![]() |
|
Mərkəzi Bank və Azərbaycan Sığortaçılar Assosiasiyasının birgə nəzarəti ilə Vətən müharibəsində şəhid olmuş və ya aldığı xəsarət nəticəsində müvafiq əlillik dərəcəsi almış hərbi qulluqçuların ipoteka kreditlərinin sığorta vasitəsilə ödənilməsi prosesi şəkildə davam edir.
Azərbaycan Sığortaçılar Assosiasiyasından “Qafqazinfo”ya verilən məlumata görə, rəşadətli ordumuzun qələbəsi ilə nəticələnən Vətən Müharibəsində iştirak edərək şəhid olmuş və ya müvafiq əlillik dərəcəsi almış hərbçilərimizə İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə verilmiş ipoteka kreditləri həyat sığortası üzrə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən ödənilir.
Bu günə qədər 3 milyon 235 min 757 manat həcmində ipoteka kreditləri həyat sığortası sahəsində fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən tam ödənilib.
Həmçinin şəhidlərimizin vərəsələrinə, xəsarət almış hərbçilərimizə və əlillik dərəcəsi müəyyən edilmiş qazilərimizə Hərbi Qulluqçuların Dövlət İcbari Şəxsi Sığortası çərçivəsində sığorta ödənişinin verilməsi Mərkəzi Bankın nəzarəti ilə Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən operativ qaydada həyata keçirilməkdədir. Şirkətdən verilən məlumata görə bu günədək 1053 şəhidimizin vərəsələrinə və hərbi əməliyyatlar zamanı xəsarət alan 4119 nəfər hərbiçimizə sığorta ödənişi verilib. Həyata keçirilmiş sığorta ödənişlərinin ümumi məbləği 18 milyon 109 min 850 manat təşkil edir.
Azərbaycan Sığortaçılar Assosiasiyasından bildirilir ki, Mərkəzi Bankın nəzarəti ilə proses hazırda davam etməkdədir.
Dekabrın 27-də saat 15.30 radələrində Azərbaycanın Xocavənd rayonunun Ağdam (Akaku) kəndi istiqamətində qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin qalıqlarından ibarət 6 nəfərlik dəstə Azərbaycan Ordusunun bölmələrinə hücum edib.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Nəticədə bir nəfər hərbi qulluqçumuz, əsgər Qənbərov Elmir Rayil oğlu şəhid olub, əsgər Əliyev Emin Süleyman oğlu isə yaralanıb. İlkin tibbi yardım göstərildikdən sonra yaralı hərbi qulluqçumuz tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün heç bir təhlükə yoxdur.
Görülən tədbirlər nəticəsində qanunsuz erməni hərbi dəstəsinin altı üzvü məhv edilib.
Bu kimi hal təkrarlanarsa, Azərbaycan Ordusu tərəfindən qəti tədbirlər görüləcək.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin ailəsinə dərin hüznlə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin!
Qanunsuz rayonlararası sərnişindaşıma fəaliyyəti ilə məşğul olan mikroavtobuslar aşkar edilib.
“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, dekabrın 26-da Bakı-Qazax yolunun 65-ci kilometrliyində karantin rejimi ilə əlaqədar qurulmuş postda Ucar rayon sakini S.Rəhimovun, Tərtər rayon sakini E.Qurbanovun və Tovuz rayon sakini Ə.Məmmədhəsənovun idarə etdikləri “Mercedes” markalı 3 mikroavtobus saxlanılıb.
Araşdırmalarla onların qanunsuz olaraq rayonlararası sərnişindaşıma fəaliyyəti ilə məşğul olmaları müəyyən edilib.
Hər üç sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokollar tərtib edilib.
Sumqayıt şəhəri 1 saylı poliklinikanın həkim-nevropatoloqu Kazım Kərimli koronavirusdan vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə onun həkim həmkarı Aydın Əliyev feysbukda yazıb.
Onun sözlərinə görə, K. Kərimli KT müayinəsindən keçən zaman ağciyərlərində 10 faiz buzlu şüşə aşkarlanıb. Əvvəlcə Saray qəsəbəsində yerləşən modul tipli xəstəxanada müalicə alsa da, sonradan vəziyyəti ağırlaşıb və Zığ modul tipli xəstəxanaya yerləşdirilib. Lakin vəziyyəti ağırlaşdığından orada vəfat edib.
Bu həftə Azərbaycanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar 5 günlük tətil başlayır.
Dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, yanvarın 1 və 2-si isə Yeni il bayramıdır.
Yanvarın 2-si şənbə gününə təsadüf etdiyindən yanvarın 4-ü də istirahət günüdür. Həmçinin yanvarın 3-ü isə bazar günüdür.
Beləliklə, Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı ilə əlaqədar olaraq Azərbaycanda 5 gün - 2020-ci ilin dekabrın 31-i, 2021-ci ilin yanvarın 1-i, 2-si, 3-ü və 4-ü qeyri-iş günləridir.
