![]() |
|
Azərbaycan Milli Elmlər Akademiyasının institutlarda Avropa təcrübəsi əsasında baş (ümumi işlər) və icraçı direktor (elmi işlər) vəzifəsi yaradılıb.
Bu barədə AMEA-nın akademik-katibi, akademik Adil Qəribov bildirib.
O bildirib ki, akademiyada aparılan islahatlar hələlik başlanğıcdır:
“İslahatlar tamamlandıqdan sonra normativ hüquqi aktların və AMEA-nın Nizamnaməsinin yenidən işlənməsi istiqamətində tədbirlər həyata keçiriləcək”.
Alim islahatların davamı olaraq, hazırda Akademiyanın qurumlarında daxili yoxlamaların aparıldığını diqqətə çatdırıb.
O bildirib ki, yoxlama ilkin olaraq, Fizika İnstitutunda aparılıb və nöqsanlar aşkar edilərək müəyyən qərar qəbul olunub.
Ermənistan hökuməti 1999-cu ildən bir neçə xarici şirkəti Qarabağa investisiya yatırmağa sövq edib.
Trend xəbər verir ki, bu şirkətlər müxtəlif sahələr - mədənçilik, tikinti, ağac emalı, telekommunikasiya və digər sahələr üzrə Qarabağda Azərbaycanın icazəsi olmadan fəaliyyət göstəriblər. Daha çox Böyük Britaniya, Fransa, İran, ABŞ, Rusiya, İsveçrə, Almaniya, Niderland və digər dövlətlərin şirkətləri işğal edilmiş ərazilərə investisiya yatıraraq Azərbaycanın sərvətlərini tam qanunsuz olaraq istismar ediblər. Ümumilikdə Azərbaycanın işğal olunmuş ərazilərində 20-dən artıq ölkənin şirkəti qanunsuz fəaliyyət göstərib.
Təkcə son 10 ildə həmin şirkətlər tərəfindən Qarabağa 470 milyon dollar məbləğində qanunsuz investisiya qoyulub.
İşğal olunmuş ərazilərimizdə qeyri-qanuni hasilat işləri ilə məşğul olan, o cümlədən qızıl və digər metal filiz yataqlarını istismar edən, eləcə də nərə balığı və qara kürü, elektrik enerjisi istehsalı, qanunsuz saat satışı, bankçılıq fəaliyyəti ilə məşğul olan şirkətlər müəyyən edilərək barələrində məhkəmə qərarı əsasında vergi yoxlamasının keçirilməsi təmin edilib.
Vergi yoxlamalarının nəticələri və məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən ümumilikdə, 6 şirkətin 306 milyon 821 min manat məbləğində külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq fəaliyyətini həyata keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
Qanunsuz iqtisadi fəaliyyətlə məşğul olan 166 hüquqi şəxslə bağlı 35 dövlətə hüquqi tapşırıqlar göndərilib.
Qarabağda qanunsuz iqtisadi fəaliyyətlə məşğul olan bir neçə şirkətin adını isə müəyyənləşdirmək mümkün olub:
“Haik Watch and Jewelry Co”,
“Rodino Haskovo” JIC,
“Centro Ceibal”,
“Deccan Gold Mines Ltd”,
“Cosmote Romanian Mobile Telecommunications S.A”.
Bu adıçəkilən şirkətlərin rəhbərləri haqqında məlumatlar toplanaraq Azərbaycan Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.
2020-ci ilin yekunlarına həsr olunmuş müşavirə zamanı Prezident İlham Əliyev bu şirkətlərə son xəbərdarlığı da etdi. Təbii sərvətlərimizi qanunsuz istismar edən bu şirkətlər təzminat ödəməsələr, bu məsələ beynəlxalq məhkəməyə gedəcək.
Qarabağda ən çox talanan təbii ehtiyatlarımızdan birincisi qızıl ehtiyatlarımız olub. Kəlbəcərin Ermənistanla sərhəd bölgələrindəki zəngin qızıl yataqları qanunsuz istismar edilib.
