"Manatın taleyi ilə bağlı Mərkəzi Bankın verbal intervensiyasına ehtiyac var".

Bu sözləri Moderator.az-a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib.

"Çünki dollara olan tələbin artması təkcə manata olan təzyiqi artırmaqla bitmir. O həm də iqtisadi aktivliyi aşağı salır. Sadə dildə desək, insanlar devalvasiya təhlükəsi hiss etdiyi üçün xərcləməli olduqları pulu xərcləmir, dollara çevirib saxlamağa üstünlük verir. Hələ üstəgəl manatla olan əmanətlərini də dollara çevirməyə çalışır. Bu zəncirvari şəkildə dollar tələbini artırır, manatı sıxır, aktivliyi öldürür.

Bu durum iqtisadiyyatın bir çox sektorlarına ciddi mənfi təsir edir. Buna görə də əgər 2024-cü ildə devalivasiyanın olmayacağına dair Mərkəzi Bankda əminlik varsa, o zaman bir yumşaq verbal intervensiya ilə psixoloji gərginliyi azalda bilər".

Bakıda daha bir ərazidə binaların söküntüsünə başlanılacaq.

BAKU.WS-in məlumatına görə, paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Nizami küçəsindəki ikimərtəbəli binalar plana düşüb.

Pilot layihə nəticəsində istismar müddətini başa vurmuş binalar söküldükdən sonra yerində hündürmərtəbəli binalar inşa olunacaq.

Artıq tikinti işlərini aparan şirkət rəsmiləri sakinlərlə danışıqlar aparıb. Uzun illər ikimərtəbəli binalarda yaşayan vətəndaşlara yeni tikiləcək binalardan mənzillər təklif olunub. Yeni inşa olunacaq binalardan mənzil almaq istəyən vətəndaşlar əvvəlki evlərindən 10-20 kvadratmetr əlavə mənzilə sahib olacaqlar.
İnşaat işləri getdiyi müddətdə isə sakinlər kirayə pulları ilə təmin ediləcəklər. Evlərinin kvadratından asılı olaraq sakinlər 250-350 manat arasında kirayə pulu alacaqlar.

Qeyd edək ki, tikinti işlərinə ikimərtəbəli binalarda yaşayan sakinlərin hər biri ilə razılaşma əldə olunduqdan sonra başlanılacaq.

Azərbaycanda, gəliri az, ya da çox olsun, demək olar ki, hamının problem yaşadığı məsələlərdən biri ev qiymətləridir.

Mənzil qiymətlərinin insanların gəlirinə uyğunsuzluğu, uzun illərdir, ölkədə əsas müzakirə mövzularından biridir. İlin əvvəlindən bu günə qədər Bakıda mənzillər 10%-dən çox bahalaşıb. Daşınmaz əmlak bazarında son bir neçə aydır ki, evlərin qiymətində kəskin bahalaşma müşahidə edilir. Bu ilin yanvarında paytaxtın daşınmaz əmlak bazarındakı qiymətlər ötən ilin uyğun dövrü ilə müqayisədə təxminən 10-11 faiz, dekabr ayı ilə müqayisədə isə 2-3 faiz artıb.

Təbii ki, hərə öz maddi imkanına uyğun ev almaq istəyir. Özünü belə dağa-daşa salanlar heç də kefdən ev tikmirlər. Yeni tikilən binalarda mənzil sahibi olmaq hər kəs üçün əlçatan olmadığından gənc ailələr torpaq sahəsi alaraq, fərdi ev tikintisinə üstünlük verirlər. Bakıətrafı ərazilərdə isə haranın həm qiymət, həm də infrastruktur baxımından daha sərfəli olduğu hər kəsin maraq mərkəzindədir.

Bəs paytaxtın hansı ərazisi ev tikmək və ya almaq üçün daha sərfəlidir?

Məsələ ilə bağlı danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov Referans.az-a bildirib ki, Bakının bir sıra əraziləri son zamanlar vətəndaşların daha çox üstünlük verdiyi yerlərdir:

“İsətər həyət evi olsun, istərsə də bina evi əsas coğrafi məkan önəmlidir. İnsanlar ev alarkən onlar üçün prioritet olan məsələlərə diqqət yetirməyə çalışırlar. Əgər şəhərdən kənar ərazidən alıbsa, həmin qəsəbənin şəhərə çıxışının asan olub olmamasına diqqət etmək lazımdır. Məsəl üçün Xırdalan ərazisi 5 il bundan əvvəl hər kəsin üstünlük verdiyi bir yer idi, yeni binalar tikilirdi, evlər ucuz idi. Amma hazırda Xırdalandan Bakıya gəlmək günün pik vaxtlarında 2 saatdan uzun çəkir. İndi həmin əraziyə yaxın duran yoxdur. Vətəndaşlar daha çox özlərinə, öz işlərinə rahat gedib gəlmək üçün əlverişli olan ərazilərdə ev almağı üstün tuturlar".

