![]() |
|
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində, Zığ şossesi - Hava Limanı avtomobil yolunun 12-ci km-liyində yerləşən Hövsan Yaşayış Kompleksinin 1 saylı binası üzrə 4, 2 saylı binası üzrə 22, 3 saylı binası üzrə 52, 4 saylı binası üzrə 23, 6 saylı binası üzrə 159 və 7 saylı binası üzrə 243 mənzilin, ümumilikdə 503 mənzilin satışını 21 aprel saat 11:00-dan 30 aprel saat 11:00-a qədər davam etdirəcək.
“MİDA-nın sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzil seçimi 26 aprel saat 11:00-da başlayacaq və 30 aprel saat 11:00-a qədər davam edəcək.
Ölkə prezidentinin 16 noyabr 2016-cı il tarixli fərmanına əsasən, mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olan vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzil seçimində bərabər hüquqa malikdir. “Güzəştli mənzil” sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla www.mida.gov.az və www.mida.az saytlarının ana səhifələrində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış olmaq mümkündür.
Satışa çıxarılan mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur. Bütün binalar Dövlət Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib, inşa olunub. Buna dair Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin 28.02.2018-ci il tarixli 24956 və 08.05.2018-ci il tarixli 25318 nömrəli müsbət rəyləri mövcuddur.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi mənzillərin mülkiyyət hüquqlarına dair “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”lar verib.
Ətraflı məlumat burada
Bu gün saat 16:00-da Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinq keçirəcəyi gözlənilir.
Karantin rejiminin sərtləşdiriləcəyi ilə bağlı qərarın veriləcəyi ehtimal edilir.
Bu gündən Azərbaycanla Gürcüstan arasında birbaşa uçuşlar bərpa edilir.
Bu gündən etibarən Azərbaycanın “Buta Airways” aşağıbüdcəli aviaşirkəti Gürcüstan paytaxtına və əks istiqamətdə xüsusi reyslər həyata keçirməyə başlayacaq.
Uçuş cədvəlinə əsasən, pandemiya dövründə Bakı-Tbilisi-Bakı istiqaməti üzrə aviadaşıyıcının ilk uçuşu bu gün yerinə yetiriləcək. Qeyd olunan marşrut üzrə uçuşların həftədə üç dəfə – çərşənbə axşamı, cümə və bazar günləri həyata keçirilməsi planlaşdırılıb.
“Standart” tarifinə (55 avrodan başlayaraq) çəkisi 10 kq-dan artıq olmayan və ölçüləri üç ölçünün cəmi üzrə 158 sm-dən böyük olmayan qeydiyyatdan keçən baqajın daşınması daxildir. “Super” tarifinə (75 avrodan başlayaraq) çəkisi 23 kq-dan artıq olmayan və ölçüləri üç ölçünün cəmi üzrə 158 sm-dən böyük olmayan qeydiyyatdan keçən baqajın, habelə çəkisi 10 kq-dan çox olmayan və ölçüləri üç ölçünün cəmi üzrə 118 sm-dən çox olmayan əlavə baqajın daşınması daxildir.
Hər iki tarifə ödənişsiz olaraq yer seçimi və hava limanında qeydiyyat opsiyaları daxildir.
Mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası daşımaya qəbul olunacaq. Hər iki istiqamət üzrə reyslərin sərnişinləri COVID-19 testinin nəticəsinin uçuşdan əvvəl 48 saat ərzində etibarlı olduğundan əmin olmalıdırlar.
BAKU.TV xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan verilən məlumata görə, yanvar-fevral aylarında sosial təminat üzrə əhaliyə ötən ilin eyni dövrünə nisbətən 7,1% çox olmaqla 1 milyard 21 milyon manat vəsait ödənilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ilin yanvar-fevral aylarında həmin istiqamətlər üzrə ümumilikdə 2,3 milyonadək şəxsə ödənişlər edilib.
Pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə ödənişlərdə artım dinamikası 2021-ci ildə də davam edir.
"Karantin tədbirləri Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətinə aid məsələdir. Mütəxəssislər monitorinq aparırlar və bunun əsasında həm tibbi, həm də iqtisadi göstərişlərə görə, müəyyən qərarlar verirlər. Koronavirusa yoluxma sayı artdıqca bu məsələ gündəmə gəlir və müzakirə olunur".