Ağdərə və Zəngilanda da qızıl yataqlarının talan edilməsi həyata keçirilib. Ermənilər tərəfindən talan edilən Vejnəli qızıl yatağı Zəngilan rayonu ərazisində yerləşir. Burada qızıl ehtiyatları 6,5 ton təşkil edir. Qara mis istehsalı ilə məşğul olan “Armenian Copper Proqramme” (ACP) QSC əldə edilmiş məhsulu Avropanın misəritmə zavodlarına göndərir.
“GF” firması Kuba şirkəti ilə Qarabağın qiymətli daşlarından istifadə etməklə kiçik suvenirlərin hazırlanması işlərinin başlanması üçün layihəyə 20 milyon dollar yatırılıb.
2002-ci ilin avqust ayında yaradılmış “Base Metals” MMC şirkəti uzun müddət Ağdərə rayonunun Qızılbulaq kəndindəki mis-qızıl mədənlərini işlədib.
Məlumata görə, Qızılbulaq yatağında qızıl ehtiyatı 13,5 ton təşkil edir. Mədəndən hər ay 12 min ton filiz çıxarılıb və saflaşdırma kombinatında emal edilib. Konsentrat Ermənistana aparılıb, orada təkrar emal olunduqdan sonra tərkibində qızıl olan mis Avropa bazarına çıxarılıb.
Bu şirkət Avstraliyanın “İnternational Base Metals Limited” şirkətinin törəmə müəssisəsidir və həmin ölkədə yaşayan erməni iş adamı tərəfindən qurulub. İşğal edilmiş ərazilərdə faydalı qazıntıların hasilatı ilə “Maneks və Valeks” adlı şirkət də məşğul olub.
İşğal edilmiş bölgələrdə qızıl ehtiyatlarından sonra ən çox talanan sərvətimiz meşələr olub.
Azad edilmiş ərazilərdə 1988-ci ildə meşə fondu 228 min hektar təşkil edirdi, 2020-ci ildə isə cəmi 174 min hektar. Yəni, 54 min hektar meşə fondu Ermənistan tərəfindən məhv edilib.
Qeyd edək ki, adı çəkilən şirkətlər Qarabağda qanunsuz fəaliyyətlə məşğul olan şirkətlərin yalnız bir hissəsidir.
“Bu gündən Azərbaycanda sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin yumşaldılması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın imzaladığı qərar qüvvəyə minib. Bir sıra ölkələrdə və Azərbaycanda xəstəliyin yayılma dinamikasında müəyyən stabillik müşahidə olunduğundan sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin 2021-ci il 18 yanvar saat 00:00-dan yumşaldılması qərara alınıb”.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 2021-ci il 18 yanvar saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində yaşayış yerini və olduğu yeri “SMS” icazə, “icaze.e-gov.az” portalı və xidməti vəsiqə əsasında tərk etmək sistemi ləğv olunub. Lakin buna baxmayaraq tibbi maska ilə bağlı qərar qüvvədə qalır:
“Lakin buna baxmayaraq, qərara əsasən, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir. Həmçinin sosial məsafə, tibbi maska və digər qoruyucu vasitələrdən istifadə etmək zəruridir. Virusun yayılmasının qarşısının alınması məqsədi ilə hər kəsi dövlət tərəfindən görülən tədbirlərə dəstək verməyə çağırır, ciddi zərurət yaranmadan ictimai yerlərdə olmamaq, digər şəxslərlə yaxın təmaslardan yayınmağı tövsiyə edirik.
İnfeksiyanın geniş yayılmasının qarşısını almaq üçün daxili işlər nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən nəzarət-profilaktik tədbirlər davam etdirilir. Qaydalara əməl etməyən şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülür".
