![]() |
|
Müdafiə Nazirliyi Zəngilan rayonunun Vənədli kəndindən görüntülər yayıb.
Həmin görüntüləri təqdim edirik:
Xəzər TV xəbər verir ki, AQTA əməkdaşları Kürdəmirdəki obyektlərdə yoxlamalar keçirib.
Rayonda yerləşən 15-ə yaxın obyektə baxış zamanı onların fəaliyyətində ciddi qanun pozuntuları aşkarlanıb.
Bu obyektlərdən ikisinin fəaliyyəti antisanitar vəziyyətə görə məhdudlaşdırılıb. Digər sahibkarlara da xəbərdarlıq və inzibati qaydada məsuliyyətə cəlb olundular.
Obyekt sahiblərinə dəfələrlə xəbərdarlıq edilsə də təəssü ki, onlar heç bir qaydaya əməl etməyiblər.
Koronavirus əleyhinə peyvənd virusdan tam qoruyurmu? Peyvənd olunan şəxs virusa yenidən yoluxa və başqalarını yoluxdura bilərmi?
“Qafqazinfo” xəbər verir ki, TƏBİB feysbuk səhifəsində bu suallara aydınlıq gətirib.
Bildirilir ki, peyvəndin ikinci dozası vurulduqdan 2 həftə sonra peyvənd öz təsirini göstərməyə başlayır və qanda anticisimləri təyin etmək mümkün olur. Lakin bu fakt hər kəsin immun sisteminə görə dəyişə bilər.
“Müxtəlif peyvəndlər üzərində aparılan tədqiqatların nəticələri fərqlidir. Türkiyədə aparılan tədqiqatlar “CoronaVac” vaksininin effektivlik dərəcəsini 92 faiz qiymətləndirir. Braziliyada aparılan tədqiqatlar vaksinin xəstəliyi ağır və orta ağır hallardan 100 faiz qorumasını təsdiq edib”, - deyə açıqlamada qeyd olunub.
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun həbsindən sonra mediada onun fəaliyyəti ilə bağlı çoxsaylı materiallar yayılmaqdadır. Media diqqəti onun 90-cı illərin ortalarında Maliyyə Nazirliyində çalışdığı dövrdə keçmiş Sənaye İnvestisiya Bankının Səbayel rayon filialında qeydə alınmış mənimsəmə faktına görə həbs olunması, lakin tezliklə həbsdən azad edilərək öz vəzifəsinə qaytarılması faktına yönəldir. Bildirilir ki, həmin vaxt S.Müslümovun həbsdən çıxmasında 1994-99-cu illərdə maliyyə naziri olmuş Fikrət Yusifovun böyük rolu olub.
"Qafqazinfo" xəbər verir ki, “Yeni Müsavat” mövzu ilə bağlı Fikrət Yusifova müraciət edərək, məlumatların həqiqətə uyğun olub-olmadığını soruşub. Sabiq nazir sualımıza cavab olaraq bildirib ki, həmin hadisələrin üzərindən 20 ildən artıq vaxt keçib: “Elə yəqin daha çox bu səbəbdəndir ki, məsələ ilə bağlı şərhlərdə ciddi yanlışlıqlara rast gəlinir. Bu səbəbdən də sizin müraciətiniz əsasında məsələyə bir aydınlıq gətirmək istəyirəm. Bu hadisəni mümkün qədər sadə dildə izah edəcəm ki, oxuyan hər kəs üçün hadisənin necə baş verdiyinə, kimin günahkar olduğuna və kimin günahı olmadan hadisənin ilkin mərhələsində cəzaya məruz qalmasına aydınlıq gəlsin”.
