![]() |
|
Prezident İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) növbəti dövlət sifarişinin reallaşdırılmasına başlayıb.
Bu barədə “report”-a qurumun mətbuat xidmətindən məlumat verilib.
Məlumatda deyilir ki, dövlət başçısının “Silahlı Qüvvələrin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli fərmanı ilə yaradılmış Komissiyanın müraciətinə əsasən MİDA-nın Hövsan Yaşayış Kompleksindəki 2 962 mənzilindən 803-ü hərbi qulluqçular üçün ayrılıb. Həmin mənzillərdən 8-i 1 otaqlı, 22-si 2 otaqlı, 472-si 3 otaqlı, 301-i isə 4 otaqlıdır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli və kombi isitmə sistemi ilə təmin edilib.
MİDA indiyə qədər dövlət sifarişi əsasında Yasamal Yaşayış Kompleksindən 21 mənzil, Hövsan Yaşayış Kompleksindən isə ümumilikdə 1 112 mənzil ayırıb.
"Epidemiyanın inkişafının qanunauyğunluqları var. Bu qanunauyğunluqlar ondan ibarətdir ki, epidemiya başlayır, qalxan istiqamətdə yoluxmaların sayı artır, özünün pik həddinə çatır və müəyyən qədər pikdə qaldıqdan sonra zəifləmə, azalma müşahidə olunur".
Bu sözləri TƏBİB-in Elmi Komitəsinin sədri Akif Qurbanov deyib.
O bildirib ki, Azərbaycanın bir neçə həftə əvvəl keçdiyi dövrü epidemiyanın pik vəziyyəti kimi qiymətləndirir: "Bu vəziyyəti Türkiyə bir neçə ay bundan qabaq keçib. Rusiya da artıq yoluxmaların sayına əsasən, pik vəziyyətdən çıxmaq üzrədir. Hesab edirəm ki, Azərbaycanda da pik vəziyyət artıq qurtarıb və görülən tədbirlər nəticəsində yoluxmaların sayı azalır, epidemik prosesin sönməsinə tərəf gedir.
Bu günlərdə yoluxma sayları 400-ün altındadır. Yaxın günlərdə yoluxma sayları daha da azalacaq. Müəyyən saylar zamanı karantin rejiminin növbəti yumşaldılması olacaqdır. Amma əhali karantin rejiminin növbəti yumşaldılmasından sonra arxayınlaşmamalı və daha da qəti qoruyucu tədbirlərdən istifadə olunmalıdır. Biz bilməliyik ki, pandemiya getməyib, epidemiya qurtarmayıb, virus bizim aramızdadır və hər an ikinci, üçüncü dalğa gələ bilər".
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyulun 22-si səhərədək bəzi şimal və qərb rayonlarında şimşək çaxıb, arabir yağış yağıb, Böyük və Kiçik Qafqazın bəzi yerlərində leysan xarakterli intensiv və güclü olub.
Qazax rayonunun Birin, Şıxlı, İkinci Şixlı kəndləri ərazisində iyulun 21-də 18:20 radələrində leysan yağışla bərabər dolu düşüb.
Düşən yağışın miqdarı Daşkəsəndə 40 mm (aylıq normanın 68 faizi), Şahdağda 22 mm, Gədəbəydə 19 mm, Sarıbaş (Şəki), Xınalıqda 15 mm, Qrızda 14 mm, Qusarda 13 mm (aylıq normanın 44 faizi), Tovuzda 13 mm (aylıq normanın 41 faizi), Balakəndə 10 mm, Xaçmaz, Qubada 9 mm, Gəncədə 8 mm (aylıq normanın 34 faizi), Şəmkirdə 8 mm (aylıq normanın 33 faizi), Ağstafa, Oğuz, Kişçayda (Şəki) 8 mm, Mingəçevirdə 7 mm (aylıq normanın 35 faizi), Göygöl, Qəbələdə 5 mm, Şəkidə 4 mm, Zaqatalada 3 mm, Şamaxıda 2 mm, Naftalan, Şabran, Xaltanda 1 mm olub.
Şimal-qərb küləyi arabir Neftçalada 32 m/s, Gəncə, Naftalanda 30 m/s, Ələtdə 24 m/s, Bərdə, Daşkəsəndə 23 m/s, Nabran, Xaçmaz, Tərtər, Ağdamda 20 m/s, Mingəçevirdə 19 m/s, Şəmkirdə 17 m/s, Şabran, Qubada 16 m/s, Yevlaxda 15 m/s, Abşeron yarımadasında 15-20 m/s, arabir 25-28 m/s-dək güclənib.
