sonra vətəndaşlara hazırkı mənzillərinin sahəsindən çox kvadratlı yeni mənzillər verilir.
Elə mənzil sahibləri olacaq ki, onlara hətta əlavə bir otaq da verilə bilər. Yeni mənzillər tam təmirli olacaq. Orada hər mənzil sahibi ilə fərdi olaraq danışıqlar aparılır və müqavilə də fərdi olaraq bağlanılır”, - deyə qurumdan bildirilib.
Qeyd edək ki, 2019-cu ildə Fövqəladə Hallar Nazirliyinin müəyyən etdiyi və Nazirlər Kabinetinə təqdim etdiyi istismara yararsız olan qəzalı binaların sayı 17-dir.
Bu 17 binanın çoxu Sabunçu rayonu ərazisindədir. Bundan başqa Xətai, Səbail, Nərimanov, Yasamal rayonu ərazisində də var. 2020-ci ildə koronavirus pandemiyası ilə bağlı söküntü-tikinti işləri dayandırılmışdı. Göründüyü kimi işlərə Nərimanov rayonundan start verilir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan Yol-xeber.az-a verilən məlumata görə, reyd zamanı kobud qayda pozuntularına yol verənlər, həmçinin təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər aşkarlanaraq onlarla profilaktiki söhbətlər aparılıb.
Nəqliyyatın hərəkətinin sıx olduğu ərazilərdə keçirilən reyd nəticəsində qayda pozan sürücülər barəsində inzibati protokollar tərtib edilib.
Son günlər sosial şəbəkələrdə bəzi şəxslərin kartlarından böyük məbləğdə vəsaitin tutulmasına dair bildirişlər aldığı barədə məlumatlar yayılır.
Həmin vətəndaşlar onlardan ötən dövrlərdə xarici ölkələrdən alınan xidmətlərə görə tutulmamış ƏDV məbləğlərinin tələb edildiyini bildirirlər.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən verilən məlumata görə, qanunvericiliyin müddəalarına əsasən, vergi orqanlarında uçotda olmayan fiziki şəxslər tərəfindən elektron ticarət qaydasında alınan xidmətlərə (işlərə) görə ödənilən məbləğdən ƏDV-nin tutulması vəzifəsi banklar tərəfindən icra olunur. Bu halda banklar vergi agenti kimi çıxış edərək həyata keçirilən hər bir tranzaksiya üçün verginin hesablanmasını və ödənilməsini həyata keçirir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti sosial şəbəkələrdə plastik kartlar vasitəsilə aparılan bütün növ ödənişlərdən 18 faiz ƏDV-nin tutulması ilə bağlı yayılmış məlumatlara aydınlıq gətirərək bildirir ki, ölkənin vergi qanunvericiliyində hər hansı yeni dəyişiklik yoxdur, vətəndaşlar və vergi ödəyiciləri üçün əlavə vergi öhdəlikləri müəyyən edən hər hansı yeni müddəalar tətbiq edilməyib.
Belə ki, plastik kartlar vasitəsilə nağdsız qayada aparılan ödənişlərdən üzrə vətəndaşın hesabından 18 faiz ƏDV yalnız xaricdən elektron ticarət qaydasında iş və xidmət alınan zaman banklar tərəfindən tutulur.
Fiziki şəxslərin xaricdə yerləşən müəssisə və təşkilatlarla elektron ticarət qaydasında apardıqları aşağıdakı əməliyyatlar üzrə ödəmələrindən banklar tərəfindən ƏDV tutulmur:
xaricdən malların alınmasına görə ödəniş;
xaricdə otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlərə görə ödəniş;
fiziki olaraq xaricdə alınan (istehlak) edilən iş və xidmətə görə ödəniş.
Yayılan məlumatlarda qeyd olunan plastik kartlar vasitəsilə dövlət orqanlarının tətbiq etdikləri cərimə məbləğlərinə görə hesabdan 18 faiz ƏDV-nin tutulması ilə bağlı bildirirk ki, dövlət orqanlarına ödənilən cərimə məbləğlərinə ƏDV hesablanmır və tutulmur.
Ölkə daxilində fəaliyyət göstərən müəssisə və təşkilatlara plastik kart vasitəsilə nağdsız qaydada ödənilən məbləğlərdən əlavə olaraq ƏDV tutulmur. Belə ki, ölkədə fəaliyyət göstərən ƏDV ödəyicilərindən alınmış mal, iş və xidmətlər üçün hesablaşmalarda ƏDV məbləği son qiymətdə öz əksini tapır.
