![]() |
|
Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Nüsüs kəndindən yeni videogörüntülər yayımlayıb.
Həmin görüntüləri təqdim edirik:
DOST mərkəzlərinin əməkdaşları şəhid ailələri ilə görüşlərini davam etdirir.
Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, növbəti görüş 2 saylı Bakı DOST Mərkəzinin əməkdaşları Vətən Müharibəsində şəhid olan qəhrəmanlarımızdan, dövlət başçısının sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmiş Natiq Vahid oğlu Məmmədbəylinin ailəsində olublar.
Natiqin döyüşlər zamanı, xüsusilə Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında şəxsi igidlik və şücaətindən bəhs olunub. Onun və bütün şəhidlərimizin xatirəsinin həmişə qəlbimizdə yaşayacağı vurğulanıb.
Görüşdə şəhidin ailəsinə Prezidentin aylıq təqaüdünün təyin olunduğu bildirilib və mərkəzin direktoru Emin Namazəliyev şəhidin valideynlərinə təqaüd kartlarını təqdim edib. Şəhid ailələri üçün nəzərdə tutulan digər sosial dəstək tədbirləri barədə də ailəyə məlumat verilib.
DOST mərkəzləri postmüharibə dövründə şəhid ailəsi üzvləri olan 300-ə yaxın şəxsə Prezidentin təqaüdünün, pensiya və müavinətin təyinatı, şəhid ailəsi üzvü vəsiqəsinin verilməsi və s. istiqamətlərdə xidmətlər göstərib.
Əlilliyə görə əmək pensiyasının məbləğinin hesablanması qaydası dəyişib.
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklik müzakirə olunub və qaydalaırna dəyişməsi qanun layihəsində öz əksini tapıb.
Hazırda əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur.
Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir. Dəyişikliyə əsasən, nisbət dəyişir. Beləliklə, əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulacaq və sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 192-yə deyil, 200-ə olan nisbəti şəklində müəyyənləşdiriləcək. Bu aşağıdakı hallarda tətbiq edilməyəcək:
- 2021-ci il yanvarın 1-dək təyin edilmiş əlilliyə və ailə başçısını itirməyə görə əmək pensiyalarının yenidən hesablanmasına;
2021-ci il yanvarın 1-dək hüququ yaranmış şəxslərə 2021-ci il yanvarın 1-dən sonra əlilliyə və ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsinə və yenidən hesablanmasına;
- 2021-ci il yanvarın 1-də əlilliyə və ailə başçısını itirməyə görə sosial müavinət təyin edilmiş şəxslərə bu tarixdən əvvəl əmək pensiyasının təyin edilməsinə.
Eyni zamanda qanunda əmək pensiyasının sığorta hissəsinə əlavələri nəzərdə tutan 19-cu maddə ləğv edilir. Ancaq bu qanun qüvvəyə minənədək hesablanmış əlavələrin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi davam etdirilir.
Qüvvədə olan qanuna görə, 2019-2020-ci illərdə bu qanunla müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanmalı idi. Dəyişikliyə əsasən müddətlər dəyişir. Beləliklə, 2019-2022-ci illərdə bu qanunla müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanacaq.
Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri müəyyənləşib. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var. Qanunda nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
Qanun layihəsi üçüncü oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.
Qanun 2021-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Sosial müavinətlərin növlərinə, müavinətlərin təyin olunması şərtlərinə, müavinətlərin təyin edilməsi müddətinə dəyişiklik edilib.
Milli Məclisin bu gün keçirilən iclasında “Sosial müavinətlər haqqında” qanuna dəyişiklik müzakirə olunub və bu məsələ layihəsində əksini tapıb.
Qanun layihəsinə əsasən, müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların uşaqlarına da sosial müavinət veriləcək.
Əhaliyə pandemiya ilə əlaqədar birdəfəlik ödəmə 2020-ci ildə yaşayış minimumu həcmində verilirdi.
Bunu Əmək və əhalinin sosial Müdafiəsi naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən iclasında deputatalaırn suallaırnı cavablandırarkən deyib.
Nazirin sözlərinə görə, əgər sərt karantin rejimi 2021-ci ildə də tətbiq edilərsə, bu məsələyə, verilən ödəmənin yenə də yaşayış minimumu həcmində olmasına hökumətdə baxılacaq. O, birdəfəlik ödəmələrin verilməsinin elektron qaydada həyata keçirildiyini qeyd edib.
Qeyd edək ki, gələn il üçün yaşayış minimumu 196 manat məbləğində müəyyənləşib.
