![]() |
|
Azərbaycanda daha bir alim vəfat edib.
Bu barədə oxu.az-a onun ailəsindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, universitetin Nəzəri və praktiki iqtisadiyyat kafedrasının müəllimi Telman Babayev həyatını itirib.
1942-ci il təvəllüdlü alim ölümündən əvvəl koronavirusa yoluxub. Onun müalicəsi müsbət nəticə versə də, ağciyərlərində fəsadlar ortaya çıxıb. Professor elə bu fəsadlardan ölüb.
Qeyd edək ki, alim Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə İqtisad Universitetinin 90 illiyində “Tərəqqi” medalı ilə təltif olunub.
“İnternet mediasında elələri var ki, təəssüf ki, yaratdıqları saytı özlərinin şəxsi “Facebook” profili hesab edirlər və istədiklərini yazırlar”.
Oxu.az məlumatına görə, bunu “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov onlayn keçirdiyi illik mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, onların yazdıqları qeyri-obyektiv məlumatlar ictimaiyyətə ötürülür. Nəticədə ictimai fikri yanlış yola yönəldirirlər:
“Olmazdı ki, müəyyən yazı yazarkən obyektivliyi və qaşrı tərəfin fikirlərini də ortaya qoyasınız? Əgər biz jurnalistikanın üç əsas prinsipini-obyektivlik, dəqiqlik və qərəzsizlik prinsiplərini görməzlikdən gəliriksə, özümüzü jurnalist adlandıra bilmərik”.
Sədr bildirib ki, AzTV-nin uzun illər ərzində yaranan forma və məzmununun yeni dövrün tələblərinə uyğunlaşdırılması istiqamətində işlər gedir:
“Daha dinamik verilişlərin olması və aparıcıların gətirilməsi üçün işlər aparılır. Pandemiya bu dəyişikliklərin aparılması sürətinə az təsir etsə də, bizim işlərimiz davam edir. 2019-2020-ci illər ərzində dörd milyon manatdan çox vəsait əməkdaşların maaş və qonorarlarına əlavə olunub”.
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Şamaxı rayonunun Saqiyan kəndinin Günəşli kəndi adlandırılması haqqında” Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.
Qanuna əsasən, Şamaxı rayonunun Saqiyan kənd inzibati ərazi dairəsi tərkibindəki Saqiyan kəndi Günəşli kəndi adlandırılıb və Saqiyan kənd inzibati ərazi dairəsi Günəşli kənd inzibati ərazi dairəsi hesab edilib.
“Dövlət qarşıdakı illərdə ilk növbədə kənd təsərrüfatına daha çox diqqət lazımdır. Çünki bu şəhəri, insanları, sizləri və bizləri dolandıran əli qabarlı kəndçilərdir. Bu torpağı da erməni işğalından azad edənlərin çoxu da o kəndçinin, o kasıbın balaları idi. O kasıbın balaları ki, Prezident İlham Əliyevə qəlbi və canı ilə bağlı oldu. Tarix boyu bütün imperiyaları da, varlı və kasıb dövlətləri də kasıb balaları saxlayıb, ucladıb, qalib edib”.
“Ölkə.Az” xəbər verir ki, bunu millət vəkili Razi Nurullayev Milli Məclisdə 2021-ci il büdcə müzakirəsi zamanı deyib.
Millət vəkili əlavə edib ki, o kasıbın iş qurmaq üçün güzəştli kənd təsərrüfatı kreditinə ehtiyacı var: “Ona görə də onların pul problemi olmamalıdır. Güzəştlərdən bir neçə faiz fermer yararlana bilir. Vəsait azdır. Amma, əksəriyyətin əsasən 2 min manatdan 10 min manata kimi tam güzəştli kreditə ehtiyacı var. Daha gedib banklardan 17-29 faizə kredit götürüb öz evlərini öz əlləri ilə yıxa bilməzlər ki... Bəlkə yalan danışıram?
Ikinci təklif etdiyim məsələ uşaq pulunu bərpası ilə bağlıdır. Populizm olmasın deyə, mənə mümkün olmayan şeyi deyib özünə siyasi xal qazanır deməsinlər deyə, deputat olandan susmuşam ki, uşaq pulu sözünü tribunadan dilimə gətirməyim və gətirmədim. Hərçənd ki, deputat seçkilərində əsas vədim uşaq pulu məsələsinin qaldırıması idi. Söz vermişdim ki, birinci plenar iclasda qaldıracam. Bu il keçdi, amma növbəti ilin büdcəsində uşaq pulu mütləq olmalıdır. Bu torpağı, bu vətəni saxlayan, bizə zəfər sevincini yaşadan, Ali Baş Komandanın yanında qaya kimi möhkəm dayanıb əmirlərini müntəzəm yerinə yetirən o kəndçilərin, o kasıbların, 5-10 manat uşaq pulu tələb edənlərin övladları idi. Hər zaman belə olub, belə də gedəcək. Amma, biz heç olmasa vicdan əzabı çəkməyək. Prezident İlham Əliyevin, Birinci vitse-prezidentin xalqın rifah içində yaşaması üçün iradəsi var, istəyi var, bizim hamımızdan çox onlar bunu istəyir. Hökumətin işi isə bunu həll etməkdir. Daş-divar hörmək, rəng çəkmək, bəzək-düzək etmək, dövlət idarələrinə möhtəşəm, gözoxşayan idarələr tikmək lazımdır, amma xalqın rifah içində yaşaması daha vacibdir”.
