![]() |
|
Avqustun 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 23-25, gündüz 32-36, Bakıda gecə 23-25, gündüz 33-35 dərəcə olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 30-35 % olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 19-24, gündüz 34-38, dağlarda gecə 14-19, gündüz 23-28 dərəcə olacaq.
Tədbirlər planının tələbinə uyğun Şabran rayonunun inzibati ərazisindəki küçə və yollarda yol polisi tərəfindən nəqliyyat hadisələrinin qarşısının alınması xüsusilə piyadaların avtomobillərlə vurulması, yarana biləcək süni sıxlığın qarşısının alınması üçün proflaktiki tədbirlərin görülməsi, yol hərəkət qaydalarını kobud şəkildə pozulması və digər hallara qarşı mübarizə tədbirləri davam edir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupundan Yol-xeber.az-a verilən məlumata görə Şabran rayon Dövlət Yol Polisi əməkdaşları rayon ərazisində piyadaların hərəkətinin intensiv olduğu küçə və yollarda maarifləndirici tədbirlər keçirib. Tədbirlər zamanı piyadalara yol verməyən sürücülər aşkarlanıb. Onların barəsində qanunamüvafiq qaydada tədbirlər görülüb. Eyni zamanda onlarla marifləndirici söhbətlər aparılıb. Piyadalara qarşı diqqət göstərilməsi, piyada zolaqlarına piyadlarla bağlı xəbərdaredici və məlumatverici nişanlara diqqət yetirilməsinin vacibliyi önə çəkilib. Həmçinin piyadalar tərəfindən yol hərəkət qaydalarının kobud şəkildə pozulması qəza şəraitinin yaradılması kimi hallar da aşkarlanıb. Piyadalarla maarifləndirici söhbətlər aparmaqla yanaşı kobud şəkildə qayda pozuntusuna yol verən piyadalar barəsində tənbeh tədbirləri tətbiq edilib.
16 avqust 2021-ci il tarixindən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və onun qurumlarının qəbul mərkəzlərində, habelə DOST mərkəzlərində vətəndaşların qəbulu və müraciətlərinə baxılması yalnız peyvənd olunmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənəd (COVİD-19 pasportu) olduqları halda həyata keçiriləcək.
Nazirliyin bu və ya digər mərhələdə vətəndaşın əyani qəbulunu və ya müayinəsini, onunla əyani ünsiyyəti nəzərdə tutan elektron xidmətlərinə edilən müraciətlərə baxılması da COVİD-19 pasportuna malik olmaları barədə məlumat daxil edildiyi (o cümlədən ünvanlı dövlət sosial yardımı ilə əlaqədar müraciət zamanı Ərizə-bəyannamədə qeyd edildiyi) halda həyata keçiriləcək.
Yeni növ koronavirus pandemiyası davam etdiyi şəraitdə özümüzü və yaxınlarımızı bu təhlükədən qorumaq hər birimizin borcudur. Bunun üçün hazırda etməli olduğumuz ən vacib iş - peyvənd olunmaqdır.
Azərbaycanda koronavirus pandemiyasının qarşısının alınması, əhalinin sağlamlığının COVID-19-dan qorunması üçün vaksinasiya prosesi uğurla davam etdirilir. Hər birimiz bu vaksinasiya prosesində aktiv iştirak etməklə ilk növbədə özümüzün və yaxınlarımızın həyatının infeksiya təhlükəsindən qorunmasına çalışmalı, eyni zamanda, dövlətimizin yeni növ koronavirusa qarşı mübarizə tədbirlərinə öz töhfəmizi verməliyik.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində tətbiq olunan bu qayda da əhalinin sağlamlığının qorunması məqsədilə aparılan vaksinasiya prosesində vətəndaşların daha fəal iştirakının təşviq edilməsinə, özlərinin və ətrafdakıların pandemiyadan qorunmasına münasibətdə məsuliyyətin artırılmasına xidmət edir.
Vaksinasiyaya qoşulaq, özümüzün və yaxınlarımızın, ətrafdakıların həyatını COVID-19 təhlükəsindən qoruyaq! Pandemiyaya birdəfəlik “Yox!” deyək!
2021-ci ilin iyul ayında dünya üzrə temperatur meteoroloji müşahidə tarixində ən yüksək temperatur olub.
“Yol-xeber.az” xəbər verir ki, bu barədə məlumatı Okean və Atmosfer araşdırmaları İdarəsi yayıb.
Məlumatda qeyd olunur ki, iyul ilin ən isti ayı olub.
Həmçinin bildirilir ki, ay ərzində temperatur Şimali Amerikanın bəzi hissələrində, Cənubi Amerikanın şimal və cənub hissələrində, Şimali Afrikada, Asiyanın cənub hissəsində və s. bir çox ərazidə orta göstəricidən yüksək olub.
