ABŞ-nin mərkəzi bankının funksiyalarını yerinə yetirən Federal Ehtiyat Sistemi (FRS) dollar üzrə baza dərəcəsini 5,25-5,5% səviyyəsində saxlayıb.

Məlumata görə, Federal Açıq Bazar Komitəsi federal fondların faiz dərəcəsinin hədəf diapazonunu 5,25-5,5% səviyyəsində saxlamaq qərarına gəlib.

Qeyd edək ki, bu ölkə tarixində ən yüksək faiz dərəcələridir.

Azərbaycan Mərkəzi Bankı (AMB) bu il ölkədə iqtisadi artımı təxminən 3,5 faiz səviyyəsində proqnozlaşdırır.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, 2025-ci ildə ümumi daxili məhsulun artımı 3-4 faiz səviyyəsində nəzərdə tutulur.

Naxçıvan Muxtar Respublikasının Türkiyə ilə sərhədindəki Sədərək və Dilucu gömrük-sərhəd buraxılış məntəqələri arasında yeni marşrut açılıb.

Bu barədə Naxçıvanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Məlumata görə, qurum Sədərək rayonunda vətəndaşlarla görüşlər və nəqliyyat sahəsində monitorinqlər keçirib. Aparılmış təhlillər nəticəsində Sədərəklə Dilucu arasında vətəndaşların nəqliyyat vasitəsi ilə daşınması zərurəti qeydə alınıb. Vətəndaşların rahatlığının təmin olunması məqsədilə yanvarın 30-dan sözügedən ərazidə yeni marşrut təşkil edilib. Marşrut gün ərzində hər iki istiqamətdə qısa intervallarla sərnişinlərə xidmət edəcək.

İndiyə qədər sərnişinlər Sədərək və Dilucu gömrük-sərhəd buraxılış məntəqələri arasında olan 2 km məsafəni piyada getmək məcburiyyətində idi. Bu istiqamətdə yeni marşrutun açılması sərnişinlərin rahatlığını təmin etməklə yanaşı, ictimai nəqliyyatla sürətli gediş-gəlişinə də şərait yaradacaq.

Azərbaycan Mərkəzi Bankının (AMB) Kollegiyası “Ödəniş agentləri ilə işin təşkili Qaydası”nı təsdiq edib.

Bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.

Qərara əsasən, ödəniş agentləri təşkilatın adından çıxış edərək ölkədaxili ödəniş hesabı üzrə pul vəsaitinin nağd formada mədaxili və məxarici, kredit köçürməsi, birbaşa debitləşmə, ödəniş kartı və yaxud digər oxşar ödəniş alətləri ilə ödəniş, pul köçürməsi, elektron pulun satışı və qalıq dəyərinin geri ödənilməsi əməliyyatları həyata keçirə bilər.

Bundan başqa, qərarla agentin cəlb edilməsi və onun xidmətlər göstərilməsi üzrə tələblər müəyyənləşib. Belə ki, agent təşkilatla qarşılıqlı əlaqə üçün zəruri rabitə kanallarına, müvafiq infrastruktura, habelə həmin infrastrukturla işləmək bacarığı olan insan resurslarına malik olmalıdır.

Agent vasitəsilə xidmətlərin göstərilməsi zamanı baş vermiş pozuntular, o cümlədən fırıldaqçılıq halları üzrə vahid məlumat bazası yaradılacaq və xidmətlərlə bağlı şikayətlərə baxılması və mübahisələrin həlli üçün məsul şəxs təyin ediləcək.

Həmçnin təşkilatla agentlər arasında informasiya mübadiləsi real vaxt rejimində emal edilməli və ötürülməlidir.

AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

Xatırladaq ki, ödəniş agenti bank, ödəniş təşkilatı və ya elektron pul təşkilatı ilə bağlanılmış müqavilə əsasında onun adından çıxış edərək ödəniş xidmətlərini göstərən hüquqi şəxs və ya sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsdir.

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycana xaricdən 114 min 817 kiloqram sikkə gətirilib.

Ölkəyə daxil olan sikkələrin 84,4%-i Almaniyadan, 15,6%-i isə Türkiyədən gətirilib.

Qeyd edək ki, gətirilən sikkələr ölkə daxilində mübadilə vasitəsi kimi istifadə edilən pul vahidləridir (Gömrük kodu 711890).

Almaniyadan gətirilən 96 min 973 kiloqram sikkə üçün 5 milyon 845 min dollar ödənilib. Bu isə o deməkdir ki, 1 qram sikkənin orta gömrük dəyəri 6 sent və ya mövcud məzənnə ilə 10 qəpik olub.

