![]() |
|
"Yoluxucu xəstəliklərlə mübarizədə ən effektiv üsul vaksinasiyadır. Bu, bütün dünyada elmi cəhətdən təsdiq olunmuş profilaktika üsuludur və təbabətin ən böyük nailiyyətlərindən biri hesab olunur".
"Ölkə.Az"ın xəbərinə görə, bunu səhiyyə nazirinin müavini Viktor Qasımov son zamanlar sosial şəbəkələrdə vaksinasiya ilə bağlı səsləndirilən qeyri-peşəkar fikirlərə münasibət bildirərkən deyib.
O qeyd edib ki, COVID-19-la mübarizədə də vaksinasiyanın ən vacib profilaktika üsulu olduğu artıq bütün dünyada sübut olunub və bunun bəzi “ekspertlər” tərəfindən şübhə altına alınması təəccüb doğurur: "Bu gün bütün dünya ölkələri vaksin tədarükü ilə məşğuldur ki, əhalinin sağlamlığını təmin edə bilsinlər. Təəssüflə qeyd etmək istərdim ki, hazırda bütün ölkələrin peyvəndlərə əlçatanlığı bərabər deyil və bəzi ölkələr hələ də kifayət qədər vaksinlə təmin olunmayıb.
Məlum olduğu kimi, Azərbaycanda COVID-19-a qarşı vaksinasiya kampaniyasına 18 yanvar 2021-ci il tarixində start verilib və Azərbaycan regionda vaksinasiya tədbirlərinə ən tez başlayan ölkələrdəndir".
Nazir müavini bildirib ki, Prezident İlham Əliyevin beynəlxalq arenadakı şəxsi nüfuzu sayəsində müxtəlif vaksin istehsalçılarından kifayət qədər vaksin preparatları alınaraq ölkədə vaksin ehtiyatı yaradılıb: "Bu günə kimi Azərbaycanda 5,5 milyondan artıq vaksin dozası istifadə olunub.
Sosial şəbəkələrdə çıxış edən “ekspertlər” vaksinlərin saxlanma şəraiti ilə bağlı məsələyə toxunur. Həqiqətən, peyvənd istehsalçılarının təlimatına görə peyvəndlərin düzgün qaydada saxlanılması onların keyfiyyətinin itirilməməsi və lazımi effekti əldə etmək baxımından çox vacibdir.
Qeyd etməliyik ki, ölkəmizdə irimiqyaslı peyvənd kampaniyasının aparılması məqsədilə qabaqcadan hazırlıq işləri görülüb. Digər vaksinlərin saxlanılması üçün +2-8°C temperatur şəraiti tələb olunduğu halda, “Pfizer” vaksininin saxlanılması üçün bu şərt -70°C-dir. Ölkəmizdə pandemiyadan əvvəlki dövrdə bu kimi şəraitdə saxlanılması tələb olunan vaksinlərdən istifadə edilməyib. Bu səbəbdən “Pfizer” vaksininin ölkəyə gətirilməsindən əvvəl Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi üçün 10 ədəd dərin dondurucu alınaraq quraşdırılıb. Beləliklə, bu gün ölkədə istifadə olunan bütün vaksinlərin (CoronaVac, AstraZeneca, Sputnik V və Pfizer) istehsalçının təlimatına uyğun şəkildə saxlanılması üçün tam şərait yaradılıb.
Bundan əlavə, vaksin preparatları müvafiq şəraitdə saxlanılmasaydı, vaksinasiyadan sonra ağırlaşmalar, fəsadlar baş verməli idi. Lakin kampaniyanın ilk günündən bu günə qədər bir hadisə də olsun, kəskin reaksiya və ya ağırlaşma qeydə alınmayıb. Çox nadir hallarda inyeksiya yerində ağrı və ya vaksinasiyadan sonrakı 1-2 gün ərzində müəyyən halsızlıq kimi yüngül reaksiyalar qeyd edilir ki, bu da istənilən vaksinə qarşı baş verə biləcək təbii haldır və insan orqanizmində vaksinasiyaya qarşı yaranan immun cavabdır".
V.Qasımov hesab edir ki, bu gün ölkədə uğurla davam etdirilən peyvənd kampaniyasına qarşı belə qeyri-peşəkar fikirlər səsləndirmək məqsədəuyğun deyil: "Fürsətdən istifadə edərək, COVID-19 xəstəliyinə tezliklə qalib gəlmək və vətəndaşlarımızın sağlamlığını qorumaq məqsədilə əhalini peyvənd kampaniyasında daha fəal iştirak etməyə dəvət edirəm".