Paylaşımda deyilir:
"Hörmətli KİV nümayəndələri! Əziz dostlar!
Sizi Azərbaycan milli mətbuatının 145 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirəm! Hər birinizə möhkəm cansağlığı, səadət, sevinc, nikbinlik, tükənməz enerji, yaradıcılıq uğurları və yeni-yeni nailiyyətlər arzulayıram!"
İyulun 20-dən etibarən Gürcüstanda toy, yas və digər kütləvi məclislərin keçirilməsinə icazə verilib. Qaydalara əsasən toy məclisləri açıq havada təşkil edilməli və hökumətin qoyacağı yeni qaydalara əməl edilməlidir. Tələblərdən biri də odur ki, məclislərdə qonaq sayı 100 nəfərdən çox olmamalıdır.
Qeyd edək ki, bundan əvvəl Türkiyə və Rusiyada toyların keçirilməsinə icazə verilmişdi. Türkiyədə toy salonları iyulun 1-dən açılıb. Qaydalara əsasən, toy etmək istəyənlər daha çox açıq havada məclis təşkil etməyə üstünlük verməlidir. Yoluxma riskini azaltmaq üçün toylar qısa keçirilir, salonların girişinə, masalara spirt yerləşdirilir. Həmçinin stollar arasında məsafə ən azı 1,5 metr olmalı, qarşılama, yola salma və hədiyyə vermə zamanı qucaqlaşma olmamalıdır. Birlikdə şəkillər çəkdirmək də qadağandır.
Azərbaycanda isə təxminən 5 aydan çoxdur ki, toy mərasimləri keçirilmir. Dəfələrlə bu barədə müzakirələr aparılsa da, məsələ hələ də öz həllini tapmayıb. Bəzi ekspertlər qeyd edir ki, toy mərasimlərinin bərpa olunmaması bir çox sahələrə təsir göstərdiyi kimi demoqrafik məsələyə də təsirsiz ötüşməyəcək.
Mövzu ilə bağlı tibb elmləri namizədi, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Yeni Müsavat”a danışıb: “Prezident ölkədə pandemiya başlayanda bir söz dedi: ”Bizim üçün Azərbaycan vətəndaşının sağlamlığı hər şeydən önəmlidir”. Beləliklə, qarşıda duran ən önəmli məsələ vətəndaşlarımızın sağlamlığıdır. Bunun üçün də çalışmalıyıq ki, pandemiyanı tam nəzarət altına alaq, lazımi tədbirlər görək.
Çox təəssüflər olsun ki, may ayından başlayaraq ölkədə virusa yoluxanların sayı artmağa başladı. Hətta günlərlə yoluxanların sayı 500 nəfərdən yuxarı oldu. Təbii ki, belə bir zamanda insanların kütləvi şəkildə bir yerə toplanması təhlükəlidir.
Məlum məsələdir ki, toy və yaslarda nə sosial məsafə gözləmək, qaydalara əməl etmək, nə də bütün bu məsələlərə nəzarət etmək mümkündür. Azərbaycanda insanların kütləvi toplaşdığı yerlər də əsasən toy məclisləri, qapalı məkanlardır.
Doğrudur, biz başa düşürük ki, insanların arzusu var ki, övladına toy etsin, yaxın adamları, dostları bu məclisdə iştirak etsin, onun sevincini bölüşsünlər və sairə.
Amma pandemiyanın şərtləri fərqlidir. Ona görə də toy mərasimlərinin, həmçinin 10-dan çox insanın bir yerə toplaşdığı məclislərin qadağan olunmasının, həmçinin yas mərasimlərinin çox az sayda insanın iştirakı ilə keçirilməsinin doğru qərar olduğunu hesab edirəm”.
Musa Quliyev qeyd etdi ki, bu qaydalar heç də insanların evlənməsinin qarşısına sədd çəkmir: “İnsanlar karantin qaydalarını pozmadan evlənə bilərlər və biz bunu təcrübədən də gördük. Məlum olduğu kimi, bu ərəfədə yalnız ailə şənliyi ilə keçirməklə və yaxud sadəcə, nikah kəsdirməklə evlənənlər oldu.
Beləliklə, bundan əvvəl ən azı 400-500 nəfərin toplaşdığı toy mərasimləri indiki dövr üçün real deyil. Ümumiyyətlə, biz bu adətdən imtina etməli, gələcəkdə də daha sadə və az insanın iştirakı ilə mərasimlər keçirməyi düşünməliyik.