Ekspert qeyd edib ki, Bakıda əhalinin son 10 ildə çox ciddi məskunlaşdığı ərazilər Zabratla Masazır ərazisidir. Onun sözlərinə görə, hansı ərazilər istər ev, istərsə də torpaq almaq üçün münasibidirsə, həmin yerlər qiymət baxımından da baha olur: “Amma əhali artıq ora aktiv köçəndən sonra həmin ərazidə təklif sayı məhdudlaşır, qiymət qalxır, infrastruktur da inkişaf edir. Hansı ərazidə torpaq sahəsi ucuzdursa, deməli o ərazidə məskunlaşma zəifdir. Təxminən 15 il əvvəl Zabrat, Masazır və Xırdalanətrafı ərazilərdə torpaq seçimi də çox idi, qiymətlər də münasib idi. Amma bu gün sözügedən ərazilərdə torpaq da tapmaq olmur. Qiymətlər də münasib deyil.

Hazırda Nardaranda Ləiş bağları, Türkan, Mehdiabad qəsəbəsi və Abşeron şəhərinin bir çox ərazisində məskunlaşma zəifdir. Vətəndaşlar daha az üstünlük verdiyi yerlər buralardır, çünki həmin ərazilərin şəhərə çıxış imkanı azdır, yolları tıxacdır, şəhərin mərkəzindən xeyli uzaqdır. Bu yerlərdə seçim kifayət qədər çoxdur, amma alıcılıq qabiliyyəti azdır”.

Elnur Azadov əlavə edib ki, ötən ilin oktyabr ayının 1-də paytaxtda tikilən sənədsiz fərdi və qeyri-yaşayış evləri elektrik və istilik enerjisi, qaz və su təchizatı şəbəkələrinə qoşulmayacağı ilə bağlı yeni qərar qəbul olundu. Sənədsiz evlərlə bağlı qəbul olunan bu dəyişiklik birmənalı olaraq çıxarışlı torpaqların və əmlakların satış qiymətini artıracaq və bu məsələ hazırda özünü doğruldub. Keçən ilə nisbətən bu ildən ölkənin daşınmaz əmlak bazarında başlayan artım hələ də davam edir və bir neçə ay beləcə davam edəcək.

Son vaxtlar ölkədə dollara tələbatın yüksək olması müşahidə olunur. Bunu həm keçirilən hərracların nəticəsi, həm də müvadilə məntəqələrindəki canlanma göstərir.  
 
Ötən həftə bankların dollara tələbi 150 milyon dolları ötərək rekord olub. 
 
Bu proses nə ilə bağlıdır? Tələb bu qədər yüksəlməyə davam edərsə, hansı nəticələrə gətirib 
 
Ekspertlər dollara olan tələbin artmasını bir neçə amillə əlaqələndirir. Əsas amil kimi ölkənin dollardan asılılığı qeyd olunur. Yəni Azərbaycanda idxal məhsullarının həcmi ildən-ilə artır. Bu artım isə dollara olan tələbatı yüksəldir. iqtisadçı Fuad İbrahimov atv-yə bildirib ki, bu məsələdə çıxış yolu idxal malları yerli məhsullarla əvəz olunmalıdır.
 
Məsələ ilə bağlı Mərkəzi Bankdan deyilib ki, ölkədə dollara tələbatın artması mövsümi xarakter daşıyır. 
 
 

Şuşa rayonu Malıbəyli və Turşsu qəsəbələri yenidən qurulacaq.

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu yenidənqurma ilə bağlı işlərə başlayıb.

Lahihələr “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən hazırlanacaq və 1 mln 777 min manat ayrılacaq.

Şuşa rayonu Malıbəyli kəndində yerləşən 14 binadan ibarət yaşayış kompleksinin layıhələndirilməsinə isə 457 min 250 manat xərclənəcək.

Azərbaycanda “OKX” və “ByBit” kriptobirjalarına giriş internet üzərindən məhdudlaşdırılıb.

APA-nın əldə etdiyi məlumata görə, buna səbəb çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə sahəsindəki müvafiq tələblərin pozulmasıdır.

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Maliyyə xidmətlərinin (məhsullarının) test məqsədli alışı Qaydası”nı təsdiqləyib.

Bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.

Qərara əsasən, test məqsədli alış nəzarət subyektinin fəaliyyətinə nəzarət, o cümlədən AMB-nin tətbiq etdiyi digər nəzarət tədbirlərini tamamlamaq məqsədilə həyata keçirilir.

