![]() |
|
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə respublikanın şəhər və rayonlarında, meşə, park, müalicə-sağlamlıq, turizm zonalarının ərazilərində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, Xəzər dənizinin sahil zolağında, çimərliklərdə məişət tullantılarının tutumundan (urnalardan) kənar yerlərə atılması, sənaye və məişət tullantılarının qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədilə tədbirlərini davam etdirir.
Azərbaycan Daxili İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, təkcə cari ilin iyun ayında birgə keçirilmiş tədbirlər zamanı Bakı şəhərində və Abşeron rayonu ərazisində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi), 264-cü (su obyeklərinin mühafizə qaydalarının pozulması) və 233.1-ci (ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması) maddələrinin tələblərini pozmuş 6 vəzifəli, 4 fiziki şəxs müəyyən edilərək inzibati məsuliyyətə cəlb olunub.
Onlara tətbiq olunmuş cərimələr 24.400 manat təşkil edib.
Ümumilikdə, cari ilin 6 ayı ərzində bu istiqamətdə həyata keçirilmiş tədbirlər nəticəsində İnzibati Xətalar Məcəlləsinin 264-cü (su obyeklərinin mühafizə qaydalarının pozulması), 266.3-cü (məişət tullantılarının tutumlardan (urnalardan) kənara atılması), 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) və 233.1-ci (ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması) maddələrinin tələblərini pozmuş 508 nəfər inzibati məsuliyyətə cəlb olunub. Onlara tədbiq olunmuş cərimələr 54080 manat təşkil edib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Koronavirusun yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Siyəzən və Şəki rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 24 iyul 2020-ci il saat 00:00-dan 25 iyul 2020-ci il saat 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 858 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə isə həmin Məcəllənin 211.2-ci maddəsi ilə 83 nəfər olmaqla, ümumilikdə 941 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
Qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 80-i rayon, 115-i paytaxt istiqamətinə olmaqla 195, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 25-i rayon, 130-u paytaxt istiqamətinə olmaqla 155, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 200-ü rayon, 320-si paytaxt istiqamətinə olmaqla 520 avtomobil geri qaytarılıb, ümumilikdə 870 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.
Bakıda sərt karantin rejimi ilə əlaqədar bir sıra postlar yenidən qurulub.
Oxu.az məlumatına görə, zərurət olan ərazilərdə postlar bərpa edilir, bəzi yerlərdə marşrut postları fəaliyyət göstərir.
Daxili işlər orqanlarının əməkdaşları və DİN-in Daxili Qoşunlarının hərbi qulluqçuları müxtəlif ərazilərdə, məhəllədaxili hissələrdə nəzarəti gücləndiriliblər.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi iyulun 2-də ölkəmizdə tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar Bakı şəhərinin giriş və çıxışları istisna olmaqla, küçə və prospektlərdə quraşdırılmış polis postlarını ləğv etmişdi.
Gürcüstanın qonşu ölkələrlə quru sərhədlərinin açılması hələ tövsiyə olunmur.
“Report” xəbər verir ki, bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze "Pirveli" televiziyasına bildirib.
Onun sözlərinə görə, 4 qonşu ölkənin hər birinin əhalisi çoxdur: "Bu vaxta qədər Azərbaycan, Ermənistan, Türkiyə və Rusiya ilə sərhədlər bağlı olaraq qalır. Quru sərhədlə sərbəst hərəkətin bərpası indiki mərhələdə məsləhət görülmür".
Mərkəz rəhbəri deyib ki, qonşu ölkələrdən Gürcüstan vətəndaşlarının ölkə ərazisinə daxil olması xüsusi protokola uyğun həyata keçirilir: "Pandemiya dövründə karantinə alınanların 25%-də koronavirus aşkarlanıb. Karantinə yerləşdirmə effektiv tədbirdir və biz virusa yoluxan hər hansı bir şəxsin virusu yaymasına imkan verməmişik".
Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən Azərbaycan-Gürcüstan sərhədi vasitəsilə sərbəst hərəkət martın 14-dən dayandırılıb.
Koronavirus pandemiyasına görə Azərbaycanda toyların keçirilməsi qadağan olunub. Ölkədə epidemoloji vəziyyət düzəldikdən sonra toyların yenidən keçirilməsinə icazə veriləcəyi bildirilir. Qeyd edək ki, son həftə yoluxmaların sayı xeyli azalıb. Hətta, sağalanların sayı təxminən iki dəfə artıb. Yoluxma dinamikası azalmaqda davam edərsə, toyların günorta saatlarında müəyyən qaydalara əməl etməklə açıq havada keçirilməsinə icazə verilə bilərmi?