“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı”ASC-nin Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti kotirovka sorğusu elan edir.
Sorğu Şəmkir Maşın Kanalının II növbəsinin zonasında təsərrüfatlararası paylayıcı kanalların tikintisi obyektinin I və II mərhələləri (P1, P2, P3, P4, P5, P6, P7 və P8) üzrə tikinti altına düşən 937 mülkiyyətçiyə məxsus daşınmaz əmlakların qiymətləndirilməsinin satın alınması məqsədilə keçirilir.
İddiaçılar öz təkliflərini möhürlənib imzalanmış şəkildə, ikiqat bağlı zərfdə (əsli və surəti olmaqla) təqdim etməlidirlər. Təklif zərfləri 27 avqust 2021-ci il saat 11.00-da açılacaqdır.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 25-28° isti, gündüz 37-39°, bəzi yerlərdə 40-41° isti, Bakıda gecə 26-28° isti, gündüz 38-40° isti olacaq.
Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 %, gündüz 35-40 % olacaq.
Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 27-28° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 28-29° isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, avqustun 12-14-də Abşeron yarımadasında davam edən isti hava şəraiti fonunda zəif küləklərin üstünlüyü və günün bəzi saatlarında havada yaranan durğunluq meteohəssas insanlar üçün əlverişsizdir.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 23-26° isti, gündüz 36-41°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 16-21° isti, gündüz 26-31° isti olacaq.
Gözlənilən hava şəraiti haqqında məlumat da açıqlanıb. Belə ki, avqustun 11-14-də ölkə ərazisində isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 37-40 °, bəzi yerlərdə 41-42° isti, rayonlarında 35-40 ° isti, Naxçıvan MR-nın və aran rayonlarının bəzi yerlərində 42-43°-dək yüksələcəyi gözlənilir.
Bakı Nəqliyyat Agentliyi aylıq icmal yayıb. Yol-xeber.az-ın məlumatına görə, BNA-nın aylıq hesabatında qeyd olunur ki, ötən ay ərzində paytaxtın nəqliyyat sistemində bir sıra yeniliklər olub. Ay ərzində həm sərnişindaşımaların həm də hərəkətin təşkili istiqamətlərində vətəndaşların rahatlığının təmin edilməsi baxımından əhəmiyyətli tədbirlər görülüb. Sərnişindaşımaların təşkili, bu sahədə göstərilən xidmətin keyifyyətinin artırılması məqsədi ilə iyul ayı daha məhsuldar olub. Ayın ilk on günlüyündə Bakı Nəqliyyat Agentliyinin nümayəndə heyəti qardaş Türkiyə Respublikasının İzmir şəhərinə səfər edərək “BMC Otomativ Sənaye Ticarət” şirkətində paytaxtımız üçün istehsal edilən avtobuslara sınaq baxışı keçirib. Xatırladaq ki, Dövlət başçısının vətəndaşların rahatlığı, onlara keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətləri göstərilməsinə dair tapşırığına uyğun olaraq bu il Bakıya daha 320 ədəd avtobus gətiriləcək. Avtobusların 170 ədədi 9, 150-si isə 12 metrlikdir.
Vətəndaşlardan daxil olan müraciətlər nəzərə alınaraq son bir ayda 6 müntəzəm marşrut xətti optimallaşdırılıb. Bunlar 169, 177, 206, 39, 70 və 162 №-li marşrut xətləridir. Ötən ay həmçinin 1 (211 nömrəli) marşrut xətti üzrə sərnişindaşımalar BakuBus MMC-yə həvalə edilib.
Ay ərzində marşrut xətlərinin nağdsız ödəniş sisteminə inteqrasiyası ilə bağlı tədbirlər də davam etdirilib. Bu müddətdə 62, 92, 211 və 217 №-li marşrut xətləri üzrə də gediş haqqının ödənişi BakıKart vasitəsi ilə ödənməsi təmin edilib. Bununla da ümumilikdə marşrut şəbəkəsinin 43%-nin dövriyyəsi şəffaflaşdırılıb.