Test məqsədli alış gizli müşahidələr, telefon zəngləri, poçt və elektron poçt vasitəsilə, xidmətin təqdim edildiyi yerlərə, rəsmi internet səhifəsinə və rəqəmsal platformalara daxil olmaqla həyata keçirilir. Belə alış nəzarət subyektinin iş vaxtı hesab edilən gün və saatlarda, onlayn xidmətlər üzrə isə real vaxt rejimində, o cümlədən elan edilmədən, bir və yaxud bir neçə şəxs həyata keçirəcək. Bu alış zamanı hədəf qrupuna uyğun üçüncü şəxslər cəlb oluna bilər, bu halda AMB və həmin şəxslər arasında bağlanan müqavilələrdə məxfiliklə bağlı müddəalar əks olunacaq.

Həmçinin test məqsədli alış nəzarət subyektinin və onun əməkdaşlarının reputasiyasına, habelə nəzarət subyektinin cari fəaliyyətinə maneə yaradacaq hərəkətlərə yol verilmədən aparılmalıdır.

Bundan başqa, test məqsədli alışın nəticəsində nəzarət subyektinin fəaliyyətində pozuntu və yaxud çatışmazlıq aşkar edilərsə, AMB 7 iş günü ərzində bu barədə elektron üsulla və yaxud alınmasını təsdiq edən poçt vasitəsilə bildiriş göndərəcək. Bildirişdə test məqsədli alışın keçirilmə yeri, vaxtı, maliyyə xidmətinin növü, aşkar edilmiş nöqsanlar və çatışmazlıqlar göstəriləcək.

Nəzarət subyekti 3 iş günü ərzində bildirişdə göstərilən hallara dair izahatını AMB-yə təqdim etməlidir. İzahat əsaslı hesab edilmədikdə, AMB test məqsədli alış zamanı aşkar olunmuş pozuntuların xarakterindən asılı olaraq nəzarət subyektinə icrası məcburi göstərişlər verəcək və yaxud maliyyə bazarlarını tənzimləyən qanunlarda nəzərdə tutulmuş digər nəzarət tədbirləri həyata keçirəcək.

AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

Azərbaycanın ən böyük sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkının elektrik enerjisinə olan tələbatının alternativ enerji mənbələri hesabına tam təmin edilməsi hədəflənir.

Bunu Agentliyin İdarə Heyətinin sədri Seymur Adıgözəlov sənaye zonalarında bərpaolunan enerjinin tətbiqi ilə bağll sualını cavablandırarkən deyib.

O bildirib ki, Sumqayıt Kimya Sənaye Parkında elektrikli avtobusların istehsalı layihəsinin həyata keçirilməsi də gələcək planlar arasındadır:

"Bu cür avtobusların istehsal edilməsi ölkədə karbon qazı emissiyasının daha yaxşı idarə olunmasına gətirib çıxaracaq. Bununla yanaşı alternativ enerji texnologiyasının ölkəyə transferinə təkan verəcək. Bu hədəfin gələcəkdə digər sənaye zonalarında da, əsasən də Qarabağda fəaliyyət göstərən sənaye parklarında tətbiq edilməsi nəzərdə tutulub".

"İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında hazırda mobil şəhərcik (sosial zona) hissəsi günəş panellərindən istifadə edilməklə işıqlandırılır, sənaye parklarının rezidentləri tərəfindən istehlak olunan elektrik enerjisinin bir hissəsinin günəş enerjisi hesabına təmin olunması nəzərdə tutulub", - deyə sədr əlavə edib.

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) 2023-cü il üzrə fəaliyyətinin yekunlarına dair mətbuat konfransı keçirilib.

Agentliyin İdarə Heyətinin sədri Seymur Adıgözəlov KİV nümayəndələrinə Agentliyin idarəçiliyində olan sənaye zonalarında ötən il ərzində görülmüş işlər və nəzərdə tutulan tədbirlər barədə məlumat verib.

O bildirilib ki, 2023-cü ildə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında 26 sahibkarlıq subyektinə rezidentlik statusu verilib: "Bunlardan 7-si Ağdam Sənaye Parkının, 5-i “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, 8-i Sumqayıt Kimya Sənaye Parkının, 3-ü Pirallahı Sənaye Parkının, 1-i Hacıqabul Sənaye Məhəlləsinin, 2-si Sabirabad Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb. Qeydiyyata alınmış rezidentlər tərəfindən sənaye zonalarına 471 milyon manat investisiyanın yatırılması, 3100-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. Bu rezidentlər sənaye zonalarında baza yağların, kompozit armaturların, güzgülərin, birdəfəlik üçkomponentli şprislərin, müxtəlif təyinatlı dərmanların, süd məhsullarının, qazobeton blokların, əmtəə beton və quru yapışdırıcıların və s. məhsulların istehsalını həyata keçirəcəklər".

