![]() |
|
Yol-xeber.az-ın məlumatına görə, Oktyabrın 26-da Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) təməli qoyulub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan əvvəlcə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tikinti işlərinin gedişi ilə tanış oldular.
Sonra dövlət başçıları Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) təməlini qoydular.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlət başçılarına məlumat verdi.
Yol-xeber.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 25-də Qubadlı rayonunda səfərdə olublar.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 10-cu kilometrliyindən Qubadlı şəhər mərkəzinə gedən Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində iştirak ediblər.
Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına və birinci xanıma Şərqi Zəngəzur iqtisadi rayonunda tikintisi aparılan avtomobil yolları barədə məlumat verdi.
Bildirildi ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində Prezident İlham Əliyevin tapşırığı ilə icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri də Xudafərin-Laçın yoludur.
Başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Xudafərin su anbarı yaxınlığından keçən hissəsindən götürən bu yolun uzunluğu 56,4 kilometrdir. Qubadlı-Eyvazlı avtomobil yolunun uzunluğu 26 kilometr, eni 7 metr olacaq. Qubadlı-Xınzirək avtomobil yolunun isə uzunluğu 23,5 kilometr, eni 7 metr olacaq. Hər iki yol iki hərəkət zolaqlı inşa edilir.
Bu yollar Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində tikilir.
Xudafərin-Laçın avtomobil yolunun Xanlıq yaşayış məntəqəsindən ayrılaraq Qubadlı şəhərinə qədər 14 kilometr uzunluğunda yeni avtomobil yolu inşa ediləcək. Prezident İlham Əliyevin tapşırığına əsasən, Qarabağın inkişaf planı nəzərə alınmaqla Xudafərin-Laçın və Xanlıq-Qubadlı avtomobil yolları dörd hərəkət zolaqlı olacaq. Yeni inşa olunan yollar işğaldan azad edilmiş Zəngilan, Qubadlı və Laçın rayonlarının ərazisindən keçir. Avtomobil yolu Qubadlı və Laçın şəhərləri də daxil olmaqla, bu rayonların 30-dan çox yaşayış məntəqəsini əhatə edir.
Dövlətimizin başçısı Xanlıq-Qubadlı yolunun təməlini qoydu.
Yol-xeber.az-ın məlumatına görə, 20-22 oktyabr 2021-ci il tarixlərində keçirilən “Rebuild Karabakh” – 1-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” sərgisində işğaldan azad edilmiş ərazilərdə tikintisi davam edən və planlaşdırılan dəmir yolu layihələri barədə məlumat da yer alıb.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri ərazi bütövlüyümüzü bərpa etdikdən dərhal sonra ölkə başçısının tapşırıqlarına uyğun olaraq Qarabağda başlanılan quruculuq işləri çərçivəsində dəmir yolu infrastrukturu layihələri intensiv şəkildə həyata keçirilir.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Bərdə-Ağdam, Horadiz-Ağbənd dəmir yolu xətlərinin yenidən qurulması və Füzuli-Şuşa yeni dəmir yolu xəttinin inşası işlərini davam etdirir.