Pandemiya ilə əlaqədar 2020-ci ildə aylıq 190 manat məbləğində birdəfəlik ödəmə edilib.
Dekabrın 29-da Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
"Qafqazinfo" xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasının Suqovuşan kəndinin işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərmiş 3572 hərbi qulluqçu “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.
Bu medala layiq görülən hərbi qulluqçuların 2-si general-mayor, 16-sı polkovnik, 69-u isə polkovnik-leytenantdır.
2021-ci ilin dövlət büdcəsində ehtiyac meyarının məbləği müəyyən olunub.
“Ölkə.Az” xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2021-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsində əksini tapıb.
Növbəti ildən ölkədə ehtiyac meyarının həddinin orta hesabla 6,3 faiz artımı və ya 160 manatdan 170 manata çatdırılması nəzərdə tutulub.
Qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.
2021-ci ilin dövlət büdcəsində yaşayış minimumu ölkə üzrə 196,0 manat məbləğində müəyyən edilib.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb. 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196,0 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 207,0 manat, pensiyaçılar üçün 162,0 manat, uşaqlar üçün 175,0 manat məbləğində proqnozlaşdırılır. Bu da 2020-ci illə müqayisədə müvafiq olaraq orta hesabla 6,0 manat və ya 3,1 faiz çoxdur. Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Dövlət Sosial Müdafiəsi Fondunun (DSMF) dövlət büdcəsində gələn il üçün gəlir və xərcləri bərabər olaraq 5 milyard 146 milyon 30 min 160 manat məbləğində müəyyən edilib.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında” qanun layihəsində əksini tapıb. Qanun layihəsinə əsasən, Dövlət Sosial Müdafiəsi Fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait 1 milyard 631,5 milyon manat təşkil edəcək ki, bu da cari ilin proqnozu ilə müqayisədə 442,6 milyon manat və ya 37,2 faiz çoxdur. Qanun layihəsi üçüncü oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.
Qanun layihəsi barədə məlumat verən Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, cari ildə 250 milyon manatlıq vəsaitə qənaət edilib və bu vəsait əhalimizin sosial təminatına yönəldilib.
O qeyd edib ki, əhalimizə bu il ödənilən 190 manat vəsaitin 200 milyonu bu qənaətin hesabına həyata keçirilib.
Nazir eyni zamanda əlavə edib ki, gələn il şəhid ailələrinin, əlillərin sosial müdafiəsi gücləndiriləcək:
“DSMF-nin büdcəsi hazırlanarkən, insanların sosial müdafiəsi əsas götürülüb. Şəhid ailələrinin, əlillərin sosial müdafiəsi ölkə başçısının nəzarəti altındadır”.
Onun sözlərinə görə, gələn il də bu kateqoriyadan olan insanların sosial müdafiəsinin gücləndirilməsi nəzərdə tutulub: “Artıq 1400 fərdi ev şəhid ailələrinə və əlillərə təqdim edilib. Növbəti dövrlərdə də bu proqram davam edəcək”.
Cəmi bir həftə öncə Ağdam, Füzuli və Cəbrayıla səfər etmək imkanını fövtə vermişdim. Səbəb isə bu idi ki, bir həftə sonra növbəti səfər Zəngilan və Qubadlıya olacaqdı və mənə seçim etmək şansı yaradılmışdı. Seçdim!
Görüş yeri
Həmin bir həftəni iplə dartmışdım sanki. Hər gün ən azı iyirmi dəfə saata baxıram...Vaxt getmir...Eynən əsgərlikdəki kimi...
Və nəhayət vədə yetişir. 25 dekabr 2020-ci il. Vədələşdiyimiz yerdə səfər heyətiylə görüşürük. Səhər saat 6-ya qalır. Bakının vazkeçilməzi külək və yüngülvari şaxtaya bənzər nəsə hiss edirəm. Hiss olunur ki, yolçuluq bizə maraqlı sürprizlər vəd edir. Məsələn, neçə gündür Bakıda az qala bezdiyimiz yağışın daha bolunu, gurunu və son illər görməyə həsrət qaldığımız qar...
Hər kəs yerindədir. Bakıdan çıxırıq və yolüstü “bazarlığımızı” etdikdən sonra üzü Zəngilan və Qubadlıya doğru.
Plana əsasən əvvəlcə Zəngilana getməliyik. Əvvəlcə Zəngilana getməyimiz çox yaxşı oldu, Qubadlıda daha çox vaxt keçirə biləcəyəm-ürəyimdə düşünürəm...