Türkiyədən gətirilən 17 min 945 kiloqram sikkə üçün isə 1 milyon 263 min dollar ödənilib. Nəticədə Türkiyədən gətirilən 1 qram sikkənin orta gömrük dəyəri 7 sent və ya mövcud məzənnə ilə 12 qəpik olub.

Məlumat üçün bildrək ki, hazırda Azərbaycanda nominal dəyəri 1, 3, 5, 10, 20 və 50 qəpik olan 6 sikkədən istifadə olunur.

Qeyd edək ki, 1 qəpiyin kütləsi 2,8, 3 qəpiyin kütləsi 3,45, 5 qəpiyin kütləsi 4,85, 10 qəpiyin kütləsi 5,25, 20 qəpiyin kütləsi 6,6, 50 qəpiyin kütləsi isə 7,7 qram təşkil edir. Qəpiklərin orta çəkisi 5,1 qrama bərabərdir.

Əgər bu il ölkəyə gətirilən sikkələrin 1 qramının orta gömrük dəyəri 10 qəpiyə bərabərdisə, bu o deməkdir ki, Azərbaycanda qəpiklərin dəyəri orta hesabla 51 qəpik olub.

Onu da bildirək ki, qəpiklər müxtəlif maretallardan hazırlanırlar. 1, 3 və 5 qəpiklər mis və poladdan, 10, 20 və 50 qəpiklər isə bürünc və poladdan hazırlanırlar.

Bu səbəbdən qəpiklərin maya dəyəri əsasən onun nominal dəyərindən asılı olaraq dəyişir. Bu il ölkəyə gətirilən sikkələrin (qəpiklərin) 1 qramının orta gömrük dəyəri 10 qəpik olubsa, ötən il 2,5 qəpik olub.

©Yeniavaz.com

Xəbər verildiyi kimi, Dünya Bankı son hesabatında, Azərbaycanın 2023-cü ildə başlatdığı soğan ixracı qadağasının bu ilin dekabrın sonuna qədər davam edəcəyi diqqətə çatdırılıb.

Qeyd edək ki, 2023-cü ilin fevral ayında Nazirlər Kabineti “Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 18 mart tarixli 103 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” 33 saylı qərar qəbul edib.

Qərara əsasən, şalot soğanının (yaşıl soğan, habelə örtülü şəraitdə yetişdirilən və faraş soğan istisna olmaqla) və baş soğanın ixracı müvəqqəti olaraq tənzimlənən malların siyahısına daxil edilib və soğan məhsullarının ixracı müvəqqəti dayandırılıb.

Bu qadağa nə ilə bağlı tətbiq olunur və cari il ərzində qaldırıla bilərmi?

Mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan iqtisadçı-ekspert Akif Nəsirli bu qərarın əslində qadağa deyil, bir kvota olduğunu bildirib:

“Lakin ötən dövrün təcrübəsi göstərir ki, bu qərar yetərincə işlək deyil və bir il ərzində ölkədən ixrac olunan məhsulun həcmi kvotadan dəfələrlə çoxdur. Buna görə də ilin müəyyən dövrlərində daxili bazarda qıtlıq və bahalılıq müşahidə olunur. Dünya Bankının bu hesabatı da qeyd edilən məsələlərlə bağlıdır”.

“Dəqiq hesablamalar aparılmalıdır”

Hər ilin mart-aprel aylarında ölkədə soğanın bahalaşdığını xatırladan ekspert vurğulayıb ki, Nazirlər Kabineti bunu nəzərə alaraq belə bir qərar verib:

“Belə ki, bir sahibkar hər ay 1000 tona qədər soğan ixrac etmək imkanına malikdir. Düzdür, bu kvota daxili bazarı qorumaq və bahalaşmanın qarşısının alınması üçün tətbiq olunur, amma çox kəskindir. Buna görə də dəqiq hesablamalar aparılmalıdır”.

A.Nəsirli belə hesab edir ki, qərar bir qədər spesifikləşməlidir: “Yəni, yalnız dekabr, yanvar və fevral aylarını əhatə etməlidir. Belə olsa, həm sahibkarlar, həm də daxili istehlakçılar qazanclı çıxar. Digər aylarda isə ixrac olunmalı məhsulun həcmi də artır. Ölkədən hər il orta hesabla, 21 ton soğan ixrac olunur. Bu baxımdan da ixracın aylıq həcmini 10-11 min tona qədər çatdırmaq olar və yenə də 10 min ton ehtiyatda qalacaq”.