F.Yusifov S.Müslümovu indiki Dövlət İqtisad Universitetində 1980-ci illərin ikinci yarısından birgə fəaliyyətləri dövründən tanıdığını bildirir: “Həmin dövrdə o, elmi konfranslarda, dəyirmi masa müzakirələrində olduqca aktiv idi və bir qayda olaraq, dəyərli təkliflərlə çıxış edirdi. Digər tərəfdən, mən onu respublikada mühasibat uçotunu nəzəri və praktiki cəhətdən ən yaxşı bilən mütəxəssislərdən biri kimi tanıyırdım. S.Müslümov o dövrdə yeganə azərbaycanlı idi ki, Moskva Dövlət Universitetinin aspiranturasını əla qiymətlərlə başa vurub, orada namizədlik dissertasiyası müdafiə etmişdi. Mən ölkənin Maliyyə Nazirliyinə rəhbərlik etməyə başlayandan bir qədər sonra onu nazirliyin Dövlət Gəlirləri İdarəsinə boş olan rəis vəzifəsinə dəvət etdim. Hesab edirəm ki, dövlət müstəqilliyimizin ilk illərində belə bacarıqlı bir kadrın irəli çəkilməsi normal hal idi”.
Bəs Respublika Sənaye İnvestisiya Bankının Səbayel rayon şöbəsində büdcə vəsaitlərinin oğurlanması və bu məsələdə Maliyyə Nazirliyinin, o cümlədən nazirliyin idarə rəisi olmuş Səlim Müslümovun iştirakı necə olmuşdu? Sabiq nazir deyir ki, büdcənin pulları bankda oğurlanmışdı: “Təsəvvür edin, sizin banka qoyduğunuz əmanət və ya hesabınızda olan hər hansı bir vəsait bankda yoxa çıxırsa, bunda sizin günahınız nə qədər ola bilər? Baxın, son illərdə bağlanmış, müflis olmuş banklarda əhalinin və ayrı-ayrı müəssisələrin nə qədər əmanətləri və pulları qaldı. Sual edirəm, belə vəziyyət üçün banka əmanət qoymuş vətəndaş və ya bankda hesab açıb müəssisəsinin pullarını bu hesab vasitəsilə istifadə edən müəssisə nə qədər günahkar ola bilər? Maliyyə Nazirliyi də bir müştəri kimi dövlətin büdcə hesablarını bankda açıb büdcənin icrasını təmin edirdi. Və ən əsası, hər rübdə bir dəfə Maliyyə Nazirliyi və Mərkəzi Bank, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi büdcəyə daxil olan vəsaitlərin həcmi barəsində üzləşmə aparırdı. Bu üzləşmələrdə yığılan vergilərlə büdcəyə daxil olan vəsaitlər arasında bu büdcə oğurluğunun üstü açılana qədər heç bir uyğunsuzluq qeydə alınmamışdı. Bəs onda 48 milyon ABŞ dolları həcmində büdcə vəsaitlərinin Sənaye İnvestisiya Bankının Səbayel filialında oğurlanması faktı necə aşkar olundu və bunu kim etdi? Bunu Maliyyə Nazirliyinin mütəxəssisləri ölkədə xəzinədarlıq sisteminin qurulması zamanı Sənaye İnvestisiya Bankının Səbayel şöbəsində büdcə hesablarının inventarizasiyası zamanı aşkara çıxara bildilər. Yeri gəlmişkən, büdcə hesablarının bu cür inventarizasiyası həmin dövrdə ölkənin bütün banklarında aparılırdı. Sənaye İnvestisiya Bankının Səbayel şöbəsində büdcə oğurluğu faktı ortaya çıxan kimi vəziyyət mənə məruzə olundu. Həmin dövrdə bir tək Prezidentdən başqa, əksər yüksək ranqlı məmurlar məndən xahiş edib dedilər ki, məsələni böyütməyim, çatışmayan vəsaitləri bir neçə günə kimlərsə bərpa edəcəkdir.