Xaçmaz rayonunda karantin qaydalarını pozaraq fəaliyyət göstərən tədris mərkəzi aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində gizli şəkildə fəaliyyət göstərən özəl tədris mərkəzi aşkarlayıblar.
Polis əməkdaşları tərəfindən vətəndaş Elmar Səfiyevin icarə əsasında işlətdiyi tədris mərkəzinin fəaliyyəti dayandırılıb. Mərkəzdəki yeniyetmələr ailələrinə təhvil verilərək, valideynlərə övladlarına qarşı məsuliyyətli olmağı, sanitar-karantin rejiminin tələblərinin yerinə yetirilməsi barədə xəbərdarlıq edilib.
E.Səfiyevin və mərkəzin digər əməkdaşları barədə qanunamüvafiq tədbir görülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sərt karantin rejiminin tətbiq edildiyi 5 şəhərin və 12 rayonun giriş və çıxışlarında quraşdırılmış xüsusi postlarda polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, dekabrın 25-də həmin postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 1959 nəqliyyat vasitəsi müəyən olunaraq geri qaytarılıb. Eləcə də qeyd olunan müddətdə ölkə üzrə karantin rejimi qaydalarını pozan 2219 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
“Bu istiqamətdə həyata keçirilən bütün tədbirlər əhalinin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir. Ona görə də vətəndaşlardan tətbiq edilən izolyasiya tədbirlərini anlayışla qarşılamalarını, zərurət olmadan yaşayış yerlərini tərk etməmələrini xahiş edirirk”, - deyə açıqlamada bildirilib.
Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Babayev Rahid Bəxtiyar oğlunun ailəsinə də müvafiq sosial dəstək işləri aparılır.
Şəhidin ailəsi ilə görüşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları onlara Prezidentin aylıq təqaüdünün təyin edildiyini bildiriblər.
Ailə başçısını itirməyə görə aylıq pensiya və ya müavinət alacaqları, pensiya təyin olunacağı halda uşaqların hər birinə aylıq müavinət də ödəniləcəyi bildirilib. Ailəyə şəhid ailələri üçün nəzərdə tutulan digər sosial dəstək tədbirləri barədə də məlumat verilib.
Şəhidin orta ixtisas təhsilli olan həyat yoldaşının işlə təmin olunması məsələsinin də diqqətdə saxlanacağı qeyd edilib.
"Əmək pensiyalarının orta aylıq məbləği 2019-cu ildə 263,59 manat, 2020-ci ilin ilk yarımilliyində 297,85 manat təşkil edib".
Report xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Onun sözlərinə görə, 2020-ci ilin sonuna bu göstəricinin 301,1 manat, 2021-ci ildə isə 338,89 manat təşkil edəcəyi proqnozlaşdırılır, yaşa görə pensiya isə 370 manat təşkil edir.
“Bir neçə ölkədə yeni növ koronavirusun mutasiyaya uğramış formasının aşkarlanması insanlar arasında müəyyən təşviş hissi yaradıb. Mutasiyaya uğrayan virusun yeyinti və qeyri-yeyinti məhsulları vasitəsilə ölkəmizə də keçmək ehtimalı ola bilər. Ancaq bu, həmin virusun daha təhlükəli olması demək deyil”.
AZƏRTAC xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov bununla bağlı deyib: “Dünyanı narahat edən həmin mutasiya virusun bir xüsusiyyətini dəyişib və bunun nəticəsində onun yoluxuculuq qabiliyyəti artıb. Azərbaycan da dünyanın bir hissəsidir və onun ölkəmizə gəlmək ehtimalı istisna edilmir”.
Virusdan xilas olmağın yeganə yolu olan vaksinlər gələn ilin əvvəllərində ölkəmizə gətiriləcək. İndi insanları vaksinasiyanın hansı qrup əhali arasında aparılacağı və kimlərin həmin tədbirdən kənarda qalacağı daha çox düşündürür. Mütəxəssislərin dediyinə görə, bəzi xəstələrə peyvəndin əks təsiri də var. Vərəm, kəskin respirator virus xəstəliyi və insult keçirənlər üçün peyvənd təhlükəli ola bilər.
Professor məsələyə aydınlıq gətirərək bildirib: “Kiminsə xəstəliyi keçirməsi və onu təsdiq edən sənəd varsa, ona mütləq baxılacaq. Hansısa vaksinin yan təsiri və əks-göstərişi varsa, mütləq həmin amillər nəzərə alınacaq. İndi hər yerdə həmin peyvəndin vurulmasına başlanılacağı gözlənilir. Yeni vaksinə böyük ümid bəslənilir. Əlbəttə ki, ilk növbədə vaksinasiyaya risk qruplarından başlanılacaq”.
Peyvənd vurulan zaman insanda heç bir virus və bakterioloji infeksiya, qrip və qızdırma olmamalıdır, çünki adətən vaksinasiyadan sonra insanın hərarəti qalxır və özünü əzgin hiss edir.