![]() |
|
Milli Məclisin bu gün keçirilən plenar iclasında Şamaxı rayonunun Saqiyan kənd inzibati ərazi dairəsi tərkibindəki Saqiyan kəndinin Günəşli kəndi adlandırılması barədə layihəyə baxılıb.
“Qafqazinfo” xəbər verir ki, təklif edilir ki, Saqiyan kənd inzibati ərazi dairəsi Günəşli kənd inzibati ərazi dairəsi hesab edilsin. Layihə səsə qoyularaq qəbul edilib.
Təhsil naziri Emin Əmrullayev Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti əsasında 10 dekabr-Beynəlxalq insan hüquqları gününə həsr olunan onlayn konfransda iştirak edib.
Nazirlikdən verilən məlumata görə, tədbirdə çıxış edən təhsil naziri koronavirus pandemiyası və Ermənistan hərbi qüvvələrinin təxribatları fonunda təhsilin davamlılığının təmin edilməsi istiqamətində atılan addımlar barədə ətraflı məlumat verib.
Nazir onlayn tədrisə keçidi təmin etmək məqsədilə “Microsoft” şirkəti ilə əməkdaşlıq çərçivəsində yaradılmış “Virtual məktəb” platformasının fəaliyyətinə toxunaraq, sözügedən platformada 1 milyon 300 mindən çox şagird və 120 mindən çox müəllimin qeydiyyatdan keçdiyini vurğulayıb.
Nazir həmçinin cari ilin 27 sentyabr tarixindən etibarən 6 həftədən artıq davam etmiş Ermənistan hərbi qüvvələrinin hücumları nəticəsində 10 şagirdin həlak olduğunu, 16 şagirdin yaralandığını, 54 təhsil müəssisəsinin isə müxtəlif dərəcəli dağıntılara məruz qaldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, dəymiş zərərin aradan qaldırılması istiqamətində müvafiq addımların atıldığını vurğulayıb. report
Dekabr ayının 15-də “Qaz İxrac” İdarəsinin balansında olan “Qaradağ-Xırdalan-Digah” magistral qaz kəmərinin 12,3-cü km-də təmir işləri aparılacaq.
Bunu "Ölkə.Az"a “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov bildirib.
O bildirib ki, 08.12.2020-ci il tarixində yük maşını tərəfindən zədələnmiş kəmərin 6 metrlik hissəsində və dayaqlar üzərindən düşmüş 30 metrlik hissəsində vacib təmir işlərinin aparılmasına zərurət yaranıb:
"Bu işlər görülmədiyi təqdirdə yüksək təzyiqli qaz xəttinin istismarı dövründə təhlükəli durum yaşana bilər. Buna görə də 15.12.2020-ci il tarixində səhər saat 09:00-dan işlər başa çatanadək bir neçə Qaz Paylayıcı Stansiyadan (QPS) qaz təchizatının müvəqqəti olaraq dayandırılması gözlənilir. Bu müddət ərzində Abşeron rayonu, Xırdalan şəhəri Mexkolon yaşayış massivi, Novxanı kəndi və bağlar ərazisi, Mehdiabad, Qobu, Daş Güzdək qəsəbələri, Binəqədi rayonu Biləcəri, Rəsulzadə qəsəbələri, Binəqədi kəndi, Gülüstan yaşayış massivi, 6, 7, 8, 9-cu mikrorayonlar, Xutor yaşayış massivi, Mədən ərazisi, Baksol yolu, Yasamal rayonu Yeni Yasamal yaşayış massivi, Şərifzadə, Vasif Əliyev, Xıdır Mustafayev küçələrində, Səbail rayonu, Salyan yolu, Bibi Heybət, Badamdar qəsəbəsi 3-cü massiv ərazisində, Qaradağ rayonu Lökbatan qəsəbəsi və Sədərək ticarət mərkəzinin yaxınlığında xarici dairəvi yolun kənarında fərdi yaşayış evlərinin qaz təminatında qısa fasilələr olacaq".
COVİD-19-a qarşı vaksinlər öz təsdiqini tapsa belə, onların kütləvi şəkildə istehsalına 2021-ci ilin əvvəllərində başlanılacaq və ilin ortalarına, axırlarına doğru ölkələrə paylanılacaq.
Bunu Trend-ə TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupun üzvü Nəzrin Mustafayeva deyib.
Onun sözlərinə görə, hazırda dünyada koronavirusa qarşı vaksinin hazırlanması prosesi davam edir: “Ümidverici 11 vaksin var ki, onlar hazırda 3-cü sınaq mərhələsindədirlər. Sınaq mərhələləri bitdikdən sonra növbəti mərhələ kütləvi istehsalın başlanılması və ölkələrə paylanılmasıdır. Vaksinlərin paylanması, hansı ölkəyə nə zaman çatacağı - bütün bunlar uzun bir prosesi əhatə edir".