Azərbaycan Ordusunda Raket və Artilleriya birləşmələrinin 2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq döyüş atışlı təlimləri keçirilir.
Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Artilleriya bölmələri təlimlərdə cəmləşmə rayonlarına çıxaraq atəş mövqelərini tutur və döyüş atışlarını icra edirlər.
Son günlərdə ölkədə koronavirus pandemiyasına yoluxanların sayında kəskin artım müşahidə edildiyindən vətəndaşlarımızın bu xəstəlikdən qorunması və onun geniş yayılmasının qarşısının alınması məqsədi ilə paytaxt Bakı şəhərində kompleks tədbirlər həyata keçirilir.
“Yol-xeber.az” xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ümumşəhər dezinfeksiya həftəsi elan edilib və bu tədbirlər çərçivəsində sabah, avqust ayının 14-ü səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən elan edilmiş ümumşəhər dezinfeksiya həftəsi çərçivəsində şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.
Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.
Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan ordusu 44 günlük Vətən müharibəsi nəticəsində ərazi bütövlüyümüzü təmin etdikdən sonra azad edilən torpaqlarda "Böyük qayıdış"ın təmin olunması, həm də əldə etdiyimiz qələbənin dayanıqlığı və möhkəmlənməsi istiqamətində yürüdülən siyasət, o cümlədən həyata keçirilən genişmiqyaslı tədbirlər planı nəinki Ermənistanı, onlara havadarlıq edənləri və bəzi Azərbaycanı sevməyən gücləri ciddi narahat etməkdədir. Bu qüvvələri təkcə azad olunmuş torpaqlara “Böyük qayıdış"ı təmin etmək yox, eyni zamanda dünyada baş verən kataklizmlərə baxmayaraq Azərbaycan Prezidentinin qlobal çağırışlara çevik reaksiya verib, milli maraqlara xidmət edən, habelə müharibədən sonra Cənubi Qafqazda yaratdığı yeni reallığa uyğun olaraq fəal siyasət yürütməsi də əndişələndirir. Həmin qüvvələr ən müxtəlif vasitələrdən istifadə edərək Azərbaycana əngəl olmaq istəyirlər. Elə Ermənistanın son zamanlarda 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanatın müddəalarını kobud şəkildə pozaraq destruktiv siyasət yürütməsi də bunun tərkib hissəsidir. Odur ki Paşinyan yenidən baş nazir seçildikdən sonra 10 noyabr bəyanatının müddəalarını yerinə yetirmək əvəzinə, bunun əksinə siyasət yürüdür. Xüsusən də Ermənistanın yeni müdafiə naziri Arşak Karapetyanın açıqlamaları əldə olunan kövrək sülhə ciddi təhdidlər yaradır.
Paşinayan bir yandan sülh əldə etmək üçün Azərbaycan Prezidenti ilə görüşməyə, üçtərəfli işçi qrupun fəaliyyətinin bərpa olunması, sərhədlərin delimitasiyası ilə bağlı danışıqlara başlamağa hazır olduğunu bəyan edir, digər tərəfdən isə ən müxtəlif hiyləgərlik variantından istifadə edib 10 noyabr bəyanatının müddəalarının icra etməyib, vaxt qazanmağa çalışır. O, üçtərəfli bəyanatın tələbinə uyğun olaraq nə kommunikasiyaların bərpa olunub, Zəngəzur dəhlizinin açılması, nə sərhədlərin delimitasiyası, nə də sülh sazişinin imzalanması istiqamətində real addım atır. Pozuculuq fəaliyyəti ilə məşğul olub əldə etdiyi razılaşmanın əksinə çıxır.
Ermənistanın son günlərdə dövlət sərhədində Paşinyan hakimiyyəti tərəfindən törədilən təxribatlar da məhz onun bu siyasətinə xidmət edir. Amma nədənsə Azərbaycanın “dəmir yumruğunu” unudur… Paşinyan və Ermənistan unutmamalıdır ki, “dəmir yumruq” yerindədir və o, növbəti dəfə qalxarsa, o zaman onun vuracağı xəsarətlər daha ağır və dağıdıcı olacaq. Nə qədər gec deyil Ermənistan təxribatlardan və erməni hiyləgərliyindən əl çəkib haqq yoluna gəlməlidir. Onsuz da sonunda Ermənistanın Azərbaycanın şərtlərini qəbul edib sülh sazişi imzalamaqdan başqa şansı yoxdur. Hiyləgərlikləri son nəticədə öz başlarında çatladığı kimi, bundan sonra da çatlayacaq və onun ağrısını ermənilər özləri çəkməli olacaq.