S. Adıgözəlovun sözlərinə görə, 2023-cü ildə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında 12 müəssisə fəaliyyətə başlayıb: "Fəaliyyətə başlayan müəssisələr tərəfindən sənaye zonalarına ümumilikdə 135 milyon manatdan artıq investisiya yatırılıb, 744 daimi iş yeri yaradılıb. Bu müəssisələr polimer qatqıların, keramik plitələrin, qablaşdırma məhsullarının, istilik izolyasiya lövhələrin, nəqliyyat vasitələri üçün əyləc bəndlərin və s. məhsulların istehsalı ilə məşğul olurlar".

"İndiyədək sənaye zonaları üzrə 142 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Sahibkarlar tərəfindən sənaye zonalarına 6,6 milyard manatdan çox investisiya yatırılıb, 10 mindən artıq daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 830 milyon manatadək investisiyanın yatırılması, 7000-dən artıq yeni iş yerinin yaradılması nəzərdə tutulur", - deyə sədr qeyd edib.

Tikinti şirkətləri söküntü ərazilərində bəzi sakinlərlə razılığa gələ bilmir. Bunun əsas səbəbi kimi təklif edilən məbləğin aşağı olması göstərilir.

Bununla bağlı bir sıra narazılıqlar sosial şəbəkələrdə paylaşılır.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev “Ölkə.Az”a açıqlamasında bildirdi ki, 2016-cı ildən başlayaraq istismar müddətini bitirmiş və qəzalı vəziyyətdə olan köhnə çoxmənzilli yaşayış binalarının və mərkəzə yaxın ərazilərdə yerləşən fərdi həyət evlərindən ibarət yaşayış massivlərinin sökülməsinə start verilib: “Bu günə qədər çox sayda köhnə yaşayış binaları və fərdi həyət evləri sökülərək yeni çoxmənzilli binalarla əvəzlənib. Bəzi ərazilər isə park və iaşə obyeklərinə çevrilib. Bununla bağlı mediada vətəndaşların müxtəlif şikayətləri işıqlandırılır. Bəzi hallarda vətəndaşlar, bəzi hallarda isə tikinti şirkətləri haqlı tərəf kimi görünür. Ümumilikdə, hər hansı çoxmənzilli binanın inşa olunması üçün tikinti şirkətləri aidiyyəti bütün dövlət qurumlarından lazımi sənədləri toplayır Bu zaman sökülən 5 mərtəbəli bina üçün rəy alınır. Əgər sökülən bina və ya fərdi evlər istismar müddətini bitirmiş və qəzalıdırsa, onların sökülməsinə icazə verilir. Hazırkı vəziyyətdə sökülən yaşayış binaları rəsmi qurumlar tərəfindən qəzalı kimi qeydə alınıb”.

Ekspert deyir ki, tikinti şirkətləri həmin əraziləri sökərkən vətəndaşlara kompensasiya olaraq pul yox, tikdikləri binalardan mənzil verirlər: “Bu zaman verilmiş yeni mənzilin satış qiyməti vətəndaşın köhnə mənzilindən daha baha qiymətə olur. Bundan əlavə vətəndaşların köç və bina tikilib təhvil verilənə qədər kirayə xərcləri ödənilir”.

E.Fərzəliyevin sözlərinə görə, bəzi ərazilərdə söküntü işləri dövlət tərəfindən aparılır və bu zaman vətəndaşlara təqdim olunan pul dövlət tərəfindən təsdiqlənmiş məbləğdir: “Ərazi bazar qiyməti ilə qiymətləndirilir və qanunvericiliyə əsasən 20% daha artıq məbləğ təklif olunaraq vətəndaşlar köçürülür”.

“Tikinti şirkətləri də evlə razı olmadığı halda vətəndaşlara ödəniş edirlər. Ödənilən məbləğ şirkətin burada tikərək satacağı mənzildən nisbətən aşağı olur. Nəzərə alınmalıdır ki, tikinti şirkətləri hər hansı ərazini söküb yenidən tikərkən küllü miqdarda xərc çəkirlər. Həmin köhnə çoxmənzilli binaların sökülməsi həm də dövlət layihəsidir. Vətəndaşların qiymətlə bağlı narazılıqları olarsa, məhkəməyə müraciət edə və rəsmi qiymətləndirmə şirkətlərində qiymətləndirərək, narazılıqlarını tikinti şirkətinə bildirə bilərlər”, - deyə ekspert əlavə edib.

Xəbər lenti