N.Mustafayeva bildirib ki, Azərbaycanın ölkəyə gətirdiyi peyvəndlər qrip əleyhinədir:
“Bu vaksinasiya insanlar koronavirusa yoluxarkən əlavə olaraq qripə də yoluxmasın deyə edilir ki, bununla da səhiyyənin yükü azaldılır. Bu təhlükənin qarşısının alınması üçün ölkəyə kütləvi şəkildə belə peyvəndlər gətirildi. Yaş faktoru nəzərə alınmaqla hər kəs, xüsusilə xroniki xəstəliyi olanlar sahə poliklinikalarına müraciət edərək peyvənd oluna bilər".
N.Mustafayeva əlavə edib ki, hazırda vaksin olmadığı üçün insanlar tibbi maskadan düzgün istifadə etməlidirlər. Əgər maskadan düzgün istifadə edilərsə, o, insanı virusdan qoruya bilər:
"Biz hər zaman maskanın üst səthini infeksiyalaşmış kimi qəbul etməliyik. Biz maska istifadə etdikdə onun xarici səthi infeksiyalaşır. Hər kəs müşahidə edir ki, maskanın çantada, cibdə gəzdirilməsi halları olur. Bu kimi hallar infeksiyanın maskaya, oradan isə ələ, gözə keçməsinə səbəb olur”.
N.Mustafayeva qeyd edib ki, maska istifadəsi ilə yanaşı əl gigiyenasına, respirator gigiyenaya da əməl edilməlidir.
Pandemiyadan qorunmaq üçün son vaxtlar daha çox istifadə edilən parça maskalar qoruyuculuq keyfiyyəti baxımından bir sıra suallar doğurur.
Mütəxəssislər deyirlər ki, belə maskaların hazırlandığı şərait və ya tikilərkən istifadə olunan materialın qoruyuculuq xüsusiyyəti hər hansı bir sertifikatla təsdiqlənmədiyi üçün insanlar diqqətli olmalıdırlar.
Xezerxeber.az məlumatına görə, həkim-infeksionist Hicran Xıdırova deyib ki, parça maskalardan istifadə zamanı önəmli olan onların düzgün taxılması və istifadə müddətidir. Çünki bəzi vətəndaşlar parça maskalardan günlərlə istifadə edirlər. Halbuki heç bir maskanı uzunmüddətli istifadə etmək olmaz.
Hicran Xıdırova onu da əlavə edib ki, əgər vətəndaş özünün tikdiyi maskanı yuyub istifadə edirsə, bu zaman müəyyən dezinfeksiya qaydalarına əməl etməlidir.
Qeyd edək ki, sosial şəbəkələrdə sərt karantin rejimi günlərində parça maska taxanların cərimələnəcəyi ilə bağlı fikirlər də səsləndirilib. Bu fikirlər əhali arasında narahatlıq yaradıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev sözügedən iddiaların əsassız olduğunu deyib.
Qurum rəsmisi bildirib ki, tibbi maskalardan istifadə edilməməsi və ya tələb olunan normalara uyğun şəkildə taxılmaması qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun qohumu, Naxçıvan Sement Zavodunun baş direktoru Mikayıl Cəfərov koronavirusdan dünyasını dəyişib.
"Ölkə.Az"ın xəbərinə görə, bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb.
Allah rəhmət eləsin!
Ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar bu gün saat 00:00-dan 08:00-dək olan müddət ərzində Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əməkdaşları tərəfindən görülən işlər barədə statistik məlumat açıqlanıb.
BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev Report-a bildirib ki, qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan yeddi nəqliyyat vasitəsi rayon, beşi paytaxt istiqamətinə olmaqla geri qaytarılıb:
“Bundan başqa, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan dördü rayon, 14-ü şəhər istiqamətinə olmaqla, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 10 avtomobil rayon, 20-si paytaxt istiqamətinə olmaqla geri qaytarılıb.
Ümumilikdə 60 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb”.
COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər davam etdirilir.
Bu barədə "Ölkə.Az"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Dekabrın 12-13 tarixlərində polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən respublika ərazisində ictimai yerlərdə yaşayış yerlərini tərk edən 55 aktiv COVID-19 xəstəsi müəyyən olunaraq saxlanılıb.
Tibbi qaydalar gözlənilməklə onlardan 54 nəfər evə qaytarılıb, 34 nəfər barəsində isə cinayət işi başlanılıb.
Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə istintaq araşdırmaları davam etdirilir.
Yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı hazırlanan peyvəndlərdən sonra Almaniyanın səhiyyə işçiləri virusu məhv edən dərəman hazırlayıblar.
Bu barədə Almaniya Dövlət Televiziyasının (ARD) məlumat yayıb.
Bildirilib ki,"FYP207" adlı dərman "Fromycon" adlı biotexnologiya şirkəti tərəfindən ixtira edilib.
Dərmanın COVID-19 mutasiyasına qarşı da qorunmanı təmin etdiyi qeyd edilib.
Təcili təsdiq üçün ÜST-ə müraciət edildiyi vurğulanıb. /publika.az
Bakıda və Abşeron yarımadasında dekabrın 15-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, gündüz 10-13, Bakıda gecə 6-8, gündüz 10-12 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 763 mm civə sütununa enəcək, nisbi rütubət 60-70 faiz təşkil edəcək.
Dekabrın 15-də Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 0-4, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, dekabrın 15-16-da Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.