![]() |
|
Xalqımızı azadlıq zirvəsinə, istiqlala aparan yolun ilk qurucuları olan 20 Yanvar şəhidlərinin əziz xatirəsini qürurla, duyğuyla, ehtiramla anırıq!
“Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən aparılan yumşaldılma tədbirləri çərçivəsində yanvarın 22-dən milli parkların qapıları ziyarətçilər üçün açıqdır”.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.
Onun sözlərinə görə, Milli parklar əvvəlki rejimdə, saat 09:00-dan 18:00-dək fəaliyyət göstərəcək:
“Turistlər karantin rejiminin tələblərinə əməl etməklə milli parkları ziyarət edə və qapalı məkanlar istisna olmaqla, açıq havada təbiətimizin gözəlliklərini seyr edə bilərlər.
Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng landşaft komplekslərini əhatə edir”.
"Azərbaycanda köhnə avtomobillər utilizasiya ediləcək. Bunun qarşılığında isə bu avtomobillərin sahiblərinə yeni maşınlar almaq üçün güzəşt ediləcək və ya onlara ödənişlər ediləcək".
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə məlumat verib.
Onun sözlərinə görə, artıq layihənin hazırlanmasının sonuncu mərhələsi icra edilir. Utilizasiya proqramının isə bu işi həyata keçirəcək şirkətlərin və təkrar emal müəssələrinin cəlb edildiyi şirkətlər tərəfindən maliyələşdirilməsi nəzərdə tutulur. Bunun üçün utilizasiya fondu yaradılacaq. Bu avtomobili təqdim etmiş şəxsə ödəniş də edə biləcək.
Nazirliyininin şöbə müdirinin sözlərinə görə, vətəndaş ona təqdim edilən vauçerlə yerli istehsal olan avtomobilləri daha ucuz qiymətə ala biləcək. Xarici istehsal olan yeni avtomabillərin alınmasına görə isə daha az məbləğ veriləcək. Utilizasiya proqramının əsas məqsədi ekologiyanın köhnə avtomobillərdən çıxan zərərli qazlarla çirklənməsinin qarşısını almaqdır.
Proqramın hazırlanması sonuncu mərhələdə olsa da, nə zamandan etibarən tətbiq ediləcəyi və dəqiq olaraq hansı göstəricidə olan avtomobillərə şamil ediləcəyi hələ ki dəqiq deyil
Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-də ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı Sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.
Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Qorbaçov başda olmaqla, cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu bir daha nümayiş etdirdi.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən, Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı.
Faciə zamanı 137 insan öldürüldü, 744 adam ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı.
Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi. Bu qanlı hadisələrdən illər keçsə də, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir.
Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir.
Xəzər dənizinin suyu azalır və bu azalma hər ötən il bir az da artır. Dənizkənarı bulvardan Xəzəri izləmək kifayətdir ki, hazırkı vəziyyətin nə yerdə olduğunu açıq-aydın görəsən.
Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri Mirnuh İsmayılovun sözlərinə görə, Xəzərin suyunun azalması son 5 ildə daha da intensivləşib.
Mirnuh İsmayılov deyir ki, relyefin xarakterindən asılı olaraq Lənkəranın bəzi yerlərində Xəzərin suyunda 2, 3, 4 metr çəkilmə varsa, Nabranda 200-300 metr təşkil edir. Bəzi ərazilərdə isə çəkilmə daha yüksəkdir.
Şöbə müdirinin sözlərinə görə, yaxın 2-3 il ərzində su çatışmazlığı əməlli başlı hiss olunacaq. Bu isə Xəzərdə də geri çəkilmələrin davam edəcəyi deməkdir.
Prezidentin Jurnalistlər üçün tikdirdiyi binada ev bölgüsündə ciddi qanun pozuntularına yol verildiyi sübut olunub.
"Bakupost.az" verdiyi məlumata görə, ötən ilin iyulundan başlayan araşdırma artıq yekunlaşıb.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan istintaqa ikinci binadan ev alan əksər jurnalistlər cəlb edilib, onların izahatları alınıb. Hətta bəzi jurnalistlər bir-neçə dəfə dindirilib.
