![]() |
|
Xəzər dənizində zəlzələ qeydə alınıb.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 05:09-da, 3,4 maqnitudada qeydə alınıb.
Zəlzələ ocağı 56 kilometr dərinlikdə yerləşib.
Qeyd edək ki, yerli vaxtla saat 03:37-də Qobustanda da 3 maqnitudada zəlzələ qeydə alınıb. Zəlzələ ocağı 57 kilometr dərinlikdə yerləşib.
Bakının Nərimanov rayonunda kütləvi dava düşüb.
APA xəbər verir ki, hadisə 34 nömrəli orta məktəbin həyətində baş verib.
2002-ci il təvəllüdlü İsrəfilov Röyal Abas oğlu və 2006-ci il təvəllüdlü Turabov Zeynal Məmmədəli oğlu dava zamanı bıçaqlanıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.
Rusiya sülhməramlı kontingenti tərəfindən qeyri-qanuni erməni silahlı dəstələri üçün daşınan hərbi yüklərin mühafizəsi davam etdirilir.
“Report” xəbər verir ki, təqdim edilən videogörüntüdə sülhməramlıların “ZTR-82A” zirehli texnikasının müşayiəti ilə Xankəndi-Kərkicahan-Xəlfəli yolu ilə ermənilərin dörd ədəd yük “KamAZ”ı, bir ədəd çən olan “KamAZ”ı və bir ədəd UAZ-nın hərəkəti aydın görünür.
Hərbi kolonla ermənilərin döyüş mövqelərinə təminat daşınması icra edilir.
Abşeron Rayon İcra Hakimiyyəti başçısının Mehdiabad qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əli Həsənovun nə qədər rüşvət aldığı məlum olub.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Mehdiabad qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əli Həsənovun vətəndaşlardan külli miqdarda rüşvət alması faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı tamamlanıb.
İbtidai istintaqla Əli Həsənovun 2022-2023-cü illər ərzində Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrində fərdi yaşayış evlərinin tikintisinə icazə verilməsi, buna şərait yaradılması, həmçinin sözügedən torpaq sahələrinə müxtəlif sənədlərin verilməsi müqabilində ayrı-ayrı şəxslərdən ümumilikdə 42 min manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
Əli Həsənova Cinayət Məcəlləsinin 308.2. (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 311.3.2 və 311.3.3-cü (təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə yekun ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan altı nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayonun Nəvahi qəsəbə sakinləri Rafiq Məmmədov və Məmmədəli Gözəlov saxlanılıblar.
Həmin şəxslərin üzərinə keçirilən baxış zamanı R.Məmmədovdan təmiz çəkisi 325 qram, M.Gözəlovdan isə 400 qrama yaxın marixuana aşkarlanaraq götürülüb.
Bundan əlavə eyni istiqamətdə şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat tədbirləri zamanı qeyd edilən cinayət əməli ilə məşğul olan daha dörd nəfər - Ə.Əskərli, V.Balayev, X.Məmmədov və M.Əskərov da saxlanılıblar. Həmin şəxslərdən isə müxtəlif çəkilərdə metamfetamin, heroin və marixuana aşkar edilərək götürülüb.
Faktlarla bağlı Hacıqabul RPŞ-də araşdırmalar davam etdirilir.
Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilərək 18 il müddətinə həbs cəzasına məhkum edilən İlkin Süleymanovun vəkili Əlibaba Rzayev Globalinfo.az-a açıqlama verib.
O deyib ki, məhkəmədə ortaya kifayət qədər dəlil qoysalar da, İ.Süleymanovu yenə də azad etməyiblər:
“Ümumiyyətlə, cinayət hadisələrində sübut etmə vəzifəsi istintaq tərəfinin üzərinə düşür. Yəni istintaq orqanı kimisə cinayət əməli törətməkdə ittiham edirsə, sübutları da ortaya o qoymalıdır. Təqsirləndirilən şəxs isə günahsız olduğunu sübut etməyə borclu deyil. Amma cinayət işi üzrə istintaq orqanı İlkin Süleymanovun cinayət hadisəsi ilə hər hansı əlaqəsinin olduğuna dair bir dənə də olsun ortaya mötəbər sübut qoya bilmədi.
Baxmayaraq ki, sübut etmə yükü bizim üzərimizə düşmür, biz yenə də məhkəməyə kifayət qədər faktlar və sübutlar təqdim etmişik. Bu da onu deməyə əsas verir ki, cinayət hadisəsinin İlkin Süleymanovla heç bir əlaqəsi yoxdur”.
Vəkilin sözlərinə görə, irəli sürülən ittiham o qədər əsassız, saxta və sübutsuzdur ki, bunun əsassız, qanunsuz olduğunu müəyyən etmək üçün hüquqşünas olmağa ehtiyac yoxdur:
“Ona görə də ölkə ictimaiyyəti çox rahat şəkildə məsələni müzakirəyə çıxarıb. Məsələnin ictimai müzakirəyə çıxarılmasında xüsusilə jurnalistlərin xidməti böyük oldu. Onların sayəsində cəmiyyət artıq İlkinin günahsız olduğuna əmindir. Amma baxmayaraq ki, saysız-hesabsız sübutlar gətirmişik, yenə də adam həbs olundu”.