Bəli, Gürcüstanda artıq toy və digər mərasimlərin keçirilməsi artıq bərpa olunub. Lakin Azərbaycanla müqayisədə Gürcüstanda situasiyalar fərqlidir. Bildiyiniz kimi, orada virusa yoluxanların sayı az oldu. Həmçinin Gürcüstanda bir müddət xeyli sərt karantin rejimi tətbiq edildi, daha sonra isə pandemiyanın başa çatdığını elan etdilər.
Ümumiyyətlə, şahidi olduq ki, koronavirus pandemiyası hər ölkədə özünü fərqli nümayiş etdirdi”.
Musa Quliyevin sözlərinə görə, Azərbaycanda pandemiya avqust ayında səngiyə bilər: “Bununla belə, toy, yas mərasimlərinin, eləcə də kütləvi tədbirlərin yalnız müəyyən şərtlər daxilində keçirilməsinə icazə verilməlidir. Çünki pandemiyanın bitməsi virusun tamamilə sıradan çıxması demək deyil. Buna görə də kütləvi tədbirlərdə, o cümlədən toylarda yoluxma halları baş verə bilər. Təsəvvür edin, toyda bir nəfərdə koronaviris olarsa, onlarla insanın yoluxma riski var.
Beləliklə, aidiyyəti orqanlar qadağalar tətbiq edəndə bunu heç də öz xoşlarından etmirlər. Biz bilirik ki, karantin rejimi qadağalarının həm iqtisadi, həm mənəvi, psixoloji tərəfləri də var. Lakin zərurət budur ki, virusun yayılmaması üçün bütün tədbirlər həyata keçirilsin, o cümlədən toy məclisləri hələlik qadağan olunsun. Lakin indi yay vaxtıdır. Ola bilər ki, qarşıda açıq havada, az insanların iştirakı ilə keçirilən toy məclislərinə icazə verilsin. Bunun üçün Operativ Qərargahın qərarlarını gözləməliyik”.
Ötən gün Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Mədəniyyət nazirinin birinci müavini Anar Kərimovu nazirliyin kollektivinə təqdim edib.
Tədbirdə Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, nazir müavini Sevda Məmmədəliyeva, nazirliyin struktur bölmə rəhbərləri iştirak ediblər.
Fərəh Əliyeva çıxış edərək Prezidentin iyulun 20-də imzaladığı sərəncamları diqqətə çatdırıb, Anar Kərimovu təyinat münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Təqdimat mərasimində çıxış edən Anar Kərimov qeyd edib ki, öz fəaliyyətində hər zaman dörd prinsipi – dövlətçilik, məsuliyyət, şəffaflıq və ədalət prinsiplərini rəhbər tutaraq, gələcək fəaliyyətində bu prinsiplərə riayət edəcək.
Sonda Anar Kərimov birgə səylər göstərməklə nazirliyin kollektivinə uğurlar arzu edib.
Qeyd edək ki, Prezidenti İlham Əliyevin iyulun 20-də imzaladığı sərəncama əsasən, Anar Qabil oğlu Kərimov Mədəniyyət nazirinin birinci müavini təyin edilib. Dövlət başçısının digər sərəncamı ilə Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Mədəniyyət nazirinin birinci müavini Anar Kərimova verilib.
Erməni təxribatı nəticəsində şəhid olan hərbi qulluqçumuz-çavuş Vüqar Sadıqovun ailə üzvləri onun haqda xatirələrini bölüşüb.
Vida mərasimində çəkilmiş fotoları ilə hamını təsirləndirən şəhidin övladları ataları ilə fəxr etdiklərini bildiriblər. Sözügedən şəkildə balaca bacısının göz yaşını silən qardaşı indi anasına təsəlli olmağa çalışır...
V. Sadıqovun oğlu Yaşar Sadıqov deyib ki, o arxeoloq olmaq istəsə də, atası şəhid olandan sonra onun kimi hərbçi olmaq qərarına gəlib: “Atamın da, digər şəhidlərin də qisasını alacam”.
AzTV-nin Ağstafa rayonundan şəhidin ailəsi ilə bağlı hazırladığı videoreportajı təqdim edirik
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə 3500 tonluq konteyner sistemi qoşulub. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, bu dəmir yoluna tələbat artmaqdadır.
Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti 2017-ci il oktyabrın 30-da açılıb. Bu dəmir yolu xətti Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.