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, şimal-qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək. Yanvarın 20-si axşamdan 21-i gündüzədək çovğun olacağı, 21-22-də gecə saatlarında yolların buz bağlayacağı ehtimal olunur.
Yanvarın 18-i gündüzdən Azərbaycanın qərb rayonlarından başlayaraq, 21-i gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı ərazilərdə intensiv və güclü olacağı gözlənilir. Qərb küləyi 15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək.
Yanvarın 20-21-də çovğun olacağı, dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimal olunur.
“Bakı Metropoliteni” QSC-nin 3 stansiyasına yeni rəis təyin edilib.
“Report” məlumata görə, bununla bağlı səhmdar cəmiyyətinin Zaur Hüseynov əmr imzalayıb.
Əmrə əsasən, Yusif Şabanov metronun “Nizami” stansiyasının rəisi vəsifəsindən azad edilərək inşası yekunlaşmaq üzrə olan “8 Noyabr” stansiyasına rəis təyin edilib. "Nizami" stansiyasına rəhbərlil isə Vüsal Zeynalova həvalə olunub. Bundan başqa, metronun "Xalqlar Dostluğu" stansiyasının vəfat etmiş rəisi İlqar Əliyevin yerinə Arif Həsənli gətirilib.
“Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov yeni təyinatları “Report”a təsdiq edib.
Xatırladaq ki, metronun paytaxtın Nəsimi rayonunda, Ceyhun Səlimov (keçmiş Papanin) küçəsində (hərbi hospitalla üzbəüz) tikintisi davam edən yeni stansiyasına Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təşəbbüsü ilə, Zəfər Günü münasibətilə “8 Noyabr” adı verilib. Stansiyanın bu il istifadəyə verilməsi gözlənilir.
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) vətəndaşlara müraciət edib.
İdarədən daxil olan müraciətdə deyilir:
"Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi karantin rejiminin müddətinin uzadılması və sərtləşdirilmiş karantin rejimində tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə müvafiq qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərinin ərazilərinə (kənd və qəsəbələr istisna olmaqla) giriş-çıxışa tətbiq olunmuş məhdudiyyətlərin 2021-ci il 25 yanvar saat 00:00-dək uzadılmasını nəzərə alaraq, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi bir daha vətəndaşlardan müəyyən edilmiş qaydada icazəsi olmayanların respublikanın digər şəhər və rayonlarına, eləcə də əks istiqamətdə getməyə cəhd etməmələrini, göstərilən müddətədək səbirli olmaqla mövcud qaydalara ciddi riayət etmələrini xahiş edir".
Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycanda olan və yaşayan əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə müraciət edib.
DMX-dən bildirilib ki, Nazirlər Kabinetinin 16 yanvar 2021-ci il tarixli, 9 nömrəli Qərarı ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 aprel saat 06:00-dək uzadılıb və yeni qərara uyğun olaraq, əcnəbilərin olduğu yeri və ya yaşayış yerini tərk etməsi üçün SMS icazə ləğv olunub.
Bununla əlaqədar, ölkədə olan, yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin DMX-nin fəaliyyəti ilə bağlı aşağıdakıları nəzərə almaları xahiş edilib:
"Miqrasiya məsələləri ilə bağlı müraciətlərin qəbulu “ASAN xidmət” mərkəzləri və regional miqrasiya idarələri vasitəsilə və ya elektron qaydada həyata keçirilir.