İyul ayında paytaxtda hərəkətin təşkili istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Bakı Nəqliyyat Agentliyinin təklifinə uyğun olaraq Heydər Əliyev prospekti əsas yolun “Bağırov” körpüsü kimi tanınan yolayırıcı tuneldən keçən hissəsində ayırıcı bordür inşa edilib. 4 küçə və prospektdə yol şəraitinin yaxşılaşdırılıb və təhlükəsiz tədbirləri görülüb. 346 yol nişanı quraşdırılıb. 3 məntəqədə taksi duracaq yeri təşkil edilib. 2 küçədə eyni səviyyəli piyada keçidi təşkil edilib. 23 küçədə isə mövcud piyada keçidləri yenilənib. 4 avtobus dayanacağı və məntəqəsi təşkil edilib. Görülən işlər nəticəsində yol hərəkəti iştirakçılarının, o cümlədən piyadaların təhlükəsizliyi, rahatlığı və əlçatanlığı təmin edilib, orta hərəkət sürəti isə artıb.
Hərəkətin təşkili sahəsində görülən ən vacib tədbirlərdən biri də 2 km uzunluğunda velosiped yolunun istifadəyə verilməsidir. Velosiped yolu Bilgəh Kardioloji Sanatoriyasını və digər müalicə-istirahət mərkəzlərini bir-biri ilə əlaqələndirir.
İyul ayında vətəndaş müraciətləri də xüsusi diqqətdə saxlanılıb. 1256 vətəndaş müraciəti daxil olub. Müraciətlərin 35%-i icradadır, 65%-i isə icra olunaraq cavablandırılıb. “ALO 141” çağrı mərkəzi vasitəsi ilə cavablandırılan müraciətlərin sayı isə 5856-dır.
İyul ayında beynəlxaql əməkdaşlıq baxmından da yadda qalan olub. 1-4 iyul 2021-ci il tarixlərində Moskva şəhərində qlobal meqapolislərin inkişafı çağırışlarına həsr olunmuş beynəlxalq əhəmiyyətli Moskva Şəhər Forumu keçirilib. Forum çərçivəsində Bakı Nəqliyyat Agentliyi və "Mostransproekt" arasında əməkdaşlıq üzrə memorandum imzalanıb.
"Yol-xeber.az" "Xəzər TV"yə istinadən xəbər verir ki, Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının dosenti, infeksionist Sədrəddin Atakişizadənin sözlərinə görə, Azərbaycan vətəndaşları koronavirusun yeni ştamlarının region ölkələrində yayılmasını nəzərə alıb, daha ehtiyatlı olmalıdırlar. Xüsusilə yoluxma sayının artdığ bir vaxtda əsas köməkçi vasitə vaksinasiyadır. O deyib ki, vaksin olunan şəxslər əksər hallarda yoluxmanı çox zəif simptomlarla keçirir.
Həkim onu da bildirib ki, ötən aylara nisbətən reanimasiyada müalicə alan xəstələrin də sayı artıb. Hazırda reanimasiyada olan koronavirus xəstələri vaksin vurdurmayanlardır. Ağırlaşmalar yalnız vaksinasiyadan keçməyənlərdə baş verir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Milli Hidrometeorologiya Xidmətindən "Yol-xeber.az"ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.
Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 25-28° isti, gündüz 34-38° isti, Bakıda gecə 26-28° isti, gündüz 36-38° isti olacaq.
Atmosfer təzyiqi 761 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70%, gündüz 45-50% olacaq.
Abşeron çimərliklərində şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 27-28° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 28-29° isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 23-27° isti, gündüz 35-40°, bəzi yerlərdə 41° isti, dağlarda gecə 15-20° isti, gündüz 25-30° isti olacaq.
“Hörmətli Xankəndi sakinləri, bildirmək istəyirik ki, şəhərdə içməli sudan qənaətlə istifadə etmək lazımdır”. Xankəndidə yaşayan erməni əhalisinə təxminən bu şəkildə məlumat verilib. Şəhərdə içməli su problemi kritik həddədir.
Yol-xeber.az xəbər verir ki, Azərbaycan Ordusu Şuşa şəhərini işğaldan azad edərkən pərən-pərən düşən erməni döyüşçülər şəhərin su borusunu sıradan çıxarıblar.
Onlar başqası üçün quyu qazdıqları quyuya indi özləri düşüblər. Digər məqam isə ondan ibarətdir ki, ermənilərin su götürdüyü anbarın ötürücüsü hazırda Azərbaycan Ordusunun nəzarətindədir. Hərbçilərimizin icazəsi olmadan ona yaxınlaşmaq qadağandır.
