![]() |
|
Builki quraqlıq problemi Aran rayonlarında su ehtiyatının azalmasına, problemin bu bölgədə özünü daha çox büruzə verməsinə səbəb olacaq.
Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.
Onun sözlərinə görə, havanın quraq keçməsi rütubətin və su ehtiyatlarının azalmasına gətirib çıxarır.
M.Həsənov qeyd edib ki, Azərbaycandakı çayların əksəriyyəti xarici ölkələrdə formalaşaraq ölkəmizin ərazisinə daxil olur. Azərbaycana daxil olana qədər bu çayların suyundan istifadə edilir və su azalır. Yay aylarında isə ölkəmizə gələn suyun miqdarı daha da azalır. Su ehtiyatının azalması suya ehtiyacın daha çox olduğu dövrdə təsərrüfata, məişətə öz mənfi təsirini göstərir:
“Əkinçilik təsərrüfatları əsasən Aran rayonlarındadır. Suya tələbat da ən çox bu rayonlarda olur. Dağlıq rayonlarda yağış suyu təsərrüfatların suya olan ehtiyacını təmin edir. Ona görə də əsas məsələ Aran rayonlarının su ilə təminatının yaxşılaşdırılmasıdır”.
Qeyd edək ki, ölkə ərazisində avqustun 20-dək olan dövrdə quraqlıqların daha çox olacağı ehtimal edilir. Quraqlığın daha çox Aran bölgəsində müşahidə ediləcəyi gözlənilir. Belə quraqlıq Azərbaycanda 2010 və ondan əvvəlki illərdə də müşahidə edilib.
Azərbaycan əsasən, subtropik qurşaqda yerləşdiyindən burada yay aylarının quraq keçməsi bir neçə ildən-bir müşahidə edilir. Yay aylarında cənub hava kütlələrinin - həm tropik siklonların, həm də Şimali Afrikada - Ərəbistan yarmadası üzərində formalaşan isti hava kütlələrinin Azərbaycan ərazisinə daxil olması yayın quraq və isti keçməsinə səbəb olur.
Qurban bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən “Kənddən Şəhərə” layihəsi çərçivəsində qurbanlıq qoyunların onlayn satış yarmarkası təşkil olunacaq.
Nazirlikdən daxil olan məlumata görə, sifarişlərin onlayn qaydada həyata keçirilməsi üçün yeni satış portalı vətəndaşların istifadəsinə verilib.
Belə ki, qurbanlıq qoyunların sifarişi www.qurbanliq.kendden.az saytı vasitəsilə onlayn qaydada baş tutacaq.
Qoyunları onlayn sifariş etmək istəyən vətəndaşlar sayta daxil olaraq 31 iyul saat 00:00-dək mövcud xanalar üzrə məlumatlarını qeyd edə və satış məntəqələrindən onlayn növbə götürə bilərlər. Qurbanlıq qoyunlar çəkilərinə uyğun olaraq üç kateqoriyada vətəndaşlara təklif olunacaq. Sifariş edilən qurbanlığın dəyəri kəsilmiş çəkidə hər kq üçün 11.50 AZN-dən hesablanaraq ödəniləcək. Vətəndaşlar satın almaq istədikləri qurbanlıq qoyunun dəyərinin bir hissəsini (20 AZN) əvvəlcədən onlayn sifariş etdiyi zaman, məbləğin qalan hissəsini isə satış məntəqəsindən qurbanlığı əldə etdiyi zaman ödəyəcək.
Vətəndaşlar onlayn qaydada sifariş etdikləri qurbanlıqları Bakı və Sumqayıt şəhərlərində aşağıda qeyd edilən satış mənqələrindən götürə biləcəklər:
1. Nizami rayonu, Rizvan Teymurov küç. 21
2. Nərimanov rayonu, Ağa Nemətulla küç., 45 nömrəli məktəbin yanı
3. Nəsimi rayonu, 20 Yanvar küç. 243
4. Binəqədi rayonu, 9 mikrorayon, Mircəlal küç. 41
5. Binəqədi rayonu, Kazımovski 138 B
6. Xətai rayonu, Məhəmməd Hadı küç., KTV-nin yanı
7. Xətai rayonu, Gəncə pr. 148 A, Xəzər univermağının yanı
8. Xətai rayonu, Lütfizadə küçəsi (Grand marketin yanı)
9. Suraxanı rayonu, Sakit Qocayev küç. 90
10. Sumqayıt şəhəri, Azərbaycan prospekti, 20-ci məhəllə (Əşya bazarının yanı).
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Təbrikdə deyilir:
"Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki əməkdaşlar!