Məni tanıyanlar dövlət məsələlərində güzəştsiz olduğumu yaxşı bilirlər. Mən heç kimi eşitmədən büdcə vəsaitlərinin oğurluq faktı barəsində ölkə Prezidentinə və hüquq-mühafizə orqanlarına rəsmi məlumat verdim. Hadisənin ilk günləri məsələnin mahiyyətini yetərincə başa düşüb, dəyərləndirməyi bacarmayan hüquq-mühafizə orqanları bankda yoxlama aparmaq əvəzinə, Maliyyə Nazirliyində 18 nəfər cəlb edilmiş mütəxəssisin iştirakı ilə yoxlama aparmağa başladılar. İki ilə yaxın aparılan yoxlama nəticəsində 500 səhifə həcmində tərtib olunmuş yekun aktında Maliyyə Nazirliyi və onun əməkdaşları barəsində heç bir qanunsuzluq halı qeydə alınmadı. Ancaq hadisənin ilk vaxtlarında bütün hüquq-mühafizə orqanları pulu bankda itmiş müştərinin - yəni Maliyyə Nazirliyinin üzərinə getmişdilər. Sonda baş vermiş bir hadisəni də qeyd edim. Yekun aktı bağlandıqdan sonra Respublika Prokurorluğunun o vaxtkı rəhbəri şəxsən mənə zəng edib, Maliyyə Nazirliyinə və nazir kimi mənə qarşı edilmiş haqsızlığa görə rəsmi şəkildə üzr istədi. Danışdığım hadisələrin bütün iştirakçıları həyatdadır. Kimə maraqlı olsa, onlardan sorğu edə bilər.
Hadisənin əsas günahkarı, Respublika Sənaye İnvestisiya Bankının Səbayel rayon şöbəsinin müdiri Bəşər Hacıyev isə səhv etmirəmsə, 15 ilə yaxın həbs cəzası aldı və bu cəzanın son gününə qədər həbsdə qaldı.
Mən nazir kimi bizə edilmiş haqsızlığın cavabını həbsdən sonra Səlim Müslümovu əvvəlki vəzifəsinə qaytarmaqla verdim. Bu qərarım Səlim Müslümova olan şəxsi münasibətdən irəli gəlmirdi. Sadəcə, bu yolla ədaləti bərpa etdim".
Səlim Müslümovun sonrakı fəaliyyəti barədə fikirlərini bölüşən F.Yusifov qeyd edir ki, onun Dövlət Sosial Müdafiə Fondundakı və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki rəhbər fəaliyyətinə həmişə qeyri-kafi qiymət verib: “Dəfələrlə sifarişlər göndərmişəm ki, uçuruma gedirsən, özünə dur deməyi bacar! Çox təəssüf edirəm ki, o, məni eşitmədi. Onun vəzifədən çıxarılacağı vaxtı da bir neçə aylar öncə özünə çatdırmışdım. Mən maliyyə naziri vəzifəsindən keçmiş müdafiə naziri Səfər Əbiyevin orduda törətdiyi maliyyə cinayətlərini və korrupsiya faktlarını ölkə mətbuatında ”Səfər Əbiyev tacirlik etdiyi qədər ordu quruculuğu ilə məşğul olsaydı, Azərbaycan ordusu dünyanın ən güclü ordularından biri olardı" başlıqlı müsahibəmdən sonra çıxarılmışam.
Çox təəssüf edirəm ki, vaxtilə Səlim Müslümovun savadını, biliyini görüb dəyərləndirsəm də, onun bu qədər böyük tamaha sahib olduğunu duya bilməmişəm. Eyni sözləri keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədov haqqında da deyə bilərəm. Səlim Müslümovun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində etdiklərini Heydər Əsədov bir başqa formada Kənd Təsərrüfatı Nazirliyində təkrarlayırdı. Bunların hər ikisinin tamahı öz boylarından yüz dəfə böyük imiş. Mən bir dəfə ölkə mətbuatında onların hər ikisi nazir kürsüsündə əyləşdikləri vaxt çıxış edib belə tamahkar adamları vaxtilə vəzifə başına gətirdiyimə görə xalqdan üzr istəmişdim. İndi bir daha hər bir azərbaycanlıdan və ilk növbədə onların korrupsiyasının qurbanı olmuş vətəndaşlardan üzr istəyirəm ki, vaxtilə belə yaramazları vəzifəyə dəvət etmişəm".