Çünki Azərbaycan istər bölgənin, istərsə də dövlətin gələcəyi ilə bağlı strategiyasını müəyyən edib və bu yolla irəliləyir. Azərbaycan bu yolun məsuliyyətini və çətinliyini də yaxşı bildiyindən siyasətini də üzləşəcəyi maneələri necə aşmaq və dəf etmək istiqamətində qurub. Azərbaycan ölkə başçısının dediyi kimi təmkinliliyə üstünlük verərək hədəflərinə doğru irəliləyir.
Bu hədəflərinə nail olmaq üçün Azərbaycan bir yandan işğaldan azad olunan ərazilərə “Böyük qayıdışı” təmin etmək üçün sürətlə genişmiqyaslı tədbirlər planını həyata keçirir. Bunun üçün ilk olaraq infrastruktur, yenidənqurma-bərpa işləri, o cümlədən gələcəyə yönəlik layihələr icra olunmaqdadır. Digər tərəfdən isə regional və daha qlobal səviyyədə əməkdaşlığın təmin olunması istiqamətində real addımlar atır. Azərbaycan bölgədə yaratdığı geosiyasi, geoiqtisadi reallığın tələblərinə uyğun olaraq mövqeyini möhkəmləndirmək üçün siyasət yürüdür.
Azərbaycan Cənubi Qafqazın əməkdaşlıq bölgəsi olması üçün Azərbaycan-Türkiyə, Azərbaycan-Türkiyə-Pakistan və digər ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığı həyata keçirir. Artıq beynəlxalq aləm, hətta buna qarşı olan Azərbaycanın yaratdığı reallığı qəbul edir və istəməsələr belə, siyasətlərini buna uyğun qururlar. Bilirlər ki, Azərbaycanın yaratdığı reallıq yaxın gələcəkdə həyata keçəcək və bu reallığın yaratdığı fürsətlərdən kənarda qalmaq istəmirlər.
QEYD: Bu material MEDİA Agentliyinin maliyyə yardımı əsasında "işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış" mövzusu ilə əlaqədar dərc olunub.
Dünən Yol-xeber.az saytında “Əlillərə verilən maşınlar niyə nömrəsiz sürülür? -təhlükə mənbəyi” başlıqlı material yayımlanmışdı. Bu gün DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsi məsələ ilə bağlı açıqlama yayıb. Açıqlamada bildirilir ki, dövlət tərəfindən fiziki məhdudiyyətli şəxslərə verilmiş nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı olmadan idarə edilməsi və belə hallara qarşı biganə münasibət bəslənilməsi ilə bağlı vaxtaşırı olaraq kütləvi informasiya vasitələrində, xüsusilə sosial mediada məlumatlar paylaşılır, aktiv müzakirələr aparılır: "Cəmiyyət üçün həssas olan bu mövzunun yenidən gündəmə gəldiyini və bəzən də əsassız şərhlərlə rastlaşdığımızı nəzərə alaraq məsələyə münasibət bildirməyi məqsədəmüvafiq hesab edirik. Bu gün hər kəs yaxşı bilir ki, ölkəmizdə əlilliyi olan şəxslərin hüquqlarının etibarlı müdafiəsi və daha da təkmilləşdirilməsi, onların maddi və mənəvi tələbatlarının ödənilməsi, tibbi-sosial reabilitasiyası ilə bağlı çevik dövlət siyasəti həyata keçirilir. Təbii ki, sıralarında xidməti vəzifə borcunu yerinə yetirərkən sağlamlığını itirmiş yüzlərlə polis və hərbi qulluqçunun olduğu daxili işlər orqanlarının, o cümlədən Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən də hər zaman fiziki məhdudiyyətli şəxslərə xüsusi diqqət və qayğı göstərilib, şəfqətlə yanaşılıb, veteranlar, ağsaqqallar, tanınmış şəxslərlə birgə mütəmadi olaraq onlarla görüşlər təşkil olunub, layihələr həyata keçirilib.
Lakin təəssüflə qeyd edirik ki, bu gün ictimai müzakirəyə səbəb olan faktlar da danılmazdır. Çünki bəzi əlilliyi olan şəxslər sui-istifadə hallarına yol verərək nəqliyyat vasitələrini dövlət qeydiyyat nişanı olmadan nümayişkəranə şəkildə idarə edir ki, bu da kobud qayda pozuntusu olmaqla yanaşı həm də qanunlara və digər hərəkət iştirakçılarına hörmətsizlik ifadə edir".
Qeyd edək ki, avtomobilin dövlət qeydiyyat nişanı olmadan idarə edilməsi inzibati məsuliyyətdən yayına biləcəyi barədə sürücüdə yanlış təsəvvür formalaşdırır ki, bu da onu təkrar və daha təhlükəli qayda pozuntuları törətməyə və deməli həm özünün, həm də digər günahsız insanların həyat və sağlamlığının itirilməsilə nəticələnəcək qəzalara sövq edir.