Həmkar olsaq da, yol yoldaşlarımla demək olar ki, ilk səfərimdir. Samir İsayev bizdən daha təcrübəlidir. Bu mənada ki, o, artıq son bir ayda yanılmıramsa üçüncü dəfədir ki, Qarabağa səfər edir. Könül Cəfərli və Cəmilə xanım isə mənim kimi Qarabağ səfərinin debütantları hesab edilir. Digər yoldaşlarımızla isə qarşıdakı sətirlərdə tanış olarıq...
“Jiquli”də gəzən divan...
...Yolu yarılamışıq. Artıq necə deyərlər, hamı açılışıb, arabir ənənəvi yol zarafatları da öz yerində. Sürücümüz Riyad bəy qarşıdan üstündə divan olan “Jiquli”ni göstərib deyir ki, artıq dördüncü səfərdir eyni maşın və eyni mənzərəylə qarşılaşıram. Ardınca əlavə edir: “Deyəsən bu kişi hər səhər bu divanı gəzdirir. Hər dəfə eyni vaxtda qarşıma çıxır”. Gülüşürük... Zatən uzun yolçuluğun qaydası bu. Danışıb gülməsən nə yol, nə vaxt getmir...
...Birinci kəndin mərkəzinə gedərəm, sonra məktəbimizə qalxaram, sonra məscidə, ordan isə evimizə-yolboyu beynimdən, düşüncəmdən kino lenti kimi bəlkə əlli dəfə keçirirəm bu cümlələri. Fikrimdə var ki, əgər həyətimizdəki qoz indiyə qalıbsa, iş yoldaşlarıma, tanışlarıma da pay gətirəcəyəm. Hə, bir də evimizin arxasında bir köz ütüsü var idi. Uşaqlıqda o ütüdən həm “tank”, həm də “maşın” kimi istifadə edirdim. Düşünürəm ki, bəlkə də elə axırıncı dəfə harada oynayıb tullamışamsa yerindədir... Axı nəyinə lazımdır erməninin o ütü?
Zəngilan və Füzuli
... Füzuliyə çatırıq. Hərbçi və polislərimizin yoxlamasından sonra işğaldan yenicə azad edilmiş yerlərə daxil oluruq. Müşahidələrimdən belə qənaətə gəldim ki, Füzuli və Cəbrayıl təbiəti ilə bir-birinə oxşadığı kimi viranə qalmış yurd yerləri də sanki əkizdirlər. Evlərin əskəriyyəti çay daşlarıyla tikilib. Cəbrayılın Füzulidən yeganə fərqi Araz qırağı kəndlərdə yolboyu uzanan üzüm kələsərləridir. Əkin sahələrinin isə yenicə şumlandığını görməmək mümkün deyil. Deyilənə görə, bu yerlərin şumlanmasında İranın Cəbrayılla üzbəüz kəndlərinin sakinləri də ermənilərə canı-dildən kömək edirmişlər. İrəliləyirik...Soltanlı, Əmirvarlı, Mahmudlu kəndləri... Və Zəngilan yazılan lövhəni görüncə həyəcanım bir az da artır. Çünki növbəti dayanacağa cəmi bir addım qalır. Düz 27 il 3 ay 25 gündən sonra qovuşacağıq...
Zəngilan deyiləndən gözəlmiş
Bu arada deyim ki, Zəngilan rayonu haqqında danışılandan daha gözəl imiş. Yolboyu yaşıllıqlar, yarpaqlarını “itirmiş” budaqları meyvəsinin ağırlığından az qala yerə dəyən xurma ağacları, Araz çayı...
Mincivan qəsəbəsindəyik. Sərhədçilərimizlə görüşürük. Bizə bələdçilik edirlər. Yolüstü bir evə baş çəkirik. Hiss edilir ki, burada sentyabr ayına qədər yaşayış olub. Hətta həyətin girəcəyindəki əl damını avtomobil təmirxanası kimi istifadə ediblər. Zəngilan xurmasından və narından ilk dəfə məhz bu həyətdə dadıram...
Vejnəlinin burma-burma yolları...
Yolumuz məşhur Vejnəli yatağındadır. O Vejnəli yatağı ki illərlə istismara məruz qalıb. Amma yoldan aydın olur ki, bizi burdan elə daha çətin yollar gözləyir. Ona görə də maşınımızı dəyişib hərbçilərin idarə etdiyi maşınla davam edirik. Yüksəklik getdikcə artır, elə həyəcanımız da. Çünki Vejnəliyə gedən yol Ağsu dolaylarına, Gədəbəylə Şəmkiri birləşdirən Yasamal dağı dolaylarına şükr oxutdurmaq gücündədir. Yeri gəlmişkən, hərbçilərimizin dediyinə görə, Vejnəliyə 27 il sonra səfər edən ilk jurnalistlər məhz bizik.