Müsəlman dünyasının mənəvi birlik, həmrəylik, qardaşlıq rəmzi olan Qurban bayramı münasibətilə Sizi ürəkdən təbrik edir, müqəddəs və şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayıram.
Mütərəqqi islami dəyər və ənənələrin uca tutulduğu Azərbaycanda dövlət səviyyəsində, ümumxalq bayramı kimi qeyd olunan Müqəddəs Qurban bayramı cəmiyyətimizdə milli-mənəvi dəyərlərə möhkəm bağlılığın, humanizm, xeyirxahlıq və mərhəmət duyğularının təntənəsidir.
Azərbaycana rəhbərliyinin bütün dövrlərində ümummilli lider Heydər Əliyevin apardığı dövlət quruculuğu siyasəti, azərbaycançılıq ideyası milli-mənəvi amilləri yüksək tutaraq adət-ənənələrimizin, islami və bəşəri dəyərlərin qorunub saxlanmasına xidmət etmişdir.
Ulu Öndərin layiqli varisi möhtərəm Prezident cənab İlham Əliyevin bu gün davam etdirdiyi uğurlu siyasət nəticəsində dövlətçiliyimizin iqtisadi dayaqları daha da möhkəmlənib. Azərbaycan demokratik dövlət quruculuğu prosesində böyük nailiyyətlər əldə etmiş, islami və bəşəri, milli-mənəvi dəyərlərə hörmətlə yanaşan, humanist, tolerant dövlət olaraq dünyada şöhrət qazanmışdır.
Bu müqəddəs bayram günündə Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini hörmətlə yad edir, onların ailə üzvlərini və yaxınlarını, bu yolda sağlamlığını itirmiş silahdaşlarımızı və əziz veteranları Qurban bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və nizamnamələrə bundan sonra da sadiq qalan şəxsi heyət döyüş və mənəvi-psixoloji hazırlığını daha da artıraraq Ali Baş Komandanın rəhbərliyi altında hər an döyüşlərə hazır olacaqdır.
Sizi Müqəddəs Qurban bayramı münasibətilə bir daha ürəkdən təbrik edir, hamınıza möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və şərəfli xidmətinizdə müvəffəqiyyətlər arzulayıram.
Bayramınız mübarək olsun!".
Bu gün sosial şəbəkələrdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında qeydiyyatdan keçən şəxslərə Xidmətdən zəng edilməsi haqda məlumat yayılıb.
Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat katibi Füzuli İsmayılov bildirib ki, müraciət edənlərə zəng edilməsinin səbəbi sadəcə onların anket məlumatlarının tam doldurulması olub.
“Edilən zənglər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə könüllü olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək üçün müraciət edən vətəndaşların anket məlumatlarının dəqiqləşdirilməsi xarakteri daşıyır”, – o bildirib.
Azərbaycan Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov avqustda sərt karantin rejiminin ləğv ediləcəyinin anonsunu verib. Gündəlik yoluxma sayının azalan temp üzrə sabitləşməsi insanlarda sərt karantin rejiminin ləğvinə, ya da karantin rejiminin yumşaldılmasına ümidləri daha da artırır.
“Karantin rejiminin yumşaldılmasına getməliyik”.
Qazet.az xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsinin sədri Musa Quliyev bildirib ki, artıq sərt karantin rejiminin yumşaldılmasına getməliyik:
“Amma istənilən halda nə qədər COVID-19 dünya atmosferində dövran edir və yəqin ki, yaxın vaxtlarda da getməsi gözlənilmir, biz hamımız yeni qaydalarda-məsafənin gözlənilməsi, tibbi maskadan və davamlı olaraq dezinfeksiya vasitələrindən istifadə ilə yaşamağa öyrəşməliyik. Mütəxəssislərin bildirdiyinə görə, bu vasitələr yaxın 1-2 il ərzində bizim həyat tərzimizə çeviriləcək. Digər tərəfdən, səhiyyə maarifi işini həm özümüz öyrənməliyik, həm də yoldaşlarımıza, dostlarımıza öyrətməliyik. Hər hansı xəstə ilə yaxud xəstə yaxını ilə kontakta olduqda müayindən keçmək mütləqdir”.
