![]() |
|
"Yol-xeber.az" xəbər verir ki, Bolqarıstan Respublikasının daxili işlər naziri Boyko Raşkovun dəvəti ilə Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun başçılıq etdiyi nümayəndə heyəti bu ölkədə iki günlük rəsmi səfərdə olub.
İyunun 23-də Bolqarıstan Respublikasının Prezidenti cənab Rumen Radev daxili işlər naziri Vilayət Eyvazovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Azərbaycanın Bolqarıstan üçün strateji tərəfdaş olduğunu söyləyən ölkə rəhbəri dövlətlərimiz arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edib, hərtərəfli əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb. O, iki ölkə arasındakı dostluq münasibətlərini və Sofiya ilə Bakı arsında ümumi maraq doğuran bir sıra sahələrdə strateji dialoqu yüksək qiymətləndirib, cinayətkarlıqla mübarizədə hüquq-mühafizə orqanları arasında əməkdaşlığın təşviqinin Bolqarıstanın Azərbaycanla tərəfdaşlığının yüksəldilməsi üçün mühüm amil olduğunu bildirib.
Beynəlxalq arenada hər iki dövlətin bir-birinin müstəqilliyini, ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini, olduqca mürəkkəb regionda yerləşməsinə baxmayaraq cənab İlham Əliyevin liderliyi altında respublikanın son illər böyük uğurlara imza atdığını deyən cənab R.Radev Azərbaycanın öz milli maraqlarına xidmət edən müstəqil siyasət apardığını, dünyada nüfuzunun günü-gündən artdığını vurğulayıb, səmimi salamlarını və ən xoş arzularını dövlət başçısına çatdırmağı xahiş edib.
Göstərilən diqqətə, Azərbaycan haqqında xoş sözlərinə, dəyərli fikirlərinə, eləcə də nümayəndə heyətini qəbul etdiyinə görə Bolqarıstan Prezidenti cənab Rumen Radevə təşəkkkürünü bildirən daxili işlər naziri Vilayət Eyvazov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səmimi salamlarını Bolqarıstan Prezidentinin diqqətinə çatdırıb.
Daha sonra Bolqarıstan Respublikasının daxili işlər naziri Boyko Raşkovla general-polkovnik Vilayət Eyvazovun başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. Görüşdə iki ölkənin Daxili İşlər nazirlikləri arasındakı mövcud əlaqələr yüksək qiymətləndirilib, əməkdaşlığın bütün istiqamətlər üzrə bundan sonra daha da möhkəmlənəcəyinə və inkişaf etdiriləcəyinə əminlik ifadə olunub. Daxili işlər və təhlükəsizlik sahəsində ikitərəfli əlaqələrin inkişafı və dərinləşməsi imkanları, transmilli mütəşəkkil cinayətkarlığın müxtəlif formalarına qarşı mübarizənin diqqət mərkəzində dayandığı, yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının vacibliyi vurğulanıb.
Ölkələrimiz arasında tarixi dostluq əlaqələrinin inkişafını qeyd edən daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Bolqarıstana səfərindən məmnunluğunu ifadə edərək səfərin yüksək səviyyədə təşkil olunmasına görə minnətdarlığını bildirib. O, bolqarıstanlı həmkarları ilə əməkdaşlığa, transmilli mütəşəkkil cinayətkarlığın müxtəlif təzahürləri, terrorçuluq, kibercinayətkarlıq, insan alveri, narkotik vasitələrin qeyri-leqal dövriyyəsi, qanunsuz miqrasiya sahəsində təcrübə və məlumat mübadiləsinin həyata keçirilməsində maraqlı olduqlarını qeyd edib.
Sonda daxili işlər nazirləri “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası ilə Bolqarıstan Respublikası Daxili İşlər Nazirliyinin Akademiyası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalayıblar. Qeyd olunub ki, bu Memorandum tədris sahəsində qabaqcıl təcrübə mübadiləsinin imkanlarını genişləndirəcək və polis əməkdaşlarının peşə hazırlığı səviyyəsinin yüksəldilməsinə öz töhfəsini verəcək.
"Yol-xeber.az" xəbər verir ki, Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2022-ci ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Naftalan şəhərində vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl AAYDA-nin İdarə heyətinin sədri Saleh Məmmədov və Naftalan şəhər icra hakimiyyətinin başçısı Vüqar Novruzov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Daha sonra Naftalan şəhərində Agentliyin tabeliyində olan“29 N-li Yol İstismarı” MMC-nin inzibati binasında keçirilən qəbulda Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların müraciət və şikayətləri dinlənilib.
