![]() |
|
Qonşu ölkəyə təyyarə ilə yollanacaq Azərbaycan vətəndaşlarından 72 saatdan gec olmayaraq edilən PCR testinin mənfi nəticəsini təsdiqləyən arayış tələb olunacaq.
Bu qayda Gürcüstan ərazisindən tranzit keçidi kimi istifadə edəcək vətəndaşlara da şamil olunacaq.
Gürcüstanda qalacaq Azərbaycan vətəndaşları 3 gündən sonra öz hesablarına PCR testindən keçməli olacaqlar.
Hazırkı mərhələdə Gürcüstan hökuməti quru sərhədlər vasitəsilə sərbəst gediş-gəlişə tətbiq etdiyi məhdudiyyətləri qüvvədə saxlayır. Qonşu ölkəyə quru sərhədlərdən koronavirusa qarşı vaksinasiyanın hər iki mərhələsindən keçən istənilən ölkənin vətəndaşları daxil ola bilərlər.
Qeyd edək ki, yaxın günlərdə Azərbaycan və Gürcüstan arasında Bakı-Tbilisi- Bakı istiqaməti üzrə müntəzəm aviareyslərin bərpa olunacağı gözlənilir. (report)
Bakı və Abşeron ərazisində üç fərqli nöqtədə "Kənddən Şəhərə" Yarmarkası keçirilir.
Bu barədə Dövlət Aqrar Ticarət Şirkətinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Musayev deyib.
Bu gün və sabah 10:00-dan 19:00-dək müxtəlif regionlardan gələn fermer və qida istehsalçıları öz məhsullarını satışa çıxaracaq.
Yarmarkanın ünvanları:
- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metrostansiyasının çıxışı)
- Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı)
- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A
Prezident İlham Əliyevin şəhid ailələri və müharibə əlillərinə xüsusi qayğısı nəticəsində mənzil və fərdi evlə təminat proqramı 2021-ci ildə 2 dəfəyə qədər genişlənəcək.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Nazirlikdə keçirilən kollegiya iclasında bildirib.
O bildirib ki, bu il 3 minə yaxın şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin olunacaq.
Nazir qeyd edib ki, Prezidentin iştirakı ilə fevralın 25-də Şağan Reabilitasiya Pansionatının açılışı, şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması şəhid ailələrinin, müharibə əlillərinin yüksək qayğı ilə əhatə olunması işlərinin uğurla və daha geniş miqyasda davam etdirildiyini göstərir: "Həmin tədbirdə çıxışında Prezident İlham Əliyev ötən dövrdə 9200-ə yaxın şəhid ailəsi və müharibə əlilinin mənzillərlə təmin edildiyini, təkcə keçən il 1572 mənzilin verildiyini, bu il də 3 minə yaxın mənzil veriləcəyini, müharibə əlillərinə 7200-ə yaxın minik avtomaşını verildiyini diqqətə çatdırdı. Dövlət başçısı “Bizim bu sahədəki siyasətimiz birmənalıdır. Bu siyasət mənəvi normalara əsaslanır və Vətən uğrunda canından keçmiş insanların yaxınları dövlət tərəfindən bundan sonra da qayğı ilə, diqqətlə əhatə olunacaqlar” deyə bəyan etdi".
S.Babayev yeni açılan 250 çarpayılıq Şağan Reabilitasiya Pansionatının önəmini qeyd edib: "Ölkə Prezidentinin bildirdiyi kimi: “Orada da minlərlə qazi hər il müalicə alacaq, reabilitasiyadan keçəcək, öz sağlamlığını bərpa edəcək”. Ümumilikdə dövlət başçısının tapşırığı əsasında son illərdə qurulan müasir reabilitasiya infrastrukturu Vətən müharibəsində yaralanmış hərbçilərimizin də yüksək səviyyədə reabilitasiya xidmətləri ilə təminatı üçün xüsusi önəm kəsb edir".
Nazir şəhid ailələri və müharibə əlillərinin mənzillərlə təminat proqramının bu il daha da genişləndirilməsi, qazilərimizin reabilitasiyası ilə bağlı Prezident İlham Əliyev tərəfindən Nazirlik qarşısında müəyyən edilən vəzifələrin yüksək səviyyədə icra ediləcəyini vurğulayıb.
İclasda Bakı şəhərində və Abşeron rayonunda yaxın aylarda DOST Mərkəzlərinin açılması üçün aparılan işlər, 4 saylı Bakı DOST Mərkəzinin və Abşeron rayon DOST Mərkəzinin yaradılması və nizamnamələrinin təsdiq edilməsi məsələləri müzakirə olunub. Qeyd edilib ki, son iki ildə yaradılmış DOST Mərkəzləri tərəfindən artıq 300 min vətəndaşa xidmət göstərilib, bu mərkəzlərin sayı artdıqca DOST xidmətləri ilə əhatə olunanların da sayı artacaq.
“Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu Qaydaları”nın, “Şəxslərin işaxtaran və işsiz kimi qeydiyyata alınmasının, qeydiyyatdan müvəqqəti çıxarılmasının və qeydiyyatının ləğv edilməsi xidmətinin Pasportu”nun təsdiq edilməsi, peşə hazırlığı mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi və s. məsələlər də iclasda müzakirə olunub.
"Bütün dünyanın həyat ahəngini pozan pandemiya metropolitenimizin normal fəaliyyəti qarşısında ciddi əngəllər yaradıb".
Bu barədə "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib.
Qeyd olunub ki, metro insanların sağlamlığının qorunması, “COVID-19” bəlasından uzaqlaşdırmaq üçün ötən ildə sərnişinlərə 202 gün qapı aça bilməyib:
"Bu ilin ikinci ayı da daşıma fəaliyyəti olmadan başa vurulmaq üzrədir. Pandemiyanın ilk günlərində metropoliten şəraitin tələblərinə uyğun bütün lazımi
tədbirləri yerinə yetirsə də, son nəticədə müvafiq şəraitdə yeraltı nəqliyyatın sərnişin daşınmasındakı iştirakı məqbul hesab edilmədi. Amma bununla belə metro gələcəkdə daşımaların daha rahat, xidmət mədəniyyətinin daha yüksək, hərəkətin daha təhlükəsiz olması üçün fəaliyyətini davam etdirir və çoxdan darıxdığı sərnişinlərini hər an qarşılamağa hazırdır", - məlumatda bildirilib.
Bakı metrosunun son 7 ilində yeraltı yolların inkişafı, yeni sahələrin tikintisi davam edib.
Bu barədə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib.
"2016-cı ilin aprelində metronun 3-cü xətti, Bənövşəyi xəttin “Memar Əcəmi” və “Avtovağzal” stansiyaları istifadəyə verildikdən sonra, bu xəttin deposunun, Yaşıl xəttin “Həzi Aslanov” stansiyasının tikintisi işləri davam edir. Bənövşəyi xəttin 2020-ci ildə Vətən müharibəsində qazandığımız şanlı Zəfər gününün şərəfinə “8 Noyabr” adlandırılan 3-cü stansiyası isə istismara hazırlanır və inşaatın son mərhələsi çərçivəsində texniki-istismar şərtlərinə uyğun tədbirlər icra olunur", - məlumatda qeyd olunub.
Ölkə üzrə kişilər üçün pensiya yaşı 65, qadınlar üçün isə 62 yaş müəyyən edilib. Vətəndaşın topladığı sığorta kapitalı 12 il müddətinə bölünərək ona geri qaytarılır. Bəzi vətəndaşlar isə 12 ildən artıqdır ki, pensiya alırlar.
Xəzər TV xəbər verir ki, 90 yaşdan yuxarı pensiya alanlar da az deyil.
Həmin vətəndaşlar ömürlərinin sonuna qədər pensiya ala biləcəklər. Bəs bu kapital necə formalaşır?
Azərbaycanda pensiyaçıların 54 faizi artıq 12 ildən çoxdur ki, pensiya alır. Ölkə üzrə uzunömürlü insanların sayının artması onların pensiya təminatına da təsir edir.
Hər bir vətəndaşın topladığı sığortahaqqının ona 12 il müddətində ödənməsi nəzərdə tutulur. Ancaq bəzi vətəndaşlar isə pensiyaya çıxdıqdan sonrakı müddətdə 12 ildən çox müddətdə pensiya alırlar. Bu insanların topladıqları pensiya kapitalı bitsə də, onların ödənişlərini Dövlət Sosial Müdafiə Fondunun vəsaitləri hesabına davam edir. 12 ildən artıq pensiya alanlar arasında yaşa görə pensiyaya çıxanlar daha çoxdur. Bu isə ölkə üzrə uzunömürlülük yaş həddinin artması ilə əlaqədardır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsinin müdiri Elnur Abbasov pensiya kapitalı toplayıb dünyasını dəyişən vətəndaşların yığdıqları kapitalın necə bölüşdürülüdüyü məsələsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, heç kimin staj dövrü və topladığı vəsait itmir.
Elnur Abbasovun sözlərinə görə, hazırda ölkə üzrə 142 min nəfərə yaxın vətəndaşa ailə başçısını itirməyə görə pensiya verilir. Onlara təyin edilən pensiya ailə başçılarının illərdir yığdıqları kapital hesabına təmin edilir.