Müvəqqəti və daimi yaşama icazələrinə müraciət edilməsi zamanı qanunvericiliklə tələb olunan bütün sənədlər (müvafiq tibbi arayışlar da daxil olmaqla) təqdim edilməlidir. Hazır icazə vəsiqələrinin fiziki olaraq götürülməsi zamanı müvafiq tibbi arayışların (sənəd qəbulu zamanı təqdim edə bilməyən) təqdim edilməsi zəruridir. Daimi yaşamaq icazəsinin alınması üçün müraciət edən əcnəbilərin Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyinin yoxlanılması bərpa edilir (2021-ci il 25 yanvar tarixinədək ərazisinə giriş-çıxış məhdudlaşdırılmış şəhər və rayon mərkəzlərində yaşayan əcnəbilər istisna olmaqla). Həmçinin Azərbaycan Respublikasında daimi yaşama icazəsi almaq istəyən əcnəbilər üçün Azərbaycan dilinin, tarixinin, mədəniyyətinin, eləcə də hüquq və vəzifələrlə bağlı qanunvericiliyin öyrənilməsi ilə əlaqədar yenidən kursların keçirilməsinə başlanılır. Onlayn kurslarda iştirak etmək istəyənlər iş günləri saat 09:00-dan 18:00-a qədər (012) 566-37-74 telefon nömrəsinə zəng edə bilərlər".
"Bir daha xatırladırıq ki, müvəqqəti olma müddəti (viza müddəti və ya 90 gün) artıq 60 gün uzadılmış (dövlət rüsumu ödəyənlər) əcnəbilərin ölkədə olması, dövlət sərhədində hərəkətlə bağlı məhdudiyyətlər aradan qaldırılanadək əlavə müraciət olmadan və dövlət rüsumu ödənilmədən qanuni hesab olunur. Daha ətraflı məlumat üçün (012) 919 Çağrı Mərkəzinə zəng edə, Xidmətin rəsmi internet səhifəsindəki onlayn bələdçi, həmçinin MigAz mobil tətbiqi vasitəsilə sorğu göndərə bilərsiniz. Dövlət Miqrasiya Xidmətinin Çağrı Mərkəzi xüsusi karantin rejimi tətbiq olunan müddətdə fasiləsiz xidmət göstərməkdə davam edəcəkdir", - məlumatda bildirilib.
"Ölkə rəhbərliyinin səyi nəticəsində Azərbaycan ən zəngin ölkələr siyahısına daxil olaraq vaksinasiyaya başlayıb".
Report xəbər verir ki, bunu koronavirus əleyhinə bu gün peyvənd olunan səhiyyə naziri Oqtay Şirəliyev deyib.
Onun sözlərinə görə, əksər ölkələrdə vaksinasiya ilin sonunda başlayacaq: "Amma Azərbaycan bütün şirkətlərlə əlaqələr qurub. Vaksin kifayət qədər təhlükəsizdir. Bu vaxta kimi heç bir fəsad aşkar edilməyib. Vətəndaşlarımız vaksinasiyaya qoşulmağa dəvət edirik".
Bu gün səsləndirilən təkliflərdən biri də şəhid ailələrinə və qazilərə ictimai nəqliyyatdan pulsuz istifadə etmək hüququnun vrilməsidir. Ümumiyyətlə Azərbaycanda şəhid ailələrinə və qazilərə bir çox güzəştlər mövcuddur. Şəhid ailələrinə və qazilərə ictimai nəqliyyat pulsuz ola bilərmi?
Bununla bağlı Sonxeber.az-ın suallarını cavablandıran deputat Ceyhun Məmmədov bildirib ki, Azərbaycanda şəhid ailələrinə və qazilərə dövlət tərəfindən yüksək qayğı göstərilir:
"Bu gün daha çox diqqət göstərilən kateqoriya şəhid ailələri və qazilərimizdir. Dövlət bunun üçün lazım olan bütün addımları atır. Şəhid ailələrinə verilən təqaüdün 500 manata qaldırılması, evlərlə təmin edilməsi kimi bütün gərəkli işlər görüləcək. İmtiyaz məsələsinə gəldikdə isə, bilirsiniz, zamanında müəyyən kateqoriyadan olan insanlara bu cür imtiyazlar verilmişdi. Sonrakı dövrlərdə o imtiyazlar ləğv olundu. Şəhid ailələrinin və qazilərin ictimai nəqliyyatdan pulsuz istifadə məsələsinə də baxıla bilər. Əlbəttə, bunun üçün aidiyyəti qurumların qərarları olmalıdır. Amma unutmamalıyıq ki, ictimai nəqliyyatda özəl sektorun da payı var. Yəni burada dövlətlə yanaşı, sahibkarlar da rol oynayırlar. Əlbəttə ki, bu qərar qəbul edilərkən sahibkarların marağı və razılığı nəzərə alınmalıdır. Bu məsələ, düşünürəm ki, müzakirə oluna bilər. Dünyanın ayrı-ayrı ölkələrində bu kimi imtiyazlar var. Təbii ki, burada iqtisadi məsələlər, bu sahədə çalışan sahibkarların da istəyi xüsusi rol oynayır".