Bunu Azərbaycanın baş infeksionisti Təyyar Eyvazov bildirib.
Onun sözlərinə görə, indiyənə qədər necə qorunmuşuqsa, eyni qayda üzrə qorunmalıyıq: "Sadəcə olaraq bir qədər də diqqətli və məsuliyyətli olmalıyıq. Karantin qaydaları sərtləşdirilərkən təmaslar azalır. Bunu elə əvvəldən özümüz də edə bilərik. İşimizi elə planlaşdıraq ki, artıq yerə özümüzü riskə atmayaq və təmasda olmayaq. Əgər bu təmaslar mümkün olmayacaqsa, onda qaydalara elə əməl edək ki, fərdi qoryuyucu vasitələr bizi qorusun.
Baş infeksionist həmçinin vaksinasiya prosesinin vacibliyini də vurğulayıb: "Azərbaycanda tətbiq olunan vaksin (CoronaVac) illərlə oturuşmuş texnologiya üzərində əldə olunduğuna görə yan təsirləri bəllidir. Ölkədə yarım milyona yaxın insanın peyvənd olunmasına baxmayaraq hər hansı tutarlı ağır reaksiya hallarına rast gəlinməyib".
Qeyd edək ki, Azərbaycanda koronavirusun yeni növü olan Britaniya ştammının tapılması ehtimalı var. Bu barədə “Report”a tibb sahəsindən olan mənbələrdən bildirilib. Koronavirusun Britaniya ştammı daha təhlükəli, sürətlə yayılan, ağır keçirilən sayılır. Avropada bir çox ölkələr üçüncü dəfə qapanmaya məhz Britaniya ştammının yayılmasının qarşısını almaq məqsədilə gediblər. Azərbaycanda virusun mutasiya olunmuş
Vətəndaşın icbari tibbi sığorta xidmətindən istifadə edə bilməsi üçün ona ayrıca kartın verilməsinə ehtiyac yoxdur.
Trend xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov deyib.
Onun sözlərinə görə, yanvarın 1-dən bütün işləyən əhali qrupunun əməkhaqqından icbari tibbi sığorta xidməti üzrə tutulmalar həyata keçirilir:
“İcbari tibbi sığorta sistemində vətəndaş kartla təmin olunmur. Onun kartı şəxsiyyət vəsiqəsidir. Vətəndaş tibb müəssisəsinə şəxsiyyət vəsiqəsi ilə müraciət edir. Fin kod sistemə daxil olan kimi şəxs haqqında olan bütün məlumatlar sistemdə görünür. Vətəndaş heç bir ödəniş etmədən tibbi xidmətdən istifadə edə biləcək".
V.Qurbanov qeyd edib ki, aprelin 1-dən bütün Azərbaycan vətəndaşları icbari tibbi sığorta ala biləcəklər.
Azərbaycanda koronavirus infeksiyasına qarşı istifadə edilən Çinin “SinoVac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksini yeni ştammlara qarşı da effektivdir.
Bu barədə Milli Hematologiya və Transfuziologiya Mərkəzindən bildirilib
Xatırladaq ki, Mərkəzin Genetik Diaqnoz Mərkəzində “Sars Cov-2” genom analizi edilən üç nümunədə 501Y.V1, B.1.1.7 (Britaniya variantı) aşkar edilib.
Qeyd edək ki, ölkədə yanvar ayının 18-dən etibarən vaksinasiya prosesinə başlanılıb. Peyvəndləmə könüllü və dövlət hesabına aparılır. Bu günə qədər ölkədə 468,826 nəfər peyvəndlənmə prosesində iştirak edib.
Şeyxülislam Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Təbrik mətnini təqdim edirik:
"Bismillahir-rəhmanir-rəhim!
Möhtərəm həmvətənlər, əziz qardaş və bacılar!
Xalqımızın qədim və gözəl bahar bayramı, yeni günün və yenidən dirçəlişin timsalı olan Novruz münasibətilə sizi ürəkdən təbrik edir, hamınıza Allah-taaladan səadət və rifah, xeyirli və bərəkətli ömür arzulayıram.