“Report” xəbər verir ki, məlumatı Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
Məlumata görə, Rusiyalı sülhməramlıların şəxsi heyətinin peyvənd olunması davam edir. Bu kampaniyanın könüllülük əsasında aparıldığı bildirilir. Məlumata görə, indiyədək 1 500 hərbçi peyvənd olunub.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Qarabağda 1 960 sülhməramlı hərbçisinin olduğunu bildirib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, fevralın 10-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2-7, gündüz 13-18, dağlarda gecə 1-6 dərəcə isti, yüksək dağlıq ərazilərdə 0-5 dərəcə şaxta, gündüz 15-17 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, fevralın 10-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
Bu sözləri baku.ws-ə açıqlamasında millət vəkili Aydın Mirzəzadə bildirib.
O əlavə edib ki, satışda olan malların böyük əksəriyyəti xaricdən gətirilmədir:
"Xarici ölkədə malın maya dəyərinin artması və ya hansısa məhsulun qıtlığı onun qiymətinin dünya bazarında artmasına səbəb olur. Mən özüm gündəlik marketlərdən alış-veriş edirəm, müəyyən mallarda artım müşahidə edirəm. Bu mallar xarici ölkələrdən gətirilir, yerində müəyyən qədər qiyməti artmış olur.
Bu iqtisadi izahın sadə vətəndaş üçün əhəmiyyəti yoxdur. O, birbaşa istehlak səbətində bu və ya digər məhsulun qiymətinin artmasını görür.
Dövlət tərəfindən minimum əmək haqqı və pensiyaların artması üçün böyük işlər görülür. Eyni zamanda iş yerlərinin artması üçün də ciddi addımlar atılır. İlk növbədə nəzərə almaq lazımdır ki, Azərbaycan uzun müddət əsas problemi olan işğal altındakı torpaqların azad edilməsi üçün ciddi hazırlıq görüb.
Biz istəsək də, istəməsək də büdcəmizin əhəmiyyətli hissəsi hərbi sahəyə gedib. Bundan sonra qeyri-hərbi sahədə iş yerlərinin açılması və əmək haqlarının artırılmasına diqqət yetiriləcək. Uzun çəkməyən dövrdən sonra minimum əmək haqlarının artmasının xəbərini eşidəcəyik”.
Millət vəkili əlavə edib ki, koronavirus pandemiyası zamanı da insanların güzəranına ciddi olmasa da, əhəmiyyətli təsirləri olub:
"İş yerlərinin məcburi surətdə bağlanması, sərhədlərin qapadılması və bu səbəbdən xaricə mal çıxarılması və alınması da qiymətlərin artması və iş yerlərinin azalmasına səbəb olub.
Bütün bunlara baxmayaraq, Dağlıq Qarabağ problemi həll olunub. Hərbi sahəyə cəlb olunan vəsait tədricən mülki sahəyə yönələcək. Koronavirusa yoluxma sayının günü-gündən azalması artıq məhdudiyyətlərin götürülməsi, işçi qüvvəsi və əmtəənin sərbəst hərəkəti ilə nəticələnəcək.
Cənab prezident də müəyyən sahə üzrə rəhbər təyin etdikdə və auditoriya qarşısında çıxış etdikdə hər zaman əməkhaqqı, iş yerlərinin artırılması, insanların sosial rifahının yaxşılaşdırılmasına xüsusi diqqət yetirir. Müəyyən problemlər var və insanların narahatlığını bölüşürük. Bununla bağlı biz parlamentdə vaxtaşırı müəyyən təkliflər irəli sürmüşük. Şəxsən özüm belə bir təklif etmişəm ki, ölkəmizdə işsizliyin səviyyəsi yüksək olan müəyyən regionlarında vergilər azaldılsın. Bununla sahibkarlar daha çox qazanmağa və iş yerləri yaratmağa maraqlı ola bilər”.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən rəsmi məlumat yayılıb.