Deputat Müşfiq Cəfərov vurğulayıb ki, Azərbaycanda ordu quruculuğu sahəsinə hər zaman yüksək səviyyədə diqqət ayrılıb:
"Cənab Prezident də çıxışında xüsusi vurğulayıb ki, ordu sahəsində daha vacib əməli tədbirlər görüləcək. Hərbçilərə xüsusi qayğı göstərilir. "Hərbi qulluqçulara müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləğinin müəyyən edilməsi haqqında" qərara əsasən, yaşayış yeri olmayan hərbi qulluqçulara və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına müvəqqəti mənzilin kirayəsi üçün hər ay Bakı şəhərində və digər şəhər və rayonlarda şərti maliyyə vahidi miqdarında kompensasiya ödənilir, həmçinin, ərzaq pulu da verilir. Bəzi bölmələrə, daha dəqiq desək tank, hava hücumundan müdafiə kimi sahələrdə xidmət göstərən hərbçilərə "tüstü pulu" deyilən bir məvacib də ayrılır. Düşünürəm ki, artıq nəinki Azərbaycan, dünya ölkələri də hərbi xərclərini artırır. Çünki günümüzün reallığı bunu tələb edir. Böyük Britaniya və Almaniya 2021-ci ilin büdcəsində əsas diqqətin hərbiyə ayrılacağını elan edib. Fikrimcə, yerində atılmış addımdır. Ölkəmizdə hərbçilər üçün əlavə nəqliyyat xərcinin qarşılanması da qalib ordunun nümayəndələrinə yerində qayğı olardı".
Vaksinasiyanın tətbiq edilməsi üçün tələb olunan mütləq texniki şərtlər açıqlanıb.
Bu barədə məlumat Baş nazir Əli Əsədovun “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nın təsdiq edilməsi haqqında sərəncamında öz əksini tapıb.
Vaksinasiyanın tətbiq edilməsi üçün tələb olunan mütləq texniki şərtlər aşağıdakılardır:
“Soyuq zəncir” şəraiti - vaksinlərin ölkəyə gətirilməsi, saxlanılması və məntəqələrə çatdırılması üçün tələb olunan xüsusi infrastrukturun qurulması;
Məlumat bazası - COVID-19 vaksinasiyası üzrə genişməqsədli vahid məlumat bazasının (məs. e-Təbib üzərindən) hazırlanması, digər müvafiq məlumat bazaları ilə inteqrasiya edilməsi və bazada toplanılan bütün məlumatların təhlil edilməsi;
- Vaksinasiya məntəqələrinin şəraiti – məntəqələrin tələb olunan ləvazimatlarla təmin olunması, heyətin təlimatlandırılması və digər hazırlıq tədbirlərinin həyata keçirilməsi;
- Pasportlaşdırma - yekun tövsiyələrə əsasən peyvənd olunmuş şəxslərin cari qeydiyyatı və müşahidəsi üçün müəyyən pasportlaşdırma ehtiyaclarının qarşılanması.
Qeyd edilib ki, strategiyanın məqsədi hazırda geniş yayılmış COVID-19 xəstəliyinin vaksinasiya ilə qarşısının alınmasına, bununla xəstələnmə və ölüm səviyyəsinin aşağı enməsinə nail olmaqdır.