Rayonlara gediş-gəliş bərpa olunur?
Deputat qeyd edib ki, yumşalma zamanı rayonlara gediş-gəlişin bərpası gözlənilir:
“Amma vacib olmadıqca insanlar evdə təcridə üstünlük verməli, ünsiyyəti minimuma endirməlidirlər. Güman olunur ki, yumşalma zamanı SMS icazə də ləğv edilsin, metronun fəaliyyəti də bərpa olunsun. Amma təbii ki, bütün bunlara sanitar-epidemiolji vəziyyət təhlil edildikdən sonra qərar veriləcək”.
M. Quliyev deyib ki, insanların kütləvi toplaşdığı tədbirlərlə bağlı qaydalar hazırlanacaq:
“İnsanların ən çox toplaşdığı toy, yas mərasimləri, idman tədbirləridir. Müəyyən qaydalar çərçivəsində bunları da həyata keçirmək lazımdır. İstənilən halda yaxın bir il ərzində koronavirusla yaşamağa öyrəşməliyik”.
Yarım illik məsafədən təhsil…
Parlamentarinin sözlərinə görə, təhsil müəssiələrində təhsilin bərpası ilə bağlı avqustun 15-dən sonra qərar veriləcək:
“Bu, virusun özünü necə aparmasından asılı olacaq. Bəzi ölkələr koronavirusa qalib gəldiklərini bəyan etsələr də, yenidən sərtləşdirməyə getməyə məcbur oldular. Ona görə də avqustun ikinci yarısından sonra təhsillə bağlı qərar açıqlanacaq. Amma güman edilir ki, məsafədən təhsilə üstünlük veriləcək. Cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi, bizim üçün əsas olan insanların sağlamlığıdır. Ola bilər ki, yarım il ərzində təhsili məsafən həyata keçirək”.
““Vəziyyət pisləşir, yoluxacaqsınız” deməklə maarfləndirmə olmur”
Komitə sədri deyib ki, karantin rejimilə bağlı insanlarda sosial, iqtisadi, psixoloji gərginlik artıb:
“Bunlar hamısı realdır və gözardı etmək olmaz. Amma bu, bizim yaratdığımız, təkcə bizim içərisində olduğumuz problem də deyil. Bütün dünya bu virusla mübarizə aparır. İndiki məqamda psixoloji yardım xidməti fəal olmalıdır. Xüsusilə televiziyalar insanları maarifləndirməlidir. Proseslərə çevik yanaşmalar sərgilənməlidir. Bəzən bir ay mütəmadi olaraq, televiziyalarda, saytlarda “vəziyyət pisləşir, yoluxacaqsınız və s.” məlumatlarla insanları qorxudurlar. 1 aydan sonra unudulur. Bu cür maarifləndirmə olmur. Maarifləndirmə mütəmadi olaraq, insanlara psixoloji basqı edilmədən aparılmalıdır. Ona görə də Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən prosesə nəzarət olunmalıdır. Təkcə virusun yayılması, testlərin götürülməsi, müalicələrin aparılması deyil, həm də sosial-psixoloji aspektlər də Operativ Qərargah tərəfindən daha fəal və çevik idarə olunmalıdır”. (Modern.az)
Kürdəmir rayonunun Pirili kəndində COVID-19 infeksiyasına kütləvi yoluxma halı qeydə alınıb.
Report xəbər verir ki, kəndin 31 sakininin koronavirus infeksiyasına yoluxması aşkarlanıb.
Kütləvi yoluxma halı ilə əlaqədar Kürdəmir Rayon İcra Hakimiyyətinin, Rayon Polis Şöbəsinin, Rayon Mərkəzi Xəstəxanasının əməkdaşları Pirili kəndinə ezam olunublar və vəziyyətin nəzarətə götürülməsi istiqamətində gücləndirilmiş iş rejimində çalışırlar.
Xəstələrin sayının artacağı istisna olunmur.
Qeyd edək ki, bir müddət əvvəl rayonun Sığırlı kəndində də təhlükəli infeksiyaya kütləvi yoluxma halı qeydə alınıb.