“İlin sonuna qədər qadağan aradan qaldırıla bilər”

Digər iqtisadçı-ekspert Xalid Kərimli, soğan ixracına qadağanın daxili bazarın qorunması məqsədilə tətbiq olunduğunu diqqətə çatdırdı:

“Yəni, əsas məqsəd, istehlakçının bu məhsula əlçatanlılığını təmin etməkdir. Bununla belə, ilin sonuna qədər qadağanın aradan qaldırılması ehtimalı da var”.

Onun sözlərinə görə, bu məhdudiyyət soğan istehsalçılarına mənfi təsir edir:

“Eyni zamanda, onların maraqlarının pozulmasına səbəb olur. Halbuki, o öz məhsulunu xaricə daha baha qiymətə sata və ciddi qazanc əldə edə bilərdi. Fermer üçün məhsulunun yerli və ya xarici istehlakçı tərəfindən alınması maraqlı deyil”.

Ekspert bu məhdudiyyətin əslində müvəqqəti xarakter daşıdığını bildirib:

“Ona görə ki, hazırda beynəlxalq vəziyyət çox qarışıqdır. Xüsusilə də Qərb dövlətləri tərəfindən Rusiyaya və İrana qarşı ciddi sanksiyalar tətbiq olunur və onlar öz məhsullarının ixracını həyata keçirə bilmirlər”.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Qanununu təsdiqləyib.

İqtisadçı deputat Vüqar Bayramovun sözlərinə görə, Rəqabət Məcəlləsinin təsdiqi ölkə iqtisadiyyatının inkişafı, biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb etməklə, ölkədə sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin hüquqi əsaslarını müəyyən edəcək. Yeni məcəllə, eyni zamanda istehlakçıların hüquqlarının müdafiəsini, məhsul və xidmətlərin keyfiyyətinin daha da artırılmasını hədəfləyir:

"Məcəllənin təsdiqində məqsəd iqtisadiyyatda rəqabətin müdafiə edilməsi və daha da gücləndirilməsidir. Bu, azad sahibkarlığın inkişafı, iqtisadiyyatda monopoliyanın tamamilə aradan qaldırılması və baryerlərin götürülməsi baxımından vacib bir sənəddir".

Millət vəkilinin fikrincə, yeni məcəllə inhisara qarşı mübarizə, kiçik və orta sahibkarlığın daha yaxından dəstəklənməsi, qiymətlərin optimallaşdırılması və hətta bəzi məhsullar üzrə qiymətlərin azaldılması baxımından da əhəmiyyətlidir: "Uzun müddətdir ki, Rəqabət Məcəlləsinin qəbulu müzakirə olunurdu və bu, iqtisadiyyatın sağlamlaşdırılması baxımından kifayət qədər vacib qanunlardan biridir. Bu gün bütün inkişaf etmiş ölkələrdə bu istiqamətdə qanunvericilik var. Avropa İttifaqında ən vacib qanunlardan biri də rəqabət ilə bağlı qanundur. Ona görə də, Rəqabət Məcəlləsinin təsdiqi Azərbaycanın iqtisadiyyatında rəqabətin daha yaxından dəstəklənməsində, bazarın liberallaşmasında, bazara çıxış imkanlarının artırılmasında və inhisara qarşı mübarizənin gücləndirilməsində xüsusi paya malik olacaq".

"Bütövlükdə, Rəqabət Məcəlləsinin təsdiqi Azərbaycan iqtisadiyyatında yeni səhifənin açılması kimi xarakterizə edilir. Bu, yeni dövrdə islahatların daha dərinləşəcəyindən xəbər verir", - deyə V. Bayramov əlavə edib.

Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Azərbaycan Respublikasının Qanununu təsdiqləndi. Qanun iyulun 1-dən qüvvəyə minəcək.

Bəs yeni qanunun qüvvəyə minməsinin bazara hansı təsirləri gözlənilir?

İqtisadçı ekspert Xalid Kərimli açıqlamasında bildirdi ki, əsas məqam rəqabət orqanının işini necə görəcəyidir:

“Qanunda rəqabət orqanının adı çəkilir. Bu orqanın isə yenidən təşkil olunacağı gözlənilir. Bazara təsir isə rəqabət orqanının işini nə qədər şəffaf, ədalətli təşkil edəcəyindən, cəmiyyət tərəfindən nə qədər obyektiv qəbul ediləcəyindən asılı olacaq. Təəssüf ki, kifayət qədər yaxşı qanunlar olsa da, çox zaman istədiyimiz nəticələrə nail ola bilmirik. Çünki həm cəmiyyət, həm də institusional qurumlar məsələni tənzimləməyə hazır olmur”.