Qəbul zamanı müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.
Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilərək şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.
Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində Vətəndaşların müraciətlərinin baxılması qaydası haqqında qanuna uyğun olaraq, vətəndaşların qəbul günlərinin cədvəli təsdiq olunub. Regionlarla yanaşı həmin cədvələ əsasən, Agentliyin inzibati binasında da vətəndaşların qəbulu keçirilir.
"Yol-xeber.az" xəbər verir ki, Mayın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunda da səfərdə olublar.
Dövlətimizin başçısı və birinci xanım Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonu ərazisində Soltanlı stansiyasının təməlqoyma mərasimində iştirak ediblər.
Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya dəmir yolu və stansiya barədə məlumat verilib.
Bildirilib ki, təkxətli dəmir yolunun uzunluğu 110,4 kilometrdir. Layihəyə əsasən yol boyunca 9 stansiyanın (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd), 3 tunelin, 41 körpünün, 7 yolötürücünün, 300-ə yaxın süni mühəndis qurğusunun, rabitə və işarəvermə sisteminin, elektrik təsərrüfatının tikintisi planlaşdırılır. Yol boyunca 85 kilometr ərazi minalardan təmizlənib və proses davam edir. Dəmir yolu xəttinin yan yollarla birlikdə 60 kilometrlik hissəsi tamamlanıb. Bu məsafədə yük qatarları hərəkət edir. Tikinti işləri Türkiyənin “Kalyon RSY İnşaat Adi Ortaklığı Ticari İşletmesi” şirkəti tərəfindən həyata keçirilir.
Prezident İlham Əliyev Soltanlı stansiyasının təməlini qoyub.
Bildirilib ki, stansiyada sərnişinlər üçün gözləmə zalı, rabitə, işarəvermə və digər xidməti otaqlar yaradılacaq.
Qeyd edək ki, Horadiz-Ağbənd dəmir yolu xəttinin təməli 2021-ci il fevralın 14-də Prezident İlham Əliyev tərəfindən qoyulub. Layihənin 2023-cü ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur. Azərbaycan Prezidentinin sərəncamları ilə yolun inşasına 312 milyon 700 min manat vəsait ayrılıb.
"Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 26-da Füzuli rayonuna səfər ediblər.
Dövlətimizin başçısı və birinci xanım səfər çərçivəsində Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi ilə tanış olublar.
Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verildi ki, Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməli qoyulan və ümumi uzunluğu 123,6 kilometr olan bu yolun tikintisi sürətlə davam etdirilir. Başlanğıcını Füzuli rayonunun Əhmədbəyli kəndindən götürən bu yol birinci texniki dərəcəyə uyğun inşa edilir. Yolun ilk 77 kilometrlik hissəsi altı, qalan 46,6 kilometrlik hissəsi isə dörd hərəkət zolaqlı olacaq. Yol boyunca üç avtomobil tuneli inşa edilir. Tunellərdən birində qazma işləri artıq yekunlaşıb, hazırda beton işləri icra olunur. Digər iki tuneldə isə qazma işləri davam etdirilir. Həmçinin bu yolun üzərində 15 avtomobil körpüsü, 5 yolötürücü və 54 yeraltı keçidin inşası nəzərdə tutulub. Hazırda 14 körpü, 3 yolötürücü və 38 yeraltı keçidin tikintisi aparılır.
Qeyd edək ki, hazırda yolun ilk 110 kilometrlik hissəsində torpaq işləri icra edilir. Yolun genişləndirilərək profilə salınması, birinci texniki dərəcəyə uyğun yeni torpaq yatağının inşası və paralel olaraq asfalt örtüyünün salınması həyata keçirilir. Tikinti işlərinin 2024-cü ildə başa çatdırılması nəzərdə tutulur.
Bu yol Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir.
"Yol-xeber.az" xəbər verir ki, Ölkə Prezidentinin tapşırığı ilə respublikamızın hərtərəfli inkişafına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində də qabaqcıl islahatlar aparılmaqla müvafiq sahə təkmilləşir, müasirləşir, vətəndaşlara daha keyfiyyətli xidmətlərin göstərilməsi ilə bağlı ardıcıl və yeni tədbirlər həyata keçirilir.