Araşdırma nəticəsində məlum olub ki, mənzil verilən 20 nəfər “Jurnalistlər binası”ndan ev almaq üçün müəyyənləşmiş kriteriyalara uyğun deyil. Bəzilərinin fəaliyyəti orada qoyulan tələblərə cavab vermir, bəzilərinin isə təqdim etdiyi sənədlər saxtadır.
Məsələ ilə bağlı sənədlər toplanıb və aidiyyəti qurumlara təqdim olunub. Saxta yolla əldə edilən mənzillərin geri alınacağı gözlənilir.
Məlumat üçün bildirək ki, qaydaya görə mənzil almaq istəyən jurnalist ən azı son 3 ildə fasiləsiz fəaliyyət göstərən kütləvi informasiya vasitəsi (televiziya və radio yayımçıları, qəzet, jurnal, informasiya agentliyi, internet xəbər portalı və saytı) komissiya tərəfindən müəyyənləşdirilmiş şərtlərə uyğun olaraq Bakı şəhərində fəaliyyət göstərən əməkdaşlarının namizədliyini irəli sürə bilərdi. Şərtlərə əsasən, televiziya və radio yayımçılarının 10, gündəlik qəzetlər və informasiya agentliklərinin 6, həftəlik qəzetlər, jurnallar, xəbər portalları və saytların isə 3 namizəd müəyyənləşdirə bilmək imkanı vardı.
Namizədliyi verilən KİV əməkdaşı həmin redaksiyada ən azı fasiləsiz 3 il, KİV-lərdə isə ən azı fasiləsiz 10 il fəaliyyət göstərməli idi.
Adları Mətbuat Şurasının "qara siyahı"sına daxil edilən, barələrində məhkəmə qərarı olan və qanunvericiliyin tələblərini pozduqlarına görə Baş Prokurorluq tərəfindən xəbərdarlıq almış KİV-lər təqdimat verə bilməzdilər.
Bu gündən Azərbaycanda COVID-19 əleyhinə əhalinin vaksinasiyası kampaniyası başlanılıb. Həmçinin, ölkədə tətbiq olunan sərt karantin rejimi də öz müsbət nəticəsini verir. Hazırda koronavirusa gündəlik yoluxmaların sayında azalma müşahidə edilir. Bu səbəbdən Nazirlər Kabineti yanında Operativ Qərargahın son brifinqində yumşalmalarla bağlı bir neçə qərar verildi.
Bəs, vaksinasiyanın aparılması fonunda virusa gündəlik yoluxmalar aşağı düşərsə bir ilə yaxındır ki, keçirilməsinə qadağa qoyulan toy mərasimlərinin başlamasına icazə verilə bilərmi?
Mövzu ilə bağlı publika.az millət vəkillərinin və bəzi şadlıq saraylarının fikirlərini öyrənib.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı hesab edir ki, toylara icazə verilsə də toy və yas kimi kütləvi mərasimlərin formatı mütləq dəyişilməlidir: "700-800 nəfərlik toylar olurdu. Bu, ailə şənliyidir. Burada say mütləq azalmalı və mütəvazi bir şəkildə bu məclislər keçirilməlidir. İsrafçılıq olmaz. Qarabağ müharibəsi bitib, Azərbaycan qalib gəlib, dağılmış yurdlarımızı görürük, şəhidlərimiz var, onların ruhu qarşısında borcluyuq. Bu yolda yaralanan qazilərimiz, ağır yaralar görmüş, itkilər vermiş ailələr var. Belə bir şəraitdə toy və yas mərasimlərinin keçirilməsi mənə qəribə gəlir. Düzdür, Respublikada qalibiyyət havası var. Ancaq buna baxmayaraq şəhidlərimizə görə hələ tezdir. Biz yeni ili də təmtəraqlı qeyd etmədik.
Ailələrdə belə bir şey var ki, mərhumun qırx mərasiminin, daha yaxın qohumlarda isə il mərasiminin çıxmasını gözləyirlər. Toyların keçirilməsinə pandemiya bitəndən sonra icazə verilsə də, özünə və millətinə hörmət edən adamlar bu təntənəli mərasimlərin keçirilmə tarixini bir qədər uzağa salsalar, gecikdirsələr daha yaxşı olar. Çünki hələ ağrılar-acılar bir az azalmalıdır".