Göründüyü kimi, ölkə daxilində aparılan nağdsız ödənişlərdən hər hansı əlavə vergilər tutulmur, əksinə qanunvericilik nağdsız ödənişlər üzrə həm sahibkarlara, həm də vətəndaşlara müvafiq təşviqlər nəzərdə tutur.
Belə ki, pərakəndə ticarət və ictimai iaşə sektorunda çalışan sahibkarların dövriyyəsində POS-terminal vasitəsilə nağdsız qaydada əldə olunan gəlirin həcminə uyğun olaraq mənfəət (gəlir) vergisi və sadələşdirilmiş vergi üzrə güzəştlər tətbiq edilir.
Vətəndaşlar isə nağdsız qaydada həyata keçirdikləri alış-verişə görə, nağd qayada həyata keçirdikləri alış-verişə nisbətdə 5 faiz daha çox ƏDV-ni geri ala bilirlər (nağd ödənişlər zamanı ƏDV-nin 10 faizi, nağdsız ödənişlər zamanı isə ƏDV-nin 15 faizi vətəndaşa qaytarılır).
Məlumat üçün onu da bildirirk ki, qanunvericiliyə görə informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi (o cümlədən, İnternet şəbəkəsi vasitəsi ilə elektron kitabların, musiqinin, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi, digər analoji iş və xidmətlər) üzrə həyata keçirilən fəaliyyət elektron ticarət qaydasında aparılan əməliyyat hesab edilir.
Oxu.az xəbər verir ki, Xaçmaz rayon Maqsudkənd sakini Səbuhi Hüseynli doğulduğu kəndin qəbiristanlığında dəfn edilib.
Qeyd edək ki, S.Hüseynli 44 günlük Vətən müharibəsi zamanı oktyabrın 20-də yaralanıb və komada olub. O, dünən şəhidlik zirvəsinə ucalıb.
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib.
BDYPİ-dən daxil olan müraciətdə deyilir:
"Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən nəqliyyat vasitələri sahiblərinin və sürücülərin nəzərinə!
Tərəfdaş qurumlar tərəfindən verilmiş rəsmi məlumata istinad edərək bildiririk ki, Rusiya Federasiyasının (RF) “Beynəlxalq avtomobil daşımalarının həyata keçirilməsinə dövlət nəzarəti və həmin daşımaların icrası qaydalarının pozulmasına görə məsuliyyət haqqında” federal qanunvericiliyində dəyişiklik edilib.
Belə ki, hazırda qüvvədə olan dəyişikliyə əsasən, xarici daşıyıcıya məxsus nəqliyyat vasitəsi Rusiya Federasiyasının (RF) dövlət sərhəd buraxılış məntəqəsinə daxil olduğu zaman həmin nəqliyyat vasitəsilə əvvəllər RF ərazisində törədilən inzibati xətaya görə nəzərdə tutulan inzibati cərimənin ödənilməməsi halı aşkarlanarsa, qeyd olunan nəqliyyat vasitəsinin RF ərazisində hərəkətini davam etdirməsinə yalnız sözügedən inzibati cərimənin ödənilməsindən sonra icazə verilir.
Xarici daşıyıcı və ya onu təmsil edən nümayəndə nəqliyyat vasitəsi Rusiya Federasiyasının dövlət sərhəd buraxılış məntəqəsinə daxil olduqdan sonra 3 saat ərzində inzibati cərimə öhdəliyini yerinə yetirməlidir. Əks təqdirdə həmin nəqliyyat vasitəsinin Rusiya Federasiyasının ərazisindən xaric edilməsi üçün qanunla müəyyən olunmuş tədbirlər görüləcəkdir.
Bununla yanaşı, sözügedən qanunun müvafiq müddəalarının qüvvəyə minəcəyi 2021-ci il 7 iyul tarixindən etibarən eyni qaydaların Rusiya Federasiyasını tərk etmək istəyən xarici daşıyıcıya məxsus nəqliyyat vasitələrinə də şamil olunacağı nəzərdə tutulub. Yəni, xarici daşıyıcıya məxsus nəqliyyat vasitəsilə Rusiya Federasiyasının ərazisində törədilmiş inzibati xətaya görə nəzərdə tutulan inzibati cərimə ödənilmədiyi təqdirdə həmin nəqliyyat vasitəsinin Rusiya Federasiyasının ərazisini tərk etməsinə məhdudiyyət tətbiq ediləcəkdir.
Eyni zamanda bildiririk ki, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Dövlət Yol Müfəttişliyinin rəsmi internet səhifəsində (гибдд.рф) xarici dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin ödənilməmiş inzibati cərimələri haqqında məlumat əldə etmək imkanı yaradılıb".