![]() |
|
Sabirabad rayon sakininin həyətindən 23 ədəd çətənə kolu və 2 kiloqramdan artıq marixuana aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçirilib.
RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən rayonun Xəlfəli kənd sakini Ramil Rəsulov saxlanılıb.
Onun yaşadığı ünvana keçirilən baxış zamanı həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən 23 ədəd çətənə kolu, eləcə də çəkisi 2 kiloqram 160 qram olan marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Astarada dənizdə batma təhlükəsində olan üç nəfər xilas edilib.
Bu barədə "Qafqazinfo"ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, “112” qaynar telefon xəttinə Astara şəhər çimərliyi ərazisində 3 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.
Kürdəmirdə yağan leysan bəzi fəsadlar törədib.
”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, leysan qısa zamanda küçə və prospektlərdə hərəkət iştirakçıları üçün bir sıra çətinliklər yaradıb.
Rayonun əsasən Bakı prospektində, Şəhriyar, Xanlar və Məhəmməd Hadi küçələrinə leysan suları dolaraq gediş gəlişi məhdudlaşdırıb.
Hazırda rayonda leysan davam edir.
Baş Narkotiklərlə Mübarizə İdarəsi son 10 gün ərzində “qara” bazarda dəyəri 13 milyon manat olan 243 kiloqram narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb.
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən son 10 gündə İrandan qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik vasitələr göndərən mütəşəkkil dəstənin Azərbaycandakı üzvlərinə, eləcə də daxildə narkotiklərin satışını təşkil edən şəxslərə qarşı Bakı, Sumqayıt, Lənkəran şəhərləri, Abşeron, Beyləqan rayonları, eləcə də digər bölgələrdə həyata keçirilən əməliyyatlar zamanı daha 31 nəfər saxlanılıb.
Bu sahədə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının Sabunçu, eləcə də Abşeron rayonunda həyata keçirdikləri sonuncu əməliyyatlar zamanı paytaxt sakinləri Əşrəfağa Əlizadə və Azad Əmirov saxlanılıblar. Onlardan ümumilikdə 42 kiloqram, o cümlədən 19 kiloqram heroin, 13 kiloqram marixuana, 10 kiloqram psoxotrop maddə olan metamfetamin aşkarlanıb.
Habelə, qeyd olunan dövr ərzində DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Beyləqan rayonu ərazisində saxlanılan Bakı şəhər sakini Qorxmaz Hüseynovdan 102 kiloqram narkotik vasitə, o cümlədən 97 kiloqram marixuana, 5 kiloqram heroin, 1200 ədəd metadon həbi və 1 ədəd bank kartı aşkar olunaraq götürülüb.
Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən Lənkəran şəhərində keçirilən əməliyyat zamanı isə İrandan qanunsuz yollarla göndərilən narkotiklərin əsas tədarükçilərindən biri olan əvvəllər məhkum olunmuş Qədir Cəfərov saxlanılıb. Onun üzərindən və idarə etdiyi avtomobildən 54 kiloqram narkotik vasitə, o cümlədən 11 kiloqram heroin, tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş 41 kiloqram marixuana, 2 kiloqram həşiş qətranı və 3000 ədəd metadon həbi aşkar edilib.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Milli genefondumuza mənfi təsir göstərən narkotiklərə qarşı Daxili İşlər Nazirliyi tərəfindən qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Yol-xeber.az" xəbər verir ki, Ötən gün axşam saatlarında Muğanlı-İsmayıllı avtomobil yolunun 2-ci km-də aparılan tikinti işləri ilə əlaqədar salınmış müvəqqəti xidməti yolda sürüşmə qeydə alınıb.
Dərhal sürüşmə qeydə alınan hissənin bərpası üçün əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə Muğanlıdan İsmayıllı və əks istiqamətdə bir-neçə saatlıq avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb, sürücülər alternativ olaraq Bakı-Şamaxı-Yevlax avtomobil yoluna (Ağsu aşırımı) yönəldilib.
Gecəboyu aparılan işlər nəticəsində sözügedən ərazidə səhər saatlarında avtonəqliyyat vasitələrinin hərəkəti qismən bərpa olunub. Hazırda ərazidə sürüşmənin fəsadlarının tam aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Qeyd edək ki, sürüşmə əsas yolda deyil, müvəqqəti salınmış xidməti yolda baş verib. Əsas yol hesab olunan Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsinin yenidən qurulması hazırda davam edir.
