|
Sentyabrın 6-sı saat 19:50-dən 7-si saat 01:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca və Qarakilsə rayonunun Noravan yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zəylik və Laçın rayonunun Əhmədli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Azərbaycanda 13 yaşlı qız ana olub.
Bu barədə "Azərbaycan Uşaqlar Birliyi"nin sədri Kəmalə Ağazadə məlumat verib. O bildirib ki, xəstəxanaya aparılan 13 yaşlı qız və onun körpəsi sağdır.
K.Ağazadə əlavə edib ki, azyaşlının anası ona müraciət edərək qızının sığınacağa yerləşdirilməsini xahiş edib.
Sığıncaq sədri 13 yaşlı qızın təcavüzə məruz qaldığını bildirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Ölkə.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ araşdırılır.
Sentyabr ayının 4-də saat 07:00-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun 1-ci Şahsevən kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı 1 (bir) nəfər naməlum şəxs tərəfindən İrandan Azərbaycan istiqamətində dövlət sərhədinin pozulmasını müşahidə edib.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə keçirilən tədbirlər nəticəsində saat 08:10-da sərhəd pozucusunun gizləndiyi yer müəyyən edilərək saxlanılıb.
Saxlanılan şəxsin əvvəllər dəfələrlə məhkum olunmuş 1981-ci il təvəllüdlü Şükürov Əfqan İmamverdi oğlu olması müəyyən edilib, əlindəki bağlamaya baxış zamanı təxmini çəkisi 6 kq 108 qram narkotik vasitəyə bənzər maddələr (6 kiloqram 100 qram “marixuana”, 8 qram “metamfetamin”) və 10 ədəd psixotrop tərkibli həblər (“metadon-40”) aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki Elnur Məmmədov məhkəməlik olub.
“Qafqazinfo” məlumatına görə, o, Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) ittiham olunur.
Bakı Hərbi Məhkəməsində keçiriləcək prosesə hakim Elbəy Allahverdiyev sədrlik edəcək. Polkovnik Məmmədovun təqsiri sübuta yetirilərsə, onu iki ilədək müddətə islah işləri və ya üç ilədək həbs cəzası gözləyir. Məhkəmənin hazırlıq iclası sentyabrın 12-nə təyin edilib.
Qeyd edək ki, Elnur Məmmədov son günlərdə sosial şəbəkələrdə Müdafiə Nazirliyinin rəhbərliyini, o cümlədən Şəxsi Heyət Baş İdarəsi Kadrlar İdarəsinin rəisi general-mayor Elçin Xəlilovu tənqid edib, bir sıra iddialar irəli sürməklə gündəmə gəlmişdi. Müdafiə Nazirliyi isə açıqlama yayaraq, E.Məmmədovun nazirliklə bağlı iddialarını yalanlamışdı.
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb.
Bu barədə "Yol-xeber.az"a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılmış, xidməti ərazi qapadılmış, sərhədboyu zolaq və nəzarətedici vasitələr yoxlanılaraq 2 (iki) nəfərə məxsus ayaq izləri aşkarlanmış, yerli hüquq-mühafizə orqanları məlumatlandırılaraq sərhəd axtarışına başlanılıb.
Keçirilmiş tədbirlər nəticəsində sərhədboyu ərazidə dərə boşluğunda gizlədilmiş 2 (iki) ədəd bağlamada təxmini çəkisi 20 kiloqram 400 qram narkotik vasitəyə bənzər maddə (“marixuana”) və 710 ədəd psixotrop tərkibli həblər (“metadon-40”) aşkar olunaraq götürülüb.
Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində aşkar edilmiş narkotik vasitəni dövlət sərhədindən keçirməyə cəhd göstərən Yardımlı rayon Zevin kənd sakinləri 1992-ci il təvəllüdlü Məmişov Elmir Simran oğlu və 1980-ci il təvəllüdlü Beybudov Zaur Cəlayir oğlu müəyyən edilərək saxlanılıb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ölkənin şimal-qərb bölgəsində baş vermiş meşə yanğınları tam söndürülüb.
Nazirlikdən bildirilib ki, yanğın nəticəsində, ilkin hesablamaya əsasən, Zaqatala rayonunun Yuxarı Tala kəndi istiqamətində təxminən 35 hektar sahədə, Qəbələ rayonunun Tikanlı kəndi istiqamətində 30 hektar sahədə, Oğuz rayonunun Baş Daşağıl kəndi istiqamətində 12 hektar sahədə, Oğuz rayonunun Muxas və Calut kəndləri istiqamətində isə 210 hektar sahədə meşə ərazisi yanıb. Sıx meşəlik ərazilər yanğından mühafizə edilib.