Azərbaycanda ümumilikdə 30 446 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 23 242 nəfər müalicə olunaraq sağalıb, 423 nəfər vəfat edib, 6 781 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 838, ötən müddət ərzində isə ümumilikdə 690 386 test aparılıb.
"Təhsilimiz üçün xeyirli bir qərardır".
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq Təhsil naziri Misir Mərdanov Prezident İlham Əliyevin sərəncamıyla yeni təyin edilən Təhsil naziri Emin Əmrullayevdən danışarkən deyib. Sabiq nazir yeni nazirə işində uğurlar arzulayıb:
"Mənim onunla şəxsi tanışlığım yoxdur. Aldığım məlumata görə, çox bilikli, bacarıqlı, təhsilli bir adamdır. Mən onu kimdən soruşmusamsa, deyiblər, "yaxşı adamdır". Bir neçə ildir Təhsil İnstitutuna rəhbərlik edib, camaatın fikiri müsbətdir. Əlbətə, mən də onlarla razılaşıram. Allah xeyir versin, deyirəm.
Qərbyönümlü, azərbaycan, rus, ingilis dilini bilən adamdır. Mən ona uğur arzulayıram".
Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamıyla Emin Əmrullayev yeni Təhsil naziri təyin edilib. Bundan öncə Emin Əmrullayev Təhsil İnstitutunun direktoru vəzifəsini icra edib. demokrat.az
"Yoluxma sayı ötən gün qalxdı və bundan sonra düşünürəm ki, qalxacaq. Arxayınlaşmaq olmaz. Mən təklif edərdim ki, vətəndaşların hamısı öhdəlik və ailə tərkibi ilə rayonlara buraxılsın".
Bu sözləri sonxeber.az-a açıqlamasında deputat Fazil Mustafa deyib:
"Hesab edirəm ki, vətəndaşların ailə tərkibinə görə 20 gün rayona gedilməsi mümkün ola bilər. İnsanlara rayona gedib şəhərin boşalması üçün minumum 15 gün icazə verilə bilər. Həm insanlar rayonlara gedib istirahət edər, həm də həmin yerdə təcrid olunmağa öhdəlik götürərlər. Rayonlarda evi olan, istirahətə getmək istəyən ailəli insanlar var. Belə ki, bu şəxslər ailə tərkibini göstərməklə təcrid olunub, öhdəlik götürüb istirahətə gedə bilər, götürdüyü öhdəliyə əməl etmədiyi halda isə müvafiq orqanlar tərəfindən cəzalandırıla bilərlər. Cəzalar isə öhdəlik götürüb rayona 50 nəfərlik məclis təşkil edərək qaydaları pozan insanlara aid olar.
Təcrid olunan ailələlər yalnız təyin olunan müddətdən sonra geri qayıda bilər. Bunu tətbiq etsək, xeyli adam istirahət edər, həm də yoluxma riski azalar və ən əsası da inasanlar öhdəliklərinin olduğunu başa düşərlər".demokrat.az
Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Siyəzən və Şəki rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 25.07.2020-ci il saat 00:00-dan 27.07.2020-ci il 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 1149 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə 129 nəfər həmin Məcəllənin 211.2-ci, eyni əməllərin il ərzində təkrar törədilməsinə görə isə Məcəllənin 211.3-cü maddəsi ilə 1 nəfər olmaqla ümumilikdə 1 279 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Avtosfer.az-a verilən məlumata görə, qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 80-i rayon, 155-i paytaxt istiqamətinə olmaqla 235, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 65-i rayon, 110-u paytaxt istiqamətinə olmaqla 175, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 155-i rayon, 140-ı paytaxt istiqamətinə olmaqla 295 avtomobil geri qaytarılıb, ümumilikdə 705 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi, mülayim şimal-qərb küləyinin əsəcəyi, gündüz şimal-şərq küləyi ilə əvəz olunacağı gözlənilir.
Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 32-36, Bakıda gecə 23-25, gündüz 34-36 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 30-35 faiz təşkil edəcək.
Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 25-26, Türkan, Hövsan, Sahil, Şıxda isə 26-27 dərəcə isti olacaq.
İyulun 28-də Azərbaycanın rayonlarında havanın yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir.
Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-26, gündüz 36-41, dağlarda gecə 14-19, gündüz 22-27 dərəcə isti olacaq.
Sabah Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.