Deputat onu da əlavə edib ki, quru, zinə torpaq üstündə yaşayan, evinin içində başına yağış tökən, övladına təhsil vermək üçün müəllim tutmağa imkanı çatmayan ailəni başa düşmək və onun ehtiyacına uyğun büdcə yaratmaq üçün gərək onunla bir yerdə o kirli yorğan-döşəkdə yatasan, gərək onun kimi sənin də ayağın palçığa batsın, gərək onun kimi sənin də paltarından kərmə peçinin hisindən hopan pis qoxu gəlsin, gərək sən də bu qış günündə dişlərini soyuq su ilə fırçalayasan, ayda-ildə bir dəfə hamamda yuyuna biləsən: “Bunu etməsək, xalqı başa düşə bimərik”.
Cari ilin dekabrın 24-də Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) Bərdə rayonu ərazisində yerləşən Bərdə dəmiryolu stansiyasında Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyi tərəfindən göndərilmiş növbəti humanitar yardım karvanını qəbul edib.
FHN-dən verilən məlumata görə, doqquz vaqonluq humanitar yardım əsasən, tikinti materialları, texniki və məişət avadanlıqlarından ibarətdir.
Qeyd edək ki, 24 dekabr tarixinədək Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyi tərəfindən Azərbaycana ümumilikdə 54 vaqon, 25 yük avtomobilindən ibarət yardım göndərilib. Gətirilən yardımın Vətən Müharibəsi dövründə düşmənin mərmi və raket atəşləri nəticəsində döyüş bölgəsindən kənarda yerləşən yaşayış məntəqələrində ziyan çəkmiş mülki əhalinin əmlakının təmiri və bərpası işləri zamanı istifadə olunması nəzərdə tutulur.
Onu da qeyd edək ki, Rusiya Fövqəladə Hallar Nazirliyi tərəfindən həm əməkdaşlıq çərçivəsində göndərilən yardımlar, həm də sülhməramlılar üçün ünvanlanan yüklər Azərbaycan Respublikasının ərazisindən çatdırılır.
“Müharibə edən ölkələrin təkcə orduları döyüşmür, eyni zamanda müharibə edən cəmiyyətinin bütün təbəqələri, o cümlədən büdcələri savaşır.
44 günlük Vətən müharibəsində iki qüvvə arasında savaş gedirdi. Bir tərəfdə faşizm, digər tərəfdə dünyada təklənmiş haqq uğrunda mübarizə aparan sülhsevər xalq dayanmışdı. 44 günlük Vətən müharibəsi əldə etdiyimiz qələbə həm də BMT-nin qətnamlələrini heçə sayan, faşizmə və zülmə dəstək verən yeni imperialst qüvvələr üzərindəki qələbəsidir”.
Bunu millət vəkili Sabir Rüstəmxanlı Milli Məclisdə 2021-ci ilə büdcə müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, bu qələbə eyni zamanda xalqını qələbə ayapara Prezidentin qələbəsidir. “Bundan sonra da diqqət quruculuq işlərinə yönəldilməlidir. O baxımdan biz 2021-ci il büdcəsini Qarabağ büdcəsi hesab edirik. Ordu savaçda qələbə qaznadı, indi növbə qurucu ordunundur. Qurucu ordu tezliklə işğaldan azad olunan torpaqlaırda quruculuq işlərini görüb ora köçü təmin etməlidir”- S. Rüstəmxanlı qeyd edib.
Millət vəkili hesab edir ki, qələblərin əldə olunsamsında son illərdə həyata keçirilən islahatlar dayanır və kimsə bunu inkar edə bilməz.
“Hesab edirəm ki, bu islahatlar bundan sonra da davam etməlidir. İnsanlara yeni gözlə baxılmalıdır. O baxımdan insanların sosial müdafiəsi gücləndirilməlidir. Xüsusən də şəhid ailələri və qazilərin sosial müdafiəsinə diqqət verilməlidir. Bu da hğkumtə üzvlərindən və məmurların fəaliyyətindən asılıdır”- o bildirib.
Millət vəkili eyni zamanda aztəminatlı ailələrə verilən sosial yardımların verilməsində ciddi problemlər mövcuddur: “ Bu gün biz hələ də aztəminatlı ailələrin sosial yardımlarına göz tikən cinayətkar məmurlar iş başındadır. Bu sahə sosial oğurluq şəbəkəsinə çevrilib”.
“Bu gün əfsuslar olsun ki, Azərbaycan mediasında naşı və ya sıravi, düşüncə baxımından qeyri-peşəkar insanlar var.