Bir daha yaranan müvəqqəti narahatlığa görə üzr istəyirik.
İyunun 28-i saat 22:35-dən 23:15-dək Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu, Basarkeçər rayonunun Yuxarı Şorca, Vedi rayonunun Arazdəyən yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və İstisu, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.
Bundan başqa, iyunun 28-i saat 23:55-dən iyunun 29-u saat 00:50-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri də atıcı silahlardan atəşə tutulub.
Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.
Ermənistan ordusu Naxçıvan istiqamətində Azərbaycan ordusunun mövqelərini atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib: “İyunun 24-ü saat 10:40-dan 11:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan bir neçə dəfə atəşə tutub.
Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülüb”.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı, qazi Namiq Babayevə işinin icrası zamanı xəsarət yetirən idmançı Rəvan Nəbizadə azadlığa buraxılıb.
“Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, R.Nəbizadə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.
Prokuror qərardan narazı qalaraq protest verib. Bakı Apellyasiya Məhkəməsi protesti təmin etməyib.
Qeyd edək ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məlumatına görə, sağlamlığı qaydasında olmasına baxmayaraq, əlillik dərəcəsi almaq üçün komissiyaya gələn Rəvan Nəbizadə növbədənkənar müayinəyə daxil olmağa cəhd edib. N.Babayev onu sakitləşdirmək niyyəti ilə yaxınlaşaraq izahat verən zaman R.Nəbizadə ona yumruq zərbələri ilə ağır bədən xəsarəti yetirib. N.Babayevin çənə sümüyü sınıb, dişləri qırılıb.
Rəvan Nəbizadəyə qarşı Cinayət Məcəlləsinin 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma) və 221-ci (Xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.
Namiq Babayev və Rəvan Nəbizadə hər ikisi Vətən müharibəsi iştirakçısı olub. Namiq Babayev Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib, 5 medalla təltif olunub. R.Nəbizadə isə döyüş növləri üzrə peşəkar idmançıdır.
Qusarda əməliyyatlar zamanı 3 nəfər saxlanılıb.
Qusar Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silahın aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbiri keçiriblər.
Digər əməliyyat-axtarış tədbirləri zamanı narkotik vasitələrin əkilib-becərilməsində və daşınmasında şübhəli bilinən rayon sakinləri Novruz Aslanov və Emin Şıxkərimov saxlanılıblar. N.Aslanovun həyətyanı sahəsinə baxış keçirilən zaman onun qanunsuz olaraq əkib yetişdirdiyi 25 ədəd çətənə (kannabis) bitkiləri aşkarlanıb.
E.Şıxkərimovdan isə narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.
Faktlarla bağlı Qusar RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Eldar Qadıyevin barəsində həbs qətimkan tədbiri, digər şəxslərin barələrində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılan komissiyanın üzvləri Gədəbəy rayonuna gediblər.
APA-nın məlumatına görə, komissiya Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılmasını və mövcud vəziyyətin qiymətləndirilməsini təmin etməli, sakinlərin sağlamlığının və ətraf mühitin qorunması sahəsində vətəndaşların müraciətlərini araşdırmalı, monitorinqin və qiymətləndirmənin nəticələrinə uyğun olaraq müvafiq təkliflərini hazırlayıb Nazirlər Kabinetinə təqdim etməlidir.
Qeyd edək ki, iyunun 21-də Baş nazir Əli Əsədovun Sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Komissiya yaradılıb.
Komissiyaya ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev rəhbərlik edir. Komissiyaya səhiyyə nazirinin, fövqəladə hallar nazirinin, kənd təsərrüfatı nazirinin müavinləri, Nazirlər Kabineti Aparatının Sənaye və energetika şöbəsinin müdiri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi və Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı daxildir.
Xatırladaq ki, Gədəbəy rayonunun Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində süni gölün tikintisinə etiraz olaraq iyunun 20-də aksiya keçirməyə cəhd göstərib. Aksiyanın qarşısı alınan zaman polislə sakinlər arasında insident baş verib. Polis əməkdaşlarının aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə etməsi birmənalı qarşılanmayıb.