Görünən odur ki, Xankəndi erməniləri problemlərin həllini məhz vətəndaşı olduqları Azərbaycan dövlətinin həll edə biləcəyini dərk etməlidirlər. İndi onların qarşısında iki seçim imkanı var: Ya Azərbaycan qanunlarına tabe olub bu ölkənin digər vətəndaşları kimi bütün hüquqlardan faydalanacaqlar, ya da illərdir onlara yalan vədlər verən sepratraçılara inanmaqla uçurumun dərinliklırinə yuvarlanacaqlar.
Ekspertlər vəziyyətdən çıxış yollarından danışıblar.
Ətraflı İTV-nin süjetində:
“Hazırda COVID-19 ilə bağlı epidemioloji vəziyyətin mənfi dinamikasını müşahidə edirik”.
Yol-xeber.az-ın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov ölkədə COVID-19 ilə bağlı epidemioloji vəziyyəti qiymətləndirərkən deyib.
“Bu, bir tərəfdən gündəlik yeni yoluxma hallarının sayının çoxalması, infeksiyanın aşkarı üçün götürülən spesifik test nümunələrində pozitiv nəticələrin faizlə miqdarının, eyni zamanda, aktiv xəstə sayının artımı və xəstəlikdən sağalan insanların yeni xəstələnənlərlə müqayisədə az miqdarda olması ilə özünü göstərir”- T.Eyvazov bildirib.
Baş infeksionist yoluxma saylarında artımın səbəblərini belə izah edib:
“Pandemiya təcrübəsini nəzərə alsaq görərik ki, yoluxma hallarının azsaylı olduğu dövrlərdə hər dəfə karantin qaydalarında yumşalmalara getdikdə müəyyən vaxt keçdikdən sonra yenidən yoluxma sayında artım baş verir. Çünki infeksiyanın yayılmasında ən önəmli faktor insan təmaslarının artmasıdır. Məhz yumşalmalar buna gətirib çıxarır. Bu gün əvvəlki dövrlərdən fərqli olaraq müxtəlif kütləvi tədbirlərin keçirilməsinə icazə verilib, metronun fəaliyyəti bərpa olunub, iri ticarət mərkəzləri işləyir. Lakin əhalinin müəyyən hissəsində qapalı məkanlarda maskanın taxılması, sosial məsafənin gözlənilməsi və s. kimi qoruyucu tədbirlərə laqeyd münasibətini izləməkdəyik. İnsanlar bir tərəfdən yorulub, bir tərəfdən də arxayınlaşıblar. Digər səbəb isə virusun daha yoluxucu mutant variantlarının ölkəmizə daxil olmasıdır. Ən sürətli yayılan delta ştamının da bu artıma töhfə verməsi göz önündədir. Ancaq bir daha əhalinin nəzərinə çatdırmaq istərdim ki, pandemiya hələki bitməyib, davam edir və biz bu məsələdə çox diqqətli olmalıyıq”.
"Yol-xeber.az" "report"a istinadən xəbər verir ki, 1999-cu il təvəllüdlü, İ.Babayevlə yaşadığı evdə vida mərasimi keçirilir.
Daha sonra zabitin nəşi kənd qəbiristanlığında torpağa tapşırılacaq.
Vida mərasimində Oğuz Rayon İcra Hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon sakinləri iştirak edirlər.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Yol-xeber.az"a verilən məlumata görə, son günlərdə ölkə ərazisində koronavirus pandemiyası ilə bağlı mövcud vəziyyət və xəstəliyə yoluxanların sayında artım nəzərə alınaraq paytaxt Bakı şəhərinin bütün rayonlarında Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən yaşayış binalarında, lift kabinalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında gündəlik tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri aparılır. Ilkin olaraq dezinfeksiya tədbirlərinə Səbail və Nəsimi rayonlarında başlanılıb.
Həftə sonu isə paytaxtdakı əsas küçə, prospekt və yollarda genişmiqyaslı dezinfeksiya tədbirlərinin aparılması planlaşdırılmışdır.
Bildirilib ki, geniş dezinfeksiya tədbirlərinin keçirilməsində əsas məqsəd vətəndaşlarımızı bu pandemiyadan qorumaqdır. Vətəndaşlarımızdan bir daha xahiş olunur ki, koronavirusun daha çox yayılmasına imkan verməmək üçün karantin qaydalarına ciddi riayət etsinlər.