Dövlət orqanlarında (qurumlarında) qabaqcıl informasiya və kommunikasiya texnologiyalarından istifadə olunması və rəqəmsal idarəçiliyin tətbiq edilməsi ilə bu sahədə əldə olunan mühüm nailiyyətlərin, həyata keçirilən tədbirlərin daha yüksək səviyyədə davam etdirilməsi və rəqəmsal hökumətə keçid prosesinin sürətləndirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin “İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Fərmanının və “Dövlət orqanlarında (qurumlarında) daxili idarəetmə proseslərinin elektronlaşdırılması tədbirləri haqqında” Fərmanının icrasının təmin edilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun 17 fevral 2020-ci il tarixli, 16 nömrəli Əmri təsdiq edilmişdir.
Agentlikdə rəqəmsal idarəçiliyin inkişafı, daxili idarəetmə proseslərinin optimallaşdırılması və elektronlaşdırılması, bu sahədə çevik və effektiv idarəetmənin təmin edilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Avtomobil Yolları İnformasiya Sistemi (AYİS) yaradılmışdır.
6 aylıq sınaq müddəti ərzində Agentliyin Aparatının bütün işçiləri pandemiya qaydalarına əmək edilməklə proqram təminatından istifadəyə dair fərdi təlimlərə cəlb edilmiş, Agentlik daxilində bütün yazışma və kargüzarlıq fəaliyyəti yazılı, eləcə də elektron qaydada AYİS sistemindən istifadə edilməklə paralel şəkildə həyata keçirilmişdir.
Sınaq müddətində AYİS sistemində Agentliyin Aparatının işçiləri, eləcə də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyində olan Məhdud Məsuliyyətli Cəmiyyətlərdə çalışan nomenkulatur işçilər də nəzərə alınmaqla 553 ədəd şəxsi istifadəçi kabineti yaradılmış və bu günədək 15 mindən artıq sənəd Avtomobil Yolları İnformasiya Sistemində (AYİS) qeydiyyata alınmışdır.
Əlavə olaraq, Agentliyin Aparatının işçi heyətinin Avtomobil Yolları İnformasiya Sisteminə (AYİS) uyğunlaşması prosesinin əsası qoyulmuş, eyni zamanda proqram təminatının funksionallığı ilə bağlı nöqsanlar aradan qaldırılmışdır.
Məlumat üçün bildirək ki, AYİS proqram təminatında informasiya axınının gedişi işçi qaydada Agentliyin subordinasiya qaydaları rəhbər tutulmaqla aparılır.
Müasir çağırışlara uyğun olaraq, bu gün də Agentlikdə elektronlaşdırılma və informasiya sistemləri arasında məlumat mübadiləsinin avtomatlaşdırılması istiqamətində işlər uğurla davam etdirilir. Yaxın gələcəkdə Agentliyin tabeliyində olan Məhdud Məsuliyyətli Cəmiyyətlərin də AYİS sisteminə inteqrasiyası nəzərdə tutulmuşdur. Hal-hazırda bu istiqamətdə zəruri texniki işlərin icrası yerinə yetirilir.
Ümumilikdə, 4 tipdə sənəd qeydiyyatı – daxil olan sənəd, xaric olan sənəd, daxili yazışmalar, əmr, sərəncam və qərarlar vahid platformadan istifadə edilməklə həyata keçirilir.
Bildirək ki, cari ildə AYİS proqram təminatından istifadə edilməklə 3701 xaric olan sənəd qeydiyyata alınmışdır ki, bunun da 714 ədədi vətəndaşların müraciətləri ilə bağlı olmuşdur.
Qeyd edək ki, Agentlikdə informasiya ehtiyatlarının qorunması, sistemə kənar müdaxilələrin qarşısının alınması, informasiya proseslərinin mühafizəsi, sabitliyi və fasiləsizliyi, kibertəhlükəsizlik sahəsində risklərin qiymətləndirilməsi, eləcə də proqram təminatının təkmilləşdirilməsi məqsədilə Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədovun 26 aprel 2022-ci il tarixli, 23 nömrəli Əmri ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Avtomobil Yolları İnformasiya Sisteminin Təhlükəsizlik Komissiyası yaradılmışdır.
"Karguzarlıq”, “Hesabatlar”, “İnsan resursları” və "Vətəndaşların qəbulu” modullarının tətbiqini əhatə edən bu sistem müvafiq sənədlərin hazırlanmasında və yayılmasında effektivliyin artması, sənədlərin elektron resurslarda daim saxlanılmasına, icrasının operativ həyata keçirilməsinə, kadrların peşəkarlıq səviyyəsininin artırılmasına, vətəndaşların suallarının ən qısa zamanda cavablandırılmasına və bu prosesi daha şəffaf etməklə, müvafiq dövlət qurumları və vətəndaşlarla əlaqələrin möhkəmlənməsinə müsbət təsir edəcəkdir.