Bu ilki Novruzumuz özəl abu-havası olan bayramdır, çünki onun gəlişi 30 illik Qarabağ həsrətinin sonu, illər boyu etdiyimiz duaların qəbul olduğunu bildirən Zəfər müjdəsidir. Artıq neçə müddətdir ki, xalqımız öz tarixinin ən möhtəşəm bayram sevincini – Vətən müharibəsindəki Qələbənin qürurunu yaşayır. 44 gün davam edən savaş Ermənistanın məğlubiyyəti ilə Azərbaycan ordusunun şanlı zəfəri kimi tarixə yazıldı. Qəhrəman Azərbaycan əsgəri işğaldan azad olmuş ərazilərdə Ulu Öndər Heydər Əliyevin “Dövlətçiliyimizin və müstəqilliyimizin əbədi rəmzi” adlandırdığı üçrəngli bayrağını qaldırdı. Azərbaycanın ayrılmaz hissəsi olan bu torpaqlarda dövlət bayrağının dalğalanması, Şuşa və Ağdam məscidlərinin minarələrindən azan səslərinin ucalması tarixi ədalətin bərpası anlamını verir və bu mübarək günləri bizə, bütün xalqımıza yaşatdığı üçün Uca Yaradana və dövlətimizə sonsuz həmd-sənalar edirik!
Biz fəxr edirik ki, bu Qələbənin müəllifi və sərkərdəsi Azərbaycan xalqının böyük oğlu, adı tarixin qızıl səhifəsinə yazılan Zati-aliləri Ali Baş komandan İlham Əliyev cənablarıdır. Vətən müharibəsi ərzində onun liderlik əzmi, qətiyyətli siyasəti, mərdliyi, cəsarəti hər kəsə - ordumuzun əsgərinə, xalqımızın övladlarına, dinindən və millətindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşlarına unudulmaz anlar yaşatdı, dünya ictimaiyyəti Azərbaycanın siyasi liderinin qüdrətinin və ölkəmizdəki sarsılmaz xalq-dövlət birliyinin şahidi oldu.
Bu gün biz Azərbaycan dövlətinin gələcəyinə böyük inam və ümidlə baxırıq. Bu ruh yüksəkliyinin əsas mənbəyi dövlətimizin başçısı İlham Əliyev cənablarının prinsipial və qətiyyətli mövqeyi, ölkəmizdə aparılan geniş miqyaslı quruculuq işləri, xalqın rifahına yönələn sosial-iqtisadi proqramların gerçəkləşməsidir. Ali Baş Komandan İlham Əliyev cənabları mətin sərkərdə kimi öz xalqının dərin məhəbbət və etimadını qazanmış, rəşadətli ordusunun qüdrətinə güvənən yenilməz dövlət lideri olaraq Azərbaycan həqiqətlərini, Qarabağ reallıqlarını inam, qətiyyət və siyasi mədəniyyət nümunəsi ilə dünya ictimaiyyətinə çatdırmaqla qlobal miqyaslı dövlət xadimi kimi tanınmışdır. Həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu gərgin və məsuliyyətli dövr ərzində yerinə yetirdiyi siyasi, ictimai və mədəni missiyanı tarixi fenomen adlandırmaq olar. Şəhid və qazi ailələrinə, yaralı hərbçilərə göstərilən nəcib şəfqətli münasibət, maddi-mənəvi dəstək, sosial yardım proqramlarına rəhbərlik – bunların hamısı bir Azərbaycan xanımının dünyaya bəyan etdiyi yüksək mədəniyyətin və Vətən övladlarına olan ana məhəbbətinin nümunəsidir. Mehriban xanım Əliyevanın timsalında biz Azərbaycanın bugününün və sabahının təminatçısı olan möhtərəm Prezidentimiz Zati-aliləri İlham Əliyevin fədakar yardımçısını və etibarlı silahdaşını görürük. Novruz adətlərimizə uyğun olaraq, dindarlarımız adından mən bu əziz bayram günlərində Azərbaycanın əzəli torpaqları olan Qarabağın və İslam dünyasının mədəniyyət beşiyi Şuşanın işğaldan azad olunması münasibətilə Zati-aliləri İlham Əliyevi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanı səmimi qəlbdən təbrik edir, dövlətimiz naminə gördükləri fövqəladə fəaliyyətlərə Allahdan xeyir-dualar diləyirəm.