Ə.Rzayev deyib ki, istintaq İlkinin günahsız olduğunu çox gözəl bilir:
“2 il davam edən məhkəmə prosesində məhkəməyə də aydın şəkildə bəlli oldu ki, doğrudan da İlkinin bu cinayət hadisəsi ilə heç bir əlaqəsi yoxdur. Biz onların münasibətlərindən də sezirdik ki, İlkin Süleymanovun cinayətlə əlaqəsi olmadığına əmindirlər. Amma təəssüflər olsun ki, bilə-bilə ittihamedici hökm çıxardılar. Bu qədər açıq saxtakarlığın, təqsirsiz olduğu materialların ortada olduğu halda yenə də ittiham hökmü çıxarılması məhkəmənin iradəsinə uyğun olmadığını göstərir.
Apelyasiya Məhkəməsinə müraciət etməyə hazırlaşırıq. Ümid edirik ki, bu dəfə məsələyə obyektiv yanaşaraq, ədalətli hökm çıxaracaqlar”.
Son bir həftədə Ermənistan və Qarabağdakı separatçılar az qala hər gün Azərbaycan Ordusuna qarşı müxtəlif təxribatlar törədirlər. Son olaraq iyunun 6-da ermənilər Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atəşə tutub.
Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumatında bildirilir ki, iyunun 6-sı saat 11:40-dan saat 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bundan başqa, saat 16:25 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri də atəşə tutulub.
Bölmələrimiz tərəfindən qeyd olunan bütün istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
Eyni zamanda qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Şuşa, Xocavənd və Ağdam rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
Bütün bunlar onu göstərir ki, sülh danışıqlarının intensivləşdiyi bir şəraitdə İrəvan və separatçılar Azərbaycana qarşı törətdiyi təxribatları intensivləşdiriblər.
Bu isə Azərbaycanın düşməni yerində otuzdurmaq üçün istər-istəməz yeni antiterror əməliyyatı keçirməsini zəruri edir.
Bizim.Media-ya açıqlamasında hərbi ekspert İbrahim Rüstəmli bildirib ki, Azərbaycan tərəfi erməni separatçılarını yerlərində otuzdurmaq üçün onlara qarşı ən sərt tədbirlərə əl atmalıdır:
“Bu gün Ermənistan və Azərbaycanın inzibati rayonu olan Qarabağda baş verən hadisələrin Fransa, Rusiya və İran kimi kordinatorları var. Onlar Qarabağ probleminin həllini istəmirlər. Bu gün baş verənlər bölgəmizdə maraqları toqquşan güclərin Azərbaycana qarşı münasibətinin ifadəsidir. Ona görə də Azərbaycanın bu istiqamətdə mövqeyi hər gün daha da aydınlaşdıqca, onların da təpkisi artır.
Azərbaycan Prezidenti məsələ ilə bağlı öz mövqeyini konkret bildirərək, dəfələrlə vurğulayıb ki, Qarabağ məsələsi həll olunub. Burada hər hansı narazılıq, etiraz olarsa, Azərbaycanın daxili işi olaraq onun özü tərəfindən həll olunacaq. Yəni bu məsələdə kənar dövlətlərin müdaxiləsinə imkan verilməyəcək.
Dövlət başçısı son mesajında amnistiya kimi hüquqi termindən istifadə edib. Silahı könüllü şəkildə yerə qoyanlar, Azərbaycan vətəndaşlığını qəbul edənlər onlar barədə amnistiya aktı tətbiq edilə bilər. Əks təqdirdə, Azərbaycan təxribatçılara qarşı ən sərt mövqedən çıxış edəcək.
Beynəlxalq hüquq və Konstitusion hüquqlar da Azərbaycana öz ərazisi daxilində antiterror əməliyyatı, preventiv tədbirlər keçirməyə imkan verir. Görünən odur ki, Azərbaycan təxribatçılara, separatçılara daha kəskin şəkildə cavab verməsə, onların burnunu əzməsə, onlar sakitləşməyəcəklər”.
Bakıda evə basqın edilib, saxlanılanlar var.
İyunun 7-də gecə saatlarında bir qrup şəxsin Suraxanı rayonu ərazisindəki evlərin birindən quldurluq yolu ilə 870 manat pul, 1 ədəd qızıl üzük, 2 ədəd mobil telefon, 1 ədəd televizor, 1 ədəd qol saatı, 1 ədəd gümüş saat, 1 ədəd sadə boyunbağı və sənədləri talayıb aparmaları barədə polisə məlumat daxil olub.
Bakı Şəhər Baş Polis İdarəsi və Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri ilə quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri H.Əkbərov, R.Əşrəfzadə və bacısı H.Əşrəfzadə saxlanılıb, digər bir nəfərin isə şəxsiyyəti müəyyən olunub.
Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
İyunun 7-si saat 22:45-də Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Brun yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Əhmədli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
İyunun 8-i saat 07:40-da isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa şəhəri istiqamətində yerləşən mövqeləri də atəşə tutulub.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
Bundan başqa, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Ordumuzun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.