Sentyabrın 4-dən 5-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Aşağı Şorca və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə və Zivel yaşayış məntəqələri istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.
“Tərtər işi”ndə hərbçi Təmkin Nizamioğlunun da işgəncələr nəticəsində öldüyü istintaq tərəfindən sübuta yetirilib. Belə ki, onun meyiti ekshumasiya edilib və keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyi ilə bu hal təsdiq olunub.
“Qafqazinfo məlumatına görə, leytenant Təmkin Nizamioğlu Tərtərdə “N” saylı hərbi hissədə çalışıb. Aprel döyüşlərinin iştirakçısı olub.
2017-ci ilin mayın 15-də isə ailəsinə Təmkinin öldüyü, cənazəsinin Ordubada göndərildiyi deyilib.
Bu zaman Təmkinin atası Nizami Quliyev dağda olub. O, yolda olduğunu, bir-iki saata evə çatacağını bildirib.
Buna baxmayaraq, Təmkinin atasını gözləməyiblər və hərbçini valideyninin iştirakı olmadan Ordubadın Darkənd kəndində dəfn ediblər. Ümumiyyətlə, dəfn prosesində tabutun açılmasına icazə verilməyib. Tabutun üzərində isə Təmkinin ürək çatışmazlığından vəfat etdiyi qeyd olunub.
Ailənin müraciətlərindən sonra isə Təmkin Nizamioğlunun pnevmaniya – kəskin ağciyər çatışmazlığından ölməsi haqda tibbi rəy verilib.
Qeyd edək ki, 2022-ci ilin mayın 11-də Təmkin Nizamioğlunun meyiti ekshumasiya olunub. Dövlət qurumlarının iştirakı ilə məzar açılan zaman bədənin müxtəlif nahiyələrində sınıqlar aşkarlanıb. Onun küt alətlə döyüldüyü müəyyənləşdirilib. Maraqlısı və təəccüblüsü budur ki, hadisədən 5 il keçsə də, kəfən çürüsə də, Təmkinin nəşi çürüməyib, əzaları yerində olub. Bunun Təmkin Nizamioğlunun atası da təsdiqləyib.
Cəlilabadda zəlzələ olub.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən xəbərə görə, zəlzələ yerli vaxtla saat 08:05-də Cəlilabad stansiyasından 19 km şimal-şərqdə qeydə alınıb.
Təkanların dərinliyi 41 km, maqnitudası 3 bal gücündə olub. Zəlzələ hiss olunmayıb.
Sosial şəbəkələrdə kriptovalyuta alqı-satqısı elanları yerləşdirərək insanları aldadan və zərərçəkənlərə 1 milyon manata yaxın maddi ziyan vuran şəxslər saxlanılıblar.
Bu barədə "Yol-xeber.az"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-texniki tədbirlər nəticəsində zərərçəkənlərin etibarından sui-istifadə edərək onları qeyd edilən yolla aldadan Rəşid Bayramov və tanışı Vüqar Əliyev saxlanılıblar.
Müəyyən edilib ki, bu şəxslər instaqram sosial şəbəkəsində “bayramoff_666” və “shahra_mmc” adlı profillər yaradaraq onlara müracət edərək pul göndərən şəxslərə kriptovalyuta alqı-satqısı və beynəlxalq birjalara yatırım etməklə artan xətt üzrə gəlir əldə edəcəkləri barədə yalan vədlər veriblər. Özlərini etibarlı biznes tərəfdarları kimi göstərmək və bu iş vasitəsi ilə külli miqdarda qazanc əldə etməyin mümkünlüyü barədə görüntü yaratmaq məqsədi ilə Rəşid Bayramov və Vüqar Əliyev səhifələrdə müxtəlif şirnikləndirici videolar yerləşdiriblər. Onlar müraciət edən şəxslərin etibarını qazanmaq üçün lüks həyat yaşadıqlarına dair yalançı görüntü belə yaradıblar. Bu yolla 100-dən artıq şəxsin pulunu ələ keçirən hər iki şəxs əslində beynəlxalq birjalarda və kriptovalyuta alqı-satqısında heç bir əməliyyat etməyərək dələduzluq yolu ilə zərərçəkənləri aldadıblar. Rəşid Bayramov və Vüqar Əliyevin bu yolla insanlara 1 milyon manata yaxın ziyan vurduqları müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Rəşid Bayramov və Vüqar Əliyev təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
"Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edə bilərlər", - məlumatda qeyd edilib.