Mövzunu baş infeksionist Cəlal İsayevlə davam etdirdik. Konkret.az bildirir ki, bu barədə fikir səsləndirməyin düzgün olmadığını deyib.
"Hazırda 14 şəhər və rayonda sərt karantin rejimi tədbiq edilir. Avqustun 5-nə xeyli vaxt var. O dövrə kimi hansı dinamikanı müşahidə edəcəyimiz bilinmir. Əgər o dövrə kimi vəziyyət stabilləşərsə, Operativ Qərargah tərəfindən bu barədə qərar qəbul edilə bilər" deyə o vurğulayıb.
Cəlal İsayevin fikrincə, toylar açıq havada və günorta saatlarında keçirilsə belə sosial məsafə qoruna bilməyəcək:
"Bu barədə ancaq epidemoloji situasiya stabilləşdikdən sonra qərar veriləcək. İnsanlarımız bir az səbrli olsunlar. Oerativ Qərargahın qoyduğu qaydalara tam əməl etməyə çalışsınlar. Biz bu yolla tezliklə normal həyatımıza qayıdıb, toylarımızı da, ad günləri və digər məclislərimizi də rahat şəkildə keçirə bilərik".
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, 25 iyulda Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 30-35, Bakıda gecə 23-25, gündüz 33-35 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz təşkil edəcək.
Abşeron çimərliklərində mülayim cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Türkan, Hövsan, Sahil, Şıxda isə 26-27 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi şimşək çaxanda arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 18-23 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Abşeron yarımadasında bəzi saatlarda durğun hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
COVID-19 pandemiyasından sonra ictimai nəqliyyat - mövcud vəziyyət və gələcək planları müzakirə etmək məqsədi ilə Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə İctimai Nəqliyyat üzrə Beynəlxalq Assosasiyaya (UITP) üzv qurumların video-konfrans formatında görüşü keçirilib. Təşkilatın Avrasiya Nümayəndəliyinin sədri, Mostransproekt Tədqiqat İnstitutunun baş direktoru Aleksandr Polyakovun moderatoru olduğu görüşdə Avropa, Amerika Birləşmiş Ştatları, Kanada, Latın Amerikası və Avrasiya regionundan olmaqla ümumilikdə 300 nəfərdən artıq ictimai nəqliyyat təşkilatlarının nümayəndələri iştirak edib.
UITP Baş Katibi Məhəmməd Mezqani, eləcə də Azərbaycan, Böyük Britaniya, Fransa, Avstriya, İspaniya və Rusiyanın paytaxt şəhərlərinin ictimai nəqliyyatın tənzimlənməsinə məsul qurumlarının rəhbər şəxsləri təqdimatla çıxış ediblər. Pandemiya zamanı ictimai nəqliyyatın tənzimlənməsi və post-pandemiya inkişaf planları üzrə təcrübələrini bölüşüblər.
Konfransda karantin dövründə və bundan sonra təhlükəsiz şəhər mobilliyi xidmətlərinin təmin edilməsi, sərnişin tələbatının idarə olunması və əməliyyatlarının planlaşdırılması, iqtisadi təsirlər və maliyyə cavabdehliyi, ictimai nəqliyyatın inkişaf prespetivlərinə dair məsələlər müzakirə edilib. Həmçinin, post-pandemiya dövründə ictimai nəqliyyatın və şəhər mobilliyinin təmin edilməsində prioritetlər, bu sahələrdə investisiyaların və dövlət dəstəyinin əhəmiyyəti nəzərdən keçirilib. Sərnişinlərdə ictimai nəqliyyata inamın bərpası, səfərlərin təhlükəsiz təşkilinə dair fikir mübadiləsi aparılıb. Post-pandemiya dövründə ictimai nəqliyyat və şəhər mobilliliyinin əhəmiyyəti nəzərə alınaraq qlobal iqtisadi çətinliklərə baxmayaraq dövlətlərin bu sahəyə sərmaya yatırımlarının davam etdiriləcəyi deyilib.