Prezident İlham Əliyevin 24 noyabr 2020-ci il tarixli Sərəncamına əsasən yenidən qurulması işlərinə başlanılan Bərdə-Ağdam dəmir yolu xəttinin ox üzrə uzunluğu 47,1 kilometrə bərabərdir. Layihə çərçivəsində birxətli dəmir yolu xətti üzrə hazırda fəaliyyətdə olan Bərdə və Köçərli stansiyaları təmir ediləcək, Təzəkənd və Ağdam stansiyaları isə yenidən tikiləcək. Həmçinin yol üzrə 114 ədəd süni mühəndis qurğusunun tikintisi də nəzərdə tutulur. Hazırda dəmir yolu xəttinin Bərdə-Köçərli-Təzəkənd istiqaməti üzrə layihələndirmə və üst quruluşunun söküntüsü işləri tamamlanıb, torpaq yatağının, üst quruluşu elementlərinin, süni qurğuların tikintisi və Təzəkənd-Ağdam istiqaməti üzrə layihələndirmə işləri davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 14 fevral 2021-ci il tarixində təməli qoyulmuş Horadiz-Ağbənd dəmir yolu xəttinin ox üzrə uzunluğu 110,4 kilometrə bərabərdir. Birxətli dəmir yolu 8 stansiyadan ibarət olacaq, həmçinin layihə çərçivəsində ümumilikdə 300-ə yaxın süni mühəndis qurğusunun tikintisi planlaşdırılır. Horadiz stansiyası ilə yanaşı, digər yeddi stansiya – Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Mincivan, Bartaz və Ağbənd tamamilə yenidən tikiləcək. Hazırda dəmir yolu xətti bütövlükdə dron vasitəsilə topoqrafik plana alınıb, konseptual planı hazırlanıb, minalardan təmizlənmiş 39 kilometrlik hissəsində torpaq yatağının hazırlanması, həmçinin süni qurğuların tikintisi işləri həyata keçirilməkdədir.
Füzuli-Şuşa istiqamətində ilk dəfə inşa ediləcək birxətli elektrikləşdirilmiş dəmir yolu xəttinin ox üzrə uzunluğu 83,4 kilometrə bərabərdir. Layihə çərçivəsində iki yeni stansiya – Füzuli və Şuşa stansiyalarının, habelə 200-ə yaxın süni mühəndis qurğularının layihələndirilməsi və tikintisi planlaşdırılır. Hazırda dəmir yolu xəttinin trassasının ümumilikdə topoqrafik tədqiqat işləri tamamlanmışdır və süni mühəndis qurğularının layihələndirilməsi işləri davam etdirilir.
İcrasına başlanılan layihələrlə yanaşı, ADY-nin mütəxəssisləri tərəfindən azad edilmiş ərazilərdə dəmir yolu xətlərinin inşası üçün yeni istiqamətlər araşdırılır. Belə istiqamətlərdən biri də Dəliməmmədli-Kəlbəcər dəmir yolu xəttidir. Dəmir yolu xəttinin ilkin konseptual layihəsi hazırlanıb. Ox üzrə uzunluğu 88,8 kilometrə bərabər bu birxətli dəmir yolu xətti üzrə 220-ə yaxın süni mühəndis qurğusunun layihələndirilməsi və tikintisi təklif edilir.
Yol-xeber.az-ın məlumatına görə, Oktyabrın 13-də “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyi və kollektivi dəmir yolu işçilərinin peşə bayramı günü münasibəti ilə Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb.
Sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının məzarları ziyarət olunub, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
Yol-xeber.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının iclası keçirilib.
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri, Şuranın sədri Rəşad Nəbiyevin sədrliyi ilə keçirilən iclasda Azərbaycan üzərindən tranzit daşımalarının cari vəziyyəti üzrə fikir mübadiləsi aparılıb.
Dəmir yolları və dəniz nəqliyyatı ilə tranzit yükdaşıma xidmətlərinin, habelə tranzit yüklərlə bağlı dəniz limanında göstərilən xidmətlərin tarifləri və həmin tariflər üzrə güzəştlərə dair təkliflərin Koordinasiya Şurasının Katibliyinə təqdim olunması qərara alınıb.
Eyni zamanda “Bir pəncərə” prinsipinin tətbiq edilməsi şərtilə elektron portalın yaradılması prosesi müzakirə predmeti olub.
Bildirilib ki, e-portalda ölkənin dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə tranzit yükdaşımalarla bağlı yükdaşımaların vahid tarifləri, sərhəd keçmə prosedurları, yükdaşımalar üzrə daşıma qaydaları və şərtləri, o cümlədən müqavilələrin şərtləri, bağlanma qaydası və digər məsələlər öz əksini tapacaq.
Qeyd edək ki, Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası tranzit yüklərin ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinə cəlb olunmasını və yüksək keyfiyyətlə daşınmasını təmin etmək məqsədilə yaradılmış kollegial icra hakimiyyəti orqanıdır.