"Yol-xeber.az" xəbər verir ki, 18-19 may tarixlərində baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin İran İslam Respublikasına səfəri çərçivəsində Tehranda “Azərbaycan Dəmir Yolları” QSC (ADY) və İran İslam Respublikasının Dəmir Yolları (RAI) rəhbərliyi arasında görüş keçirilib. Görüşdə Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizinin inkişaf perspektivləri, dəhlizin tərkib hissəsi olan Rəşt-Astara xəttinin tikintisi müzakirə edilib. Bununla yanaşı, İran İslam Respublikasının Astara şəhərində yük terminalının tikintisi ilə bağlı mövcud vəziyyət və bu sahədə işlərin sürətləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
Avstriyada işgüzar səfərdə olan “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun başçılıq etdiyi nümayəndə heyətinin “Avstriya Federal Dəmir Yolları” SC-nin (ÖBB) sədri Andreas Matte ilə görüşü keçirilib.
Tərəflər iki ölkə arasında iqtisadi əlaqələrin və ticarət dövriyyəsinin artırılmasında dəmir yolu ilə multimodal yükdaşımaların rolunu xüsusi qeyd ediblər.
Görüşdə əsasən regionda yaranmış vəziyyət fonunda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun imkanlarından daha səmərəli istifadə üzrə birgə səylərin artırılması, Çin-Avropa-Çin və Orta Asiya-Avropa-Orta Asiya istiqamətində multimodal dəmir yolu yükdaşımalarının həcminin artırılması məsələləri müzakirə edilib.
Qeyd olunan istiqamətlərdə birgə fəaliyyətlər və tərəfdaşlıq əlaqələrinin gücləndiriməsi “Azərbaycan Dəmir Yolları” QSC nümayəndələrinin Avropanın aparıcı yükdaşıma şirkətləri olan “Rail Cargo”, “Metrans” və “Bahnoperator” nümayəndələri ilə ayrı-ayrılıqda keçirilən ikitərəfli görüşlərdə də diqqət mərkəzində olub.
“Rail Cargo” şirkəti 18 ölkədə fəaliyyət göstərir, 12 beynəlxalq logistika mərkəzinə və 16 terminala malikdir. Şirkətin illik yükdaşıma həcmi təqribən 94 milyon ton təşkil edir. Metrans şirkəti həftədə 200 blok qatarın göndərilməsini təmin edir. İllik yükdaşıma həcmi isə 1,4 milyon TEU təşkil edir. Bahnoperator Çin-Avropa istiqamətindən həftədə 20 konteyner qatarı yola salır. Bu, kifayət qədər böyük rəqəmlərdir.
Mərkəzi və Cənubi Avropada fəaliyyət göstərən bu şirkətlərin fəaliyyəti habın Şimali Avropadan Cənubi və Mərkəzi Avropaya keçməsinə və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda yüklərin həcminin saxlanılmasına xidmət edir.
Səfər çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC ilə Avstriyanın “Rail Cargo” şirkəti arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Tərəflər Avropadan Bakı-Tbilisi-Qars dəmiryolu xəttindən keçməklə multimodal dəmir yolu yükdaşımaları, həmçinin yüklərin Rumıniyanın Konstanta Limanından Gürcüstanın Poti limanına, daha sonra Orta Asiya və Çin istiqamətində fasiləsiz və sürətli çatdırılmasını təmin etmək üçün birgə çalışacaqlar. Bu kontekstdə ADY Konteyner şirkəti həmçinin Gürcüstanın “GR Logistics” və “KTZ Express” şirkətləri ilə birgə, ASCO-nun dəstəyi ilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində Poti-Konstanta limanları arasında fəaliyyət göstərəcək fider gəmisi ilə konteynerlərlə yükdaşımalar həyata keçirməyə başlayır. “Şair Vaqif” gəmisi ayda 10 gün olmaqla ay ərzində üç dəfə olmaqla qeyd olunan limanlar arasında reys həyata keçirəcək. Hər reysdə gəmi vasitəsilə ilə iki blok qatar daşınacaq.
"Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda aparılan tikinti-bərpa işlərinə baxış keçirib.
Agentliyin İdarə heyətinin sədri Saleh Məmmədov tikinti-bərpa işləri ilə yerindəcə tanış olub, işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilib yekunlaşdırılması ilə bağlı tövsiyə və tapşırıqlarını verib.
Qeyd edək ki, tikinti-bərpa işləri magistral yolun 88-ci km-dən başlayaraq Bakı şəhəri istiqamətində aparılır.