![]() |
|
Soyuq hava şəraiti ilə əlaqədar olaraq bu gün də Bakının bəzi məktəblərində tədris təxirə salınıb.
“Report” xəbər verir ki, bir sıra məktəblərin rəhbərliyi valideynlərə övladlarını dərsə gətirməməyi tövsiyə edib.
Hava şəraiti ilə əlaqədar ümumtəhsil müəssisələrində tədrisin dayandırılması ilə bağlı Təhsil Nazirliyinin qərarı yoxdur. Nazirlik ötən gün üçün yalnız davamiyyətin çox aşağı düşməsi ilə bağlı məlumat vermişdi.
Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumatda bu gecə havanın temperaturu mənfi 9 dərəcə şaxta olub, yollar buz bağlayıb. Günün ikinci yarısından etibarən hava şəraitinin normallaşacağı gözlənilir.
Qar yağdı, taksi qiymətləri ceyran belinə mindi.
Xəzər TV xəbər verir ki, güclü qar səbəbindən paytaxt nəqliyyatında yaranan problem, xüsusilə də ictimai naqliyyatda gecikmələr və dayanacaqlarda yaranan sərnişin sıxlığı taksilərə tələbatı artırdı. Bu isə qiymət artımı ilə müşayiət olundu...
Sərnişinlərin sözlərinə görə, bəzi taksi şirkətləri və fərdi şəxslər qiymətləri hətta 2-3 dəfə artırıblar.
Bəzi taksi şirkətləri isə ya ümumiyyətlə telefonlara cavab verməyib, ya da zəng edib düşmək mümkün olmayıb.
Şəhər ərazisində və mərkəzi hissələrdə səyyar taksilər də əvvəlki günlərə nisbətən az gözə dəyirdi.
Taksi sürücüləri isə əməkdaşlıq etdikləri şirkətlərin qiymətləri 20-25 faiz artırdığını bildirdilər. Fərdi şəkildə xidmət göstərdikdə isə qiymətləri dəyişmədiklərini dedilər.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, qiymətləri qurum tənzimləmir.
Bakıda yolların qarlı və buzlu olması səbəbindən ötən gündən indiyə qədər 64 nəfər yıxılaraq xəsarət alıb.
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, yıxılanlardan 35-i kişi, 29-u qadındır.
Onlar hava şəraiti ilə əlaqədar yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılardan 5-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya çatdırılıb.
Fevralın 25-də Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 9, səhər 4 dərəcəyədək şaxta olacaq, gündüz 0 dərəcəyə yaxınlaşacaq. Atmosfer təzyiqi normadan yüksək 779 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edecək. Gecə və səhər yolların buz bağlayacağı ehtimalı var.
Fevralın 25-də Azərbaycanın rayonlarında arabir qar yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, dağlarda gecə 10-15, gündüz 0-5 dərəcə şaxta olacaq. Gecə və səhər yollar buz bağlayacaq.
Tibbi-meteoroloji proqnoz
Fevralın 25-də Abşeron yarımadasında soyuq temperatur diskomfortu gözlənilməsinə baxmayaraq meteoroloji amillərin zəif tərəddüdü və havanın oksigenlə zəngin olması meteohəssas insanlar üçün müsbət amildir.
Müdafiə Nazirliyi Xocavənd rayonunun Ağdam kəndindən video yayıb.
Həmin görüntüləri təqdim edirik:
Müdafiə Nazirliyi Vətən müharibəsi zamanı Su-25 qırıcı təyyarələri və döyüş helikopterləri ilə düşmənə vurulan aviazərbələri əks etdirən video yayıb.
Həmin görüntüləri təqdim edirik:
Vətən müharibəsində işğaldan azad edilmiş torpaqlarımızda Ermənistan ordusunun atıb qaçdığı silah-sursatın aşkar edilməsi istiqamətində tədbirlərdavam etdirilir.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumatda qeyd olunub.
Bildirilib ki, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş inzibati ərazisində əvvəllər düşmənin səngər və saxlanc yeri kimi istifadə etdiyi qazmalardan xeyli sayda silah-sursatlar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Belə ki, tədbirlər zamanı erməni hərbçilərin atıb qaçdığı 10 ədəd müxtəlif tipli qumbaraatanlar və onlara məxsus 6 ədəd mərmi, 6 ədəd AK-74 avtomatı, 1 ədəd RPK pulemyotu, 4 ədəd müxtəlif markalı snayper tüfəngləri, 150-dən çox avtomat sandığı, ümumi sayı 10 mindən artıq müxtəlif çaplı patronlar və digər döyüş sursatları aşkar edilərək götürülüb.
İsmayıllı rayonunda Xocalı soyqırımının 29-cı il dönümü ilə bağlı fləşmob təşkil olunub.
Şəhərin mərkəzi küçəsində təşkil edilən fləşmobda Xocalı soyqırımının dəhşətləri, qarlı-şaxtalı havada insanlığa qarşı törədilən cinayətin motivləri yer alıb.
Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə Xocalı şəhərinə hücum edərək məqsədyönlü şəkildə qocalar, uşaqlar, hamilə qadınlar da daxil olmaqla, 613 nəfər mülki əhalini xüsusi qəddarlıq və amansızlıqla qətlə yetiriblər. Xocalı şəhəri ağır hərbi texnikadan şiddətli atəşlər nəticəsində yerlə yeksan edilib, əhalinin 150 nəfəri itkin düşüb, 1 275 nəfər əsir götürülərək ağır işgəncələrə məruz qalıb, vəhşicəsinə qətlə yetirilən dinc sakinlərin meyitlərinin üzərində ağlasığmaz həqarətlər edilib.
Bakıda qarlı və çovğunlu hava şəraiti ilə əlaqədar isinməyə ehtiyacı olanlar üçün çadırlar quraşdırılır.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Qeyd olunub ki, bu, İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilir.
Memoranduma əsasən, şəhərin müxtəlif 4-5 yerində xüsusi çadırların quraşdırılmasına başlanılıb:
“Hava şəraiti ilə əlaqədar isinməyə ehtiyacı olanlar burada həm isti çay içə, həm yemək yeyə, həm də dincələ biləcəklər. Bunun üçün bütün şərait yaradılacaq. Çadırlar qarlı hava şəraitinin bütün günlərində açıq olacaq. Bu işə nəzarəti RİİB-in könüllüləri və icra hakimiyyətinin əməkdaşları edəcək”.