Yol-xeber.az-ın məlumatına görə, Prezident İlham Əliyevin tapşırığına əsasən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastruktur layihələrinin icrası davam edir. Bu barədə məlumat verən Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov bildirib ki, belə layihələrdən biri də Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yoludur.
Qeyd edək ki, Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolu başlanğıcını Cəbrayıl rayonu Şükürbəyli kəndindən keçən hissəsindən götürməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinə qədər uzanır. Tikintisi aparılan yolun uzunluğu 39,7 kilometrdir. Yol 4 hərəkət zolaqlı olmaqla birinci texniki dərəcəyə uyğun inşa edilir. Hazırda bu yolda torpaq işləri və süni qurğuların inşası prosesi gedir. Bundan əlavə, yol boyunca 7 yeni avtomobil körpüsünün inşası davam edir. Körpülərdən biri Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolu ilə kəsişmədə layihələndirilib. Bununla da sözügedən avtomobil yolundan magistral yola rahat giriş-çıxış təmin olunacaq. Görülən işlərə paralel olaraq, tikinti ərazisinə cəlb olunmuş xüsusi texnikaların çevik hərəkətinin təmin olunması məqsədilə yol çiyinlərinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi işləri də aparılır.
Onu da qeyd edək ki, Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu işğaldan azad edilmiş Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindən keçir. Avtomobil yolu Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri də daxil olmaqla sözügedən rayonların 20-yə yaxın yaşayış məntəqəsini əhatə edəcək.
Dövlətimizin başçısına Füzuli-Hadrut avtomobil yolunun layihəsi barədə də məlumat verilib. Başlanğıcını Zəfər yolundan götürən bu yol yeni inşa edilən Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yoluna birləşir. Uzunluğu 13 kilometr olan birinci texniki dərəcəli Füzuli-Hadrut yolu 4 hərəkət zolaqlı olacaq. Yol boyunca torpaq yatağının və yeni avtomobil körpülərinin inşası aparılır. Bundan əlavə, uzunluğu 18 kilometr olan Tuğ-Hadrut avtomobil yolunun da tikintisi davam edir. İkinci texniki dərəcəyə uyğun inşa edilən bu yol iki hərəkət zolaqlı olacaq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yollarının açılışını edib.
Yol-xeber.az xəbər verir ki, ümumi uzunluğu 28,5 kilometr, eni 9 metr olan yol 2 hərəkət zolağından ibarətdir. Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yolları uzun müddət düşmən tapdağı altında olduğundan tamamilə sıradan çıxmış və dağılmışdır.
Yolda aparılan tikinti işləri inşaat norma və qaydalarının tələblərinə uyğun yüksək keyfiyyətlə həyata keçirilib. Yolboyu layihə üzrə avtobus dayanacaqları inşa edilib, hərəkətin normal təşkili üçün digər zəruri infrastruktur yaradılıb. Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yolları ötən əsrin 70-ci illərində Suqovuşan su anbarının tikintisi ilə əlaqədar ulu öndər Heydər Əliyevin tapşırığına əsasən inşa edilib.
Qeyd edək ki, Suqovuşan-Xan arxının 37 kilometr betonlama işinin layihəsi də artıq hazırlanıb. Suqovuşanın işğaldan azad olunması ilə Bərdə, Goranboy, Naftalan, Yevlax, Ağcabədi rayonları daxil olmaqla təxminən 30 min hektara yaxın əraziyə ilk dəfə su verilib. Bu da fermerlərə növbəli əkini təmin etməyə imkan yaradıb. Fermerlər artıq iki mərhələdə işləyə bilirlər.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Tərtərə səfəri çərçivəsində Tərtər şəhərinin mərkəzində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
"Ölkə.az" xəbər verir ki, dövlətimizin başçısı Tərtərin Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yollarının açılışını edib.
Prezident İlham Əliyev Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolunun təməlini qoyub.
Azərbaycan Prezidenti Tərtərin Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yollarının açılışını edib.