Qələbə - daim dindarlarımızın, hər bir azərbaycanlının dualarında olmuşdur. Fəqət həsrətində olduğumuz Qələbə naminə övladlarımız Allah yolunda, Vətən və millətin azadlığı uğrunda canlarını fəda etdilər, qanları ilə qazandıqları Azadlığı gələcək nəsillərə əmanət etdilər. Onların hər birinin boynumuzda haqları vardır, bu əziz Novruz günlərində Vətən uğrunda şəhid olan qəhrəman övladlarımızı rəhmət dualarıyla yad etmək, ailələrinə, yaxınlarına başsağlığı vermək, qazilərimizə, yaralılarımıza Allah-təaladan şəfaət və səadət diləmək bizim vəfa borcumuzdur. Biz Qarabağda dalğalanan Azərbaycan bayrağı naminə canından keçən hər bir şəhidimizə Allahdan rəhmət diləyir, yaralılarımıza şəfalar arzulayırıq.
Əziz həmvətənlərim! Novruz Azərbaycan xalqının çoxəsrlik tarixində özəl yeri və milli önəmi olan bayramlardandır. Min illər boyu qeyd edilən mübarək Novruz torpağın oyanışını, təbiətin yenilənməsini və bəşərin intibahını təcəssüm etdirmişdir. Qurani-Kərimdə bu dirçəlişin ilahi mənası açıqlanır: “Allah göydən yağış göndərir, onunla Yer üzünü öldükdən (quruduqdan) sonra yenidən dirildir” (Nəhl, 65). Novruzda savaşlar dayanmış, küsülülər barışmış, insanlar sevinclərini və sabaha ümidlərini bir-biri ilə bölüşmüşlər. Bu əziz günlərdə dünyadan gedənlərə rəhmət diləmək, valideynləri, ağbirçək və ağsaqqalları yada salmaq, imkansızlara, ehtiyacı olanlara yardım etmək, ailə məhəbbətini və dostluq tellərini bərkitmək xalqımızın milli mədəniyyətinin ən gözəl nümunəsidir.
Bu ilin təqviminə görə, Azərbaycanın üfüqi vaxtı ilə 20 mart tarixində, saat 13.37.20-də il Öküz bürcü üzərində təhvil olacaqdır. İl təhvili günorta zöhr namazından sonraya təsadüf etdiyi üçün, bu il bayram axşamı martın 20-də, mübarək Novruz bayramı isə martın 21-də qeyd olunacaqdır. Bu günlər ərzində edilən ibadət və dualarda mərhumları rəhmətlə yad etmək böyük savabdır. Uca Yaradana həmd-səna, süfrələrə xeyir-bərəkət, nemətlərə şükr duaları ilə Novruza qədəm qoyan xalqımızı bir daha təbrik edir, hər ailəyə xoşbəxtlik, hər evə rifah və əmin-amanlıq diləyirəm. İnşallah, bundan sonra Novruzu artıq doğma Qarabağda qarşılayacaq, illərin acısını tonqallarda yandırıb, arzularımızı səməni kimi göyərdəcəyik. Novruz bayramımız mübarək olsun!".
Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu Cəbrayıl Dövlətzadənin ailəsinə yeni mənzil verilib.
Mənzilin açarları şəhidin ailəsinə təqdim edilib.
Qeyd edək ki, 19 yaşlı C.Dövlətzadə 2020-ci il sentyabrın 28-də Murovdağ döyüşləri zamanı şəhid olub və İkinci Şəhidlər xiyabanında dəfn olunub.