Çıxış edənlər pandemiya zamanı ictimai nəqliyyatın ön cəbhədə fasiləsiz çalışdığını bildiriblər. Bu isə dayanıqlı şəhər mühitinin formalaşması, iqlim dəyişikliyi ilə mübarizə, sağlam və aktiv həyat tərzinin təşviqi, yerli iqtisadiyyatın inkişafı baxımından mühüm rol oynayır. Qeyd olunanları nəzərə alaraq UITP tərəfindən #bettermobility aksiyasına başlanılıb. Hər kəs üçün əlçatan və rahat ictimai nəqliyyatın təmin edilməsini əsas götürərək Bakı Nəqliyyat Agentliyi də bu qlobal çağırışa qoşulduğunu bəyan edib.
Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli pandemiya zamanı görülən işlər, dayanıqlı nəqliyyat sisteminin təşkili istiqamətində post-pandemiya planları haqqında təqdimatla çıxış edib. Bundan əvvəl isə İdarə Heyətinin sədri 200 nəfərdən artıq konfrans iştirakçısını Azərbaycan-Ermənistan sərhədində baş verən düşmən təxribatı barədə məlumatlandırıb. Bilidirib ki, bütün dünyada, o cümlədən də Azərbaycanda pandemiyaya qarşı tədbirlər aparıldığı bir vaxtda Ermənistan ordusunun təxribatı heç bir beynəlxalq təşkilatın prinsip və dəyərlərinə uyğun gəlmir. Beynəlxalq hüququn prinsiplərinin pozulmasına yönələn bu təcavüz qətiyyətlə qınanmalı və pislənilməlidir.
Təqdimat zamanı Bakı Nəqliyyat Agentliyinin fəaliyyəti, pandemiya zamanı Azərbaycan hökumətinin gördüyü kompleks tədbirlər diqqətə çatdırılıb. Mövcud vəziyyətdə ölkədə iqtisadi sabitliyin saxlanılması, əhalinin sağlamlığının qorunması və sosial müdafiəsinin təminatı yönümündə zəruri addımların atıldığı vurğulanıb. BNA-nın COVID-19-la mübarizə istiqamətində tədbirlər, o cümlədən təhlükəsizlik, ictimai nəqliyyat əməliyyatları, pandemiyanın təsirləri, post-pandemik əməliyyatlar barədə ətraflı məlumat verilib.
UITP Baş Katibi Məhəmməd Mezqani Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə keçirilən görüşün əhəmiyyətini vurğulayıb. Görüşün səmərəli nəticələr verəcəyini qeyd edən Baş katib COVID-19-un ictimai nəqliyyat sektoruna təsiri mövzusunda fikirlərini bölüşüb.
Baş Dövlət Yol Polisi İdarəsinin İnzibati binasında partlayış olub. “MediaPost”un əldə etdiyi məlumata görə, İdarənin enerji bloklarının birində partlama baş verib. Nəticədə enerji sisteminə ciddi ziyan dəyib. Bütün proseslər dayanıb.
Qeydiyyat, imtahan və digər işlər “Meyvəli” bazarındakı şöbəyə yönləndirilib.
Məsələ ilə bağlı açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, qəza inzibati binada partlayış olmayıb. "Qeydiyyat İmtahan şöbəsində işıqlar sönüb. Naqillərdə nasazlıq yaranıb. Hazırda problem aradan qaldırılır."
“Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən tərəfinin təxribatları nəticəsində Tovuz rayonunda qəhrəmancasına həlak olan 1976-cı il təvəllüdlü, Azərbaycan Silahlı Qüvvələrinin mayoru Novruzov Anar Gülverdi oğlunun həqiqətən Kapital Bank-a kredit borcu olduğu müəyyən olunub və bu borc tam olaraq Kapital Bank tərəfindən silinib”.
Bunu Modern.az-ın sorğusuna cavab olaraq, Kapital Bank-ın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib.
P.Sədrəddinov qeyd edib ki, həmçinin, bu ilin iyul ayında Tovuz istiqamətində gedən döyüşlər zamanı şəhid olmuş digər hərbçilərin də nağd pul, avans krediti və BirKart-larına borclarının olduğu üzə çıxıb:
“Saytınız vasitəsilə bildirmək istərdik ki, həmin borclar da Kapital Bank tərəfindən tam olaraq silinəcək. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.
Qeyd edək ki, yayılan məlumatlarda Anar Novruzovun Kapital Banka 12 min manat kredit borcu olduğu bildirilmişdi.