“Yaxın 10 gün ərzində bu prosesi tam reallaşdırmaq planlaşdırılır. İlkin olaraq Bakı şəhəri və Abşeron yarımadası üzrə borcu ən azı 10 manat olan 40 min abonentə SMS bildirişlərin göndərilməsi nəzərdə tutulub. Sonrakı mərhələdə isə proqram təminatı təkmilləşdirilməklə, bildirişlərin göndərilməsinin əhatə dairəsi genişləndiriləcək.
Sizdən xahiş edirik ki, istifadənizdə olan mobil telefon nömrəsini və qaz sayğacının fotosunu 077 3 104 104 saylı whatsap nömrəsinə göndərin. Məlumatlarınız abonent bazasının mövcud məlumatları ilə bir daha yoxlanılacaq. Əgər bazada ümumiyyətlə yoxdursa, əlavə ediləcək.
“Poçt göndərişlərinin gömrük yoxlamasının uzun müddət ərzində aparılması ilə bağlı iddialar tamamilə əsassızdır”.
Bunu Oxu.Az-a açıqlamasında Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Natiq Axundov gömrükdə məhsulların gecikdirilməsi və “Smart customs” tətbiqinin düzgün işləməməsi ilə bağlı iddialara cavab verərkən deyib.
O bildirib ki, sürətli poçt xidməti lisenziyasına malik olan şirkətlər tərəfindən ölkə ərazisinə gətirilən mal partiyasına gömrük nəzarəti tədbirləri mallar gömrük orqanına təqdim edildiyi andan bir neçə saat, maksimum bir gün ərzində həyata keçirilir və bağlamaların gecikdirilməsi isə daşıyıcı şirkətlərin öz işini düzgün qurmaması səbəbindən baş verir:
“Belə ki, bəzən daşıyıcı şirkətlər qanunvericiliklə müəyyən edilmiş dəyər həddini aşan bağlamaların, barəsində gömrük nəzarəti başa çatmış yük partiyalarından ayırıb gömrüyə təqdim edilməsi prosesinə günlərlə vaxt sərf edir. Nəticədə praktiki iş prosesini düzgün qurmayan həmin şirkətlər vətəndaşlara məxsus bağlamaları gecikdirir.
Digər tərəfdən bir sıra hallarda daşıyıcı şirkətlər biznes prosesində ləngiməklə yanaşı, kütləvi endirimlər dövründə yük həcmini qəbul etməkdə çətinlik çəkir və malları gömrükdən çıxarsalar da, öz anbarlarına yerləşdirə bilmir”.
İdarə rəisi əlavə edib ki, bəzən terminalla və ya daşıyıcı aviaşirkətlərlə yaranan problemlərlə əlaqədar mal partiyasını anbardan çıxara bilməyən şirkətlər malın hərəkət statusunu “gömrükdə” olaraq göstərir:
“Vətəndaşların müraciətləri əsasında aparılan araşdırmalar göstərir ki, əslində bu hallarda mallar daşıyıcı şirkətlərin özündədir, lakin böyük həcmdə yükləri idarə edə bilmədiklərinə görə ona “gömrükdə” statusu verməklə “işgüzar imiclərini” qorumağa çalışırlar.
Hava gəmisinin maksimum uçuş müddətinin bir neçə saat sürməsinə baxmayaraq, daşıyıcı şirkətlərin bir bağlamanın yolda olma müddətini vətəndaşlara 5-10, gömrük yoxlaması statusunu isə bəzən 10-20 gün kimi bildirməsi məntiqsizliklə yanaşı, etibardan sui-istifadə etməklə insanları aldatmaqdır.