İkinci Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıqlara görə şəhid olan C.Dövlətzadə və onun döyüş dillər əzbərinə çevrilib. Sumqayıtda cüdo məktəbinin yetirməsi olan Cəbrayıl düşmənin bir generalını və polkovnikini təkbaşına məhv etməklə Azərbaycanın mərd oğlu, general Polad Həşimovun və onun silahdaşlarının qisasını alıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin sərəncamı ilə Cəbrayıl Dövlətzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Eyni zamanda Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Prezident İlham Əliyevin sərəncamına əsasən Cəbrayıl Dövlətzadə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
“Son günlər dünyada və eləcə də ölkəmizdə COVID-19-a yoluxma hallarının artmasının “üçüncü dalğa” adlandırılmasını doğru hesab etmirəm. Çünki ilk dalğa, var olan infeksiya bütün dünyada davam edir. Virusa yoluxma tamamilə sıfırlanmır və yenisi yaranmırsa, bu elə birinci dalğanın davamıdır. Sadəcə prosesə insan faktoru təsir göstərir”.
Bunu dünyada COVİD-19-a yoluxmada “üçüncü dalğa” və Azərbaycandakı vəziyyətlə bağlı Modern.az-a danışan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, həkim-infeksionist Vasif Əliyev bildirib.
V.Əliyev bunun səbəbini qapanmalara gedildikdən sonra yoluxma sayının tamamilə yox olmaması ilə izah edib:
“Qapanmalara gedildikcə yoluxma sayı azalır, amma tamamilə yox olmur, infeksiyanın yayılması az da olsa davam edir. Təbii olaraq yumşaldılmalara gedildikcə, insanlar arasında təmaslar artdıqca yoluxma sayı da artır. Bu da normaldır, üçüncü dalğa deyil. Var olan baryerin götürülməsilə infeksiyanın artmasıdır.
Avropa ölkələrində yoluxma sayı artmaqdadır, buna həmin yerlərdə qeydə alınmış mutasiyalar da təsir edir. Eyni zamanda, qapanma sonrası yoluxma sayındakı azalma ilə yumşaldılmalara gedilməsi daha sonra xəstə sayının artımına səbəb olur. Məhdudiyyətlərin aradan qaldırılması insanlarda arxayınlığa, tələb olunan qaydalara əməl etməmələrinə gətirib çıxarır. Nəticədə virus da artmağa başlayır. Proses Azərbaycanda da belədir, bu, üçüncü dalğa yox, var olan infeksiyanın mərhələli gedişatıdır.
Əvvəlki təcrübələrdən də məlum olduğu kimi yumşaldılmara gedildikcə, xəstəliyin artacağı gözlənilən idi. Bunu daha əvvəl də yaşamışıq, ona görə say artımı sürpriz olmadı. Məsələ burasındadır ki, qapanmaların uzunmüddətli tətbiqi bütün sahələrə mənfi təsir edir. Amma insan sağlamlığı əsas götürüldükdə qapanmalar qaçılmaz olur”.
İnfeksionistin sözlərinə görə, xəstəxanlarda COVID-19 xəstələrinin müalicəsilə bağlı müəyyən təcrübə formalaşıb:
“Bir ildən artıqdır ki, xəstəxanlar COVID-19 xəstələrinin qəbulu, müalicəsiylə məşğuldurlar. Bununla bağlı bəlli təcrübələr toplanıb, sistem formalaşıb, həkimlərin bu sahədə məlumatları artıb. Bu baxımdan hazırda xəstəxanlarda çarpayı sayı, həkim çatışmazlığı kimi hansısa problem yoxdur”.
V.Əliyev qarşıdan gələn bayram günlərində vətəndaşları daha məsuliyyətli olmağa çağırıb:
“Bir həkim kimi tövsiyəm odur ki, daha əvvəl yaşadığımız qapanmaları yaşamamaq üçün mütləq şəkildə yaxın təmasdan uzaq olmalıyıq. Yaxşı olar ki, insanlarımız bayramı öz evlərində qeyd etsin, bir-birinin evinə qonaq getməsin, kütləvi toplaşma olmasın. Qapanmaların olub-olmayacağı yoluxmanın dinamikasından və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarından asılı olacaq.
Biz TƏBİB olaraq qapanma və açılmalarla bağlı qərar vermirik. Qərarlar Nazirlər Kabineti yanında Operativ Qərargahda təmsil olunan qurumların birgə təkliflərinə əsasən verilir. Verilən qərarlar isə ümumi vəziyyət qiymətləndirilərək və insanların sağlamlığı əsas götürülərək qəbul edilir”.