Ekspert deyir ki, indiki məqamda məcəllənin qəbulu olduqca yaxşı haldır. Belə ki, məcəllə 20 il aparılan müzakirlərdən sonra qəbul edilib.

X. Kərimli haqsız rəqabətin aradan qalxacağına güman etmir: “Çünki buna qədər də haqsız rəqabət haqqında qanun və bununla məşğul olan qurum vardı”.

Qiymətlərə təsirinə gəlincə isə ekspert deyir ki, bu, rəqabət qurumunun bazarda tənzimləmə gücündən, etibarından, qanunu necə tətbiq etməsindən asılı olacaq: “Sadalananların ən yaxşı tətbiqi halında da qiymətlərə təsir qısa müddətdə gözlənilmir. Qanunun qəbulundan sonra nəzarət mexanizmlərinin formalaşmasına ehtiyac var. Həmçinin sahibkaklarda monopolistlərin onları məhv etməyəcəyi fikiri formalaşmalıdır. Bu halda onlar bazara daxil ola və rəqabəti artıra bilərlər. Bunun sayəsində qiymətlər enə bilər. Lakin bu, qısamüddətli deyil, ortamüddətli dövrdə təsirini göstərə bilər”.

“Qanunun qəbulundan çox, onun necə tətbiq edilməsi əhəmiyyətli olacaq”, - deyə X. Kərimli əlavə edib.

Pandemiyadan sonra ilk dəfə olaraq il ərzində Azərbaycana gələn turistlərin sayı 2 milyonu keçib. 2023-cü ildə Azərbaycana gələn turistlərin sayı 30,2% artaraq 2 milyon 85 min nəfər olub. Ölkəyə gələn turistlərin mənşə coğrafiyasında da dəyişiklik qeydə alınıb. Belə ki, 2022-ci illə müqayisədə Çindən gələnlərin sayı 6,5, Cənubi Koreyadan 3,3, Türkmənistandan 2,3, Hindistandan və Qazaxıstandan ayrı-ayrılıqda 1,9 dəfə artıb.

İqtisadçı deputat Vüqar Bayramovun sözlərinə görə, bu, Asiya ölkələrində Azərbaycan turizminə marağın yüksəldiyini göstərir:

"Bununla belə, yenə də say baxımından Azərbaycana gələnlər içərsində ilk üçlük qonşu ölkələrin payına düşür. Turistlərin 30%-i Rusiya, 18,1%-i Türkiyə, 7,9%-i isə İrandan gəlib. İlk beşliyi isə Hindistan və Gürcüstan qapadıb".

Millət vəkili deyir ki, maraqlı məqamlardan biri də MDB ölkələrindən gələnlərin sayının 44,6%, Avropa İttifaqını təmsil edən ziyarətçilərin sayının 41,6% artmasına rəğmən körfəz ölkələri tursitlərinin sayında 2,1% azalmanın qeydə alınmasıdır. 2023-cü ildə Azərbaycana gələn ərəb tursitlərin sayı əvvəlki ilə müqayisədə azalıb.

"Turizm enerji sektorundan sonra ölkəyə ən çox valyuta gətirən sektordur. Pandemiyadan əvvəlki il- 2019-cu ildə ölkəyə 3 milyondan çox turist gəlmişdi və əcnəbilər həmin il Azərbaycanda 2,6 milyard dollara yaxın vəsait xərcləmişdilər. Bu baxımdan gələn turistlərin ölkə mənşəyinin yeniləşməsi, xüsusən də, Avropa və Cənubi-Şərqi Asiyada yerləşən dövlətlər ilə bu sahədə əməkdaşlığın gücləndirilməsi vacibdir. Turizm sektorunda xərclərin azaldılması və xidmət keyfiyyətinin artırılması da olduqca əhəmiyyətlidir. Bu, turizm gəlirlərində dayanıqlığı artıra bilər".

Bakı şəhəri, Suraxanı rayonunun Zığ qəsəbəsinə metro xətti çəkilir.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, artıq layihə hazırdır və bu istiqamətdə işlərə başlanılıb.

Məlumata görə, prosesə texnikalar cəlb edilib, işlər sürətlə davam etdirilir. Hazırda yeraltı qazıntı işlərinin Xətai rayonu, Gəncə prospekti istiqamətində irəlilədiyi bildirilir.

İddialara görə, metronun giriş-çıxış istiqamətləri Zığ-Suraxanı və Zığ-Hövsan yolu istiqamətlərindən biri olacaq.

Bundan əlavə Səbail rayonunun Bibiheybət qəsəbəsi ərazisində də metro xəttinin çəkilişinə başlanılıb.

Xəbər lenti