Həmçinin, Dövlət Gömrük Komitəsi bildirir ki, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, bağlamalarının uzun müddət gömrük baxışında olduğunu iddia edən vətəndaşlar daşıyıcı şirkətlərin nümayəndələri ilə birgə malların saxlandığı anbara gələ, bağlamanın yubanması səbəblərini gömrük əməkdaşları ilə birgə araşdıraraq müəyyənləşdirə bilərlər”.
Bəzi poçt bağlamalarının əsassız olaraq saxlanılması ilə bağlı məsələyə də aydınlıq gətirən Natiq Axundov qeyd edib ki, fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan poçt göndərişləri yalnız qanunvericilikdə müəyyən edilmiş gömrük dəyəri həddini aşdıqda, aidiyyəti dövlət orqanlarının rəy və icazələri tələb olunduqda, ya da qanunvericilikdə nəzərdə tutulan digər hallarda saxlanıla bilər:
“Fiziki şəxslər tərəfindən poçt və ya daşıyıcı şirkətlər vasitəsilə xaricdən edilən sifarişlərin gömrük rəsmiləşdirilməsi “Smart customs” mobil tətbiqi və “e.customs.gov.az” elektron portalı üzərindən həyata keçirilir və xaricdən edilən hər bir sifarişin gömrük orqanına bəyan edilməsi zəruridir.
Bütün gömrük əməliyyatları, o cümlədən gömrük ödənişləri onlayn qaydada həyata keçirilir və vətəndaşların gömrük orqanına gəlməsinə ehtiyac yoxdur.
“Smart customs” mobil tətbiqinin əsas üstünlüklərindən biri də məhz, aylıq 300 dollar limiti keçən zaman gömrük ödənişlərinin onlayn qaydada həyata keçirilməsidir ki, bu da vətəndaşların gömrük orqanlarına gəlməsi zərurətini aradan qaldırır. Hazırda bəyanetmə prosesində də heç bir problem yoxdur”.
O əlavə edib ki, yanvarın əvvəlində texniki problem yaranıb və vətəndaşlar bununla bağlı məlumatlandırılıb.
“Bəyanetmənin gecikdirilməsinə gəldikdə isə, o halda sifariş olunan məhsul anbarda saxlanılır və bəyan edildikdən sonra istehlakçı məhsulunu götürə bilər”.
Daxili İşlər Nazirliyi ölkə əhalisinə müraciət edib.
“Qafqazinfo” xəbər verir ki, müraciətdə deyilir:
“Müvafiq icazə almadan, eləcə də nəzarət postlarından kənar yollarla işğaldan azad edilmiş ərazilərə mülki şəxslərin keçmələrinin onların həyat və sağlamlıqları üçün ciddi təhlükə olması və buna görə də belə hərəkətlərdən çəkinmələri barədə dəfələrlə xəbərdarlıqlar edilib.
Lakin buna baxmayaraq hələ də ayrı-ayrı şəxslərin öz həyat və sağlamlıqlarını təhlükə qarşısında qoyaraq nəzarət postlarından kənar yollarla işğaldan azad olunmuş, lakin minalardan tam təmizlənməmiş ərazilərə daxil olmaları barədə faktlara hələ də tez-tez rast gəlinir. Bu cür təhlükəli halların qarşısının vaxtında alınması məqsədilə aidiyyəti dövlət qurumlarının, o cümlədən daxili işlər orqanlarının əməkdaşları tərəfindən zəruri qabaqlayıcı profilaktik tədbirlər həyata keçirilir, qanunsuz yollarla ərazilərə keçən şəxslər aşkar edilərək barələrində qanunvericiliyin tələbinə uyğun inzibati tədbirlər görülür.
Hazırda bu ərazilərdə mina və partlamamış hərbi sursatların təmizlənməsi əməliyyatları da davam etdirilir.
Odur ki, bir daha vətəndaşlarımızı ərazilərin minalardan tam təmizlənməsi işi başa çatanadək belə səfərlərdən çəkinməyə çağırırıq. Əks təqdirdə belə səfərlər onların həyat və sağlamlıqlarını itirmələri ilə yekunlaşa bilər”.