"Qanunun aliliyini rəhbər tutaraq belə xoşagəlməz hallara qarşı loyal mövqedə olmadığını dəfələrlə həyata keçirdiyi qətiyyətli tədbirlərlə bəyan edən DYP əməkdaşları bu gün də yollarda izibati xəta törətmiş əlilliyi olan şəxsləri saxlayaraq onlarla profilaktik söhbətlər aparır, bir daha qayda pozuntularına yol verməmələrinə dair onlara xəbərdarlıq edirlər. Xəbərdarlığa baxmayaraq təkrarən qayda pozan sürücülər barəsində isə qanunvericiliyə uyğun inzibati tənbeh tədbirləri görülür.
Unutmaq olmaz ki, hər zaman sevgi və qayğı ilə əhatə olunan fiziki məhdudiyyətli insanlar, müharibə veteranları arasından bəzən bir şəxsin qanunlara qarşı hörmətsizlik nümayiş etdirməsi, bu kateqoriyadan olan digər şəxslərə qarşı cəmiyyətdə mənfi rəyin formalaşmasına rəvac verir".
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya Təbii Sərvətlər Nazirliyi ilə birgə "Təmiz hava" aylığını davam etdirir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupunun baş inspektoru polis leytenantı Xəyal Talıbovun Yol-xeber.az-a bildirdiyinə görə bu gün Şabran rayon Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində analoji tədbirlər keçirib. Tədbir zamanı texniki nasazlığı olan, atmosferi normadan artıq çirkləndirən, yəni, ixrac etdiyi zəhərli qazın miqdarı normadan artıq olan avtomobillərin sürücüləri barədə müvafiq tədbirlər görülüb.
Yol polisi əməkdaşları sürücülərin diqqətinə çatdırıb ki, nasaz nəqliyyat vasitələrini idarə etməsinlər. Çünki “Yol hərəkəti haqqında” qanuna görə, hər bir sürücü nəqliyyat vasitəsini saz vəziyyətdə və qaydalar çərçivəsində saxlamağa borcludur. Bu, sürücülərin qanunla nəzərdə tutulmuş vəzifələrindən biridir.
YPX əməkdaşları sürücülərlə bu istiqamətdə maarifləndirici söhbətlər aparıblar. Bildirilib ki, xüsusilə, sərnişindaşıma ilə məşğul olan sürücülər bu məsələdə daha diqqətli olmalıdır. Çünki onlar həm özləri, həm də sərnişinlər üçün təhlükə yaradırlar.
Nəzarət profilaktiki tədbirlər zamanı bildirilib ki, sürücülər öz vəzifələrini dərk edərək özlərini və digərlərini zəhərli qazlardan qorumaq məqsədilə qaydalara riayət etməli və nəqliyyat vasitələrini saz vəziyyətdə saxlamalıdırlar.
"Yol-xeber.az" xəbər verir ki, o, bu gün 94 yaşında dünyasını dəyişib.
Mərhum bu gün Qax rayonunda dəfn olunacaq.
Qeyd edək ki, Yəhya Şəfi oğlu Kərimov 1927-ci ildə Qax rayonunun İlisu kəndində anadan olub. Qax orta məktəbini bitirərək Şəki Pedaqoji Texnikumuna daxil olmuş və bitirdikdən sonra Qaxda pioner baş dəstə rəhbəri və müəllim işləyib.
1950-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitunu bitirib.
1955-ci ildən Elmi Pedaqoji İnstitunun aspiranturasında təhsil alıb, 1958-ci ildən həmin inistitutda kiçik elmi işçi, 1961-ci ildən şöbə müdiri işləyib. 1962-ci ildə namizədlik, 1975-ci ildə doktorluq dissertasiyası müdafiə edib.
1976-cı ildən Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda elmi işlər üzrə direktor müavini olub.
Uzun illər Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun müdafiə şurasının sədr müavini və sədri işləyib. 40-dan artıq elmlər namizədi, 3 elmlər doktoru yetişdirib.
Yəhya Kərimov yüzlərcə əsərin, o cümlədən "Savad təlimi", "İbtidai siniflərdə inşalar", "Altıyaşlıların məktəbə hazırlanmasının nəzəri və praktiki problemləri", "Əlifba dərsliyinin tətbiqi prinsipləri", "Uşaq məktəbə gedir", "Ana dilinin tədrisi metodikası" və s. monoqrafiyaların müəllifidir. 1959-cu ildən indiyədək ibtidai siniflər üçün ana dili proqramlarının tərtibçisi, bütün proqramların redaktorudur. 1963-cü ildən "Əlifba" dərsliyinin müəllifidir.
Hazırda onun tərtib etdiyi 6 dərslik və 5 dərs vəsaitindən istifadə olunur.
1970-ci ildən "İbtidai məktəb və məktəbəqədər tərbiyə" jurnalının redaktoru olub.
Allah rəhmət eləsin!