Oxu.az məlumatına görə, bunu “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov onlayn keçirdiyi illik mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, hər hansı məsələni kimlərinsə prizmasından ötürən həmkarlar da var:
“Bu gün də hər bir tənqidin və müsbət fikrin bir əsası və faktı olmasına çalışmalıyıq. O faktı bizdən eşitmək istəyirsinizsə, biz öz həmkarlarımıza açığıq. Çalışırıq ki, televiziyada baş verənlər barədə operativ və obyektiv məlumatlar verək”.
Sədr qeyd edib ki, yanvar ayından etibarən AzTV yeni efir otağından yayıma başlayacaq:
“AzTV-nin HD yayıma keçməsi üçün işlər aparılır”.
“Xəzər dənizi qapalı hövzə olduğundan burada periodik olaraq səviyyə dəyişmələri baş verir. Lakin Xəzərin unikal əlamətlərindən biri də ondan ibarətdir ki, bunun səbəbləri indiyədək alimlər tərəfindən tam və birmənalı qiymətləndirilmir”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttar-zadə bildirib ki, Xəzər dənizinin səviyyəsinin dəyişməsində başlıca amil onun hövzəsinin iqlimi hesab olunur və səviyyə tərəddüdləri, əsasən, onun su balansı elementlərindən, yəni onu qidalandıran çaylardan və düşən yağıntının miqdarından, həmçinin buxarlanmadan asılıdır:
“Çoxillik məlumatların təhlili göstərir ki, Xəzər dənizinin səviyyəsi -20 və -34 metr arasında dəyişib. 1977-ci ildə dənizin səviyyəsi XX əsrdə müşahidə olunmuş ən aşağı həddə çataraq -29 metrə qədər azalıb.
Lakin 1977-1995-ci illər ərzində suyun səviyyəsi 2,5 metr artaraq -26,5 metrə çatıb. 1995-ci ildən dəniz səviyyəsində yenidən azalma müşahidə olunmağa başlayıb. Ən gözəçarpan azalma (1 metrə yaxın) 2006-2015-ci illərdə baş verib. 2015-2017-ci illərdə səviyyə qismən stabilləşsə də, yenidən enməyə başlayıb”.
Nazirliyin rəsmisinin sözlərinə görə, dəniz səviyyəsinin dinamikası barədə uzunmüddətli proqnoz vermək mümkün deyil. Çünki bugünədək hazırlanmış uzunmüddətli səviyyə proqnozlarının heç biri özünü doğrultmayıb:
“Xəzərin səviyyəsinin bir çox amillərdən asılı olduğunu nəzərə alsaq, həmin amillərin dəyişməsinin dəqiq proqnozu, ssenarisi olmalıdır. Səviyyə tərəddüdünə gətirib çıxaran amillərdə kifayət qədər qeyri-müəyyənliklər olduğuna görə, məncə, belə bir uzunmüddətli proqnoza skeptik yanaşmaq lazımdır”.
Qeyd edək ki, Xəzər dənizində son dönəmlər buz qatlarının müşahidə edilməsi ilə bağlı xəbərlər yayılır.
Xarici İşlər Nazirliyinin (XİN) idarə rəisi koronavirusdan dünyasını dəyişib.
"MediaPost”un əldə etdiyi məlumata görə, XİN-in Arxiv İdarəsinin rəisi Famil Əliyev müalicə aldığı xəstəxanada koronavirusdan vəfat edib.
Allah rəhmət eləsin!
Rusiyanın sülhmərməramlı qüvvələrinin mühəndis bölmələri Xankəndinin şimal ətrafının minalardan təmizlənilməsini başa çatdırır.
“Report” xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.
"Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq mina əleyhinə mərkəzinin mütəxəssisləri tərəfindən Dağlıq Qarabağ ərazisinin minalardan təmizlənilməsi üzrə iş davam edir. Rusiya sülhməramlı qüvvələrinin mühəndis bölmələri Xankəndinin şimal ətrafının minalardan təmizlənilməsini qurtarır", - xəbərdə deyilir.
Əməliyyatlar ərzində sülhməramlılar ümumilikdə 280 hektardan çox yeri, təxminən 107 kilometr yolu, 452 tikintini minalardan təmizləyiblər və 9 mindən çox partlayış təhlükəsi olan predmeti aşkar edərək zərərsizləşdiriblər.
Qeyd edək ki, dekabrın 17-də Şuşa yaxınlığında yolun bir hissəsinin minalardan təmizlənməsi zamanı partlayıcı qurğu işə düşüb. Partlayış nəticəsində Rusiya Müdafiə Nazirliyinin Ərazilərin Minalardan Təmizlənməsi üzrə Beynəlxalq Mərkəzinin minalardan təmizlənməsi qrupunun bir zabiti ağır yaralanıb. Yaralıya təcili tibbi yardım göstərilib. Lakin ağır xəsarətlər alan zabitin həyatını xilas etmək mümkün olmayıb.