|
Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılan komissiyanın üzvləri Gədəbəy rayonuna gediblər.
APA-nın məlumatına görə, komissiya Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılmasını və mövcud vəziyyətin qiymətləndirilməsini təmin etməli, sakinlərin sağlamlığının və ətraf mühitin qorunması sahəsində vətəndaşların müraciətlərini araşdırmalı, monitorinqin və qiymətləndirmənin nəticələrinə uyğun olaraq müvafiq təkliflərini hazırlayıb Nazirlər Kabinetinə təqdim etməlidir.
Qeyd edək ki, iyunun 21-də Baş nazir Əli Əsədovun Sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Komissiya yaradılıb.
Komissiyaya ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev rəhbərlik edir. Komissiyaya səhiyyə nazirinin, fövqəladə hallar nazirinin, kənd təsərrüfatı nazirinin müavinləri, Nazirlər Kabineti Aparatının Sənaye və energetika şöbəsinin müdiri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi və Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı daxildir.
Xatırladaq ki, Gədəbəy rayonunun Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində süni gölün tikintisinə etiraz olaraq iyunun 20-də aksiya keçirməyə cəhd göstərib. Aksiyanın qarşısı alınan zaman polislə sakinlər arasında insident baş verib. Polis əməkdaşlarının aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə etməsi birmənalı qarşılanmayıb.