Millət vəkili Ceyhun Məmmədov düşünür ki, toyları keçirmək üçün bir müddət gözləməyimiz daha məsləhətlidir: "Çünki hələ ki, vəziyyətin necə olacağını bilmirik. Vaksinasiya prosesi bu gündən başlayıb. Biz səbir edib uzun müddətdir ki, bunu gözləyirik. Düzdür, sərt karantin rejimi bir qədər yumşaldıldı. Ancaq hesab edirəm ki, yoluxmaların sayının yenidən artmaması üçün bir müddət gözləməyimiz məsləhətdir. Bu baxımdan da toyların və digər kütləvi tədbirlərin keçirilməsini uyğun hesab etmirəm. Vaksinasiya prosesi davam etsin, yumşalmalardan sonrakı vəziyyəti nəzərdən keçirək və ondan sonra digər məsələlərə yenidən baxa bilərik".
Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalı bildirib ki, əgər yoluxma sıfırlanarsa və peyvənd öz müsbət təsirini göstərərsə, müəyyən qaydalara əməl etməklə toyların keçirilməsi mümkündür: "Uğurlu nəticə olarsa, toylar keçirilə bilər. Bu, həm də Operativ Qərargahın qəbul etmiş olduğu qərardır. Prosesin gedişatı izlənəcək və koronavirusa yoluxmanın azalması və ya artması bu müddətdə müşahidə olunacaq. Yoluxma nə qədər ki, aşağı düşməyib, toyların keçirilməsinə icazə vermək çətin olacaq. Çünki yoluxma riski toylarda çoxdur. Amma çox istərdik ki, toylar başlasın. İnsanlar çoxdandır ki, toy işinə hazırlaşırlar. Gənclərin valideynləri uzun müddətdir ki, bu günü gözləyir. Çox istəyirik ki, tezliklə bu virusdan xilas olaq və insanlar normal həyata qayıtsın, toy-düyün olsun".
Mövzu ilə bağlı şadlıq evlərinin də münasibətini öyrəndik. Ümumi olaraq qeyd edildi ki, toyların keçirilməsini onlar uzun müddətdir ki, gözləyirlər və son 10 gün ərzində bununla bağlı canlanma var.
"Gilavar" şadlıq sarayından bildirilib ki, vaksinasiya prosesinin başlamasından və yoluxma sayının aşağı düşməsindən sonra insanlar mart ayından toyların başlayacağını düşünürlər: "Toylar olmaldır. İnsanlar toy tarixlərini bir ildir ki, təxirə salaraq indiki vaxta çatıblar. Uzun müddətdir ki, toylar keçirilmir. İşçilərimiz də bu mərasimlərin keçirilməsini gözləyir. Toyla bağlı bütün sahələr hazırda donub, müştərilərimiz toyların başlamasını istəyir. Biz onlara təklif edirik ki, evinizdə 8-10 nəfərlə qeyd edə bilərsiniz. Ancaq insanlar deyirlər ki, bu, bizim arzumuzdur, övladımıza təmtəraqlı toy etmək istəyirik. Hər gün bizə müraciətlər olur. Hətta bəzən buna görə bizi qınayırlar".
"Şərq Saray” şadlıq sarayından isə bildirildi ki, son günlərdə toyların keçirilməsi ilə bağlı müraciətdə bir qədər canlanma var: "İnsanlar toyların keçirilməsi ilə bağlı qərarı böyük səbirsizliklə gözləyirlər. Bir ilə yaxındır ki, biz də gözləyirik. Heç bir gəlir yoxdur. Hər şeyi öz cibimizdən edirik. Son 10 gün ərzində bizə toyların keçirilməsi ilə bağlı müştərilər müraciət edir. Hazırda bir qədər canlanma var. Amma onlar da ümidsizdir. Biz fikirləşirik ki, bu il toylar Ramazan bayramından sonra olar. Ona görə də may ayını nəzərdə tuturuq".
Yeni yaradılan Qarabağ Dirçəliş Fondunun fəaliyyət istiqamətləri müəyyənləşib.
Bu, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş Qarabağ Dirçəliş Fondunun Nizamnaməsində yer alıb.