Aramızda ən çox həyəcan keçirən isə Cəmilə xanımdır. Belə olan halda həyəcanı büruzə vermək yersizdir. Çünki onu az da olsa sakitləşdirən bizim nisbətən təmkinli olmağımızdır. Özümü elə aparıram ki, Vejnəli yolu öz ləhcəmizlə desək, heç vejimə də deyil. Ancaq dilimin altında ivrit, yapon və digər çətin öyrənilən dillərdə dualar zikr etdiyimin fərqindəyəm. Təbii ki, zarafatdır. Amma yolçuluq bir az da davam etsə, pis fikir deyil. Uzun və ağır yolçuluqdan sonra Vejnəliyə yetişirik. Havanın qaralmağına maksimum bir saat qalır. Bacardığımız qədər daha çox hərbçimizlə həmsöhbət olmalı, daha mox informasiya toplamalıyıq.
Ayağımızın altındakı erməni postu
Hərbçilərimiz bizə aşağıdakı erməni postlarını göstərirlər. Heç bir mübaliğəsiz filansız erməni postu bizim əsgərimizin ayağının altında yerləşir. Soruşuruq ki, qarşı tərəfdən hər hansı təxribat olurmu? Çox maraqlı cavab alırıq. Sən demə, məğlub ordunun əsgərləri boş vaxtlarında öz ərazilərində ovla məşğul olurmuşlar. Hansı gününüzə?- içimdən keçən sual.
DSX-nın Çevik Hərəkət Qüvvələrinin hərbi qulluqçusu, Baş leytenant Murad Abbasov deyir ki, Vejnəlidəki postlar bu ərazinin erməni işğalından təmizlənməsində şücaət göstərmiş hərbçilərimizin adlarını daşıyır:
“Zəngilan rayonu Vejnəli qəsəbəsinin, həmçinin burada yerləşən strateji obyektlərdən ən vacibi olan qızıl mədəninin azad olunmasında biz və bizim bölmələrimiz iştirak etmişdir. Bu ərazilərdə çox qızğın döyüşlər getdi. Ermənlər bu əraziləri qəti surətdə vermək istəmirdilər. Bu döyüşlərdə bizim tabordan səkkiz nəfər şəhidimiz oldu. Döyüşlər gedən ərazilərdə təyin olunmuş postlara şəhidlərimizin adı verilib. Hazırda yerləşdiyimiz post isə buranı azad edən baş leytenant Ülvi Aslanovun şərəfinə “Aslan postu” adlandırılır. Şükür ki, özü hazırda sağ-salamatdır, xidmətini davam etdirir, DSX rəisi tərəfindən təltif edilib. İstənilən hava şəraitində postda sayıq xidmət aparılır, dövlət sərhədi tam sayıqlıqla mühafizə edilir. Həmçinin postların təminatı, şəxsi heyətin isti yeməyinin, geyimlərinin çatdırılmasında heç bir problemimiz yoxdur. Hər kəs xidmətindən razıdır, mənəvi-psixoloji hazırlığımız çox yüksəkdir”.
Sizi tam səmimiyyətimlə inandırıram ki, yazacağım cümlələrdə zərrə qədər mübaliğə yoxdur. Hərbçilərimizin gözündə elə bir əzm, iradə, özünəinam hiss edilir ki, bu dəqiqə dünyanın istənilən ordusuna qarşı mübarizə aparmağa hazırdırlar sanki. Hətta nəticə nə olsa belə buna hazırdırlar.
...Toran çalır, hava qaralır, görünməyən günəş olan-qalan işığına da götürüb yoxa çıxmaq üzrədir. Tədricən aşağı düşməliyik. Əvvəlcə Mincivana, sonra Zəngilanın mərkəzinə və oradan Qubadlıya...
Qaranlıq düşür, ümidlərim getdikcə azalır. Doğrudanmı 27 il 3 ay 25 gündən sonra da alınmayacaq?
...alınmır. Ərazidə Ermənistanın mərkəzi hakimiyyətinə tabe olmayan bir neçə erməni diversantın gizlənməsiylə bağlı xəbərlər var. Qayıtmalı oluruq...
Gecə saat 3 tamamdır. Bakıya Qubadlısız yarımçıq reportajla qayıdıram...
İntiqam VALEHOĞLU
Bakı-Zəngilan-Bakı