Ümumi uzunluğu 846 kilometr olan Bakı-Tbilisi-Qarsın 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür.
Prezident İlham Əliyev 30 iyun 2020-ci il tarixində “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” müvafiq Sərəncam imzalayıb.
Prezident Administrasiyası tərəfindən Sərəncamın icrasını təmin etmək məqsədilə təsdiq olunmuş Tədbirlər Planı əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Azərmarka” MMC milli mətbuatımızın 145 illiyi münasibətilə bu gündən etibarən poçt markası dövriyyəyə buraxır.
Markanın üzərində simvolik olaraq zəmidə toxum səpə-səpə gedən əkinçi təsvir olunub. “Zəmi” üzərində böyük mааrifçi, nаşir Həsən bəy Zərdаbiyə məxsus sitatdan bir hissə yerləşdirilib.
Poçt markasının əsas ideyası milli mətbuatımızın inkişaf toxumunun hələ 145 il əvvəl Həsən bəy Zərdabi tərəfindən səpilməsini göstərmək, Azərbaycan mətbuatının banisinə diqqəti cəlb etməklə bu tarixi yaşatmaq, gələcək nəsillərə ötürməkdir.
“Azərmarka”nın baş rəssamı Vüqar Əyyubov tərəfindən hazırlanmış marka 5000 ədəd tirajla Belarusun “Bobruisk Integrated Printing House” mətbəəsində çap olunub. Eyni zamanda, 200 ədəd Birinci gün zərfi hazırlanıb.
Qəbələ rayonunun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, 20 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini rayon mərkəzindən və digər yaşayış məntəqələrindən ayıran, Bum-Tikanlı-Abrıx avtomobil yolunun 2-ci kilometrliyində Bum çayı üzərində yeni körpünün tikintisi və Bum qəsəbəsinə gedən 2 kilometrlik avtomobil yolunun bərpası istiqamətində aparılan işlər artıq yekunlaşıb.
Bum çayı üzərində yeni körpünün tikintisi və qəsəbəyə gedən 2 kilometrlik avtomobil yolunun bərpası “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında sürətlə aparılıb.
Yeni körpü 12 aşırımlı olmaqla uzunluğu 310 metr, eni isə 9 metrdir. Layihə çərçivəsində vətəndaşların körpü rahat və təhlükəsiz hərəkətinin təşkili üçün hər bir istiqamət üzrə piyada səkiləri salınıb.
Sözügedən ərazidə körpünün olmaması vətəndaşların rahat gediş-gəlişinə maneə yaradırdı. Belə ki, 11 yaşayış məntəqəsinin əhalisi çayın bir tərəfindən o biri tərəfinə keçməkdə çətinlik çəkir, rayon mərkəzinə və ətraf yaşayış məntəqələrinə getmək üçün təqribən 30 km əlavə məsafə qət etməli olurdular.
Yeni körpünün inşası, həmçinin Bum qəsəbəsindən körpüyə qədər olan yolun yenidən qurulması nəticəsində 20 min əhalinin əlavə yol qət etmədən birbaşa rayon mərkəzinə və qonşu kəndlərə rahat gediş-gəlişi təmin olunacaq, onların yetişdirdikləri kənd təsərrüfatı məhsullarının tez və xarab olmadan bazarlara daşınmasına imkan yaranacaq. Bu isə öz növbəsində sözügedən ərazidə kənd təsərrüfatının və turizmin inkişafına gətirib çıxaracaq, yeni turizm marşrutlarının yaranmasına zəmin yaratmaqla əhalinin həyat şəraitinə müsbət təsir etmiş olacaq.
Qeyd edək ki, ölkə başçısının sərəncamına əsasən, 2019-cu ildə Qəbələ rayonunun 11 min əhalinin yaşadığı və 8 yaşayış məntəqəsini birləşdirən və 18 km uzunluğa malik Nic-Mıxlıqovaq-Yemişanlı-Uludaş-Tikanlı-Abrıx avtomobil yolu yenidən qurularaq istifadəyə verilib. Təqribən 30-35 km-lik məsafənin qısaldılması məqsədi ilə sözügedən yolun rayon mərkəzindən Bum qəsəbəsinə qədər gələn avtomobil yoluna birləşdirilməsinə zərurət yaranmışdı.
Bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Bum çayı üzərində yeni körpünün tikintisi və Bum qəsəbəsinə gedən 2 kilometrlik avtomobil yolunun bərpası üçün Azərbaycan Respublikasının dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 2 milyon manat ayrılıb.