Fondun fəaliyyət istiqamətləri aşağıdakılardır:
1. müvafiq sahənin inkişafını təmin etmək;
2. müvafiq sahədə dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək;
3. müvafiq sahədə aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, təkliflərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
4. işğaldan azad olunmuş ərazilərdə bərpa, yenidənqurma və dayanıqlı inkişaf işinin həyata keçirilməsinə maliyyə dəstəyi göstərmək;
5. işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması və dayanıqlı inkişafı üçün sərmayələrin cəlb olunması, habelə bu istiqamətdə fəaliyyətin effektiv təşkili məqsədilə təbliğat-təşviqat və maarifləndirmə işi aparmaq;
6. işğaldan azad edilmiş ərazilərdə bərpa, yenidənqurma və dayanıqlı inkişaf məqsədlərinin dövlət-özəl tərəfdaşlığı çərçivəsində təmin edilməsi istiqamətində işləri təşviq etmək;
7. bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.
Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.
BDYPİ-dən "Ölkə.Az"a daxil olan müraciətdə deyilir:
Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar yollarda meydana gələ biləcək qəzalar və müxtəlif xoşagəlməz halların qarşısının alınması məqsədilə, Baş DYP İdarəsi sürücülərdən nəqliyyat vasitələrini idarə edərkən diqqətli olmağı, avtomobillərinin texniki sazlığını, xüsusilə təkərlərin mövsümə uyğunluğunu təmin etmələrini, hərəkət zamanı hava şəraitini düzgün qiymətləndirmələrini xahiş edir.
Bəzi yolların buz bağlama ehtimalının olmasını nəzərə alaraq, şinlərinin protektorundakı naxışların qalmış hündürlüyü normaların tələbinə (minik avtomobilləri üçün 1,6 mm-dən, yük avtomobillərində 1 mm-dən, avtobuslarda 2 mm-dən, motosiklet və mopedlərdə isə 0,8 mm-dən az olmamalıdır) uyğun olmayan nəqliyyat vasitələrinin istismarına yol verməsinlər.
Digər günlərə nisbətən nəqliyyat vasitələrinin sürüşmə ehtimalının daha çox olması baxımından sürücülərə hərəkət sürətini hava şəraitinə uyğun seçmələri, zərurət olmadan ötmə əməliyyatı aparmamaları, qəfil manevrlər və kəskin tormazlama etməmələri tövsiyə olunur.
Eyni zamanda yola çıxmazdan əvvəl avtomobilin ban şüşələrini təmizləməklə şüşə silgəclərinin və şüşəyuyanların, habelə xarici işıq cihazlarının işlək vəziyyətdə olmasına əmin olmalı, mühərrikin soyuducu sisteminin və şüşəyuyanın donmayan mayelərlə təchiz olunmasını təmin etməlidirlər.
Qarlı, buzlu yollarda nəqliyyat vasitələrini idarə etmə vərdişləri olmayan sürücülərin belə hava şəraitində avtomobil idarə etmələrinin onların özləri və digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün təhlükə yaratma ehtimalının yüksək olması nəzərə alınaraq, həmin sürücülərin sükan arxasına əyləşməmələri xahiş olunur.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) sosial şəbəkələrdə səhiyyə naziri Oqtay Şirəliyev və TƏBİB rəhbəri Ramin Bayramlının inyeksiya zamanı şprisdə vaksin deyil, başqa dərman olması barədə iddialara münasibət bildirib.
TƏBİB-dən “Report”un sorğusuna cavab olaraq qeyd olunub ki, sosial şəbəkədə yayılan şəkli yaxınlaşdırdıqda qablaşdırmanın üzərində “only for clinical trial” yazılıb.
“Yəni, bu, kütləvi istifadə üçün deyil, sadəcə klinik araşdırmalar üçün nəzərdə tutulub. Əslində tibb işçiləri üçün istifadəsinin rahatlığı baxımından növbəti dəfələrdə birdəfəlik qablaşdırılmış şpris formasında gətirilməsi istehsalçılardan xahiş edilib. Lakin birinci mərhələdə istehsalçı şirkət zamanın az, tələbatın isə çox olduğunu nəzərə alaraq şpris qablaşdırılmasından imtina edib və birnəfərlik flakonlara üstünlük verib” - deyə sorğunun cavabında bildirilir.
TƏBİB-dən həmçinin bildirilib ki, dünən vaksin vurulan Ramin Bayramlı özünü yaxsi hiss edir: "Heç bir problem yoxdur".