"Biz xatırlayırıq! Xocalı soyqırımının günahsız qurbanlarına ədalət tələb edirik! Ədalət barışığın vacib bir hissəsidir".
Bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev tvitterdə yazıb.
"Xocalı soyqırımını törədənlər irqçilik, ayrı-seçkilik, etnik nifrət ideologiyasına əsaslanan Ermənistanda qəhrəman olaraq qiymətləndirilirlər",- o qeyd edib.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar paylaşım edib.
Paylaşımda deyilir:
“Xocalı soyqırımı kimi faciələr unudula bilməz. Günahsız insanların vəhşicəsinə qətlə yetirilməsinə heç nə ilə haqq qazandırmaq olmaz! Biz o dəhşətli hadisələr haqqında həqiqətləri təhrif olunması cəhdlərindən hər zaman qoruyacağıq. Xocalı soyqırımı qurbanlarının işıqlı xatirəsini ehtiramla yad edir, Uca Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirəm”.
Prezident İlham Əliyev Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı paylaşım edib.
Dövlət başçısının paylaşımı rəsmi “Facebook” hesabında yayımlanıb.
Həmin görüntüləri təqdim edirik:
Xocalı soyqırımından 29 il ötür.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. Şəhərin 2 500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Ermənilər isə dinc sakinləri gülləbaran ediblər.
Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1 275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.
1994-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis “26 fevral - Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edib. Sənəddə hadisənin başvermə səbəbləri və günahkarları təfsilatı ilə açıqlanıb.
Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə "Ana harayı" adlı abidə ucaldılıb.
Heydər Əliyev Fondu da Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. Fondun dəstəyi və təşkilatçılığı ilə soyqırımla bağlı xüsusi layihə çərçivəsində dünyanın bir sıra ölkələrində aksiyalar, silsilə tədbirlər, sərgilər, anım mərasimləri keçirilir.
Fondun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə elan edilən “Xocalıya ədalət!” kampaniyasının səmərəsi isə ildən-ilə artır. Bu kampaniya çərçivəsində keçirilən tədbirlərdə məqsəd Xocalıdakı cinayətə hüquqi-siyasi qiymətin verilməsinə, bütün dünyanın Xocalı soyqırımını tanımasına nail olmaqdır. Təsadüfi deyil ki, 2012-ci ilin yanvarında İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının İndoneziyanın Palembanq şəhərində keçirilən VII sessiyasında 51 ölkənin parlament nümayəndələri Xocalı faciəsinin beynəlxalq səviyyədə soyqırımı kimi tanınması ilə bağlı müvafiq qətnamə qəbul edib.
“Xocalıya ədalət!” beynəlxalq informasiya kampaniyası hazırda dünyanın onlarla ölkəsində uğurla həyata keçirilir və faciənin mənəvi və siyasi-hüquqi səviyyədə tanınmasına yönəlib. Hazırda Pakistan, Meksika, Çexiya, Kolumbiya, Bosniya və Herseqovina və s. ölkələrin parlamentləri Xocalı faciəsini soyqırım və Azərbaycana qarşı cinayət aktı kimi tanıyıblar. Bundan əlavə, Xocalı soyqırımı ABŞ-ın onlarla ştatının qanunverici orqanları tərəfindən də tanınıb.
Xatırladaq ki, Prezident İlham Əliyev beynəlxalq səviyyədə keçirilən “Xocalıya ədalət!” kampaniyasının əhəmiyyətini nəzərə alaraq, “Xocalıya ədalət” kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında” 13 fevral 2014-cü il tarixli sərəncam imzalayıb.
Qeyd edək ki, hazırda Xocalıdan olan məcburi köçkünlər ölkənin 50 şəhər və rayonunda müvəqqəti məskunlaşıb.
2020-ci ilin sentyabrın 27-də rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 30 ilə yaxın müddət ərzində Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılan torpaqların azad olunması uğrunda döyüşlərə başlayıb. 44 gün davam edən döyüşlər zamanı 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Belə ki, Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunub.
Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bəyanata əsasən, 2020-ci ilin noyabrın 20-də Ağdam rayonu, 2020-ci ilin noyabrın 25-də Kəlbəcər rayonu, 2020-ci ilin dekabrın 1-də isə Laçın rayonu sülh yolu ilə Azərbaycana qaytarılıb. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü təmin olunub və Qarabağ münaqişəsi arxada qalıb. Hazırda azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri aparılır. Bütün işlər başa çatandan sonra məcburi köçkünlərin öz doğma torpaqlarına, evlərinə qayıdışı təmin ediləcək.